525.Az

Fransa Senatı niyə separatizmi dəstəklədi?


 

Fransa Senatı niyə separatizmi dəstəklədi?<b style="color:red"></b>

Noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra - noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub.
 
Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir. Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü. Çıxışlardan aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil.

Məsələn, senator Stefan Ravie deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu, açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatdır.

Layihəninin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları isə tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı var. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olunur.

Azərbaycanın Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən, Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər.

Fransa Senatının müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı.

Beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov deyib ki, Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanınma zəruriliyinə dair qəbul etdiyi qətnamə uydurmadan başqa bir şey deyil. Ekspert bildirib ki, belə bir qətnamənin qəbulu güclü diasporanı razı salmağa hesablanıb: "Fransa prezidenti Emmanuel Makron Qarabağı Azərbaycanın bir hissəsi hesab edir, Fransa Xarici İşlər Nazirliyi də Qarabağın müstəqilliyini, daha doğrusu, Ermənistan ordusunun məğlubiyyətindən sonra yerdə qalan hissəni tanımaqdan imtina edir. Bu mövzu ətrafında oyunların erməni diasporasının güclü olduğu ölkələrdə davam edəcəyi şübhəsizdir. Lakin bu, həqiqi vəziyyəti dəyişdirməyəcək. Qarabağ Azərbaycandır və nida".

Yevgeni Mixaylovun fikrincə, Rusiya və Türkiyənin simasında əsas oyunçular Azərbaycanın işğal edilmiş ərazilərinin təhvil verilməsi ilə bağlı əldə olunan razılaşmaların pozulmasına imkan verməyəcək: "Prezident Vladimir Putin birmənalı şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu və başqa yolun olmayacağını bildirdi. Statusdan danışmaq indi qətiyyən yersizdir. Fikrimcə, gələcəkdə bu məsələ diplomatik yolla həll olunacaq".

Millət vəkili Anar Məmmədov isə bildirib ki, ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri olan Fransa ikinci Qarabağ müharibəsi başlayandan bəri neytral mövqe nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistanın maraqlarından çıxış edir və əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Bu isə birbaşa həmsədr ölkə kimi qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasının bariz nümunəsidir. Bununla da Fransa bir daha işğalçılığa və separatizmə dəstək verir.

Deputatın sözlərinə görə, bir qrup ermənipərəst, antitürk və antiazərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü" adlı qətnamə birbaşa Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən, elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir: "Təbii ki, baş verən hadisələr fonunda bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir".

PƏRVANƏ

 





27.11.2020    çap et  çap et