525.Az

Əziz Mirəhmədovun kitabşünaslıq görüşlərinə bir nəzər - Yaddaş


 

Əziz Mirəhmədovun kitabşünaslıq görüşlərinə bir nəzər - <b style="color:red">Yaddaş </b>

Görkəmli ədəbiyyatşünas, fədakar alim Əziz Mirəhmədovun elm, mədəniyyət, mətbuat aləmində daha geniş tanınmasında onun kitab və kitabçılıq işi, ümumiyyətlə, kitabşünaslıq sahəsindəki tədqiqatları da xüsusi rol oynayıb.

Ə.Mirəhmədov elmi fəaliyyətində kitab və kitabçılıq işinin öyrənilməsinə böyük əhəmiyyət verərək elə kitabşünaslığa dair öz nəzəri, elmi fikirlərini bu istiqamətdə başlamışdı. Belə ki, o, öz elmi əsərlərini əlyazma kitablarının meydana gəlməsi, istehsalı və yayılmasına yönəltmişdi. Onun kitab və kitabçılıq işinin bir çox aspektlərinə dair qiymətli fikirləri ilk böyük elmi məqaləsində öz əksini tapıb. Ə.Mirəhmədovun bu məqaləsi "Azərbaycan kitabı" adlı biblioqrafiyanın I cildində dərc edilmiş "Müqəddimə"dir. Giriş məqaləsi kimi yazılmış bu elmi əsər 34 səhifə həcmindədir. O, bu yazısında kitabın bəzi funksiyalarına öz münasibətini müəyyən dərəcədə bildirib. Məsələn, Ə.Mirəhmədov yazır: "Kitab mədəni irsin, xalqın mənəvi sərvətinin qiymətli bir hissəsi, siyasi-ideoloji mübarizənin qüdrətli vasitəsidir. Kitablar bizim müdrik babalarımızın yadigarı, tarixin canlı şahidləridir".

Əziz Mirəhmədov həmçinin, "Müqəddimə"də yazı və yazı materialları, əlifba, kitab istehsalı, əlyazma və çap kitabının yaranma tarixi, ümumdünya konktekstində Azərbaycan kitabının yaranma və inkişaf tarixini əhatəli şəkildə araşdırır və maraqlı elmi mülahizələr irəli sürür.      

Əziz Mirəhmədovun kitabşünaslıq sahəsindəki böyük rolunu professor B.V.Allahverdiyev belə dəyərləndirir: "Oktyabr çevrilişinə qədərki dövrdə Azərbaycan əlyazma və çap kitablarının yaranması və inkişafı, Azərbaycan Sovet kitab mədəniyyətinin aktual problemləri, milli mətbuatın inkişafında C.Məmmədquluzadənin rolu, klassik yazıçı və şairlərimizin əsərlərinin toplanması, öyrənilməsi və nəşri, habelə bir sıra digər kitabşünaslıq problemləri görkəmli ədəbiyyatşünas və kitabşünas Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru Ə.Mirəhmədovun elmi yaradıcılığında xüsusi yer tutur. Onun Azərbaycan kitab mədəniyyəti ilə əlaqədar olan elmi tədqiqatları müasir kitabşünaslığın inkişafına güclü təkan və elmi istiqamət vermişdir".

Azərbaycanda yazı, yazılı abidələr, əlyazma kitabının yaranması, inkişafı, istehsalı, tərtibatı və yayılması sahəsindəki fəaliyyətini genişləndirən Ə.Mirəhmədov "İz istorii Azerbaydjanskoy dorevolyutsionnoy kniqi" adlı irihəcmli elmi məqaləsində kitab tarixi, kitab nəşri, kitabın istehsalı və yayılması, kitabın seriyalı nəşrləri, kitab və oxucu, kitab  və mütaliə, kitabın tərtibatı kimi kitabşünaslıq problemləri araşdıraraq nüfuzlu elmi məcmuədə  - "Kniqa: issledovaniya i materialı"da dərc etdirmişdi.

Görkəmli Azərbaycan kitabşünas alimi Ə.Mirəhmədov ilk dəfə keçmiş Ümumittifaq, başqa sözlə (keçmiş) Sovet oxucusunu Azərbaycan kitab və kitabçılıq işinin mühüm inkişaf nailiyyəti ilə tanış etmiş, beynəlxalq aləmdə Azərbaycan yazı, əlyazma kitabı, onların inkişaf xüsusiyyətləri, yayılması, kitab çapının meydana gəlməsi, mətbəə və nəşriyyatların yaranması və fəaliyyəti, görkəmli Azərbaycan kitabşünaslarının elmi yaradıcılıqlarını təhlil və şərh etməklə böyük kitabşünas alim kimi nüfuz qazanmışdı.

"İz istorii Azerbaydjanskoy dorevolyutsionnoy kniqi" adlı iri həcmli elmi məqaləsində alim qeyd edir ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz yazısını, kitab mədəniyyətini inkişaf etdirmişdi. O, göstərir ki, hələ XI əsrdə "Kitabi Dədə Qorqud"la bərabər Xətib Təbrizinin, Bəhməniyar İbn Mərzbanın "Məraitül-möcudat", "Məbədüt-təbiət", "Əlbehcət vəs-səadət" əsərləri və onların əlyazmaları, Xaqaninin "Töhfətül-İraqeyin", Nizaminin "Xəmsə"si və əlyazmaları, yüzlərlə digər sahələrə dair Azərbaycan kitabının əlyazmaları olub və bu kitablar dünyanın bir çox ölkələrinin qədim muzey və kitabxanalarına gedib çıxmış və indi də həmin kitab xəzinələrini bəzəyir. Öz dərin məzmunu, elmi, bədii əhəmiyyəti ilə dünya oxucularını heyran edir.

Görkəmli filoloq Əziz Mirəhmədovun doğum günüdür

Əziz Mirəhmədov "Kitab mədəniyyətimiz yeni mərhələdə" adlı məqaləsində Azərbaycan Böyük Oktyabr sosialist inqilabına qədərki dövrdə mətbəələrin yaranması, naşirlərin kitabın nəşri və yayılması sahəsindəki fəaliyyətlərini təhlil edir, Azərbaycanın görkəmli yazıçı və şairlərinin - A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabinin və digərlərinin kitab nəşr etmək, mətbuat, nəşriyyat açmaq, kitab tərtib etmək kimi kitab və kitabçılıq işi sahəsindəki xidmətlərini ilk dəfə geniş şəkildə öyrənmiş, ümumiləşdirmiş və çox böyük elmi əhəmiyyəti olan mülahizələr irəli sürmüşdü. Həmçinin, o, nəşriyyat sahəsində fəallıq göstərən Orucov qardaşları, N.Vəzirov, İ.Aşurbəyli, Ə.Müznib, M.Mikayılov, M.Mirbağırov və başqa kitab və kitabçılıq işi sahəsindəki fəaliyyətlərini də ümumiləşdirib, maraqlı, yeni və əhəmiyyətli fikirlər söyləyib.

Beləliklə də, Ə.Mirəhmədov Azərbaycan kitab mədəniyyəti və nəşriyyatlarının fəaliyyətinə dair qiymətli əsərlər yazmış, Azərbaycan kitabşünaslığını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

Ümumiyyətlə, Ə.Mirəhmədov sırf filoloji problemlərlə bərabər, Azərbaycan mənəvi mədəniyyəti ilə - incəsənət, dövri mətbuat, məxəzşünaslıq, kitab tarixi, bədii-estetik fikirdə sosioloji fikrin münasibətləri ilə də yaxından maraqlanan, çox vaxt bu iki predmeti sintez halında öyrənən görkəmli ədəbiyyatşünasdır.

Əziz Mirəhmədovun xidmətlərindən söhbət açarkən onun kitabın tipologiyası, yəni kitabın növlərə, tiplərə və nəşr tiplərinə bölünməsi probleminə münasibəti də şərh etməyi zəruri sayıram. Alim ilk dəfə Azərbaycanda kitabın növlərə və tiplərə bölünməsi haqqında elmi mülahizə irəli sürmüşdü. O, "Azərbaycan kitabı" adlı biblioqrafik göstəricinin müqəddimə hissəsində "Əlyazma kitabının ən çox yayılmış növləri divan, külliyyat, şərh, təzkirə, cüng, risalə, tarix, dərslik, zeyc və s. idi" elmi fikrini burada qeyd etmişdi. Bu tipoloji məlumatın bəsit formada olmasına baxmayaraq, ölkəmizdə ilk dəfə Ə.Mirəhmədov tərəfindən bu bölgünün verildiyi elm aləminə məlum olmuş, sonralar isə bir çox tədqiqatçılar tərəfindən bu tipoloji problem geniş şəkildə öyrənilmiş, nəşr növləri, tipləri, tipoloji əlamətlər müəyyənləşdirilmişdi.

Tədqiqatlar nəticəsində məlum olur ki, kitab, mütaliə, oxucu problemi də Ə.Mirəhmədovun yaradıcılığında xüsusi yer tutur. Onun bu mühüm kitabşünaslıq problemlərində də fikir və mülahizələri tutarlı və elmidir.

Göründüyü kimi, Ə.Mirəhmədovun elmi-filoloji fəaliyyətinin mühüm bir hissəsini kitabşünaslıq təşkil edir. Alim kitabşünaslıq fəaliyyətini 70-ci illərdə daha da genişləndirmiş, kitabşünaslığın mühüm sahələrindən biri olan kitab tarixi, kitab nəşri tarixi, ümumiyyətlə, kitab mədəniyyəti və mətbuat tarixi üzrə qiymətli əsərlər yazmışdır. Bu mənada alimin "Azərbaycan kitabı" adlı çoxcildli biblioqrafiyanın II cildində müqəddimə əvəzi yazdığı "Azərbaycan Sovet kitab mədəniyyəti 1920-1940-cı illərdə" adlı elmi məqaləsi və Hacı Həsənovla birlikdə yazdığı "Sovet Azərbaycanının kitab mədəniyyəti" (1975) Azərbaycan və rus dillərindəki monoqrafik oçerki xüsusi əhəmiyyətə malikdir.



Bu əsaslı elmi əsərlərindən aydın olur ki, artıq Ə.Mirəhmədovun yaradıcılığı kitabşünaslıq sahəsində geniş diapazona malikdir və görkəmli Azərbaycan kitabşünas-alim kimi tanınmışdır. Bunu alimin "Böyük Sovet Ensiklopediyası"nda və "Kitabşünaslıq: ensiklopedik lüğət"də, habelə "Kniqa" adlı ensiklopediyada nəşr etdirdiyi iri həcmli elmi məqalələri (kitab tarixi, kitab nəşri, kitab mədəniyyəti və kitabşünaslıq, biblioqrafiyaşünaslıq, habelə kitab ticarətinə aid) təsdiq edir.

Ə.Mirəhmədovun 1983-cü ildə "Maarif" nəşriyyatında çap edilmiş "Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX - XX əsrlər)" adlı irihəcmli kitabında kitab və kitabçılıq işinə dair bir sıra qiymətli əsərləri də: "Kitab mədəniyyətimiz yeni mərhələdə", "İstedad və mədəniyyət", "N.A.Nekrasov irsinin Azərbaycanda yayılması tarixindən", "Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri" və sair toplanmışdır.

Ə.Mirəhmədov tərəfindən ilk dəfə olaraq Avropa ölkələrində Şərq ölkələri üçün birinci növbədə dini ədəbiyyatın çap edilməsi elm aləminə aşkardır. Şərq üçün kitab nəşrinə əsas etibarilə xristian dini missionerlərinin başçılıq etmələri, xüsusilə ən çox "İncil" tərcüməsinin çap olunması da təsadüfi deyildir. O, "Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX - XX əsrlər)" adlı monoqrafiyasında yazır: Vatikan, Vena ("Əncüməni-kütübi-müqəddəs") və Londonda ("Kitabi-müqəddəsə şirkəti") Şərq üçün "kütübi səmavi" çap edən cəmiyyətlər təşkil olunmuşdu ki, bunların uzun zaman davam edən fəaliyyəti nəticəsində müsəlman Şərqi üçün milyon nüsxələr, müxtəlif formatlarda, hətta zərrəbinlə oxunan normativ Quran və başqa dini kitablar çap edilmişdi. Bununla bərabər, o, belə hesab edir ki, Şərq dillərində ərəb, latın və sair kitabların nəşrinin başlanması, bir tərəfdən obyektiv surətdə, Şərqdə mətbuatın inkişafı üçün bir hazırlıq olmuş, digər tərəfdən Şərq ədəbiyyatının Qərbdə yayılması və öyrənilməsinə kömək etmişdir.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, Ə.Mirəhmədovun ədəbiyyatşünaslıq mövqeyi elm aləminə tanıdılıb, lakin onun kitabşünaslıq və mətnşünaslıq sahəsindəki xidmətləri demək olar ki, öyrənilməyib, Azərbaycan və dünya kitabşünaslığında onun rolu və yeri müəyyən edilməyib. Əlbəttə, bu görkəmli alimin kitabşünaslıq sahəsindəki elmi fəaliyyəti tədqiqatlara cəlb edilməli, elmi əsərlər, monoqrafiyalar yazılmalıdır.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





27.11.2020    çap et  çap et