525.Az

Yaddaşdan tərcümə - Sergey Yeseninin şeiri


 

VƏ YA SƏYAVUŞ MƏMMƏDZADƏ İLƏ DAHA BİR GÖRÜŞ

Yaddaşdan tərcümə - <b style="color:red">Sergey Yeseninin şeiri </b>

Bu görüş telefon zəngi ilə başladı.

- Yenə görünmürsən...
 
- Yəqin xəbəriniz var, koronavirus yaman tüğyan eləyir...

- Bilirəm, bilirəm... Amma mən Yesenindən bir şeir tərcümə eləmişəm, istəyirəm ki, sən onu öz notbukunda yığıb "525"ə göndərəsən...

- Gələrəm...

- Gözləyirəm.

Və ötən həftə bu görüş baş tutdu. Hər şeydən öncə, Şuşanın işğaldan azad olunması münasibətilə onu təbrik elədim. Üzü gülsə də, gözləri doldu və titrək səslə:

- Heyif ki, anam, dayılarım bu günü görmədi, - dedi.

Sonra da, məsafə saxlamaq şərtilə, ağır-ağır da olsa, hələ "mürəkkəbi qurumamış" tərcüməni oxumağa başladı. Qəfildən dirənəndə soruşdum:

- Nədir, öz xəttinizi də oxuya bilmirsiniz?

- Yox, gözüm yaxşı seçmir, Qəlbinurun gətirdiyi dərmanlar da hələlik təsir eləmir.

Oftamoloq-şair Paşa Qəlbinurun bir neçə gün qabaq onu ziyarət etdiyini bilirdim.

Əlyazmasını qələm dostumun əlindən alıb oxuyandan sonra soruşdum:

- Rusca variantı mənə verə bilərsiniz?

- Yox, bu şeirin rus variantı məndə yoxdur...

- Bəs hardan tərcümə eləmisiniz?
 
- Yaddaşımdan...

... Albalılığa - bağa qayıdandan sonra mən "Anama məktub" şeirinin rus variantını tapıb tərcümə ilə tutuşdurdum və gördüm ki, bütün bəndlər yerindədir və tərcüməçi çalışıb ki, bir misraya da xələl gəlməsin.
Və beləliklə...

525-ci Qəzet - "Nə açar kimsə qapım..." - Səyavuş Məmmədzadə - 85

Məmməd Oruc

***

ANAMA MƏKTUB

(Səyavuş Məmmədzadənin tərcüməsində)

Mənim ağbirçəyim, salamatsanmı?
Mən də pis deyiləm. Şükranlarım var.
Ayrılıq heç kimə qismət olmasın,
Səni də üzməsin nisgil, intizar...

Yazırlar ki, məndən çox nigaransan,
Hey dua eləyib göyə baxırsan...
 O nimdaş kürkünü geyib əyninə,
 Hər gün neçə kərə yola çıxırsan.
 
Gözünə görünən səni sarsıdır
Gözünə görünən şəkillər eyni...
Guya meyxanada, guya bir sərxoş
Saplayır köksümə öz qəməsini...
 
Səni qara basır, toxta, anacan!
Ölə bilmərəmmi, vidalaşmadan?
Aludə deyiləm mən eyş-işrətə
İtirəm başımı mən bu şəhərdə.
 
Mən nankor deyiləm, sənin balanam
Yurdumu, yuvamı heç unudaram?
O köhnə komada bir şam titrəyir,
Onunçün burnumun ucu göynəyir.
 
Gələcəm, çox güman, bahar çağında
Bizim bağçamızda gülər açanda...
Amma sən sübh çağı oyatma məni,
Oyatma qəlbimin xoş illərini
Tərpətmə içimdə yatan dünəni...

Ötən günlərim də qarışar çənə...
İndi yeri gəlib, deyim düzünü;
Çox erkən göstərdi bu həyat mənə
Zülmət simasını - astar üzünü...

Həm də ibadəti öyrətmə mənə,
Qayıda bilmərəm olub-keçənə...
Yeganə dayağım, pənahım sənsən,
Yeganə çırağım, mehrabım sənsən.

Gümanlara, şübhələrə gəl uyma...
Cismən yaşayıram mən bu şəhərdə.
O nimdaş kürkünü əyninə geyib,
Mən gedən yollara boylanma bir də...

525-ci Qəzet - Elmira Axundovaya - Səyavuş Məmmədzadənin şeiri

 





26.11.2020    çap et  çap et