525.Az

"İnsan Vətənini ona fayda verməklə sevə bilər" - Taleh Yüzbəyov


 

TALEH YÜZBƏYOV: "QALİB OLMAQ GÖZƏL HİSSDİR: DİLİMİZƏ GƏTİRMƏSƏK DƏ, İLLƏRDƏN BƏRİ HAMIMIZIN İÇİNDƏ BİR MƏĞLUBİYYƏT PSİXOLOGİYASI VAR İDİ"

"İnsan Vətənini ona fayda verməklə sevə bilər" - <b style="color:red">Taleh Yüzbəyov </b>

Müsahibimiz Taleh Yüzbəyovu yəqin ki, artıq tanımayan yoxdur. Hətta tanıyanlar onun yaxın zamanlarda Azərbaycan kinosuna yeni nəfəs, yeni rəng gətirəcəyinə inanırlar. Çəkdiyi qısa filmlər də bunun əyani sübutudur.

Biz Taleh Yüzbəyovu daha çox bloqer kimi tanısaq da, əslində, kinoaktyordur.
 
Həm aktyorluğunu, həm də mövzulara fərqli yanaşma tərzini izlədikcə, istər-istəməz düşünürsən ki, hə, belə də mümkün imiş, bu cür də ola bilərmiş.

Taleh Yüzbəyovla müsahibəni təqdim edirik.

***

- Taleh, baxmayaraq ki, istedadlı aktyor, qabiliyyətli ssenaristsən, amma əksəriyyət səni bloqer kimi tanıyır. Bu, səni narahat etmir?

- Söhbət bloqer kimi tanınmaqdan gedirsə, yox, narahat etmir. Məşhurluq mənə bloqerlik adı ilə gəlib. İnternet, Yutub, Feysbuk olmasaydı, yəqin ki, bu qədər tanınmazdım. Nəticə olaraq, ixtisasca aktyoram, ssenari də yazıram, yazdıqlarımı çəkirəm və bu işlərimi də paylaşa bildiyim internet var.

- Uzun müddət "Zəhər tuluğu" filmini səbirsizliklə gözlədik. Amma səndən bir xəbər çıxmadı.

- Açığı, o filmi aprel-may aylarında çəkməyi planlaşdırırdıq. Ssenari hazırdır və kastinq də keçirilib. Demək olar ki, təşkilatçılıq işlərinin böyük hissəsi həll olunub. Amma vəziyyət elə gətirdi ki, biz çəkilişləri təxirə salmalı olduq. Əvvəl pandemiyaya, karantinə görə, ardınca da müharibəyə görə çəkilişləri dayandırdıq. Çəkiliş üçün heç bir məhdudiyyətin qalmadığına əmin olsaq, yəqin ki, artıq gələn il yazda çəkilişlərə başlayarıq.

- Ümumiyyətlə, cəmiyyətdə çəkib insanlarla bölüşmək istədiyin hansı problemləri görürsən?

- "Orta statistik Rasim" filmi məhz bu istiqamətdə çəkilmişdi. Hətta ikinci seriyası da yazılmışdı və martda çəkilməli idi. O da məlum səbəblərə görə qaldı. Ümumilikdə isə, bu gün çəkiləsi şeylər çoxdur. Azərbaycanda doğulmuş bir super qəhrəman haqqında təzə bir ideyam var. Bunu hər həftə bir seriya olmaqla seriala şəklində çəkməyi düşünürəm. Bu, indiyədək etmədiyim bir janrdadır. Bu serialda absurd yumordan istifadə etməyi düşünürəm. Bu janrı çox bəyənirəm. Bu serialı filmdən sonra çəkməyi düşünsəm də, belə getsə, filimdən qabağa düşəcək. İlk iki seriyasını yazıb, üçüncünü yazmağa başlamışdım. Daha sonra vəziyyət qarışdı və eləcə qaldı. Ümumiyyətlə, müharibə başlayandan bu yana bir hərf də yazmağa səbrim, həvəsim olmayıb. Hətta müharibə haqqında bir şey çəkmək istədik, amma anladım ki, bu dönəmdə, ümumiyyətlə, heç nə etmək istəmirəm. Yalnız müharibə bitəndən sonra yavaş-yavaş fikirlərim özümə qayıtdı, yeni ideyalar formalaşmağa başladı.

- Vətən müharibəsindən qalib çıxdıq. Həm müharibə ərəfəsi, həm qələbə səndə hansı hissləri oyatdı? Yaradıcı bir insan kimi, bu məsələdə hansısa film işləməyi düşünürsənmi?

- Qalib olmaq gözəl hissdir. Dilimizə gətirməsək də, illərdən bəri hamımızın içində bir məğlubiyyət psixologiyası var idi. Sanki hamımızda yazıqlıq psixoloji bir hal almışdı. İndilərdə əsgərlərimizin çəkdiyi videolara baxdıqca adama çox xoş gəlir. Artıq bu insanlar qalibdir və bu qalibiyyətin xoşbəxtliyini yaşayırlar. Mənə elə gəlir ki, bu dönəmdə cəmiyyətdə birlik yarandı, insanlar bir-birlərinə qarşı daha da mehriban oldular. Əslində, bu, çox vacib bir şeydir. Düzdür, hardan baxsan, müharibə pis şeydir. Amma bu müharibənin səbəbkarı biz olmamışıq heç vaxt.

Ümumi təəssüratımı ifadə etsəm də, hələ ki, özüm üçün  müharibə dövrünü, müharibə qalibiyyətini tam analiz etməmişəm, çözə bilməmişəm. Hə, biz qalib olmuşuq. Amma şəhid anası, qazi olmuş insanlar gəlir gözümün önünə. Mən gərək onları tanıyam, onların problemlərini biləm. Onların nələr keçirtdiyini hiss eləməmiş bu məsələni duyğusal olaraq tam ifadə edə bilmərəm.

Düzdür, müharibə bitib, amma mübarizə bitməyib. Hələ bizim müharibə travmaları olan minlərlə insanlarımız olacaq. Yəqin ki, müəyyən qədər çətin məqamlar da yaşanacaq. Onlara qalib gəlmək, geri qaytarılan torpaqlarda infrastruktur qurmaq, ermənilərlə bir yerdə yaşamağa psixoloji hazır olmağımız və sair, bu kimi məsələlər var.

Hər vətəndaş kimi, mən də qalib olduğumuza çox sevinirəm. Əlbəttə, bəzi qaranlıq məqamlar da var. Amma bütün hallarda biz, mövcud vəziyyətdə ən yaxşısına nail olmuşuq. Açığı, indi müharibə mövzusunu işləmək, o haqda nəsə yazmaq halında deyiləm. Çünki bu, elə bir həssas mövzudur ki, "Ura!" deyib vətənpərvərlik etsəm, bu, populizmə gedir, bir az pessimist yanaşsam, bu da əsgərlərimizin qələbəsinə kölgə salmaq kimi çıxar. Ona görə hələ ki prosesləri özüm üçün analiz edirəm. Müəyyən qədər vaxt lazımdır. Hamılıqla düşünməliyik ki, biz qazilərimizə, şəhid ailələrinə yaxşı baxırıqmı, onların problemlərinin həllini tapırıqmı, işğaldan azad olunan ərazilərimizə rahat köçə biləcəyikmi, minalar təmizlənibmi? Yəni qısası, ən çətini hələ indi başlayır. Ona görə hazırkı mərhələdə bütün prosesləri görüb, müşahidə edib onu tam dərk etməmiş məndə hansısa bir ideya, fikir yarana bilməz.

- Filmlərin insan düşüncə və davranışlarına nə qədər təsir etdiyini yəqin ki, yaxşı bilirsən. Uzun illərdən bəri ölkəmiz müharibə vəziyyətində olsa da, bizdə hələ də müharibə dövründə insanlarımızın göstərdiyi şücaəti göstərən filmlər yetərincə çəkilməyib. Amma buna baxmayaraq, sanki insanlar illərdir ruhları vətənpərvərlik mövzusunda olan film və mahnılarla bəslənib qidalanmış kimi davranırdılar. Səncə, bunun səbəbi nə idi?



- Vətənpərvərliyin təbliği məsələsində bizə ən çox təsir edən bu mövzularda çəkilmiş Türkiyə serialları olub. Öz yanaşmamıza gəldikdə, deməzdim ki, biz Birinci Qarabağ müharibəsindən sonra lazımınca keyfiyyətli filmlər çəkmişik. Bu baxımdan, çox az sayda filmin adını çəkmək olar. Onlardan ən yaxşısı, məncə, "Ağ atlı oğlan" və "Fəryad" filmləridir. Təsir gücü baxımından bu filmlər daha çox yaddaşımızda qalıb. Xüsusən də "Fəryad" filmi. Yerli filmlərdə vətənpərvərlik mövzusunun az işlənməsinə baxmayaraq, xalqın bu cür birlik və şücaət göstərməsinin səbəbi, məncə, uşaqlıqdan məktəbdə, ailədə, cəmiyyətdə gedən real təbliğat olub. Demək olar, hamımızın köçkün düşmüş qonşumuz, qohumumuz, sinif yoldaşımız olub. Yəni bu hisslər bizə yad deyildi. Bundan əlavə, hansısa filmin, hansısa təbliğatın da rolu olub burda. Bütün bunlar qondarma yox, real hisslər, düşüncələrdir. Çünki biz bu insanlarla birlikdə böyümüşük, o hadisələrin şahidləri olmuşuq. Hamımız Çingiz Mustafayevin çəkdiyi o kadrları görmüşük. Bu məqama qədər biz hamımız sadəcə sönmüş vulkan idik. Bəlkə də heç kəs insanların bu qədər ürəklə müharibəyə gedəcəyini gözləmirdi. İçi özüm qarışıq, yaxın ətrafımda da heç kimdə bir ölüm qorxusu yox idi. Yəni bu, süni pafos deyil. Süni pafos odur ki, danışırsan, amma getmirsən. Hərbi komissarlıqların qabağına kütlələr yığılırdı, minlərlə insan könüllü müharibəyə getmək istəyirdi. Hələ əsgərlərin danışıqlarına şahid olduqca insan heyrətə gəlir. Bu yaxınlarda yaralı əsgərlərlə görüşmüşdüm. Əsgər "Heyif ki, tez yaralandım" - deyirdi. Düşünün, bu insan yaralanıb, qoluna iki güllə girib, ürəyinin üstündən çıxıb, bəxti gətirib, sağ qalıb, amma bu insan peşmançılıq çəkir ki, heyif ki tez yaralandım... Bütün bu ruh halı bir fenomendir. Görünür, biz illərlə o kadrları, o insanları görüb, həmçinin, məğlubluq sindromunu qəbul edə bilməmişik. Çox güman ki, bizi hərəkətə gətirən də bu intiqam hiss oldu.

- Ümumiyyətlə, necə hesab edirsən, səncə, insanlara, gənclərə vətənpərvərliyin təbliği, milli mənlik şüurunun inkişafı məsələsində hansı xətti izləmək daha düzgündür?

- Bu, bir az fərqli məsələdir. Ümumiyyətlə, mənə görə, hər şeyin çoxu ziyandır. İnsan əslində, öz ideologiyasını özü seçməlidir. Əsas odur ki, nə olursan ol, amma heç vaxt radikalı olma. Məncə, hər şey təhsildən başlayır. İnsanların düzgün düşünmə, təhlil etmə bacarıqları inkişaf etməlidir. Mənə görə, heç bir ideologiya, heç bir yol mütləq haqq, yaxud mütləq nahaq deyil. Dünya ağ və qaradan ibarət deyil. Ona görə də, fikrimcə, hətta vətənpərvərlik hissini də insanlara hansısa zorakı təbliğat, zorakı təsirlə aşılamaq doğru deyil. Düzgün təhsil sistemiylə insanların öz fikirlərini özlərinin formalaşdıra bilməsinə imkan yaratmaq daha doğrudur. Əsas odur ki, insan öz doğulduğu məmləkətə arxa çevirməsin. Sənin fikirlərin dünyəvi ola bilər, amma sən, məişət etibarilə öz kökünü dana bilməzsən. Məhz milli ruhda böyümək baxımından bunun əhəmiyyəti böyükdür. Vətəni sevmək pafosdan ibarət olmamalıdır. İnsan Vətənini ona fayda verməklə sevə bilər. Burda isə əsas rol dövlətindir. Dövlətin öhdəliyi vətəndaşın haqlarını təmin etməkdir. Çünki dövlətlə vətən anlayışları bir-birinə çox yaxındır. Məsələn, dövlət xəstəxanasında həkim xəstədən pul tələb edirsə, yaxud başqa buna bənzər hal baş verirsə, insanlar haqlı olaraq inciyir, küsürlər. Birincisi, dövlətlə vətəndaş bir-birini başa düşməli, bir-birinə haqqını ödəməlidir. Bu, təmin edildikcə, insanlarda vətənpərvərlik hissi, milli mənlik şüuru da təbii olaraq formalaşacaq.

Natəvan ABDULLAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





28.11.2020    çap et  çap et