525.Az

Qarabağ - könlümdə qanadlanan zəfər nəğməsi


 

Qarabağ - <b style="color:red">könlümdə qanadlanan zəfər nəğməsi</b>

30 il... Bir igidin ömrünə bərabər uzun, uğur və mübarizə ilə dolu, yorucu illər. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı sürən, torpağına, evinə həsrət qalan, doğma yurduna geri dönəcəyinə ümid bəsləyən yaşayan insanlar, şəhid atasının, qardaşının, oğlunun... qanının yerdə qalmayacağını gözləyən neçə-neçə azərbaycanlı, vətən övladı...

Qarabağ da öz ağrısı ilə, könüldən ayrılan canı ilə bizə elə uzaqdan boylanıb nisgilli gözlərlə yolumuzu gözlədi. Biz bilirdik ki, bir gün gələcək... Bəli, bizim bildiyimiz bir gün elə bugündür.

Tarix boyu Azərbaycanın torpaqlarında məskunlaşıb, havasını udub, suyunu içib, çörəyini yeyən mənfur düşmənimiz Qarabağı işğal edərək özününküləşdirməyə çalışdı, tarixi abidələrimizin üzərində əyri-üyrü hərflərilə özləri üçün tarix uydurmağa başladılar.

"Yaradanın belə erməni olduğuna özünü inandıran" bu millət özü öz uydurduğu yalanlara o qədər aludə oldu ki, Qarabağın da sahibi olduğuna inandırdı özünü. Böyüklərdən həmişə eşitmişəm ki, ermənilər körpə dünyaya gələndə onun qulağına "türk sənin düşmənindir" deyir. Və bununla öz məğlubiyyətinin, gücsüzlüyünün möhürünü vurmuş olur...

Vaxt gəldi və türk ermənin vahiməli yuxularına çevrildi. 30 il bu ağrıya, acıya dözən xalq elə silahlandı ki, körpəsindən yaşlısına kimi hamı "Qarabağ" dedi. Ali Baş Komandanımızın əmri ilə Şanlı Ordumuz 27 sentyabr tarixindən etibarən başlayan İkinci Qarabağ müharibəsində elə bir şücaət, mərdlik nümayiş etdirdi ki, 30 il ərzində masalar arxasında həllini tapmayan Qarabağ münaqişəsi 44 gün ərzində döyüş meydanında öz həllini tapdı.

Erməni özü artıq öz məğlubiyyətini qəbul etdi: Özgə atına minən tez düşər. Biz bu 44 gün ərzində xalq olaraq bir yumruq kimi birləşdik. Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi, "bu yumruq dəmir yumruqdur".

Bizim savaşımız haqq savaşıdır, biz bizə aid olanın uğrunda silaha sarınmışıq, biz bizim olanı tələb edirik. 44 gün ön cəbhədə əsgərlərimiz qanları ilə tarix yazdı. Neçə-neçə Poladımız, Cəbrayılımız, Vüsalımız, Telmanımız qanından, canından keçdi Vətən uğrunda. Arxa cəbhədə də xalqımız sakit durmadı, gözləmədi. 6 yaşlı Yusifindən tutmuş, 80 yaşlı Hikmət babasına kimi hamı Ordumuza dəstəyə qalxdı.

Sosial şəbəkələrdə Qarabağı görməyən gənclik var gücü ilə, bütün biliyi və tarixi faktları ilə savaşdı, düşmənə sinə gərdi, onu cavab atəşi ilə susdurdu, məğlub etdi. Səsimizi, haqq savaşımızın görünməyən tərəflərini dünya mediasına, bütün bəşəriyyətə çatdırmaqdan ötrü günümüzü gecəmizə qatdıq. Bəli, biz tarixi faktlarla savaşdığımız an onlar da savaşdı, amma özləri öz yalanlarını ifşa edərək, terrora meylli siyasətləri ilə, vandallıqlarını, barbarlıqlarını öz yazıları ilə açaraq söz savaşında məğlub oldular. Yumruğumuz elə güclü oldu ki, haqq savaşımıza başqa don geyindirmək istəyənlər belə, reallığı qəbul etməli oldular.

Biz haqq savaşımızda QALİB olduq. Sənə zəfər yaraşır, doğma Azərbaycanım! Bu qalibiyyətimizin əbədi olması diləyi ilə Qarabağa salam olsun!

Güney FİRİDUNBƏYOVA
BDU-nun Jurnalistika Elmi-tədqiqat Laboratoriyasının elmi işçisi

 





26.11.2020    çap et  çap et