525.Az

Nakam gəncin həyat manifesti - Araşdırma


 

Nakam gəncin həyat manifesti - <b style="color:red">Araşdırma </b>

Dörd övladının körpə ikən dalbadal tələf olması Əhməd bəyi bərk sarsıtmış, dərin qəm-qüssəyə qərq eləmişdi. Bu kədərli və faciəli hadisələrin səbəbini "ayağı sayalı olmayan" arvadı Mülküxanımda görən uşaqların atası ondan həmişəlik ayrılmış və bir daha evlənmək məsələsinin üstündən qara bir xətt çəkmişdi.

Əhməd bəy vaxtsız-vədəsiz torpağa gömülmüş körpələrinin iyini-qoxusunu almaq üçün rəhmətlik qardaşı İsgəndərin yetim qalmış oğlunu və qızını övladlığa götürmüş, doğma balaları kimi böyüdüb, tərbiyə eləməyə başlamışdı. Lakin onlar nə qədər yaxın, nə qədər əziz, nə qədər istəkli olsalar da, öz balalarının yerini heç cür verə bilmirdilər. Həm də Əhməd bəyin istəyi o idi ki, övladları öz belindən gəlsin, damarlarında onun qanı axsın...

Zaman keçdikcə arvadsızlığın nə olduğunu dərindən başa düşən Əhməd bəy neçə illər əvvəl özünün verdiyi qərarı pozaraq evlənmək eşqinə düşdü. Və heç kəsi hələm-hələm bəyənməyən bu qürurlu bəy altdan-altdan özünə gələcək ömür-gün yoldaşı sonalamağa başladı. Xoş bir təsadüf onun qarşısına elə ilk görüşdəcə ürəyinə yatan halal bir süd əmmiş çıxartdı. Bu, Qarabağın sayılıb-seçilən mülkədarı Məhəmmədhəsən bəyin bacısının uşaqlıqdan yetim qalmış övladı və Əhməd bəydən neçə-neçə bayram balaca olan on yeddi yaşlı Xeyransa adlı xanım-xatın bir qız idi.

... 1872-ci ilin Novruz bayramı ərəfəsində Əhməd bəy el adəticə toy çaldırıb, Xeyransa xanımı evinə gəlin gətirdi. Bu izdivacdan sonralar xan nəslinin şöhrət bayrağını başı üzərində həmişə şərəflə gəzdirəcək Həmidə xanım, iki ildən sonra isə oğlu doğuldu. Əhməd bəy ikinci övladına ad seçməkdə heç də çətinlik çəkmədi. Götür-qoy eləmədən onu yüz il əvvəl bütün Qarabağda və qonşu məmləkətlərdə igidlikdə ad-san çıxaran, qəhrəman döyüşçü-sərkərdə kimi məşhur olan "Batmanqılınc" ləqəbli babası Məhəmməd bəy Cavanşirin adı ilə adlandırdı.

Lakin çox çəkmədən bu ailənin də təməli laxlamağa başladı. Həddindən ziyadə inadkar, tərs, ağır xasiyyətli Əhməd bəyin evində tez-tez xoşagəlməz söhbətlər oldu, münaqişələr yarandı. Elə həddini aşan bu mübahisələrin birində də ailəsi ikinci dəfə dağıldı. Nədi, nədi zövcəsi ərindən icazə almadan Əfətli kəndinə qohumlarının birinin yas mərasiminə gedib. Buna görə də ər-arvad arasında çox ciddi söz-söhbət yaranmış və Xeyransa xanım da inciyib, "ata evi"nə küsülü gedərək bir də geri qayıtmamışdı. Sonralar onların münasibətləri daha da kəskinləşmiş və qabağından yeməyən Əhməd bəy yenə də tərsliyinə salıb, heç kəsə məhəl qoymadan övrətinin talağını birdəfəlik vermişdi.

Ailə-uşaq sarıdan gözü çox qorxmuş Əhməd bəy bütün mehrini "anadan yetim qalmış" zavallı tifillərinə salmışdı. Bu övladcanlı, cəfakeş ata uşaqlarını bir an da olsun, gözündən uzağa buraxmır, heç nədən korluq çəkməyə qoymur, sözün həqiqi mənasında, onların nazı ilə oynayır, övladlarına həm atalıq, həm analıq, yeri gələndə dayəlik də edirdi. Həmidə xanım Cavanşir sonralar həmin günləri belə xatırlayırdı: "Yadıma gəlir, atam qardaşımı necə yatırdar, ona layla çalardı. Atam gecə yerinə çox erkən girərdi. Elə yerindəcə oxuyar və yazardı. O, bizim ikimizi də öz yatağına alar, bizə nəğmə deyər, "Min bir gecə" və Andersenin nağıllarını danışar, Krılovun təmsillərini və başqa parçaları söylərdi. Biz onun yatağında yuxuya gedərdik. Sonra xidmətçilər gəlib, bizi öz yatağımıza aparardılar" (Həmidə xanım Cavanşir. "Xatirələrim", Bakı, "Apostroff" nəşriyyatı, 2011-ci il, səhifə 59-60).

Lakin anasızlıq bacısı kimi kiçik Məhəmmədin də ruhunu tamamilə sarsıdaraq alt-üst eləmiş, onun qaradinməz, qapalı böyüməsinə səbəb olmuşdu. Məhəmmədin üzü demək olar ki, heç vaxt gülmür, çöhrəsində adicə təbəssüm işartıları da görünmürdü.

Əhməd bəy Cavanşir övladlarını müasir ruhda, hərtərəfli tərbiyə etməyə, gözüaçıq böyütməyə çalışırdı. Onlara, ilk növbədə, yazmağı, oxumağı, öyrənməyi məsləhət görürdü, zəhmətkeş, torpağa mümkün qədər bağlı olmağı, eldən-obadan heç vaxt ayrı düşməməyi, ümumiyyətlə, atalarının ictimai-faydalı işlərini layiqincə davam etdirməyi tövsiyə edirdi. O, uşaqlarına təsərrüfatı idarə etməyi də öyrədirdi, deyirdi ki, özünü hər cür zəhmətə alışdır, çalış, hər işi özün gör. Vaxt gələcək bütün insanlar bərabər olacaq və heç kəs sənə nökərçilik etməyəcək. İş canın cövhəridir. İş adamı sağlam edir, möhkəmləndirir və ürəyinin bütün yaralarını sağaldır. Səadət işdədir. Fiziki iş ağıla istirahət verir, zehni iş isə bədənə... Əhməd bəy eyni zamanda, həm qızına, həm də oğluna lap uşaqlıqdan at minməyi, tüfəng atmağı öyrədir, silahla necə rəftar etməyi başa salırdı.

Övladlarının gələcəyini daha yaxşı, daha parlaq görmək üçün Əhməd bəy təlim-tərbiyə məqsədilə hər iki uşağını bir rus ailəsinə vermişdi. Dövrün ən əsas, ən aparıcı ünsiyyət vasitələrindən sayılan fransız dilini öyrətmək üçün hətta Kəhrizliyə Xan kəndindən milliyyətcə fransız olan bir qadın da gətirtmişdi. Həmin müəllim bu dili uşaqlara tez bir zamanda öyrətmək üçün gündəlik dərslərlə yanaşı, şagirdlərini vaxtaşırı gəzməyə də aparır, onlarla söhbət edir, danışığa alışmaq üçün hətta gecələr ikisini də yanında yatızdırırdı.

1881-ci il yayın əvvəllərində Əhməd bəy Cavanşir düşmənlərinin böhtanı nəticəsində bir ölüm işi ilə əlaqədar Xan kəndinə çağırıldı. Və müstəntiq izahat alandan sonra ona hələlik ev dustağı cəzası verildi. Amma dünyagörmüş Əhməd bəy bu xəmirin çox su aparacağını başa düşərək yaxın qohumu İsgəndər Hacı Həsən oğlunu (Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli İsgəndərin prototipi - V.Q.) Hüsülü kəndindən çağırtdırıb, ilk növbədə, Həmidəni və Məhəmmədi, mal-mülkünü, özünün təsərrüfat işlərini aparmağı ona həvalə elədi, doqquz yaşlı Həmidənin və yeddi yaşlı Məhəmmədin nəzarətsiz qalmamalarını dönə-dönə tapşırdı. Sonra polisin müşayiəti ilə Xan kəndinə aparıldı. Bir neçə gündən sonra Əhməd bəy İsgəndər Hacı Həsən oğluna məktub yazıb, xahiş elədi ki, uşaqlarını və bəzi ev əşyalarını Xan kəndinə gətirsin.

Əhməd bəy Ağdamda işləyən Fedorçenko familiyalı bir müstəntiqlə və arvadı Nadejda Qavrilovna ilə əvvəlcədən danışmışdı ki, onun uşaqlarını himayəyə götürsünlər, təlim-tərbiyələri ilə ciddi məşğul olsunlar. Bütün qiymətli əşyalarını da saxlamaq üçün onlara etibar eləmişdi. Düşmənlərindən ehtiyatlanaraq həm də bu ər-arvada tapşırmışdı ki, işdir-şayət, birdən amansız əcəl onu vaxtsız haqlasa, ya da Sibirə sürgün edilsə, birdən kimsə gəlib uşaqları aparmaq istəyər, hətta ən yaxın qohumları olsa belə, heç kəsə etibar eləyib verməsinlər. Çünki düşmənlərinin və ya qohumlarının uşaqları oğurlayıb aparacaqlarından, onlara bir sədəmə toxuyacaqlarından qorxurdu. Fedorçenko ailəsi də Əhməd bəyi tam əmin eləmişdi ki, heç bir narahatçılıq-zad keçirməsin, arxayın olsun. Və Əhməd bəyin uşaqlarını öz övladları kimi qəbul etmişdilər. Bu dost ailədən beli tamamilə bağlı olan Əhməd bəy öz ciyərparalarını onlara təhvil verəndən sonra jandarmların müşayiəti ilə Şuşa həbsxanasına aparıldı.

Nadejda Qavrilovna Fedorçenko isə verdiyi sözə əməl edərək bütün səy və bacarığını uşaqların təlim-tərbiyəsinə yönəldir, onların yüksək səviyyədə təhsil almaları üçün əlindən gələni əsirgəmirdi.

Əhməd bəy Cavanşirin "cinayəti" sübuta yetirilmədiyindən bəraət alıb, beş-altı ay sonra polis nəzarəti altında saxlanılmaq şərtilə həbsxanadan buraxıldı. O, balalarının yanına qayıtdı. İki ay Xan kəndindəki yaylaq evində qalıb, istirahət elədi, özünə gəldi. Həmidə ilə Məhəmməd isə Nadejda Qavrilovnanın pansionatında yaşayır və təhsillərini davam etdirirdilər. Təsadüf elə gətirdi ki, bu bacı-qardaş pansionatı qurtaran il - 1885-ci ilin sonunda əziz tərbiyəçi müəllimləri Nadejda Qavrilovna Fedorçenkonun ailəsi Tiflisə köçdü. Uşaqlar sevimli və xeyirxah müəllimlərindən ayrılası oldular.

Əhməd bəyin fikri Həmidəni Tiflis Qızlar İnstitutuna, Məhəmmədi isə gimnaziyaya qoymaq idi. Amma bəzi dost-tanışları onu bu fikrindən daşındırmağa çalışırdılar. Qəribədir, indiyə qədər heç kəsin sözüylə oturub-durmayan, hər hansı bir məsələnin həllində təkbaşına qərar çıxaran Əhməd bəy nədənsə onların sözünə baxıb, Həmidəni instituta qoymaqdan vaz keçdi, Məhəmmədi isə gimnaziyaya qəbul elətdirdi. Həmidənin təhsili ilə özü evdə məşğul olmağa, Azərbaycan və rus dilini öyrətməyə başladı.

...Məhəmməd bəy ilk günlərdən gimnaziya şagirdləri arasında seçilirdi. O, ümumtəhsil fənləri ilə yanaşı, əlavə olaraq hüquq dərsləri də keçir, müxtəlif dərnəklərə gedir, hər şeyi öyrənməyə, bilməyə çalışırdı. Çəkdiyi gözəl rəsm əsərləri gimnaziyada adnandı. Şahmat dərnəyində isə bu oyunun sirlərini əməlli-başlı mənimsəmişdi. Məhəmməd bəy müəllimlərinin Tiflisin görməli yerlərinə vaxtaşırı təşkil elədikləri ekskursiyalara gedir, bu şəhərin tarixi və coğrafi yerlərini dönə-dönə gəzir, gözəlliklərindən doymurdu. Bir sözlə, yaxşı oxumaqla bərabər, məktəbin ictimai işlərində də fəal iştirak edirdi və müəllimləri də həmişə onu başqalarına nümunə göstərirdilər. Şübhəsiz, oğlunun bu fərəhləndirici fəaliyyətinin səsi-sorağı Əhməd bəyin qulağına gəlib-çatırdı. Yaxşı oxuması, müəllimlərinin sevimlisinə çevrilməsi atasını fərəhləndirir, onun qürur hissini daha da artırırdı. Əhməd bəy tez-tez Tiflisə gedir. Məhəmməd bəyin müəllimləri ilə görüşüb, öz təşəkkürünü bildirirdi. Fedorçenkolar ailəsinə də mütləq baş çəkir, uşaqlarının tərbiyəçisini və müəllimini pay-pürüşlə yad edirdi.

Məhəmməd bəy yay tətillərini, bir qayda olaraq, Xan kəndindəki bağ evlərində keçirirdi. Əhməd bəy də uşaqlarının istirahətinin daha xoş və mənalı olması üçün onları tez-tez gah yaxınlıqdakı Qarqar çayının kənarına, gah Ağa körpüsü tərəfə, gah da Əylis meşəsinə gəzməyə aparırdı və onlar günlərini Qarabağın bu səfalı seyrəngahlarında keçirirdilər.

Əhməd bəyin "əmi" dediyi atasının əmisi oğlu, yaşı artıq doxsanı haqlayan Nəcəfqulu bəy Cavanşir tez-tez at belində Şuşadan Xan kəndinə gəlir, günlərlə, bəzən həftələrlə burda qalır, Həmidə ilə, Tiflisdən tətilə gəlmiş Məhəmməd bəylə başını qatırdı. Güclü şahmat azarkeşi olan Nəcəfqulu bəy də, Əhməd bəy də onunla tez-tez şahmat taxtası arxasında otururdu. Amma bu oyunu hər ikisindən qat-qat yaxşı bilən bu gimnaziya şagirdi gəncliyinə salıb, nə atasına, nə də babası yaşında olan bu ağsaqqal qocaya oyunda qətiyyən güzəştə getmək istəmir,  rəqiblərini dalbadal stol arxasında bir-birini əvəz etməyə vadar edirdi.

1887-ci ilin yayı. Məhəmməd bəy yenə də Xan kəndində bağ evlərindədir. Əhməd bəy, adəti üzrə, vaxtının bir hissəsini oğlu ilə şahmat oynamaqla keçirir, saatlarla stol arxasından qalxmırdı. Məhəmməd bəy yenə də atasını dalbadal məğlub edirdi. Həmidə xanım xatirələrində yazır ki, bir dəfə belə bir hadisə baş vermişdi. Qardaşı üç dəfə dalbadal atasını udur. Bundan pərt olan Əhməd bəy bir dəfə də oynamağı oğlundan xahiş edir. Lakin Məhəmməd bəy yorulduğunu bildirib, onu gözləyən dostlarının yanına qaçır. Əhməd bəy oğlunun bu hərəkətindən qəzəblənib, şahmat taxtasını başı üzərinə qaldıraraq var gücü ilə yerə çırpır. Şahmat taxtası çilik-çilik olur və fiqurları ətrafa səpələnir (Mehriban Vəzir. "Əhməd bəy Cavanşir". 2019-cu il, səhifə 157-158).

Nəhayət, 1895-ci ildə Məhəmməd bəy Cavanşir Tiflis birinci kişi gimnaziyasını əla qiymətlərlə bitirib, Moskvaya yollandı, sənədlərini universitetə verdi. Lakin bundan xəbər tutan atasının istəyi və təkidi ilə sənədlərini Moskva Kənd Təsərrüfatı İnstitutuna (keçmiş Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyası - V.Q.) dəyişdirdi. İmtahanlara buraxılmaq üçün institutun direktorunun adına ərizə yazdı. 16 avqust 1895-ci il tarixli bu ərizədə o, göstərirdi ki, zadəgan Məhəmməd bəy Cavanşir oxuyacağı müddət ərzində institutun bütün qayda-qanunlarına ciddi riayət edəcək. Sonda isə əlavə edirdi ki, sənədləri Moskva universitetinə verdiyi şəxsi qovluğunun içərisindədir... Və beləliklə, Məhəmməd bəy institutun tələbəsi oldu.

Doğrudan da, Məhəmməd bəy ərizəsində göstərdiklərinə sadiq qaldı, institutun daxili qanun-qaydalarına hörmətlə yanaşdı. Əla oxudu, çalışqanlığı ilə digər tələbələrə örnək oldu, tələbə kollektivinin də, rəhbərliyin də sevimlisinə çevrildi, institutu bitirməyini səbirsizliklə gözləyən atasının da ümidlərini doğrultdu. Ümumiyyətlə, Məhəmməd bəy macəralarla dolu təhsil illərini çox maraqla keçirdi. Tiflisdə olduğu kimi, o, Moskvada da müxtəlif dərnəklərə gedir, sosial-demokratların yığıncaqlarında və tələbə tətillərində fəal iştirak edirdi...

Nəhayət, Məhəmməd bəy Cavanşir ali təhsilini uğurla başa vurdu. Bakıda çıxan "Kaspi" qəzetinin 5 iyun 1899-cu il tarixli, 117-ci nömrəsində Moskvanın ali təhsil müəssisələrini bitirmiş yeddi müsəlman gəncinin ad-familiyası dərc edilmişdi. Bu siyahıda onun da adı nümunəvi tələbə kimi xüsusi olaraq vurğulanırdı...

Məhəmməd bəyin hərtərəfli biliyini və intellektual səviyyəsini nəzərə alan institut rəhbərliyi öz məzununa torpaq nazirliyində işləməyi təklif eləsə də, yeni ideyalarla silahlanmış bu azərbaycanlı gənc nəzakətlə bundan boyun qaçırdı.

Həmin dövrdə isə ölkədə genişmiqyaslı tələbə tətilləri və inqilabi çıxışlar alovlanırdı. Məhəmməd bəyin yaxın əməl dostlarından və məsləkdaşlarından bir neçəsi həbs olunmuş, iki nəfəri isə çar üsul-idarəsinin haqsızlıqlarına dözməyərək intihar eləmişdi. Bu hadisə onu çox sarsıtmış və Moskvaya qayıtmaq fikrində olduğunu təkidlə atasına  bildirmişdi. Oğlunun Rusiyaya getsə, bir daha geri dönməyəcəyini anlayan Əhməd bəy hər vəchlə onu bu fikirdən daşındırmağa çalışırdı. Məhəmməd bəy isə əksinə, artıq bütün varlığı ilə bağlı olduğu Moskvaya can atır, əməl dostlarının yanında olmağa tələsirdi. Əhməd bəy oğlunun fikrinin qəti olduğunu biləndə hövsələdən çıxaraq onu sərt şəkildə danlamış, Məhəmməd bəylə çox qaba şəkildə rəftar etmişdi. Atasının bu ciddi tənbehindən bərk təsirlənmiş və pərt olmuş bu dəliqanlı gənc acıq eləyib, atına süvar olaraq Yevlaxa tərəf çapmış, hikkəsindən özünü atı ilə birlikdə dəmiryol stansiyasından yola düşməkdə olan qatarın altına ataraq intihar eləmişdi.

Bu hadisə iyirminci yüzilliyin başlanğıcında - 1900-cü il sentyabrın 4-də baş vermişdi. Beləliklə, arzuları təzə-təzə pöhrələyən və görəcəkli mənalı günləri hələ qarşıda olan iyirmi altı yaşlı Məhəmməd bəy Cavanşirin (4.XI.1874-4.IX.1900) ömür kitabı belə bağlandı. Onun bu faciəsi isə atası, qoca Əhməd bəyin qəddini daha da əydi, bacısı Həmidə xanımı isə həmişəlik gözüyaşlı qoydu.

 





27.11.2020    çap et  çap et