525.Az

Şuşa döyüşləri tarixə yazılacaq - Sosial şəbəkədə yazılanlar


 

Şuşa döyüşləri tarixə yazılacaq - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Ədalət Muradov, iqtisad elmləri doktoru:

- Dostum, Nobel mükafatı laureatı Aziz Sancardan 5 dəyərli tövsiyə:

1. Özünüzdən razı olmayın, özündən razı

 olmaq Allaha yaraşır, insana yaraşmaz. Əlinizdən gəldiyi qədər təvazökar olun;

2. Vətən sevgisi olmasaydı, bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin. Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar;

3. Nobel mükafatı qazanmaqdan daha önəmli şeylər var: insanın ailəsi, insanlıq və ölkəsinə xidmət etməsi;

4. Elm adamı kimi yetişmə prosesində hər addımda sizin inkişafınıza kömək edəcək yaxşı məsləhətçilər və müəllimlər tapın;

5. Çox vaxt və əziyyət tələb etsə də, analitik və kreativ düşünmə bacarığı əldə edin.

Aslan İsmayılov, hüquqşünas:

- “Sputnik Armeniya”nın saat 21:26-da yaydığı xəbərlərdə bildirir ki, Kəlbəcər bu gün gecə 00:00-dan Azərbaycana təhvil verilir. Sonra daha ətraflı yazır ki, ermənilər ərazini tərk etməmişdən əvvəl hərbi hissəni partladır və yaşadığı mənzilləri yandırırlar. Bunu da vacib xəbər kimi verirlər və bundan sonra da özlərini mədəni, məzlum xalq kimi təqdim edəcəklər və hələ də bizim ərazilərdə yaşamaq, xüsusi status tələb edəcəklər. Həqiqətən də çox həyasızdırlar. Ancaq ərazini tərk edərkən bütün mal-mülklərini son çöpünə qədər, həm donuzlarına qədər apardıqlarını yazmırlar.

Bunların nə qədər vəhşi olduqlarını dünyaya göstərmək üçün elə özlərinin yaydıqları materialları paylaşmaq kifayətdir və bunu hökmən etmək lazımdır. Xüsusilə gənclərdən, xaricdə yaşayan azərbaycanlılardan xahiş edirəm ki, durmadan erməni millətçiliyinin nə qədər vəhşi, murdar olduğunu faktlarla dünyaya yaysınlar. İstəsək də, istəməsək də, biz bunlarla qonşuluqda yaşamağa məhkumuq. Bunlar isə öz murdarlığından əl çəkən deyillər. Ona görə də yüz illər keçsə də, durmadan bunları ifşa etmək lazımdır.

Tam səmimi deyirəm ki, bunların hiyləgər, yaramaz olduqlarını uşaqlıqdan eşitmişdim, ancaq bu qədər olduqlarını bilmirdim. Artıq bu 63 yaşımda kimin nə deməyindən asılı olmayaraq bildirirəm ki, bunlar almanların faşist ideologiyasından imtina edib peşmaçılıqlarını bildirməyənə qədər bunları daim təhlükə kimi görmək və müvafiq davranmaq lazımdır. Bunlar heç düzələnə də oxşamırlar. Kəlbəcəri tərk edən məğlub, darmadağın edilmiş erməni zabiti belə deyir ki, biz buranı hazırlaşıb yenidən müharibə edib qayıtmaq üçün tərk edirik. Bu, hamının qulağında sırğa olmalıdır!

Mirşahin Ağayev, Real TV-nin rəhbəri:

- ... 1993-cü il.

Martın sonunu xatırlayıram. Köhnə UAZ. Sürücünün adı İbrahim idi. Maqnitofonda Reyhan Rəcəbova "Ana" mahnısı oxuyurdu... İbrahim dedi: "Əcəb arxayın oxuyur!"... Biz - mən və Şakir Kəlbəcərə gedirdik. Murovdan...

Kəlbəcərə çatanadək yağış yağdı, sulu qar yağdı, dolu döydü və ... sonda gün çıxdı.

... indi gecədi.

- Amma gün çıxmasını gözləyirəm!

- Bilmirəm hardadı bu saat-amma İbrahimlə yenidən o yolu getmək istəyirəm!

- İbrahim, gün çıxır, Qardaş! - Kəlbəcərləşir həyat! Vətənimizin vücudu şikəstlikdən qurtulur! Azərbaycanımızın "Ana" mahnısını oxumaq olar daha. Arxayın!!!

Kəlbəcərimiz mübarək!

Gün çıxdı!!!

Elman Mustafazadə, "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri:

- Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Yəqin tanıdınız söhbət kimdən gedir...

Sizlərə Sovetlər Birliyi adlanan böyük bir ölkədə milyonların kumiri olan Ceyhun Cəmil oğlu Mirzəyev-Saricalinskinin acı taleyindən qısa məlumat verəcəm. Bəlkə vicdan əzabı çəkdik, bilmirəm...

Ceyhun 1946-cı ildə bu günlərdə işğaldan azad olunmuş Ağdamın Abdal Gülablı kəndində anadan olub. Ceyhun dünyaya gələndə onun atası Cəmil Mirzəyevin artıq 50 yaşı var idi. Anası isə Qarabağın məşhur Sarcalı soyundan olub.

Ceyhunun atası Azərbaycan Xalq Cümhurriyyətinin zabiti olmuş Cəmil Mirzəyev rəhmətə gedəndə Ceyhunun 4 yaşı olub və həmin illər Respublika Prokurorunun müavini olan əmisinin və anasının himayəsində böyüyən Ceyhun, 5 yaşında "Görüş" filmində çəkilir. 11 yaşında isə "Ögey ana" filmində İsmayıl obrazını yaradaraq milyonların sevimlisinə çevrilir.

Ceyhunun xalası və xalasının həyat yoldaşı, hər ikisi - doktor Cəfərbəyov və Sara Xanım Sarcalinskaya Ağcabədi rayonunun Hindarx kəndində həkim işləyirdilər. Onların yeganə oğulları, Ceyhun Mirzəyevin xalası oğlu Nahidlə Bakıda çox yaxın dost olmuşuq. Məndən yaşca böyük olan Nahid həmişə mənə böyük qardaş əvəzi olub. Məhz Nahidin vasitəsi ilə Ceyhungili yaxından tanıdım...

Ceyhun hüquq-mühafizə orqanlarında işləyən sevdiyi tatar qızı ilə ailə həyatı qurur və bu evlilikdən onların gözəl bir qızları dünyaya gəlir...

Qarabağın işğalını özünə dərd eləyən Ceyhun Mirzəyev bir müddət içkiyə qurşanır... Axır ki, düşmənə nifrət yaradan və premyerasını görmədiyi "Fəryad" filmini çəkir və elə həmin ildə, 1993-cü ildə 46 yaşında infarktdan dünyasını dəyişir...

Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Krasnodarda ev alıb orada yaşayırlar...

Bir neçə il bundan öncə Rusiyada Azərbaycan diasporunun tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı...

Ceyhunun həyat yoldaşı rəhmətə gedib və onun gözəl-göyçək nakam qızına bir alçaq evlənməyə söz verir və ona öz evini satdırır. Bir müddət birgə yaşadığı oğlan zavallı qızı narkotikə alışdırır və atıb gedir...

Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun dəyərli oğlu Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş elədim. Təhmasib bəy dəfələrlə qızla görüşüb, hətta onu müalicə etdirmək istəsə də, təəssüf ki, mümkün olmayıb...

İndi bağrım partlayır, içim yanır... Milyonların kumiri Ceyhun Mirzəyevin yeganə qızı evsiz-eşiksiz küçələrdə, yol kənarındakı körpülərin altında yaşayır...

Allahım, biz niyə bir-birimizə sahib çıxmağı öyrənmədik?..

Daş qəlbli insanları neylərdin, ilahi?!.

Xaqani Səfəroğlu, jurnalist:

- Şuşa döyüşləri tarixə yazılacaq! Bıçaq və tapança ilə sıldırımla qalxmaq fantastikadır... Qəhrəman Ordumuza eşq olsun!

Şuşa qazisi Alik Məmmədov:

- Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir, bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim ordan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. 

Mirmehdi Ağaoğlu, jurnalist:

- Sücaət, neyləyək baxt belə baxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər.

Şair demiş, ağlaya-ağlaya köçən Kəlbəcər, gülə-gülə qayıtdı. Gözünüz aydın, əziz kəlbəcərlilər. Gözümüz aydın. Yer deyil, rayon deyil, cənnətdi, cənnət, Allah lütf edib bizə. Sizə bir söz deyim? Mən hələ dünyanın heç bir yerində belə gözəllik görməmişəm. Allah bu torpaqlarda bizi əbədi eləsin.

Təbrik edirəm hamınızı.

Azad Əliyev, jurnalist:

- Fransa Senatının Qarabağın müstəqilliyini tanımasının heç bir hüquqi əsası yoxdur deyib özümüzü arxayınlaşdırmalı deyilik. Fransa BMT Təhlükəsizlik Şurasının daimi 5 üzv ölkəsindən biridir. Hökumətə tövsiyə xarakterli olsa da, bu qərar bizim üçün çox ciddi siqnaldır. Təcili şəkildə diplomatik korpusumuzun heyətinə ciddi dəyişiklik edilməlidir. Səsləri yerli telekanallarımızın efirindən o tərəfə keçməyən siyasətçilərimiz diplomatik missiyamızda təmsil olunmamalıdır. Səməd Seyidov illərdir ölkəmizi Avropada təmsil etdi. Haradadır gördüyü işin nəticəsi? Bütün bunlar sorğulanmalı və səhvlərdən dərhal nəticə çıxarılmalıdır. "Diplomatik savaş" üçün yeni əsgərlər yığılmalıdır. Yoxsa siyasətçilərimizin fərasətsizliyi ucbatından əsgərimizin qanı bahasına döyüş meydanında qazandığımız qələbəyə kölgə düşəcək.

 





27.11.2020    çap et  çap et