525.Az

Qələbə möcüzəsi - Mina Rəşid yazır


 

Qələbə möcüzəsi - <b style="color:red">Mina Rəşid yazır </b>

Bir vaxt, özüm kimi, yurdundan didərgin düşənlərin dilindən  

... Koronavirus adlı bəlaya tuş gələndən onsuz da sınıq qəlbimizdə sanki dünyanın üzü bozarmağa başladı. Olan-qalan sevincimiz də yoxa çıxdı. Məktəb yox, iş yox, toy, şənlik bir yana, hələ yaslarımızın da urvatı azaldı. İkinci Qarabağ müharibəsinin başlaması ilə sanki ruhumuz dirçəldi. Ordumuzun gücü, əsgərlərimizin şücaəti ilə torpaqlarımız azad edildikcə hərəmiz bir əsgərə döndük elə bil. Üçrəngli bayrağımız qəlbimizdə qürurla dalğalandı. Vətən torpaqları bir-bir azad edildikcə doğma Bakımız və bütün el-obamız üzümüzə şölə saçan üçrəngli bayrağa büründü. Öz bayrağımızla bərabər, Türkiyə, Pakistan bayraqlarını da unutmadıq. Bu, bizim qardaş, dost ölkələrə vəfa borcumuzdur, düşündük...

... Şükürlər olsun Allaha! Bu da QƏLƏBƏ! Açığını desək, bu müharibəyə qədər qələbəyə inam çox zəif idi. Bəlkə yüzdə bir adam buna inanar, ya inanmazdı.... Amma bir çoxları kimi mən inanırdım, sanki ürəyimə dammışdı, sanki o torpaqlar bizi çağırırdı. Bir də Uca Yaradan hər şeyə qadir deyilmi, nədən inamımdan vaz keçməliydim ki. Odur ki, mən bu möhtəşəm QƏLƏBƏmizə Allahın möcüzəsi kimi baxıram. Elə bir möcüzə ki, şanlı tariximizə qızıl hərflərlə - Müqəddəs Şəhidlərimizin qanı ilə yazıldı...

... Heç yadımdan çıxarmı, hər il torpaqlarımızın işğal günlərində məktəbli balarımız başına qara bağlayır, kədərli, haray dolu yurd nisgilli şeirlər söyləyirdi. Xocalı faciəsi, 31 Mart Soyqrımı, Kəlbəcərin işğalı, sonra Şuşa, Laçının işğal günləri uşaqlarımızı beləcə qara geyindirir, müəllimləri üzür, mənim kimi yurdu viran olmuş valideynlərimizin onsuz da heç vaxt köhnəlməyən yarasını təzələyirdi. Ötən il Xocalının sonuncu işğal günündə uşaqların təhsil aldığı məktəbin əslən Laçından olan direktoru hönkür-hönkür ağladı. Otuz ilə yaxındı biz bax belə ağlamışıq, yanıb qovrulmuşuq, müharibə və yurd itkisindən elə bir travma almışıq ki, indi də özümüzə gələ bilmirik...

... Ona görə də bu sevinci, bu Qələbə möcüzəsinin xoşbəxtliyini hələ biz çox yaşayacağıq. Necə ki, dərddən saralmışdıq. Eləcə də 2020-ci ilin payızını bizim üçün bahara çevirən bu möhtəşəm QƏLƏBƏmizlə dirçələcəyik. Daha işğal yox, böyük qələbəmizi,  əzəli yurd yerlərimizin azad olunması günlərini sevinclə, fərəhlə qeyd edəcəyik. Onda qara yerinə qıpqırmızı milli geyimlərimizi geyinəcək balalarımız. Başlarına  al-əlvan çələng taxacaq uşaqlarımız. Azərbaycana, Qarabağa, unudulmaz  Qələbəmizə şeirlər söyləyəcək, ürəkaçan nəğmələr oxuyacaq şagirdlərimiz....

Bütün bu xoşbəxtliyi, tarixi qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı cəsur əsgərlərimizə şəfa diləyir, onlara minnətdarlığımızı bildiririk.

Var olsun Ali Baş Komandanımız, xalqın qəhrəmanına çevrilən əziz Prezidentimiz cənab İlham Əliyev! Onun əzəmətli "QARABAĞ AZƏRBAYCANDIR" nidası heç vaxt yaddaşlardan silinməsin!

 





27.11.2020    çap et  çap et