525.Az

UNEC-də "Qarabağ müzakirələri" - Təhsil


 

QARABAĞ İQTİSADİYYATININ GƏLƏCƏK İNKİŞAFI MÜZAKİRƏ OLUNUB

UNEC-də "Qarabağ müzakirələri" - <b style="color:red">Təhsil</b>

Noyabrın 16-dan 20-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qarabağ iqtisadiyyatı ilə bağlı müzakirələr təşkil olunub.

UNEC-in tədqiqat mərkəzlərinin təşkilatçılığı ilə keçirilən "Qarabağ müzakirələri"ndə Ermənistan işğalının Azərbaycana vurduğu zərər, onun metodologiyası və ilkin qiymətləndirməsi araşdırılıb, Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsirləri təhlil edilib. Vətən müharibəsinin əhalinin  həyat məmnuniyyətinə gözlənilən təsirlərindən söz açılıb. Eləcə də müharibədən sonrakı dövrdə Qarabağın  iqtisadiyyatı, onun Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm halqası kimi rolu ilə bağlı müzakirələr keçirilib. 

Müzakirələr UNEC-in tədqiqat mərkəzlərinin rəhbərləri ilə yanaşı, millət vəkilləri, İqtisadiyyat Nazirliyinin rəsmiləri, ölkənin aparıcı iqtisadçıları, eləcə də Qarabağ iqtisadiyyatını araşdıran türkiyəli alimlər tərəfindən aparılıb.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova deyib ki, Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın müxtəlif sahələrini araşdıran 31 tədqiqat mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlər tərəfindən Vətən müharibəsinin təsirləri ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqatlar aparılır. UNEC-in rektoru, professor Ədalət Muradovun  təşəbbüsü ilə bu sahədə aparılan tədqiqatlardan əldə olunan nəticələrin ölkə ictimaiyyətinin diqqətinə çatdırılması, ümumi müzakirəyə çıxarılması məqsədilə UNEC Tədqiqat Mərkəzlərinin təqdimatında "Qarabağ müzakirələri" adlı silsilə tədbirlərin keçirilməsinə start verilib. Müzakirədə Vətən müharibəsinin, Qarabağın azad olunması aspektində əhalinin həyat məmnunluğu səviyyəsinə təsir göstərən qeyri-maddi və maddi faktorları açıqlanıb. Vətən müharibəsində qazanılan zəfərin ölkə əhalisinin həyat məmnuniyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyi, post-müharibə dövründə xalq-dövlət birliyində strateji kommunikasiyanın doğru qurulmasının bu təsiri daha da möhkəmləndirəcəyi bildirilib. Vətən müharibəsindən sonra  azad olunan ərazilərimizin ölkənin iqtisadi inkişafı üçün mühüm mənbələr kimi çıxış edəcəyi diqqətə çatdırılıb.

Həmçinin, hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəricilərinin müqayisəli təhlili aparılıb, Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunub. Alimlərin apardığı tədqiqatlar və təhlillər əsasında Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatından qat-qat güclü olduğu və Ermənistanın artıq tənəzzülə uğradığı bir daha sübut olunub.

Rəna Hüseynovanın sözlərinə görə, ilk müzakirə "Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə" mövzusunda olub. Müzakirələr zamanı işğal nəticəsində Azərbaycana dəymiş zərərin  qiymətləndirilməsinin metodoloji əsasları və riyazi modelləri açıqlanıb. Bildirilib ki, hazırda qarşıda duran ən önəmli məsələlərdən biri işğal nəticəsində ölkəyə dəymiş zərərin qiymətləndirilməsidir. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı, eləcə də münaqişə dövründə Azərbaycana dəymiş maddi, iqtisadi zərərlərlə yanaşı, ekoloji və sosial sahələrə, eləcə də insan həyatı və sağlamlığına vurulan zərərlər araşdırılmalı və qiymətləndirilməlidir.

Hesablamalara görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon 150 milyard dollar miqdarındadır. İşğal nəticəsində 600-dən çox sənaye və kənd təsərrüfatı, 700-dən çox səhiyyə müəssisəsi, 700-ə yaxın məktəb, eləcə də milli mədəni irs nümunələri, məscidlər dağıdılıb  və meşə əraziləri məhv edilib.  İşğal nəticəsində dəymiş zərər maddi, mənəvi, psixoloji istiqamətlərdə aparılıb və qiymətləndirmədə beynəlxalq təcrübə nəzərə alınıb.

R.Hüseynova qeyd edib ki, "Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm halqası kimi" mövzusuna həsr olunan ikinci müzakirədə Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədlər açıqlanıb. Bu istiqamətdə infrastruktur, institusional və elm-təhsil istiqamətləri üzrə təkliflər irəli sürülüb.  Bildirilib ki, işğala qədərki dövrdə Qarabağ ərazisi ölkə iqtisadiyyatının 15-20 faizini təşkil edirdi. Həmin ərazilərin ölkənin ərzaq təhlükəsizliyinin təminatında payı təxminən 15-17 faiz idi. Qarabağ regionunun Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə potensialı isə 15-20 faiz təşkil edib. Müzakirələrdə ölkə iqtisadiyyatında investisiya yatırımına ehtiyacı olan region və sahələrin olduğu, Qarabağ iqtisadiyyatının bu baxımdan Azərbaycanın gələcək dayanıqlı və davamlı inkişafı üçün əlverişli, əvəzolunmaz şans olduğu bildirilib.  "Rəqəmsal Qarabağ" Dövlət Proqramının hazırlanması, Qarabağda müasir tələblərə cavab verən yeni ali təhsil müəssisələrinin yaradılması, eləcə də Qarabağın simvolu olan Şuşa şəhərində "Smart city" (Ağıllı şəhər) modelinin qurulmasının faydaları müzakirə edilib.

"Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsiri" adlı sonuncu müzakirələrdə isə Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsirləri, yeni imkanlar və iqtisadi təsirin transmissiya mexanizmi araşdırılıb, eləcə də bu istiqamətdə iqtisadçıların üzərinə düşən vəzifələr müəyyən olunub. Qafqaz ölkələrinin bir-biri ilə quracaqları əlaqə və inteqrasiya ilə böyük iqtisadi qazanclar əldə etməyin mümkünlüyü vurğulanıb. Naxçıvan dəhlizinin açılmasının türk dünyasının nəqliyyat kommunikasiya imkanlarını əhəmiyyətli dərəcədə artırdığını, digər tranzit kanallardan asılılığı azaldaraq, tranzit potensialını artırmış olduğu qeyd olunub. Türk dünyası ilə əməkdaşlıqda iqtisadi səmərəliliyin əsas amil kimi götürülməsinin vacibliyi vurğulanıb: "Qeyd edim ki, bu müzakirələrin təşkil olunmasında başlıca məqsəd gözəl Qarabağımızın yenidən bərpa olunmasında və çiçəklənməsində Azərbaycan Dövlət İqtisad Universiteti olaraq öz töhfəmizi vermək və dövlətin işğaldan azad olunan ərazilərimizin iqtisadi dirçəlişi istiqamətində apardığı məqsədyönlü kompleks tədbirlərin həyata keçirilməsinə dəstək olmaqdır. Tədqiqatlar nəticəsində və müzakirələr əsasında aldığımız nəticələr və təkliflər müvafiq nazirliklərə təqdim olunacaq".

UNEC-də təşkil olunan "Qarabağ müzakirələri"nin əhəmiyyətindən söz açan millət vəkili Tahir  Mirkişili bildirib ki,  Azərbaycan Dövlət İqtisad Universitetində Qarabağ iqtisadiyyatı ilə bağlı təşkil olunan müzakirələr mühüm əhəmiyyət kəsb edirdi: "Müzakirələrdə Ermənistan işğalının Azərbaycana vurduğu zərərlər mütəxəssislər tərəfindən ətraflı şəkildə müzakirə olundu. Təhlillər aparıldı, fikirlər səsləndirildi və zərərin hesablanmasına dair təkliflər irəli sürüldü. Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlandı. Bu istiqamətdə infrastruktur, institusional və elm-təhsil istiqamətləri üzrə təkliflər səsləndirildi. Mütəxəssislər bildirdi ki, BMT-nin müxtəlif təşkilatları tərəfindən 2017-ci ilədək apardığı hesablamalarda Ermənistan işğalı nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinə vurulan ziyanın məbləği təxmini 800 mlrd. ABŞ dolları məbləğində hesablanmışdı. O zaman hesablamalarda tətbiq olunan metod hazırkı metodologiyadan fərqlənir. Hazırda yeni metodologiyanın tətbiq olunması ilə bağlı hökumət tərəfindən müvafiq görüşlər keçirilir".

T.Mirkişili azad edilən şəhər və rayonların inzibati, təhlükəsizlik məsələləri həll olunmaqla, ikinci istiqamət olaraq genişmiqyaslı infrastruktur quruculuğu işlərinin aparılmasını qeyd edib. Onun sözlərinə görə, bura yolların tikintisi, elektrik enerjisi və qaz təchizatının bərpası, su və kanalizasiya sistemlərinin qurulması, telekommunikasiya sistemlərinin bərpası, dağılmış sosial infrastrukturun yenidən qurulması, o cümlədən, məktəblər, uşaq bağçaları, tibb məntəqələri,  habelə inzibati obyektlərin tikintisi daxildir. Bu, həm Azərbaycan, həm də dost ölkələrin tikinti və təchizatla məşğul olan rəqabətli biznes strukturlarına yeni imkanlar yaradacaq: "UNEC-də işğaldan azad olunan ərazilərin bərpası, iqtisadiyyatın inkişaf etdirilməsi kimi mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə həsr olunan "Qarabağ müzakirələri"nin  təşkilini yüksək qiymətləndirirəm. Müzakirələr zamanı işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası, iqtisadiyyatın inkişaf etdirilməsi və sair məsələlərlə bağlı çox maraqlı təklif və fikirlər səsləndirildi. Əminəm ki, bu təkliflər müvafiq nazirliklər tərəfindən dəyərləndiriləcək".

Millət vəkilinin dediyinə görə, müzakirələrdə işğaldan azad olunan ərazilərin iqtisadiyyatının inkişafı və perspektivləri barədə də maraqlı fikir, təkliflər irəli sürülüb: "Bildirildi ki, yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək".

S.QARAYEVA

 





25.11.2020    çap et  çap et