525.Az

Köçəsgərin sürüşən torpağı - Reportaj


 

AĞSTAFANIN BU KƏNDİNDƏ SAKİNLƏR ÜÇ İLDİR, SƏKSƏKƏ İÇƏRİSİNDƏ YAŞAYIR

Köçəsgərin sürüşən torpağı - <b style="color:red">Reportaj </b>

Ağstafanın 6 min nəfərədək sakinin yaşadığı Köçəsgər kəndi Vətənimizin əksər guşələri  kimi, bağ-bağatlı və səfalıdır. Amma neçə illərdir ki, kənd sakinləri bu ərazidə torpaq sürüşməsi və onun yaratdığı fəsadlar sarıdan səksəkə içindədirlər. Son dövrlər ölkənin ayrı-ayrı ərazilərində müşahidə edilən torpaq sürüşməsi halları burada da öz arzuolunmaz izlərini qoyur.

525.az xəbər verir ki, üç il əvvəl başlayan bu proses nəticəsində kəndin evlərinin lap yaxınlığındakı "Acı dərə" adlanan ərazisində artıq dərinliyi 10-15 metrə çatan çuxur və yarğanlar "silsiləsi" əmələ gəlib. Ən pisi odur ki, bu çuxurlar bir növ "hərəkətdədir", yəni  onların ətrafı get-gedə ovulmaqda  və təhlükə evlərə yaxınlaşmaqdadır.

Sürüşmənin acı fəsadlarından biri də odur ki, kəndin əsas daxili yollarından biri ovularaq, eni heç yarım metr də qalmayan ensiz cığıra çevrilib. Kəndin böyük bir hissəsinin sakinləri, uşaqlı-böyüklü, bu təhlükəli cığırdan hər gün bir neçə dəfə keçməli olurlar. Bu zaman müşahidə olunan səhnələr əsl sirk nömrəsini xatırladır. Bəli, insanlar yıxılmasınlar deyə, yolboyu keçən və elə altındakı metal dirəklərin də bir gün sürüşüb, uça biləcəyi iri qaz boru xətlərindən tuta-tuta hərəkət edirlər (?!).

"Yaxın 20-30 metrlik məsafəyə keçmək üçün ya gərək, bu "bir qarışıq" cığırdan qorxu-ürkü ilə keçəsən, ya da 1-2 kilometrlik yolla kəndi fırlanasan. Elə vaxt olub, burdan keçənlər yarğana yıxılıb. Uşaqlar məktəbə gedəndə böyüklər onları güc-bəla ilə buradan keçirməli olurlar. Həmçinin, örüşlərimiz də kəndin kənarındadır, mal-qara da buradan keçəndə dərəyə yuvarlanır. Yağış yağanda isə təhlükə qat-qat artır. Təəssüf ki, uzun müddətdir  bu əraziyə ancaq gəlib, baxıb, gedirlər. Konkret bir nəticə yoxdur", - deyə kənd sakini Yusif Ənvərov bildirir.

Digər bir sakin də qaz nəqli borularından başqa, elektrik dirək və xətlərinin də bu sürüşən cığırdan keçdiyinə diqqət çəkir. O, həmçinin, fəsadları qabaqlamaq üçün çarəsizlikdən necə deyərlər, "yerli texniki təhlükəsizlik" tədbirinə əl atdığını da dilə gətirir.

"Bu ərazidə, "Acı dərə"də bir neçə ildir sürüşmə gedir. Bu qalan cığır əslində, kəndin daxilindəki 10-12 metr enində olan ana yol idi. Maşınlar da buradan işləyirdi. İndi onun heç 50-60 santimetr eni qalmayıb. Bu bir yana, işıq və qaz xətləri də yanbayan, buradan,  lap bu sürüşmənin dirəndiyi yerdən keçir. Onlar uçsa, ciddi təhlükəli texniki qəza vəziyyəti də yarana bilər. Mən özüm rayon mərkəzinə gedib, təhlükəni anlatmışam. Amma vəziyyət dəyişməyib. Odur ki, mən özüm o ağır çəkili, eni 10 millimetrlik çoxhəcmli qaz nəqli borusunun ən təhlükəli hissələrini qalın məftillə iri gövdəli ağaclara bağlayıb, bərkitmişəm ki, saxlasın.  Bəlkə məfili açsam, boru uçasıdır (?! - Z.M.). Eləcə də mənin evimin yaxınlığındakı yüksəkgərginli elektrik transformatorunun korpusunun ətrafını da bərkitmişəm, necə deyərlər, hər ehtimala qarşı.  Bir sözlə, tədbirlərin görülməməsi təhlükəni anbaban yaxınlaşdırır", - deyə kənd sakini Allahqulu Həsənov vəziyyəti izah edir.

Rayonun aidiyyatı qurumlarında sözügedən problemdən xəbərdar olduqlarını bildirirlər. Ağstafa rayonu İcra Hakimiyyətinin nümayəndəsi Şükran Hacıyev məsələ ilə bağlı zəruri tədbirlərin hazırlandığını qeyd edir.

"Kənddə 15 ev daha çox təhlükə ilə üzləşə bilən zonadadır. Əlbəttə, onların yaxınlığındakı evləri də nəzərdən qaçırmaq olmaz. Odur ki, bu yöndə aparılacaq işlərin layihə-smeta sənədləri hazırlanır və onlar hazır olandan sonra bu ərazi tamamilə bərpa olunacaq", - deyə o bildirib.

Amma o da var ki, təbiət hadisələri, xüsusən də sürüşmə kimi gözlənilməz hallar elə təhlükə duyulan zamandan təxirəsalınmaz profilaktik işlər tələb edir. Bu məsələ ilə tanışlıq istər-istəməz bir sıra suallar yaradır: Bu təhlükənin mövcud olduğu bir neçə il ərzində niyə heç olmazsa, ilkin tədbirlər belə görülməyib? Səbəbinin yeraltı sular olduğu deyilən bu sürüşmə zonasının dəqiq geodeziya şəraiti, eləcə də prosesin miqyas və perspektiv-proqnoz vəziyyəti hər hansısa qurum tərəfindən qiymətləndirilibmi? Sürüşmənin getdiyi ərazidə, xüsusən həmin deyilən 15 evdə yaşayan ailələr üçün təxliyə tədbirinin zərurəti varmı? İrimiqyaslı enerji nəql və qurğularının təhlükəsizliyi məsələləri niyə təmin edilmir? Və nəhayət, o deyilən smeta-layihə nə vaxt hazır olacaq və bununla da işlərə başlamaq mümkün olacaq?

Belə görünür, təhlükənin dördüncü ili qapıdadır.

Zakir MURADOV
Ağstafa-Gəncə

P.S. əvəzi xatırlatma: 2010-cu ilin aprel ayında Tovuz rayonunun Qəribli kəndində bir ailənin 4 üzvü bir gecədəki torpaq sürüşməsi nəticəsində həlak olmuşdu.

 





26.11.2020    çap et  çap et