525.Az

Ermənilərin yeni "ümid işıqları" - Xaqani Cəfərli yazır


 

Ermənilərin yeni "ümid işıqları" - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Fransa parlamentinin yuxarı palatası Senatın qondarma "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı hüquqi qüvvəsi olmayan, tövsiyə xarakterli qətnamə qəbul etməsi və bölgəyə fransız sülhməramlılarının göndərilməsi ilə bağlı çağırışı Ermənistanda yeni "ümid işığı" yandırıb.

Ermənistanda ümid edirlər ki, Fransa Senatının bu qərarı qondarma "DQR"in beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində atılmış ilk addımdır. Lakin ermənilər unudur ki, hətta Senat da "DQR"i müstəqil ölkə kimi tanımayıb. Baxmayaraq ki, ermənilər Fransa Senatının qətnaməsini məhz qondarma "DQR"in müstəqilliyinin tanınması kimi təqdim edirlər, həqiqətdə isə bu, ancaq hökumətə edilən bir tövsiyədir və hüquqi yükü yoxdur.

İkincisi, ermənilər unudurlar ki postsovet məkanındakı separatçı bölgələrin heç biri beynəlxalq ictimaiyyət tərəfindən müstəqil ölkə kimi tanınmayıb. Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanıyıb.  Üstəlik, Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"nin Suriya, Nikaraqua, Venesuela və Nauru Respublikası tərəfindən tanınmasına da nail olub. Nauru Respublikası Sakit okeanın qərb hissəsində eyniadlı adada yerləşən cırtdan dövlətdir. Əhalisi cəmi 10  min nəfərə yaxın olan Nauru Respublikasının ərazisi 21.3 kvadrat kilometrdir. İndi Fransa Senatının ardınca Suriya və ya Nikaraqua kimi ölkə, yaxud  Nauru Respublikası kimi cırtdan dövlət də qondarma "DQR"in "müstəqilliyini" tanıya bilər. Ancaq bu, reallıqda heç nəyi dəyişə bilməz. Üstəlik, onu da qeyd etmək yerinə düşər ki, Rusiya, Abxaziya və Cənubi Osetiya bir-birinə bitişikdir. Fransanın isə qondarma "DQR"lə ümumi sərhədi yoxdur. Bu isə Parisin bölgəyə birbaşa hərbi müdaxiləsinə imkan vermir. Üstəlik, region dövlətlərinin Fransanın bu addımına razı olmayacaqları da aydın məsələdir. Hətta Rusiya dövlətinin rəhbər şəxsləri hesab edirlər ki, digər dövlətlərin, o cümlədən də, Fransanın müdaxiləsi sülh prosesinin pozulmasına və müharibənin yenidən alovlanmasına səbəb ola bilər.

Əlbəttə, nəzəri cəhətdən Fransanın Ermənistanda hərbi baza yerləşdirməsi müzakirə oluna bilər. Hətta Ermənistanda bəzi siyasətçilər Rusiyanın hərbi bazasının Fransa hərbi bazası ilə əvəzlənməsinə çağırışlar da edirlər. Ancaq bu, nəzəri cəhətdən mümkün görünsə də, icrası qeyri-mümkün olan bir məsələdir.

Ermənilərin heç bir zaman gerçəkləşməyəcəyi ümidləri Co Baydenin prezident seçilməsindən sonra ABŞ-ın İranla münasibətlərinin normallaşacağı və paralel olaraq İsraillə münasibətlərində soyuqluğun yaranacağı ilə bağlıdır. Ermənilər ümid edirlər ki, Vaşinqtonla Tehran arasında gərginliyin aradan qalxması Tehranın regiona təsir imkanlarının artmasına səbəb olacaq. İrəvanda bütün siyasi cərəyanların təmsilçiləri İranı özlərinin müttəfiqi hesab edir, Vaşinqtonla Tehran arasında münasibətlərin istiləşməsinin regionda qüvvələr nisbətinin Ermənistanın xeyrinə dəyişəcəyinə ümid edirlər. Üstəlik, ermənilər hansısa təsəvvürlərin təsiri altında belə hesab edirlər ki, Vaşinqtonun İsrailə münasibətinin dəyişməsi yəhudi dövlətinin mövqelərinin zəifləməsi ilə nəticələnəcək və Azərbaycana dəstəyini davam etdirə bilməyəcək.

Ermənilərin bu "ümid işığı" da gerçəklikdən çox uzaq, reallaşması qeyri-mümkündür. Yəhudi dövlətinin gücü ABŞ-ın İsrailə münsibətindən asılı deyil. Əlbəttə, ABŞ İsrail üçün ən önəmli dövlətdir. Ancaq yəhudilər ABŞ olmadan da mövcud və güclü olmağa qadir dövlət qura biliblər. Ermənilərin bütün arzularına baxmayaraq, İranın da Azərbaycana qarşı Ermənistanın açıq müttəfiq olması qeyri-mümkündür. Tehran Azərbaycanın tək olmadığının və ermənilərlə açıq müttəfiqliyin İranı daxildən dağıdacaq amil ola biləcəyinin fərqindədir. Ona görə də İran heç bir vaxt təkbaşına Ermənistanın tərəfindən Azərbaycana qarşı çıxış etməyəcək.



Gerçəkləşməsi mümkün olmayan bu "ümid işıqları" isə ermənilərin üzləşdikləri vəziyyətin reallığını qəbul etməyə imkan vermir. Məhz bu "ümid işıqları"na görə Ermənistanda Azərbaycandan qisas alacaqları, müharibənin hələ bitmədiyi haqqında şüarlar səngimir. Belə bir vəziyyətdə isə gerçəkliklərin qəbul edilməsi təklifini irəli sürənlərin səsləri erməni cəmiyyəti tərəfindən eşidilmir. Bu gün Ermənistanda hökumətə qarşı etiraz aksiyalarının güc strukturlarının sabiq rəhbərləri, "müharibə partiyası" tərəfindən təşkil və idarə olunması da buradan qaynaqlanır.

Fransa isə antiazərbaycan mövqeyi ilə Cənubi Qafqazda və bütün postsovet məkanında  mövqelərinin daha da zəifləməsindən başqa heç nə əldə edə bilməz. Çünki separatçı bölgələrin "müstəqilliyinin" tanınması istiqamətində atılan addımlar Azərbayanla yanaşı, Gürcüstan, Ukrayna və Moldovanın da maraqlarına ziddir. Gürcüstan, Ukrayna və Moldova postsovet ölkələrinin ərazi bütövlüyünün pozulmasını özləri üçün arzuolunmaz presidentin yaranması hesab edirlər. Fransa Senatı isə məhz bu qorxulu presidentin yaradıcısı kimi çıxış etdiyi üçün dünyanın böyük əksəriyyəti tərəfindən dəstəklənməyəcək və əks reaksiya doğuracaq.

 





30.11.2020    çap et  çap et