525.Az

Yurdumuza, el-obamıza qayıdırıq... - Münasibət


 

Yurdumuza, el-obamıza qayıdırıq... - <b style="color:red">Münasibət </b>

Müzəffər Azərbaycan Ordusunun gələcək nəsillərə parlaq nümunə olacaq uğurlu döyüşlərindən sonra oktyabrın 20-də Zəngilan rayonunun mərkəzi və bir neçə kəndi qəsbkarlardan azad edildi. Oktyabr ayının 21-də isə qoynunda dünyaya göz açdığım axarlı-baxarlı Babaylı kəndindən də erməni qəsbkarlarının qovulduğu xəbər verildi. Uzun illərdən sonra ata-baba yurdumuzun işğalına, qəsbinə son qoyuldu.

Ali Baş Komandan cənab İlham Əliyevin dilindən kəndimizin də adını eşidəndə necə sevindiyimi, necə qürurlandığımı təsvir etməkdə sözlər acizdir. Doğma kəndimizin azad edildiyi məlum olanda sanki bir an içində ömrüm geriyə - üzü keçmişə tərəf vərəqləndi. Uzun illər idi, tarixin bu məqamını - doğma torpaqlarımızın azad olunacağı günü həsrətlə gözləyirdik. Gözləməkdən gözümüzün kökü saralmış, səbrimiz tükənmişdi. Amma bir an olsun belə qoynunda dünyaya göz açdığımız o gözəl yerləri unutmurduq, ümidimizi üzmürdük. Necə olursa olsun, gözəl günlərin birində geriyə - doğma ocaqlarımıza dönəcəyimizə inanırdıq. Və budur, həmin günlər gəlib çatdı. İndi doğma ocaqlarımıza gedən yollarımız bütün genişliyi ilə üzümüzə açılıb. Artıq geri dönmək üçün hazırlıq işləri görürük. Hamımız sevinc içindəyik, çünki Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, igid Azərbaycan əsgərinə minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.

İşğaldan azad olunduğuna görə indi doğma ocaqlarımızın da üzü gülür, könlü açılır. İntizarla əsl sahiblərinin gəlişini, geriyə dönüşünü gözləyir. İndi kəklikli, qırqovullu dərələrimizin, bu dərələrdəki xınalı qayalarımızın, ot basmış cığırlarımızın gözləri yollarda qalıb, qayıdışımızın həsrətini çəkir. Ey doğma ocaqlar, ey doğma ellər, gözünüz yollarda çox qalmasın, ürəyimizdə həsrət yükünü sevinclə yuya-yuya yaxın günlərdə qoynuna qayıdacağıq. Nisgil dolu günlərə biryolluq son qoyacağıq.

Yəqin ki, düşmən başqa yaşayış məntəqələri kimi bizim kəndimizdə də daşı-daş üstə qoymayıb. Evlər uçurulub, hasarlar dağıdılıb, hər yer, hər şey vəhşicəsinə yerlə-yeksan edilib. İndi biz qayıdacağıq ki, evlərimizi təzədən tikək, yenidən məskən salıb ata-baba yurdunda yaşayaq. Doğma yerlərimizə təzədən nəfəs verək, təzədən o yerlərdə nəfəs alaq. Həm özümüz yaşayaq, həm də doğma ocaqlarımızı yaşadaq.

Kəndimizi görmək, ayağımı o torpağa basmaq üçün burnumun ucu göynəyir. Elə hey ata-baba yurduna baş çəkməyə tələsirəm, günlərimi sayıram, saatlarımı hesablayıram. Düşmən evlərimizi uçurub dağıtsa da, ağaclarımızı kəssə də, sərvətlərimizi talasa da, torpağımızı, dağ-dərələrimizi, çaylarımızı, göllərimizi özü ilə apara bilməyib. O gözəl yerlər yenə də bizə isti qoynunda bizə yer verəcək.

Bu qayıdış, bu dönüş tarixin səhifələrinə böyük hərflərlə yazılacaq. Bu yazını heç kim poza bilməyəcək. Çünki bu, böyük bir dönüşdür, möhtəşəm bir qayıdışdır. İşğal günlərini, həsrət dolu çağları heç kim unutmayacaq. Bu günləri xatırlaya-xatırlaya həmişə ermənilərə nifrətlər yağdıracağıq.

Doğma kəndimizdə sonuncu dəfə 19 aprel 1993-cü ildə olmuşdum. Həmin günlərdə cəbhə bölgəsinə ezamiyyətə getmişdim. Kəndimizdən səhər lap ertədən çıxdım. Düz iyirmi səkkiz il səkkiz ay idi ki, qoynunda dünyaya göz açdığım yerlərin həsrətini çəkirdim. Uzun illərdir doğma ocaqların havasına, suyuna həsrətəm. Sonuncu dəfə kəndimizdən çıxanda 32 yaşım var idi. İndi isə ömrümün yaş göstəricisinin əqrəbləri yavaş-yavaş 60-ı döyür. Ömrümün 28 ilini kəndimizin həsrətini çəkə-çəkə yaşamışam. Bu illər ərzində doğma Zəngilanımı, Babaylımı yalnız və yalnız yuxularımda görmüşəm. Artıq bu gün yuxular gerçəkləşir, xəyallar reallığa çevrilir. Buna görə də elimizə, obamıza qayıdırıq. 

Gözəl kəndimizin hər qarışı, hər addımı üçün darıxmışam. Qayıdış ərəfəsində fikirləşirəm ki, görəsən, qəsbkarlar Həkəri çayının sahilinə qədər uzanan torpaq yolun hər iki tərəfində əkilmiş göylərə baş çəkən qovaq ağaclarını kəsməyiblər ki? Görəsən, hacıleyləklər yenə də qovaq ağaclarının ən hündür budaqlarında yuva qururlarmı? Yoxsa yağılar təbiətin bu yaraşıqlı quşlarını da güllələyiblər. Bütün bunları görmək və bilmək üçün elimizə, obamıza qayıdırıq.

Bu illər ərzində kəndimizlə bərabər, sahillərində uşaqlığım keçən Həkəri çayının da həsrətində qovrulurdum. Onun dalğaları qoynunda çimdiyim, sərin suyundan içdiyim, balıq tutduğum günlər yaddaşımda daim diridir. Günəş batandan, gecə yuxuya gedəndən, yer üzünə sakitlik çökəndən sonra suyun şırıltısı kənddə açıq-aydın eşidilirdi. Yayın isti gecələrində həyətdəki çardaqda yatanda səhərə qədər çayın şırıltısı sanki bizə lay-lay çalırdı. Bu şırıltı, bu lay-lay Həkərini bizə daha da sevdirirdi. Gündüzlər sularında çimirdik, gecələrsə şırıltısında yuxuya gedirdik. Həkəri belə Həkəri idi, yurdumuz belə yurd idi. Neçə illər idi ki, erməni işğalçıları bizi bu şırıltıdan, bu lay-laydan, bu gözəl yurddan uzaq salmışdı. İndi yenidən Həkərinin dalğaları qoynunda çimmək, suyundan içmək və şırıltısında yuxuya getmək üçün elimizə, obamıza qayıdarıq.

Qoyun-quzu otardığımız yovşan qoxulu Yazı düzü, Quru dərə, Gen dərə, Qaratikan dərəsi, Bulaq dərəsi, Kiranlıq dərəsi və başqa dərələrimiz bu illər ərzində yuxularımızdan çıxmadı, adları dilimizdən düşmədi. Həmişə yazağzı yemilik, şomun, dombalan yığdığımız bu dərələri, bu düzləri tez-tez xatırlayırdıq. Uşaqlığımız keçən o gözəl yovşanlı dərələrə, düzlərə yenidən ayaq basmaq üçün, o yerlərin təmiz havasını udmaq üçün elimizə, obamıza qayıdarıq.

Tez-tez məndən kəndimizə dönəndə əvvəlcə nə edəcəyimi, hansı addımlar atacağımı soruşurlar. Bununla maraqlananlara deyim ki, doğma kəndimizə dönəndə, ayağımı o torpaqlara qoyanda hansı hisslər keçirəcəyimi bilmirəm. Yalnız onu bilərəm ki, ilk olaraq doğulub böyüdüyüm evə, həyətə baş çəkəcəm. Əlimi, üzümü evimizin daşnaklar tərəfindən uçurulub dağıdılmış daşlarına sürtəcəm. Həyətimizi addım-addım gəzəndən sonra əzizlərimizin uyuduğu qəbiristanlığa üz tutacam. Əgər erməni işğalçıları qəbirləri dağıtmayıblarsa, əzizlərimizin məzarını ziyarət edəcəm. Sonra isə quruculuq işlərinə başlaycağıq. Böyük qayıdışdan sonra kəndlərimizdə, şəhərlərimizdə görüləsi işlərimiz çox olacaq. Quruculuq işlərinə təkan verib sürətləndirmək üçün Ali Baş Komandana minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.

Qoy bütün dünya görsün və bilsin ki, şanlı Azərbaycan Ordusu, Azərbaycan əsgəri döyüş meydanlarında böyük igidlik, qəhrəmanlıq göstərərək erməni qəsbkarlarını məğlubiyyətə uğratdı, illərdən bəri işğalda olan torpaqlarımızı azad etdi. Bu gün xalqımız sevinc içindədir. Artıq işğala, qəsbə son qoyulub, düşməndən şəhidlərimizin qisası alınıb. Buna görə də böyük sevinclə, yüksək ovqatla, Azərbaycan əsgərinə böyük minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.

 





27.11.2020    çap et  çap et