525.Az

Şərəf və ləyaqət nümunəsi... - Anım


 

Şərəf və ləyaqət nümunəsi... - <b style="color:red">Anım </b>

Vətən savaşımız müzəffər Ordumuzun şanlı zəfəri, Ali Baş Komandanımızın və məğrur xalqımızın yumruq kimi birləşməyinin, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi.

Hər hansı bir zaman kəsiyində müəyyən bir millətin şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca tuta. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, İlqar Zeynallı... Azər Yusifli məhz belə qəhrəman oğullardır. Vətənin azadlığı uğrunda mübarizədə xalqının döyünən ürəyi olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşən igidlər... Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir...

***

Mənim balamın nişanı da, toyu da Azərbaycan bayrağıdır!

Oğlu Vətən uğrunda şəhid olan bir Ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? - Şəhid anasının dilindən bu sözləri eşidəndə həyat bir loxma quru çörək kimi boğazımda düyünlənir...

İndi bildinizmi, VƏTƏNə nə üçün ANA deyirik?

30 illik işğala, zülmə son qoyan övladları dünyaya Vətən - Analar, Ana - Vətənlər gətirib. Azəri dünyaya gətirən Nur üzlü Yeganə Anamız kimi...

Yusifli Azər Nazim oğlu 28 mart 1994-cü il Ağstafa rayonu Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Böyük Kəsik kənd orta məktəbinin birinci sinfinə gedən Azərin ibtidai sinif müəllimi anası Yeganə xanım Sayad qızı Məmmədova olub.

Yeganə xanımın həm Ana, həm Müəllim kimi əməyi göz önündədir. Bu həyatda Ana olmaq ən çətin peşədir, çünki şəxsiyyət yetişdirirsən. Yeganə xanımın Azər kimi milli məfkurəyə sahib, əqidəli, dönməz, cəsur və sağlam təfəkkürlü övlad yetirməsi onun peşəsinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir. Azər körpə yaşlarından elə vətənpərvər ruhda tərbiyə olunmuşdu ki, ta uşaqlıqdan hərbçi olmaq arzusuyla böyüyürdü. 2012-ci ilin aprelində hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdi. Hərbi xidmətini bitirdikdən sonra sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsində başlamış, dəfələrlə xidmətlərinə görə hərbi hissənin komandiri tərəfindən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılmışdı. Hərbi döyüş hazırlığında, idman hazırlığında xüsusilə fərqləndiyinə görə Azəri Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus "xüsusi təyinatlı" dəstəyə göndərmişdilər. Orada keçirilən döyüş təlimlərinə və taktiki, texniki fəaliyyətlərinə görə Azər xüsusilə fərqlənirmiş. Tovuz döyüşləri zamanı "xüsusi təyinatlı" dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlamış, dəfələrlə kəşfiyyatçı kimi Ermənistan ərazilərinə keçmişlər. Vətən müharibəsi başlayanda Sərhəd qoşunlarına məxsus, xüsusi təlim keçmiş "xüsusi təyinatlı kəşfiyyat dəstəsi" bütün torpaqların azad olunmasında birinci qrupda getmişdi. Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərmişdi.

Onun döyüşlərdə necə mətinliklə vuruşduğunu, göstərdiyi rəşadəti qazi olan döyüş yoldaşları danışmaqla bitirmirlər. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı Azər sancır, döyüş yoldaşı Xəyal Namazov deyir ki, "Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə izah edə, ifadə edə bilmərəm. Hər dəfə döyüşlərlə erməniləri öldürdükcə "Bu da Xocalının hayıfı" deyirdi"...

Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyir ki, biz gecə-gündüz növbə çəkirdik, onu saxlaya bilmirdik. Üç gün sonra hələ tam sağalmamış yaralarını sarıyıb döyüşə - cəng meydanına  qayıdır Azər. Bu, sadəcə hünər işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır.



Azərin döyüş yoldaşı Vüqar Zamanov deyir: "Mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr tibbi xidmət göstərilən məntəqəyə çatdırdı".

Bu da son döyüş. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 nəfər  əsgər və zabitini əsir götürür, 42 nəfərini isə öldürürlər. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanır və şəhid olur.

Hər bir insan ömrü bütöv bir təcrübədir. İnsanların ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, hamı bir-birinin yaşamını təkrarlayır. Amma Azər gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq - namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...

Döyüş yoldaşlarının çəkdiyi maraqlı bir videogörüntü var. Zəngilan azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Hayların bayrağını və özlərinə "milli qəhrəman" elədikləri Monte Melkonyanın şəklini divardan söküb ayaqlarının altına atır və tapdalayır. Daha sonra zaman-zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin tarixi abidələrinin sərgiləndiyi bir divar kağızına doğru gedir. Hayların xülyalarında, miflərində yaratdığı Böyük Ermənistan xəritəsini və tarixi abidələrin şəklini divardan söküb ayaqlayıb əzdikcə "Bu da şərəfsizlərin məktəbi" deyir.

Azəri gənc yaşında ən çox sarsıdan, yandıran bir məqam   Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana - bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Və Azər Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi.

Ən böyük arzusu şəhidlik zirvəsinə - şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra.  Dediyini etdi, əqidəsindən  və yolundan dönmədi, qisasını aldı və şəhid oldu.



Vətən, torpaq, böyük amallar və müqəddəs, qutsal bir qayə uğrunda candan keçmək, özünü şüurlu şəkildə fəda etmək... Tanrının verdiyi ömür payını Vətənin və gələcək nəsillərin firavanlığına bağışlamaq... Ölüm var ki, həyat qədər dəyərli... - dedikləri yəqin elə budur -  şəhadət məqamı...

Nur içində uyu, Azər! Siz bizim hər ayın hansısa günü mütləq qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirdiniz. İndi yazdıqca xatırlayıram ki, hər ilin 29 oktyabrında Zəngilanın işğal tarixi çəkicin zindanı döyəclədiyi kimi ruhumuzu, qan yaddaşımızı döyəcləyirdi. Və indi artıq təqvimdəki o qara haşiyələnmiş rəqəmlər yoxdur. Artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var - Zəfər günü!!!

Qalibiyyətin qutlu, Zəfərin mübarək, Azər! Yusif babanın Sənə qoyduğu Azər adının haqqını layincə verdiyin üçün sağ ol!

Yurdumun ər qeyrətli, Tarix yazan Mərd Oğlu!

Siz indiyədək oxuduğumuz tarix kitablarını tarixin arxivinə gömdünüz, tariximizi yenidən yazdınız...

Siz qanınızla köksü param-parça olan Vətənimizi bütövləşdirdiniz!

Siz İlahi Ədaləti bərpa etdiniz!

Siz gerçəkdən Tarix yazdınız!!!

Bizə ərməğan etdiyiniz bu Azad və Bütöv Vətən üçün Sizin qarşınızda son nəfəsimizidək minnətdarıq! Ruhunuz qarşısında baş əyirik!

Tanrı qatında yeriniz uca, Şəhadətiniz qutlu olsun!

 





30.11.2020    çap et  çap et