525.Az

Oğluma məktub - Qəzənfər Paşayev


 

Oğluma məktub - <b style="color:red">Qəzənfər Paşayev </b>

Oğluma məktub

 

Qəzənfər PAŞAYEV

 

Oğlum, bu məktubu şairlərimizin Qarabağa, Şuşaya, Ali Baş Komandanımıza, igid əsgər və zabitlərimizə həsr etdikləri şeirlərinin təsiri altında yazıram.

Kaş Bəxtiyar Vahabzadədən, Eldar Baxışdan, Xəlil Rzadan, Şahmar Əkbərzadədən başlamış, bütün şairlərimizin hər iki Qarabağ müharibəsinə həsr olunmuş şeirlərini toplu halında çap edəydilər. Bu, gələcəkdə tariximizin araşdırılmasında önəmli bir səhifə olardı.

Oğlum, bu bir ay yarım ərzində o qədər fərəhli hadisələr baş verib ki, saymaqla qurtaran deyil. Siz cəbhədə vuruşduğunuza görə onlardan xəbəriniz olmaya bilər. Odur ki, onları, xüsusən də xalqımıza başucalığı gətirən xoş xəbərləri sənə və əsgər yoldaşlarına məmnunluqla çatdırıram.

Kəndlərimiz, qəsəbə və şəhərlərimiz düşmən tapdağından azad etdildikcə anan fəxrlə deyir: "Oğluma qurban olum, bayrağı o sancdı".

Anan cəbhəyə yun corab və əlcəklər hörüb göndərib. Dağlarda artıq soyuq düşüb - deyir. Üç-dörd əlcəyin üstündə sənin adını yazıb. Deyir ki, bəlkə onlardan biri oğluma qismət oldu. Anan bir də onu deyir ki, oğlumun gözaltısı var, əsli-nəsli olan gözəl qızdır. Allah qoysa, sən qayıdan kimi nişan taxarıq.

Ay oğul, müharibə başlayandan, özgə vaxtı mətbəxdən çıxmayan ananla televizorun qabağından çəkilmirik. Əvvəllər bir kənd azad ediləndə sevincimizin həddi-hüdudu olmurdu. Sonralar beş-on kəndi azad edəndə, daha çox torpaqlarımızın, yurd-yuvamızın azad olunması arzusu ilə yaşayırdıq. Sizə güvənirdik. Bilirdik ki, işğal olunmuş bütün torpaqlarımızı azad edəcəksiniz. Ananın gözü həmişə ekranda göstərilən əsgərlərin arasında səni axtarır.

Bilmirəm, Şuşada bayrağımızı sancanda gördünmü? "Yuxarı Gövhər Ağa" məscidində azan səsini eşitdinmi?

Ay oğul, azan səsi sanki qələbəmizin müjdəsini xəbər verirdi. Sənin əziz canına and olsun, bu gecə səhərə kimi sevincdən yatmamışıq.

Allaha şükür ki, anaları gözüyaşlı, körpələri yetim qoyan, Koroğlu cüssəli oğlanları əlil, şikəst edən müharibəyə son qoyuldu. Düşmən diz çökərək təslim oldu. Bütün torpaqlarımızın qaytarılması barədə sənədə qol çəkdi. Rusiya Prezidenti Vladimir Putinin göstərdiyi kimi, Ermənistan rəhbərliyi bu addımı atmasaydı, erməni ordusu məhv edilər, Qarabağda onların yaşaması sual altında olardı. İmzalanmış sənədə əsasən, təkcə Qarabağ deyil, ermənilər Qazax rayonunun zəbt edilmiş kəndlərini də qeyd-şərtsiz qaytarmağı öhdəsinə götürdü. Düşmənin kapitulyasiyasına qədər müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini, böyük strateji əhəmiyyəti olan Murov dağı yüksəkliklərini və bir çox başqa əraziləri azad etmişdi. Qrafik əsasında 1 dekabr 2020-ci il tarixinə kimi Kəlbəcər, Ağdam və Laçın rayonları da azad edilməli idi. Gözün aydın olsun! Ağdam və Kəlbəcər artıq azad edilib.

Beləliklə, tariximizin qızıl hərflərlə yazılan səhifəsi başlayır. Bu səhifə Ali Baş Komandan və yenilməz ordumuzun adı ilə bağlı olacaq.

Bu, çoxlarının ağlına belə gəlməyən inanılmaz qələbədir. Bu tarixi qələbə Şah İsmayıl Xətai və Nadir Şah Əfşarın hakimiyyətindən sonra hissə-hissə əldən çıxan torpaqlarımızın itirilməsinə son qoydu. Vətənimizin dilbər guşəsi Şuşa, dünyaya Üzeyir bəy Hacıbəyli kimi dahini, Natəvan, Firidun bəy Köçərli, Niyazi, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, Süleyman Ələsgərov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov, Xan Şuşinski, Arif Babayev və bir çox başqa istedadlar bəxş edən mədəniyyət, xüsusən də musiqi ocağımız Qarabağ işğaldan azad edildi. Ərazi bütövlüyümüz bərpa olundu. Xalq, dövlət birliyi, milli birliyimizin  bariz nümunəsinə çevrildi.

Ay oğul, illər, qərinələr, əsrlər dəyişir, bu ermənilər dəyişmir ki, dəyişmir. Atalar yaxşı deyib: "Əyri ağac düz olmur, rəndə vursan yüz yerdən".

Hələ vaxtilə İrandan qovulanda (farslarla bir dil qrupuna daxil olsalar da, farslar onları yaxşı tanımışdılar), Rusiyanın İrandakı səfiri Qriboyedov İmperatora yazmışdı ki, Əlahəzrət, onları torpaqlarımıza buraxmaq olmaz. Onlar harada 50-60 il yaşasalar, deyirlər ki, bura bizim ata-baba torpağımızdır.

Oğlum, sovet dönəminin sonlarına yaxın ermənilər Qarabağa gəlmələrinin 150 illiyinə abidə ucaltmışdılar. Havadarlarının köməyi ilə Qarabağı və ətraf rayonları işğal edəndən sonra həmin abidəni uçurdular və bütün dünyaya car çəkdilər ki, bura bizim torpaqdır, biz burada min illərdir yaşayırıq.

Azərbaycan ordusu əzəli, əbədi torpaqlarımızı müharibə yolu ilə geri qaytaranda, çığır-bağır saldılar ki, qoymayın, müsəlmanlar torpaqlarımızı əlimizdən alır və xristian olduğumuza görə bizi qırırlar.

Rus yazıçısı və diplomatı Qriboyedov onları yaxşı tanıyırmış.

Ay oğul, əslində, təkcə Qriboyedov deyil, XI əsrdə yaşamış Gilan hökmdarı Keykavus (Şah Kavus), Puşkin, A.Düma, Veliçko, Mayakovski və başqalarının bu xalq haqqında dedikləri həqiqətdən xəbər verir. Burada Keykavusun "Qabusnamə" əsərinin müxtəlif xalqlardan bəhs edən 23-cü fəslində ermənilər haqqında dilə gətirdiyi sözləri verməklə kifayətlənirəm: "Ermənilərin eybi: oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, yersiz hay-küy salan, vəfasız, riyakar, ürəyi xıltlı, ağasına düşmən olmalarıdır. Ümumiyyətlə, onlar başdan-ayağa müsbətdən çox mənfiyə yaxındırlar..."  (Bax: "Qabusnamə", Bakı, "Altun kitab", 2005, s.99).

Deyirəm, nə olaydı, tülkü kimi qaçıb gizlənən Zori Balayanı tapıb Qarabağa gətirəydilər. Deyəydilər: "Balayan, nə oldu, deyirdin, Qarabağ ermənilərindir.  Eldar Baxışın uzaqgörənliklə qələmə aldığı şeirindən niyə nəticə çıxarmadın?

O nədir yazmısan Zori Balayan,

Bala da bizimdir, zor da bizimdir.

Ölmək istəyirsən, gəl Qarabağa

Kəfən də bizimdir, gor da bizimdir.

 

İndi gəl, ermənilərin köçəköçünü, qaçaqaçını öz gözlərinlə gör.

Allaha şükür ki, Zori Balayanların, Silva Kaputyanların, Ağabekyanların arzuları gözlərində qaldı.

Oğlum, ermənilər məğlubiyyətlərini həzm edə bilmirlər. Həzm edə bilmirlər ki, bundan sonra 30 il əvvəl olduğu kimi Azərbaycan vətəndaşları olacaqlar, milli valyuta Azərbaycan manatı  olacaq, bütün ərazilərdə Azərbaycan qanunları bərqərar olacaq.

Ermənilərin atalar sözü var: "Azərbaycanlıların sonrakı ağlı bizdə olaydı". Aydın olur ki, onların ağılları heç əvvəldən yoxmuş. Ağılları olsaydı, “Böyük Ermənistan” xülyası ilə torpaqlarımızı zəbt etməzdilər. Dinc qonşuluq şəraitində yaşayardılar. Ağılları olsaydı, Azərbaycanın qaz və neft kəməri, Avropa və Asiyanı birləşdirən dəmir yol xətti Ermənistan ərazisindən keçərdi. Bu, xalqın güzəranına hədsiz kömək edərdi. Nə edəsən ki, sonrakı peşmançılıq fayda vermir. İndi necə deyərlər, Əli aşından da, Vəli aşından da oldular.

Ancaq qarayaxmalarından əl çəkmirlər. Guya biz muzdlu silahlılardan, türk əsgərlərindən istifadə edirik. Unudurlar ki, Ulu öndərimizin əsasını qoyduğu Naxçıvanski adına "Hərbi məktəb"imiz var, Aviasiya Akademiyamız var, Hərbi Dəniz donanması üçün kadrlar hazırlayan məktəbimiz var, Hərbi texnika və sursat hazırlayan "Müdafiə Sənayesi Nazirliyi"miz var, Sərhəd qoşunları məktəbimiz var. Hətta Fövqəladə Hallar Nazirliyi nəzdində Hərbi Akademiyamız var. İllərdən bəri Türkiyə, Rusiya və başqa yerlərdə oxuyub gələn, ən müasir texnikadan istifadə etməyi bacaran yüksək ixtisaslı mütəxəssislərimiz  var. Biz dayanmadan bu işlə məşğul olmuşuq. Müharibəni milli kadrlarımız aparıb.

Ermənilər isə goreşən kimi torpaqlarımızı eşib yararsız hala salmaqla, xəndək, tunel qazmaqla, üçqat istehkamlar qurmaqla məşğul olublar.

Möhtərəm Prezidentimiz İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə bu yaxınlarda Füzuli və Cəbrayıl rayon və şəhərlərində olarkən ermənilərin vəhşiliklərini öz gözləri ilə görmüş, bunu əxlaqsızlıq və vandalizmin son həddi adlandırmış, qoy dünya görsün kimlərlə qonşuluq edirik - demişdir. Görürlər də.

Xarici ölkələrin ölkəmizdəki səfirləri və diplomatik korpusun nümayəndələri də Füzuli rayonunu və şəhərini ziyarət etdilər. Gözləri ilə gördüklərinə inana bilmirdilər. Bütün dünyada özünü yazıq xalq kimi qələmə verən ermənilərin törətdiyi vəhşiliklər onları dəhşətə gətirdi. Gördülər ki, bir ev, bir tikili belə salamat qalmayıb, hamısını dağıdıblar, daşı daş üstə qoymayıblar.

Oğlum, bu tarixi günlərdə qardaş türk xalqının mənəvi, siyasi və hərbi dəstəyi köməyimizə çox çatdı. Heydər Əliyevin "Bir millət, iki dövlət" adlandırdığı Azərbaycan-Türkiyə birliyi mübarizəmizə uğur gətirdi. Türkiyə böyük güclərin təzyiqinə baxmayaraq bir an belə bizi tək buraxmadı. Türk xalqı bizim güvənc yerimizdir. Qadasın aldığım Rəcəb Tayyib Ərdoğan Prezidentimiz İlham Əliyev kimi istəklimizdir.

Ay oğul, sənə bir şad xəbər də çatdırmaq istəyirəm. Otuz il blokada şəraitində olan Naxçıvan dəmir yolu və şosse yolu vasitəsilə ölkəmizin başqa bölgələri ilə birləşəcək. Bunu Ali Baş Komandan, möhtərəm Prezidentimiz qürur hissi ilə elan etdi.

Qarabağ müharibəsi bütün dünyanın diqqətini çəkdi. ABŞ kimi qüdrətli dövlətin hərbi rəhbərliyi quru qoşunlarının quruculuğunda Azərbaycanın təcrübəsindən istifadə edəcəklərini bəyan etdi.

Beynəlxalq aləmdə bizimlə hesablaşmağa başladılar. İngiltərə, Yaponiya, İtaliya, Rusiya, Almaniya, Fransa, Türkiyə və s. kimi qüdrətli dövlətlərin nüfuzlu televiziya kanalları, ərəblərin məşhur "Əl-Cəzirə" kanalı Prezidentimizdən müsahibə almağa çalışdılar. Prezidentimiz "yox" demədi. Otuzdan artıq televiziya kanalına müsahibə verdi. Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırdı. Prezidentimizin verdiyi müsahibələr informasiya cəbhəsində də, döyüş meydanında olduğu kimi üstünlüyümüzü təmin etdi.

Oğlum, nə gizlədim, ekranlarda möhtərəm Prezidentimizin mənalı çıxışlarına, müjdələrinə, dünyanın nüfuzlu televiziya kanallarına verdiyi təmkinli, xalqımıza başucalığı gətirən müsahibələrinə o qədər alışmışıq, intizarla gözləmişik ki, indi televiziya kanallarında Prezidentimizi görməyəndə, zərb-məsələ çevrilən ifadələrini eşitməyəndə darıxırıq.

Oğlum, sən qayıdan kimi qurban kəsəcəyik. Ananla məsləhətləşmişik, Prezidentimizə də qurban kəsəcəyik ki, xəta-bəladan uzaq olsun. Allah onu qorusun! Hər gün anan Prezidentimizə dua oxuyur. Allah mənim ömrümdən kəsib onun ömrünə calasın - deyir.

Oğlum, Qarabağ müharibəsi Prezidentimizin müdrik sərkərdə olduğunu göstərdiyi kimi, dünya miqyaslı müdrik siyasətçi olduğunu da bir daha sübut etdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən, şəhid vermədən azad edilməsi Ali Baş Komandanımızın müdrikliyinin yeni qatını üzə çıxardı.

Prezidentimiz ümumxalq məhəbbəti qazanıb. Bu, hər dövlət başçısına qismət olmur. Milli Məclisin sədrinə teleqram vuracam, əgər münasib bilinsə, qoy Milli Məclis qərar çıxarsın, Bakının ən baxımlı, yüksək yerində Ali Baş Komandanımızın heykəli ucaldılsın. O, buna layiqdir. Qələbəmizin memarıdır.

Əziz balam, Qarabağ müharibəsi XXI əsrin ibrətamiz müharibəsi kimi dünya tarixinə düşdü. İnan ki, bu müharibə və qələbəmiz dünyanın nizamının dəyişməsinə təsir edəcəkdir.

Ordumuz Qarabağ müharibəsində tarix yazdı. Prezidentimizin fəxrlə dediyi kimi, Qarabağ Azərbaycandır!

Oğlum, bütün bu uğurlarımızda, parlaq qələbəmizdə sənin və əsgər yoldaşlarının da payı var. Hamınızı bağrıma basıb öpürəm. Yaradandan tezliklə sağ-salamat qayıtmağınızı təmənna edirəm.

Səninlə fəxr edən, qürur duyan

                                                  Atan

 





26.11.2020    çap et  çap et