525.Az

Gələcəyimizi emosional zəka xilas edəcək - Müsahibə


 

NAZİLƏ CAVANŞİR: "ÖVLADLARIMIZI UĞURLU, XOŞBƏXT VƏ SAĞLAM GÖRMƏK İSTƏYİRİKSƏ, ONLARIN EMOSİONAL ZƏKASINI İNKİŞAF ETDİRMƏLİYİK"

Gələcəyimizi emosional zəka xilas edəcək - <b style="color:red">Müsahibə</b>

Həmsöhbətimiz uşaqlarda emosional zəkanın inkişafı ilə bağlı mühüm işlər görən, Azərbaycanda ilk və hələlik tək mərkəz olan "Soft Skills Center Azerbaijan"ın qurucusu Nazilə Cavanşirdir. Onunla emosional zəka, onun insan taleyində, cəmiyyətdə rolu mövzusunda danışmışıq.

Müsahibəni təqdim edirik. 

- Nazilə xanım, gəlin söhbətimizə tarixi qələbəmizdən başlayaq. Siz özünüz Cavanşirlər nəslinin nümayəndəsisiniz və Şuşa sizin ata-baba yurdunuzdur. Şuşanın işğaldan azad edildiyi gün hansı hisslər keçirdiniz?

- Bilirsiniz, Birinci Qarabağ müharibəsi ölkəmiz üçün də, ailəmiz üçün də çox ağrılı olmuşdu. Bizim nəslin - Cavanşirlərin Qarabağdakı son nümayəndəsi Nəsib bəy Cavanşir olub. O vaxtlar Cavanşirlər nəslinə qarşı çoxlu qətllər, edamlar oldu. Onlar bizim ailəmizi öldürdülər (gözləri dolur...).  Mənim atamın babası Nəsib bəy Cavanşir öz ailəsini xilas etdi. Sonra onlar Bakıya köçdülər. Daha sonra Qızıl Ordunun gəlişi ilə vəziyyət daha da pisləşdi. Mən hətta çox sonralar da Cavanşirlər nəslindən olduğumu deməyə çəkinirdim. Sovet dövründə mənim böyük nənəmin evi Şuşada sanatoriya kimi istifadə olunurdu. Orada Lenin, Stalin, Brejnev, Xruşov və başqaları istirahət ediblər. Hətta bildiyim qədəriylə, qədim Şuşa qalası da Cavanşirlər nəsli tərəfindən inşa edilib. Bu şəhərin əvvəlki adı Pənahabad idi. Düşmənlərimiz illərlə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanı dağıdıb, məhv ediblər. Mən bu görüntüləri gördükcə ürək ağrısı keçirirəm. Amma çox sevinirəm ki, onlar artıq bunu edə bilməyəcəklər. Həmin torpaqların qaytarılması mənimçün çox böyük məna kəsb edir. Ora mənim tariximdir. Orada yaşamaq, normal həyat qurmaq mənim arzumdur. Əgər bizim sevimli Prezidentimiz (mən onu çox sevirəm) cənab İlham Əliyev desə ki, mən evimə qayıda bilərəm, əlbəttə, bu gün məmnuniyyətlə ora qayıtmaq istəyərəm.

- Sizi təbrik edir, bu istəyinizin bir gün gerçəkləşməsini arzulayıram. Nazilə xanım, bu gün siz "Soft Skills Center Azerbaijan"a rəhbərlik edirsiniz, layihələr həyata keçirirsiniz. Emosional zəkanın inkişaf etdirilməsi məsələsi, ümumiyyətlə, bu mərkəzi yaratmaq istəyi necə yarandı?

 - "Soft Skills Center Azerbaijan"  ölkəmizdə 4 yaşdan 16 yaşa qədər uşaqların emosional zəkasının və daxili potensialının inkişafı ilə məşğul olan ilk və yeganə mərkəzdir. Burda bizim məqsədimiz emosional zəkanın inkişafı və təbii ki, ailənin dəstəyi ilə sosial baxımdan müvəffəqiyyət qazana bilən uşaqların ahəngdar surətdə irəliləyişinə yardımçı olmaqdır. Bizim mərkəz emosional zəkanın qurucuları olan “Yale və New Hampshire” universitetlərinin professorlarının elmi modelinə uyğun olaraq fəaliyyət göstərən beynəlxalq EQ uşaq mərkəzləri şəbəkəsinin rəsmi nümayəndəsidir. Bu mərkəzi Bakıda qurmaq ideyası məndə beş il əvvəl yaranmışdı. O vaxt mən kadr hazırlığı sahəsində peşəkar elm adamları ilə birlikdə beynəlxalq təşkilatlardan birində işləyirdim. Biz orada liderlik bacarıqlarının inkişaf etdirilməsi, kütlə qarşısında çıxış etmək bacarıqları, özünü təqdim etmə qabiliyyətlərini inkişaf etdirmək üçün insanlara təlimlər keçirdik, böyük şirkətlər, tanınmış banklar ilə işləyirdik. Mən hələ o zaman anladım ki, bu bacarıqlar, əslində, uşaqlıqdan inkişaf etdirilməlidir. Araşdırdım ki, Bakıda məhz bu sahədə təlimlər aparan bir mərkəz hələ yoxdur və buna həqiqətən ehtiyac var. Beləcə, uşaqların gələcək peşə, şəxsi və ictimai həyatında ehtiyac duyacaqları bacarıqları inkişaf etdirə biləcək bir mərkəz yaratmağa qərar verdim. Bu haqda yaxın rəfiqəmə bəhs etmişdim. Amma təbii ki, bu, ideya olaraq qalırdı. Üstündən iki il keçmişdi ki, rəfiqəm mənə bu işə maliyyə qoymaq istəyən investor olduğunu dedi. O, məhz uşaqlar üçün emosional zəkanın inkişafı mərkəzinin yaradılmasını istəyirdi. Bu sahəyə maliyyə qoymağa hazır olan insan olduqdan sonra mən bu fikri layihələşdirdim.

- Bəs nədir bu emosional zəka və onun həyatımızdakı rolu?

-  Bu, dörd qabiliyyəti özündə birləşdirən bir kompleksdir. Birincisi, duyğuların müəyyənləşdirilməsidir ki, burada biz həm öz duyğularınızı, həm də başqalarının duyğularını anlama bacarığını inkişaf etdiririk. İkincisi, mürəkkəb duyğu və hissləri, onların meydana gəlməsinin səbəblərini, eyni zamanda duyğu ssenarilərini, duyğuların bir-birini necə əvəz etdiyini və bunun hansı nəticələrə gətirib çıxara biləcəyini başa düşmək qabiliyyətini mənimsəyirik. Üçüncüsü, emosiyalardan istifadə etmə bacarığıdır ki, burada duyğuların idarə olunması mərkəzimizin üzərində işləyirik. Nəhayət, dördüncü, erkən yaşdan inkişaf etdirilməsi lazım olan emosional zəkadır. Övladlarımızı uğurlu, xoşbəxt, mənəvi cəhətdən sağlam görmək istəyiriksə, onlarda emosional zəkanı inkişaf etdirməliyik.

Emosional zəkanın erkən yaşlardan inkişaf etdirilməsi ən əsas məsələlərdəndir. Övladlarımızı uğurlu, xoşbəxt, mənəvi cəhətdən sağlam görmək istəyiriksə, ilk növbədə onlarda emosional zəkanı inkişaf etdirməyə çalışmalıyıq. Bu baxımdan, biz burada 5-13 yaşlı uşaqlarla oyunlar vasitəsiylə məşğul oluruq, 13-16 yaşlı yeniyetmələrlə işləyəndə isə daha çox məşqçi yanaşmasından istifadə edirik. Bu zaman əsas üç hədəf - bədən, duyğular və ağıl üzərində işləyirik. Hər şeydən əvvəl, düşüncə növü, uşağın güclü və zəif tərəfləri, istedadının istiqamətləri müəyyənləşdirilir, onların hər biri ilə fərdi xüsusiyyətlərinə uyğun formada məşğul olunur. Beləcə, həm qrup seansları, həm də fərdi seanslar şəklində fərqli terapiya üsulları ilə işləyirik.



- Valideynlərlə də işləyirsinizmi?

- Bəli, bu məsələdə valideynlərlə işbirliyi çox vacibdir. Bu işdə uğur qazanmağın böyük hissəsi müəllimlərdən, valideynlərdən asılıdır. Özünü anlamayan, fikrini ifadə edə bilməyən insanlar daha çox sıxıntı çəkirlər. Pandemiya bunu bizə bir daha göstərdi. İnsanlar yeni bir şey baş verəndə ona adaptasiya olmaqda çətinlik çəkirlər. Məhz bu məqamda anlamaq və özünü ifadə edə bilmək duyğusal zəka ilə bağlıdır. İndiki dövrdə əgər inkişaf etmək istəyirsinizsə, emosional zəkanı gücəndirmək lazımdır. Buna görə də biz həm uşaqlarla, həm də paralel olaraq onların valideynləri ilə işləyirik. Çünki biz uşaqlarla nə qədər məşğul olsaq da, əgər valideynlər buna hazır deyillərsə, o zaman uşaqlardan gözlədiyim nəticəni ala bilmərik. Buna görə də bizim iş prinsipimiz həmişə biz-valideyn-uşaq şəklində qurulur.

- Bu işdə yəqin ki müəllimlərin də rolu olmalıdır. Sizcə, bu təlimlər məktəblər üçün də lazımdır?

- Əlbəttə, bu, əsas da məktəblər üçün vacib məsələdir. Bu baxımdan biz layihənin məktəblərdə pilot layihə kimi tətbiq olunmasını təklif etmişik. Bizim təhsil nazirimiz çox bacarıqlı və ağıllı insandır. Mən ümid edirəm ki, başlanğıc üçün ən azından bir-iki məktəbdə bu kurslar tətbiq olunsa, müəyyən müddət sonra bunun müəllimlər, valideynlər, şagirdlər üzərində müsbət nəticələrini müşahidə edəcəyik. Daha sonra isə bütün məktəblərdə bu sistemə keçmək mümkündür. Emosional zəkanın inkişaf etdirilməsi proqramı hazırda Avropa ölkələrində, Finlandiya təhsil sistemində tətbiq olunur. Yalnız postsovet ölkələri bu baxımdan nisbətən geri qalır. Artıq Moskvada da bu məsələyə ciddi yanaşılır. Ümid edirəm ki, yaxın vaxtlarda bizim də təhsil sistemimizdə emosional zəkanın inkişaf etdirilməsi baxımından kompleks işlər görüləcək.

- Məktəblərdə emosional zəkanın inkişaf etdirilməsi proqramının tətbiqi niyə bu qədər vacibdir?

- Baxın, balaca qızcığaz Elinanın ölümündən iki ilə yaxın vaxt keçir. Elina emosional uşaq idi və məktəbdə bulinqə məruz qalmışdı. Əgər məktəbdə emosional zəkanın inkişafı, onun idarə olunması üçün təlimlər keçirilsəydi, onun taleyi fərqli olardı. Müəllimlər, şagirdlər və valideynlər bir-birləri ilə daha düzgün və sağlam ünsiyyət və davranış qaydalarını mənimsəməlidirlər.

- Bu sahədə həm böyüklər, həm də uşaqlarla işlədiyinizi deyirsiniz. Bu baxımdan, hansı yaş qrupu ilə işləmək daha çətindir?

-  Deyərdim ki, 5-10 yaşlarındakı uşaqlarla işləmək daha asandır. Artıq 10-16 yaşa qədər olanlarla işləmək nisbətən mürəkkəbləşir. Böyüklərlə işləmək isə adama görə dəyişir. Səni anlayanlar da, anlamayanlar da olur. Ən çətini isə 40 yaşından yuxarı insanlarla işləməkdir. Xüsusilə az oxuyan, az öyrənən insanlar dədə-babadan qalan bir çox qayda-qanunlarla yaşayır və dəyişməyə meylli olmurlar. Bu da dövrün uşaqları üçün keçərsiz qaydalardır. Bunlar uşaqları boğur, sıxır, onların psixoloji inkişafına mənfi təsir edir. Səni anlayan da olur, dediklərini qəbul etməyən, illərlə alışdığı davranış qəliblərinə inadla sadiq qalanlar da. Bu baxımdan, uşaqlarla işləmək daha asan, böyüklərlə işləmək isə nisbətən çətindir.

- Bir pedaqoq kimi, insanın uşaqlıqdan öz milli-mənəvi dəyərlərini qoruyub saxlaması, onu düzgün formada yaşadıb həyatında dəyər olaraq yerləşdirə bilməsi üçün valideynlərə nə məsləhət görərdiniz?

- Bizim çox gözəl milli mənəvi dəyərlərimiz var və bunları birinci növbədə valideyn özü qorumağa, yaşatmağa çalışmalıdır. Bunlar ən əsası etik dəyərlərdir. Böyüklə davranış şəkli, onlara hörmət etmək, onların yanında davranışlarımıza nəzarət etməyi bacarmaq - bunların hamısını uşaq valideynindən görüb götürür. Sən nə qədər uşağa diktə etsən də ki, bax, bizim belə dəyərlərimiz var, o, bunları tətbiq edə bilməyəcək. Onlar öz valideynlərinin böyüklərlə davranışları necədirsə, onları da mənimsəyəcəklər. Biz böyüklər uşaqların aynasıyıq, nəyi etsək, onlar da eynisini təkrarlayacaqlar. Ona görə də bunlar hamısı ailədən gəlir. Əgər uşaqlarınızın milli dəyərlərə, milli mənlik şüuruna sahib olmasını istəyirsinizsə, özünüzü bu istiqamətdə tərbiyə etməlisiniz. Uşaq onsuz da sizə baxıb tərbiyə olacaq.

Natəvan ABDULLAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





25.11.2020    çap et  çap et