525.Az

Firuz Səxavət: “Səxavətin məzarını görəndə bir müddət donub lal oldum”


 

Firuz Səxavət: “Səxavətin məzarını görəndə bir müddət donub lal oldum”<b style="color:red"></b>

Ağdamın işğaldan azad olunması xəbərini alanda bizi sevindirən məqamlardan biri də o idi ki, bu müjdə ilə düşmən tapdağı altında qalan məzarlara, vətən həsrəti ilə dünyadan köçən əzizlərimizin ruhlarına rahatlıq əta edəcəkdi. Uzun illərdir biz Ağdamın, xüsusilə Abdal-Gülablının ağrısını Səxavət Məmmədovun səsində dərk etmişdik. Onun həsrəti isə Abdal-Gülablı kontekstində bizi yandırardı.

Ağdam zəfərini daddığımız bu günlərdə Səxavət Məmmədovun sənətkar qardaşı, xanəndə Firuz Səxavətin kəndə yollanaraq qardaşının məzarını ziyarət etməsi ilə bağlı məlumat aldıq.

525.az xanəndənin təəssüratlarını öyrənmək üçün onunla telefon əlaqəsi yaradıb. 

O bildirib ki, necə sevindiyimizi ifadə edə bilmirəm, o hissləri sözlərə ifadə etmək olmur:

“Bizim şanlı ordumuzun qüdrəti, şücaəti sayəsində bütün Qarabağ, o cümlədən, bizim rayonumuz, kəndimiz də işğaldan azad edildi. Dərhal kəndimizə yollandım ki, gedim oraları görüm, 30 ilin həsrəti sona yetsin. Hələ də elə bilirəm ki, yuxudayam. Gedib o yerləri görəndə həm sevindim, həm də çox məyus oldum. İstər Ağdam, istərsə də Abdal-Gülablı çox bərbad haldadır. Bunu yəqin ki, siz də kadrlarda görmüsünüz. Rayonda rayonluq, kənddə kəndlik qalmayıb, bir dənə daş daş üstə deyil. Hamısını ermənilər söküb dağıdıblar”.



Muğam ustası vurğulayıb ki, birinci gedib qəbiristanlığı ziyarət etdim, Səxavətin qəbrini tapdım:

“Şükürlər olsun ki, qəbirlər yerindədir. Səxavətin məzarını görəndə sanki bir müddət donub lal oldum. Gözlərimdən yaş tökülsə də, özümü sıxıb saxlamağa çalışdım. O vaxt Səxavətin məzarının üstü götürülməmişdi. Qəbirdaşı da hazır idi. Lakin atışma davam etdiyinə görə aparıb qoya bilmirdik. Gözləyirdik ki, atəşkəs olsun sonra başdaşın qoyaq. Elə oldu ki, kəndimiz işğal olundu və istəyimiz yarıda qaldı. Həmin daşı 20 ilə yaxın Bakıda, öz qarajında saxladıq. O vaxtı atam-anam sağ idi, hər dəfə görəndə yaraları təzələnirdi. Axrı qərara gəldik ki, daşın üstündən şəkli sildirək. Dedik ki, qismət olsa, Ağdama qayıdanda yenidən o daşı düzəltdirərik. Allahın köməyi ilə yeni başdaşı hazırladacağıq.



Allah Ali Baş Komandanımızın canın sağ eləsin ki, yuxularımızı gerçəkləşdirdi. Ordumuzun qüdrəti, Cənab Prezidentimizin qətiyyəti, xalqımızın birləşməyi sayəsində 44 gün içində torpaqlarımız azad edildi. Çox qürurverici andır, çox sevinirik. Bu günlərə çox şükür!”

Nadir Rzalı

 





27.11.2020    çap et  çap et