525.Az

"Başqa platformalara baxanda sanki Azərbaycanda Tvitter istifadəçisi yoxdur"


 

MÜSLÜM MƏZAHİRLİ: "NƏ QƏDƏR ÇALIŞIRSAN ÇALIŞ, KÜTLƏNİ BÜTÖVLÜKDƏ RAZI SALA BİLMƏZSƏN"

"Başqa platformalara baxanda sanki Azərbaycanda Tvitter istifadəçisi yoxdur"<b style="color:red"></b>

Sosial şəbəkələrdə parlayanlar 

Sosial şəbəkələrdə elə səhifələr var ki, öz paylaşımları ilə izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Həmin səhifələrdən birinin admini sosial mediada yetərincə tanınan və sevilən Müslüm Məzahirlidir.

Hazırda Bakı Slavyan Universitetinin IV kursunda təhsil alan Müslümün tələbəlik həyatı ilə bağlı paylaşımları istifadəçilər tərəfindən olduqca bəyənilir.

Paylaşdığı postlarla izləyicilərin üzünü güldürən Müslümü daha yaxından tanımaq və tanıtmaq məqsədilə onunla həmsöhbət olduq.
 

- Sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edirsiniz. Bu platformaların imkanlarından nə dərəcədə razısınız?

- Sosial şəbəkələr elə platformadır ki, birində olan xüsusiyyət digərində olmur. Amma son illər tanınmış platformalar arasında rəqabət görüldüyü üçün biri digərinin xüsusiyyətini özündə əks etdirməyə çalışır. Texniki baxımdan hər şey yaxşıdır.

- Daha çox İnstaqram vasitəsilə məşhurlaşdınız. İlk dəfə bu işlə məşğul olanda bu qədər bəyəniləcəyinizi gözləyirdiniz?

- İnstaqram səhifəsini açanda qarşımda bir məqsədim var idi. İstəyirdim ki, paylaşımlarım izləyicilər tərəfindən bəyənilsin. Amma həqiqətən paylaşımlarımın bu qədər seviləcəyini, məşhurlaşacağını da gözləmirdim.

- Sosial mediada yetəri qədər izləyiciniz var, bu qədər izləyicini toplamaq üçün nə qədər vaxt sərf etmisiniz?

- Artıq 3 ilə yaxındır bu səhifəni işlədirəm. Hazırda gördüyünüz səviyyəyə çatmaq üçün ortaya böyük bir əziyyət qoyulub.

- Paylaşımlarınızda sanki insanların iç dünyasından xəbər verirsiniz. Bəlkə də, ona görə bu qədər çox sevilirsiniz. Paylaşacağınız postun mövzusunu necə seçirsiniz?

- İzləyicilərim deyir ki, sizin postları oxuyanda o cümlələrdə özümü görürəm. Çünki yazılan hər bir post gündəlik həyatımızdan götürülmüş hadisələrlə bağlıdır. Bir çoxu şəxsi həyatımda özümün, bəziləri də tanışlarımın başına gələnlərdir.

- Sosial şəbəkələrdə xoşunuza gəlməyən hansı məqamlar var?

- Sosial şəbəkələrdə hər tipdə, hər xarakterdə insan var. Hər izləyicidən də mükəmməl olmağını gözləyə bilmərik. Ona görə də, nə qədər çalışırsan çalış, kütləni bütövlükdə razı sala bilməzsən.

- Sizcə, bu gün insanların korlanmış zövqünü necə bərpa etmək olar?

- Əgər bir zövq korlanıbsa, neyləsəniz, düzələn deyil (gülür).

- Hər halda həm mənfi, həm də müsbət şərhlər olur. Sizə gələn rəylər əsasən hansı yöndədir?

- Bizim səhifəyə yalnız izləyicilərimiz rəy yaza bilir, yəni izləyicimiz olmayan heç kim rəy yaza bilməz. Mənim izləyicilərim səhifəyə bələddirlər deyə əsasən yaxşı rəylər gəlir. Həmçinin, inboks bölməsindən çox sayda xoş sözlər göndərib, minnətdar olduqlarını bildirirlər.

- Bir az da Tvitterdəki fəaliyyətiniz haqda danışaq. Əslində, orada ən maraqlı paylaşım edən sizsiniz, ancaq izləyici sayı o qədər də çox deyil. Bu, nə ilə əlaqəlidir, sizcə?

- Başqa platformalara baxanda sanki Azərbaycanda Tvitter istifadəçisi yoxdur. Ona görə də, izləyici sayı və aktivlik də az olur. Amma bu aktivliyi artırmaq üçün çalışacağam.

- Mütaliə etməyi, musiqi dinləməyi xoşlayırsınızmı?

- Kitab oxumağı sevirəm, amma davamlı mütaliə etməyə o qədər də vaxtım olmur. Musiqi dinləməyi isə daha çox sevirəm. Dinlədiyim musiqilərdə əsasən retro və xarici musiqilərə üstünlük verirəm.

- Deyəsən, Yutubda da fəaliyyət göstərirsiniz. Ancaq orada da son zamanlar aktivliyin aşağı düşməsi müşahidə olunur. Niyə mütəmadi şəkildə bununla məşğul olmursunuz?

- Yutub kanalımızda ondan artıq videomuz var. Sadəcə, müharibə şəraitində video çəkib paylaşmağın düzgün olmadığını düşündük. Ona görə də, kanalın aktivliyi aşağı düşdü. İnşallah, öz fəaliyyətimizə yenidən davam edəcəyik.

Günel ABBAS

 





25.11.2020    çap et  çap et