525.Az

Ömürlər təzələyən Qələbəmiz - Şahanə Müşfiqin yazısı


 

Ömürlər təzələyən Qələbəmiz - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Ağdam şəhərinin işğalının 25-ci ilinə yazdığım yazıda demişdim ki, Qarabağın işğalıyla yaşıdam və bundan çox utanıram. Sanki mən doğulmasaydım, Qarabağ da işğal olunmayacaq, xalqımın başına bunca fəlakətlər gəlməyəcəkmiş. Özümü bir növ "bədayaq" kimi hiss edirdim. Əsası olmasa da, illərlə bu düşüncə məndən əl çəkmədi. Amma qəfil hər şey dəyişdi, özü də çox böyük sürətlə, belə demək mümkünsə, bir göz qırpımında...

Əvvəlcə sentyabrın 27-si səhərinə işğalçı ermənilərin yenə də atəşkəsi pozması xəbəriylə başladıq. Sonra ordumuza Ali Baş Komandan tərəfindən əks-hücum əmri verildiyini dedilər. Bu, müharibənin ilkin qığılcımları idi. Biz isə hələ də gördüklərimizə, eşitdiklərimizə inanmırdıq. Bu əməliyyatların da çox qısa zaman içərisində dayanacağını gözləyirdik. Gözləyirdik, amma heç istəmirdik. Hamımızın gözümüz, qulağımız cəbhəyə dikilmişdi, ürəyimizdə əsgərimizə qüvvət, Prezidentimizə qətiyyətli addımının arxasında durması və bütün dünyanın təzyiqlərinə tab gətirməsi üçün səbr arzulayırdıq.

Sonra yeni bir xəbər aldıq: ölkədə qismən səfərbərlik elan olunur. Sonra daha birini: ölkə üzrə komendant saatı təyin olunur. Ardınca daha böyük xəbərlər gəlməyə başladı: Azərbaycan Ordusu bir neçə kəndi və yüksəkliyi düşmən işğalından azad edib.

Bütün bunlar qəlbimizdəki inamı daha da gücləndirdi: bu xına o xınadan deyildi. Biz nə cürsə böyük bir tarixin şahidlərinə çevrilirik. Günlər bir-birini əvəzlədikcə ölkə başçısı tez-tez xalqa müraciət etdi. Hər müraciətində yeni-yeni torpaqların azadlıq müjdəsi ilə sevindirdi bizi, ruhumuza ruh, inamımıza inam qatdı. Hər açılan səhər öz gəlişiylə yeni torpağın, rayonun azadlıq xəbərini gətirir, 28 illik həsrətə son qoyurdu. Biz öyrənirdik ki, Azərbaycan əsgəri Murovdadır, Cəbrayıldadır, Füzulidədir, Qubadlıdadır, Suqovuşandadır, Zəngilandadır, Şuşadadır... Ürəyimiz əsgərimizin çəkməsinə yapışan torpaq olub o yerləri görmək üçün, onlarla birgə gəzmək üçün uçunurdu. Hamımız Prezidentimizin, ordumuzun ətrafında elə sıx birləşdik ki, bu boyda ölkənin Qarabağdan başqa mövzusu qalmadı. Minlərlə könüllü oğullarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış binasının yolunu aşındırdılar, "bizi də müharibəyə aparın" xahişiylə. Çünki 30 ilə yaxındı, içimizdə yığılan yurd həsrəti xalqın səbr kasasını doldurmuşdu. Ya o səbrin içərisində boğulacaq, ya da daşıb aləmi dağıdacaqdı. Xalq boğulmağı deyil, haqqı uğrunda savaşmağı seçdi. Çünki Ali Baş Komandanın qətiyyətinə, ordusunun şücaətinə, özünün əzminə güvəndi. Hətta həmin müharibə zamanında ölkə üzrə cinayətlərin, qanunsuzluqların sayı da ciddi şəkildə azaldı. Hər kəs bir-birinə əl tutmağa, yardım etməyə, cəbhədəki əsgərinə və onların arxada qoyub getdiyi ailəsinə dayaq olmağa tələsdi.   

Vətən müharibəmizin 42-ci günü Qarabağın tacı Şuşanın azadlığı, 44-cü günü isə böyük qələbəylə yekunlaşdı. Artıq mənfur düşmən biabırçı məğlubiyyətini boynuna almış, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz boşaltmağı boynuna götürmüşdü.

Beləcə, noyabrın 20-də döyüşsüz təslim edilən ilk rayonumuz Ağdam oldu. Ağdam Qarabağ müharibəsinin ən yaralı, ən çox zərər görmüş rayonlarından biri idi. Qarabağ uğrunda ilk şəhidlərimiz məhz Ağdamdan olmuşdu. Şuşanın dayağı, Xocalının pənahı, Azərbaycanın vuran qolu Ağdam birinci Qarabağ müharibəsində 33 mindən çox insanla döyüşmüş, 6570 nəfər şəhid vermişdi. Təkcə Ağdamdan 4 mindən çox qazi, 16 Milli Qəhrəman var. Bəlkə də İlahi ədalət məhz budur: Ağdam Qarabağ uğrunda bu qədər qurban verdiyinə görə bu gün bir güllə belə atılmadan, uğrunda yeni qurbanlar verilmədən azad olundu.

Ağdam həm də Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Bu gün həmin o mədəniyyət mərkəzimiz yenidən öz mədəniyyətinə qovuşdu.

Ağdam azad olunandan cəmi 3 gün sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyevlə birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam səfəri, Ağdam Cümə Məscidini ziyarəti də düşmənə gözdağı, dosta fərəh, qürur idi. Ölkə başçısı bununla Ağdamın və bütün işğaldan azad edilən torpaqlarımızın Azərbaycanın həyatındakı mühüm rolunu, Azərbaycan xalqının qəlbindəki silinməz yerini göstərmiş oldu. O, heç bir quruculuq işlərinə başlamadan, düşməndən təhvil aldığı kimi o torpaqlara getməklə oranın 28 il ərzində necə xarabazara çevrildiyini bütün dünyaya göstərdi. Sübut etdi ki, erməni torpağı uğrunda vuruşan yox, özgəsinin torpağını işğal edən və illərlə oranı çapıb-talayan terrorçu, faşistdir.

İllər qabaq bir video çıxmışdı qabağıma: şərəfsiz ermənilər Kəlbəcərdə İstisuyun yanında yeyib içir, qədəh-qədəhə vurur, olduqları yeri şəstlə nümayiş etdirirdilər. Onların murdar sevincləri nə qədər hiddətləndirmişdisə, Azərbaycanın əzəli-əbədi torpağı, bağrından zorla qoparılan Kəlbəcərin miskin, küsgün görünüşü o qədər ruhumu sarsıtmışdı. O gündən həmin video içimdə qara yara kimi qalmışdı, zaman-zaman sızıldayırdı. Noyabrın 25-i səhər gözümü açanda ürəyimdə bir yüngüllük hiss etdim. Baxdım ki, artıq yoxdur o yara, itib-gedib... Çünki həmin gün Azərbaycanın tarixinə Kəlbəcərin qurtuluşu kimi yazıldı. Düşmənin murdar ayaqları artıq o müqəddəs torpaqlarımıza dəymir. Yuxu kimi gerçəklik...

Bütün bu qələbə və xoşbəxtliklər üçün sizə minnətdarıq, Ali Baş Komandan! Qətiyyətiniz heç zaman sarsılmasın!

Qarış-qarış qovuşduğumuz torpaqlarımız üçün sənə sonsuz sevgilər və təşəkkürlər, Azərbaycan əsgəri! Qəlbin qəm-kədər tanımasın, qolun, dizin gücdən düşməsin! Başın hər zaman uca olsun!

Yerin behişt olsun, Şəhidim!

 





26.11.2020    çap et  çap et