525.Az

Kürdəmirdə bir ünvan var... - Fotolar


 

AMEA NİZAMİ GƏNCƏVİ ADINA MİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI MUZEYİNİN 80 YAŞI TAMAM OLUR

Kürdəmirdə bir ünvan var... - <b style="color:red">Fotolar</b>

Kürdəmirdə bir ünvan var – Ədəbiyyat Muzeyi. Kürdəmirdə, ərtaf rayonlarda yaşayan həssas, duyğulu insanlar, qələm sahibləri, ziyalılar, el sənətkarları tez-tez bu ünvana yığışırlar.Muzey paytaxtdan kənarda, regionda yerləşsə də, işi, keçirdiyi tədbirlərin sorağı Şirvandan, Arandan paytaxta qədər çatır, mətbuatda, televiziya kanallarında, elmi məclislərdə hallanır.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyininXaqani Şirvani adına Aran Regional filialı 2005-ci ilin dekabr ayından fəaliyyətə başlayıb.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) təsdiq edildikdən sonra Muzeyin direktoru akademik Rafael Hüseynovun təşəbbüsü ilə Kürdəmir şəhərində yaradılanAran regional filialı Şirvan bölgəsində Dövlətimizin kulturoloji strategiyasını həyata keçirən əsas mədəniyyət mərkəzidir.Aran Regional Filialı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi-tədqiqat və muzeyşünaslıq üzrə baş planı və fərdi iş planına əsasən yarandığı gündən etibarən bir sıra mədəni-kütləvi tədbirlər hazırlayaraq onları müvəffəqiyyətlə həyata keçirməsi, fondun zənginləşməsi, elmi-bədii materialların toplanması, tədqiqi, təbliği, ədəbi-bədii irsin öyrənilməsi, Şirvan, Aran regionunda yaşayıb-yaratmış görkəmli şair, yazıçı, incəsənət xadimləri, el aşıqları haqqında ardıcıl olaraq bir çox yaddaqalan, ictimaiyyət tərəfindən müsbət qarşılanan tədbirlər, yaradıcılıq gecələri, yubileylər, təqdimatlar, elmi konfranslar keçirilməsi sahəsindəxeyli iş görür.

Filial daima rayonun ictimai-siyasi təşkilatları, aran rayonlarında fəaliyyət

göstərən muzeylər, mədəni-maarif və təhsil müəssisələri ilə əlaqələrini genişləndirir, ictimai-siyasi, mədəni tədbirlərdə adları çəkilən təşkilatların nümayəndələri fəal iştirak edirlər. Filialın əməkdaşları tərəfindən aran ərazisində yazıb-yaratmış ədiblərlə bağlı fotolar, əlyazmalar, müxtəlif əşya və eksponatlar, Azərbaycan Ədəbiyyatına aid materiallar toplanır.



Aran Regional filialı yarandığı ilk günlərdən başlayaraq fəaliyyətinə geniş, hərtərəfli və rəngarəng şəkildə başlayıb.Aran filialının 2005-ci ilin dekabrından bu günə kimi fəaliyyətinə nəzər saldıqda onun müvəffəqiyyətlərini, muzeyşünaslıq və mədəni-kütləvi işlər sahəsində həyata keçirdiyi kulturoloji tədbirləri qeyd etmək yerinə düşərdi. Muzeyin fəaliyyətinin əsasını təşkil edən fond işi üzrə filial az vaxt içində 300-dən çox bədii, elmi, publisistik, monoqrafik əsərlər toplayaraq, onu zənginləşdirilib. Filialın hədiyyə fonduna tanınmış yazıçı və şairlər, elm və mədəniyyət xadimləri, keçirilən tədbirlərin qonaqları tərəfindən verilən kitab ərməğanlar daxil edilib. Bu iş artıq ənənəyə çevrilib.

Elmi-bədii materialların toplanıb tədqiq edilməsi üzrə Aran filialı böyük uğurlar əldə edib. Belə ki, aşıqlarımızın, saz və söz ustalarımızın, xalqın zəngin söz, musiqi, ifaçılıq sənəti yaradıcılarının tükənməz xəzinəsinin təbliği, cəmiyyətə təqdimi olduqca maraqlı, məsuliyyətli və böyük zəhmət tələb edən iş olmasına baxmayaraq, filialın əməkdaşları müvəffəqiyyətlə onun öhdəsindən gəlirlər.

Aran muzeyinin əməkdaşları tərəfindən regionun ədəbi-mədəni irsi mütəmadi olaraq araşdırılır, toplanır, öyrənilir, tədqiqat obyektinə çevrilir.Hazırda təqaüddə olan muzeyin keçmiş əməkdaşı professor S.Qəniyevin bu sahədəki xidmətləri danılmazdır.O,Şirvan regionu üzrə demək olar ki,bütün sayılıb-seçilən ustad sənətkarların həyat və yaradıcılığını araşdıraraq qiymətli elmi monoqrafiyalar,xatirə kitabları ərsəyə gətirmişdir.Mən 2007-ci ildə Şirvanın saz-söz sərrafı, ustad aşıq Əhməd Rüstəmovun yaradıcılığına həsr etdiyim elmlər namizədi alimlik dərəcəsi almaq uçün elmi işimi müvəffəqiyyətlə müdafiə edərəkŞirvan aşıqlarının həyat və yaradıcılığından bəhs edən bir neçə kitabların sırasına“Aşıq Əhmədin yaradıcılığı” yeni elmi monoqrafiyanı da əlavə etmişəm.Keçən 15 il ərzində dəfələrlə elmi və dövrü mətbuatda regionun aşıq,şair və tanınmış sənətçiləri,ziyalılarının həyat və yaradıcılığı ilə bağlı elmi, publisistik məqalələrlə çıxış etmişəm.

Bundan başqa muzeyin elmi işçisi Tofiq AbdullayevinŞirvanbölgəsindən olan Azərbaycan Aşıqsənətininustad sənətkarları haqqında “Aşıq Şakir zirvəsi”, “Kainatın Həsrəti”, “Dil aç,telli sazım”, “Ustad sənətkar” kitabları da bu illər ərzində işıq üzü görmüşdür. Bu kitablar və məqalələrlə regionun elm, mədəniyyət, incəsənət xadimlərini ölkəmizdə layiqincə təbliğ etməyə çalışırıq.



Azərbaycan söz sənətinin, fəlsəfi fikrinin dühalarını yetişdirən Şirvanda XIX əsrin əvvəllərində – 1826-cı ildə doğulmuş məşhur ədəbiyyat, musiqi xiridarı, xeyriyyəçi-messenat Mahmud Ağa Əhməd Ağa oğlu Şirvanlı kimi nadir şəxsiyyət, dövrünün tanınmış ziyalısı olaraq, özündən sonra Azərbaycanda bir sıra ədəbi məclislərin təşkilinə istiqamət verən ədəbi-bədii məclisini – “Mahmud Ağa məclisi”ni yaratdı. Elə bir məclis ki, şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayıldı, onun haqqında fransız səyyahı və yazıçısı A.Düma, məşhur rus səyyahı İ.Yermakov öz məmnuniyyətlərini, xoş təəssüratlarını gizlədə bilməmiş, rus rəssam K.Qaqarin isə məclisin toplantısını öz əsərində – gözəl kompozisiya və rəng ahəngində əbədiləşdirmiş. Ömrünün sonunadək (1902) seçdiyi maarif-mədəniyyət yoluna sadiq qalan Mahmud Ağa Şirvanlının vətənpərvərlik ənənələrini davam etdirən Aran filialı XXI əsrin başlanğıcında, 2007-ci ilin mart ayında Mahmud Ağa ədəbi məclisinə yenidən həyat verdi. Bu məclisin yenidən təşkilinə həsr olunmuş təntənəli tədbirdəAMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları, tanınmış yazıçı və şairlər, muğam ustaları,aşıqlar iştirak ediblər. Aran filialı Mahmud Ağanın ədəbi irsi, onun məclisinin ənənələri, Azərbaycanın digər bölgələrinin ədəbi məclis və mədəniyyət ocaqları ilə əlaqəsi, mədəniyyətin inkişafında rolunu öyrənmək kimi məsul vəzifəni yerinə yetirmək istiqamətində əzmlə çalışır. Hazırda “Mahmud Ağa ədəbi məclisi”ninxətti ilə “Poeziya dəqiqələri” ədəbi-musiqili tədbirlərdə gənc yazarların əsərlərindən nümunələr səslənir, təhlil edilir və onlara dəyərli məsləhətlər verilir.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinindirektoru, millət vəkili, akademik Rafael Hüseynovun filialımızda tez-tez ziyalılar, ədəbiyyat müəllimləri, mədəniyyət, incəsənət nümayəndələri ilə görüşləri bizim məsuliyyətimizi bir qədər də artırır, işimizi müasir tələblər səviyyəsində qurmaq üçün stimul verir. Ədəbiyyat müəllimləri klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəsilə sevdirmək, layiqincə tədris və təbliğ etmək üçün bu kimi görüşlərdən yararlanır, müasir dünya ədəbiyyatındakı yeniliklər, ədəbi cərəyanlar haqqında məlumatlanırlar.

Muzeyin Aran regional filialında Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əks etdirən eksponatları,ən qədim dövrdən müasir zamana qədərki ədəbi prosesi əhatə edən materiallar sərgilənib. Burada Azərbaycanın müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamlarının, tanınmış heykəltaraşlarının hazırladıqları portretlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və ayrı-ayrı dövrlərdə nəşr edilmiş kitablar sıralanıb. Filialımız yarandığı gündən fəaliyyətinin əsas istiqamətlərindən birini məktəblə əlaqələr üzərində qurulub. Çünki yalnız auditoriyalarda, sinif otaqlarında verilən dərslərin muzey içərisində aparılan təbliğatla müqayisədə effekti az olur. Məqsəd ondan ibarətdir ki, müəllimlər şagirdləri ilə birgə muzeyə tez-tez gəlsinlər, müəyyən dərsləri muzeyin ekspozisiyasında keçsinlər.

Filialın təşəbbüsü ilə Aran, Şirvan regionunu əhatə edən bütün rayonlarda yaşayıb-yaratmış görkəmli şair və yazıçılar, incəsənət xadimləri, el aşıqları haqqında ardıcıl olaraq tədbirlər – yaradıcılıq gecələri, yubileylər, təqdimatlar keçirilir. Bu istiqamətdə Aran filialı müxtəlif illərdə Şamaxı rayonunda Şirvan aşıqlarının patriarxı Aşiq Bilalın 140,Əməkdar Mədəniyyət İşçisi Aşıq Ağamurad Şirvanlının 50,Əməkdar Mədəniyyət İşçisi, mahir balaban ustasıRasim Ələskərovun 70,Ağsu rayonunda XIX əsrin sonu,XX əsrin əvvəllərində yaşayıb-yaratmış zurna-balaban sənətinin dədəsi hesab edilən Kalvalı Əli Kərimovun135,Aşiq Şakirin 90,Əməkdar artist Səməndər Rzayevin 65,Xalq artisti Mikayıl Mirzənin65,görkəmli alim Sifaris Səbzəliyevin 70 illik yubiley tədbirlərini,Kürdəmirdə Aşıq Əhmədin,Aşıq Şakirin, Aşıq Həsrət Hüseynovun,xanəndə Eynulla Cəbrayılovun, Aşıq Ağalar Mikayılovun, Xalq artisti Eldost Bayramınyubileylərinin qeyd olunma ənənəsi hər il davam etmiş, həmin məclislər rayonun ziyalıları, paytaxtdan dəvət edilmiş görkəmli alimlərin, yazıçı və şairlərin, incəsənət xadimlərinin iştirakı ilə keçirilib.



Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birgə 2 dəfə dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə kürdəmirli oxucuların görüşünü keçirilib. Görüşdə yazıçının həyat və yaradıcılığı ,qəhrəmanlarının tipik xüsusiyyətləri və dünya siyasi dedektiv janr ədəbiyyatında Çingiz Abdullayevin yeri və rolu haqqında söhbət açıb. Ç.Abdullayev yaradıcılığı, həyatı, əsərlərinin sujet xətti, filmləri, haqqında oxucuların çoxsaylı suallarını cavablandıraraq dünyada və ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirib.

Aran filialı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cəlil Məmmədquluzadənin, Seyid Əzim Şirvaninin, satirik şair Mirzə Ələkbər Sabirin, Mir Cəlal Paşayevin, görkəmli qəzəl ustası Əliağa Vahidin, yazıçı-dramaturq Hüseyn Cavidin, yazıçı Mehdi Hüseynin, Mikayıl Müşfiqin, Xalq şairləri Hüseyn Arifin, Nigar Rəfibəylinin, Məmməd Arazın, Nəriman Həsənzadənin, Cabir Novruzun, Musa Yaqubun, Zəlimxan Yaqubun, Xalq yazıçısı İsmayıl Şıxlının, yazıçı-dramaturq Cəfər Cabbarlının, yazıçı-publisist Əlisəfa Azayevin, ictimai siyasi xadim, yazıçı-dramaturq Nəriman Nərimanovun bir-birindən maraqlı yubiley və xatirə gecələrinikeçirib.

 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında “2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Kürdəmir rayon Təhsil Şöbəsi ilə birlikdə bir sıra kütləvi tədbirlər keçirib. İlk tədbirimiz:

“Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.”

adlı qəzəl müsabiqəsi oldu.

Keçən ilin aprel ayında,həmçinin,Kürdəmir rayon Mədəniyyət Mərkəzində Aran Regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və rayon Təhsil şöbəsi ilə birgə “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans keçirdi.Konfransda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə “Nəsimi yaradıcılığında inanclar sistemi və şairin ədəbi təsir dairəsi” mövzusunda məruzə ilə çıxış etdilər. Müzakirələrdə Kürdəmir rayon məktəblərinin dil-ədəbiyyat müəllimləri də fəal iştirak etdilər.

“Nəsimi ili” çərçivəsində Regional filialının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlər rayonun ümumtəhsil və mədəniyyət müəsisələri arasında böyük marağa səbəb olduğundan, təhsil və mədəniyyət müəsisələrindən dahi şairin yubileyi ilə bağlı birgə tədbirlər keçirilməsinə dair təklifləri alındı. Belə təkliflərdən biri də Kürdəmir şəhər 1saylı tam orta və 2 saylı məktəb-liseyin şagirdlərindən gəldi.Aran Regional filialında baş tutan “açıq dərs”lərdə şagirdlərvə digər məktəblərdən dəvət olunmuş qonaqların muzey ekspozisiyası və Nəsimi guşəsi ilə yaxından tanış oldular.“Nəsimi ili uşaqların gözü ilə” mövzusunda “açıq dərs”lərinmuzeydə – Nəsimi guşəsində keçirilməsi şagirdlərin yaddaşında əbədi iz qoyacağına əmin olduq.

“Nəsimi ili” çərçivəsində keçirdiyimiz yekun tədbir isə “Nəsimi - 650” ədəbi-bədii məclis keçən il regionun ən böyük mədəniyyət ocağı olan İmişli rayon Mədəniyyət Mərkəzində baş tutdu.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin həyatı öz qələmi ilə”, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzularında məruzə edərək Allahla təbiətin, idrakla eşqin vəhdəti prinsipindən çıxış edən, varlığın sirrini səsdə, hərfdə, sözdə görən, xalqı xaliqdən ayrı düşmüş zərrə sayan bir ideologiyanı füsunkar şeir dili ilə yayan azərbaycanlı şairin şəxsiyyəti,onun Şərqin bir çox əlyazma xəzinələri və kitabxanalarının fəxri olan “Divan”ının farsca nüsxəsi haqqında tamaşaçılara ətraflı məlumat verdilər.

Məclisin bədii hissəsində respublikanın tanınmış incəsənət xadimləri ilə bərabər İmişli, Kürdəmir, Beyləqan rayonlarının mədəniyyət işcilərinin hazırladıqları tamaşa və kompozisiyalar da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Filialın təşkilatçılığı ilə hər il ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən tarixi günlər və milli bayramlara həsr olunmuş tədbirlər keçirilir. Xalqımızın qanlı tarixinə - Xocalı soyqırımına, Azərbaycan Respublikasının Müstəqillik gününə, Ümummilli liderimiz Heydər Əliyevin doğum və anım günlərinə, əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramına həsr olunmuş silsilə tədbirlər bu qəbildəndir.

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur.Aran regional filialında da müxtəlif devizlərlə keçirilən bu bayram ictimaiyyətin diqqətini muzeyimizə cəlb edir. Bayram günü muzeyimiz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərir.

2017-ci ilin aprelində Kürdəmir rayon Heydər Əliyev MərkəzindəAran regional filialı və Kürdəmir rayon İcra Hakimiyyəti Aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş və ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş baş leytenant Əbu Bəkr İsmayılovun və cəsur kəşfiyyatçı, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş şəhid Tural Qurbanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdəmənim “Çaşıoğlu” nəşriyyatında çap olunmuş “Hay ver mənə, cənab leytenant” kitabım oxuculara təqdim edildi.

Tədbiri millət vəkili, akademik Rafael Hüseynov açaraq Dağlıq Qarabağ döyüşlərinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan Aprel döyüşlərindən söhbət açdı.

Filialın təşəbbüsü ilə “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı Bakıda, Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunda da keçirildi.

Regional filialın Aprel döyüşlərinin il dönümü ilə bağlı silsilə tədbirlərinövbəti illərdə C.Naxçıvanski adına hərbi liseyin təlim-tədris korpusunda, Bakı şəhəri Binəqədi rayon 115 saylı tam orta, Kürdəmir şəhər 1, 6 saylı, Sor-sor, Şüşün kənd tam orta məktəblərində də keçirilib.

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran Regional filialı bundan sonra da klassik irsimizin, milli-mənəvi sərvətlərimizin təbliği məqsədi ilə səmərəli fəaliyyət göstərəcək.

 





27.11.2020    çap et  çap et