525.Az

"Abidələrimizə qarşı erməni vandalizmini dünyaya çatdırırıq"


 

"Abidələrimizə qarşı erməni vandalizmini dünyaya çatdırırıq"<b style="color:red"></b>

Tariximizə qızı hərflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi də ölkə başçısının "Biz birlikdə güclüyük" çağırışını rəhbər tutaraq informasiya cəbhəsində aktiv mübarizəyə başladı və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Bu barədə 525.az-a ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova ətraflı məlumat verib. Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızdakı mədəniyyət abidələri, muzeylər və muzey kolleksiyaları ilə bağlı obyektiv məlumatları, bu tarixi-mədəni abidələrimizə qarşı münasibətdə erməni vandalizmini dünyaya obyektiv şəkildə çatdırmaq üçün durmadan çalışırlar: "Biz beynəlxalq təşkilatlara müraciət edərək uzun illər Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfindən təkcə torpaqlarımızın deyil, həm də mədəni irsimizin, memarlıq abidələrimizin mənimsənildiyini və qəsdən məhv edildiyini, onların tarixi faktları saxtalaşdırdığını, yalan məlumatlar yaydıqlarını, muzey eksponatlarının qanunsuz ixracı ilə məşğul olduqlarını və s. bu kimi həqiqətləri çatdırırıq. Bunun üçün İCOM Azərbaycan Milli Komitəsi tərəfindən mövcud olan bütün faktlar toplanır, sonra onlar haqqında hesabatlar hazırlanır və müvafiq strukturlara məktublar göndərilir".

Şirin Məlikova İkinci Qarabağ müharibəsi başlanandan indiyədək komitənin mədəni irsin qorunması ilə bağlı dörd bəyanat yaydığını vurğulayıb: "1 oktyabr 2020-ci il tarixli ilk bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsinin erməni vandalizminin qurbanına çevrilməsi haqqında məlumat verilib və bu vəhşi təcavüzə son qoyulması üçün dünya ölkələrinə çağırış edilib". O, bu bəyanatın İCOM-un rəhbərliyinə, onun milli və beynəlxalq komitələrinə və regional alyanslarına göndərildiyini, İCOM Azərbaycan Milli Komitəsinin rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşıldığını bildirib. Bəyanatın həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun göstərişi ilə ölkəmizin xaricdəki səfirliklərinə göndərildiyini, onların vasitəsilə həmin dövlətlərin mədəniyyət nazirliklərinə və digər aidiyyəti qurumlarına çatdırıldığını vurğulayıb.

Komitə sədri müharibə dövründə Ermənistan silahlı qüvvələrinin döyüş zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutması nəticəsində tarixi-mədəni əhəmiyyətli obyektlərin zərər çəkdiyini diqqətə çatdırıb. Oktyabrın 13-də yayılmış bəyanatda bu obyektlərin siyahısının təqdim olunduğunu, eyni zamanda, erməni silahlı birləşmələrinin terror aktlarını qınaması üçün Birləşmiş Millətlər Təşkilatı başda olmaqla müvafiq qurumlara çağırış edildiyini deyib.

İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Fəlakət Risklərinin İdarə Olunması üzrə İCOM-un iki komitəsinin sədrlərinin və eləcə də İCOM-un Mirasın qorunması üzrə şöbəsinin rəhbərinin iştirakı ilə yaxın günlərdə keçiriləcək görüş barədə də məlumat verib. O, görüş zamanı dağıdılmış muzeylər və talan olunmuş eksponatlar haqqında çıxış edəcəyini, eyni zamanda, bu məsələlərin beynəlxalq səviyyədə Azərbaycanla birgə araşdırılması üçün işçi qrupun yaradılması istiqamətində müzakirələrin aparılacağını deyib.

 





26.11.2020    çap et  çap et