525.Az

Üzü Təbrizə - Zahid Şahsuvarovun səfər qeydləri


 

Üzü Təbrizə - <b style="color:red">Zahid Şahsuvarovun səfər qeydləri </b>

Ömrə bərabər gün...

(Əvvəli ötən saylarımızda)

Üzü Təbrizə

Bir az tərəddüd etdim, başqa bir çıxış yolum yox idi deyə, məcburən "Allaha təvəkkül" - deyib, razılaşdım. Taksi yerindən tərpənən kimi, Firudin kiməsə zəng etdi və uzun müddət onunla danışdı. Nədən danışırdılar, təbii ki, mən başa düşmürdüm. Ürəyimdə fikirləşdim ki, o kimdisə, yəqin ki, bizi hardasa yolda qarşılayacaq. Bu kimi fikirlər mənə rahatlıq vermirdi. Aradakı sükutu pozmaq üçün soruşdum:

- Təbrizə getsək, saat neçədə çatarıq?

Saatına baxıb:

- Gecə saat on bir, on ikidə - dedi.

Fikirləşdim ki, yalan deyir, min kilometri on bir saata gedə bilməz. Bəlkə də gedər, nə bilim.

- Əgər Təbrizə gedəcəksənsə, gəl aparım. - Firudin məni razılaşdırmağa çalışdı. Çox götür-qoydan, tərəddüddən sonra razılaşdım.

Firudin mənim razılığımı alan kimi harasa zəng elədi. Sonra mənə dedi, yolda bir nəfəri də özümlə götürmək istəyirəm. Mən qəti şəkildə narazı oldum və dedim:

- Əgər kimisə götürəcəksənsə, onda mən getmirəm.

O, mənə bütün cəhd ilə nəyisə başa salmaq istədi. Lakin mən onu heç cürə anlaya bilmirdim.

Bu, mənə keçən əsrin doxsanıncı illərində Moskvada, Domodedova aeroportunda özümün müşahidə etdiyim bir hadisəni xatırlatdı. Həmin illər ölkədə hərc-mərclik baş alıb gedirdi. Sözün əsl mənasında, o vaxtlar ölüm-dirim mübarizəsi idi. Bir dəfə mən həmin aeroportda Bakıdan kimisə qarşılayırdım. Bir az tez gəlmişdim, təyyarənin gəlməsinə hələ vardı. Aeroportda giriş qapısının yanında dayanıb təyyarənin gəlişini gözləyirdim. Bu ara yanımda ora-bura vurnuxan üç nəfər diqqətimi cəlb etdi. Onlardan biri taksi sürücüsü, o biriləri isə çox səliqəli geyinmiş, hardasa dövlət idarələrində calışan şəxsləri xatırladırdı. Birinin əlində (görünür, daha da inam yaratmaq üçün idi) çəhrayı rəngli  qovluq var idi. Hər üçü müntəzəm şəkildə idmanla məşğul olanlara oxşayırdılar. Mənə çox yaxın dayandıqlarından aralarındakı söhbəti tam da olmasa, eşidirdım. Kimisə gözləyirdilər və nədəsə əlbir idilər. Əlində qovluq olan birinə - "sən get, ön oturacaqda otur" - dedi. Sonra əl-qol oynada-oynada taksi sürücüsünü (guya taksi sürücüsü) aeroportun çıxış qapısından çıxan, hardansa yenicə Moskvaya gəlmiş sərnişinləri qarşılayıb şəhərə aparmağı təklif etməyə göndərdi. Təklifi isə hər bir adama yox, xarici görünüşündən zəngin görsənənlərə etməli idi. Bu da mənim nəzərimdən qaçmadı. Nəhayət, orta yaşlı, Rusiya vilayətlərinin birindən Moskvaya hansısa bir iş dalınca gəlmiş bir adamın başını tovlayıb avtomobilin arxa oturacağında oturdub, "başqa bir sərnişin də götürək", - deyə ondan aralandı və onların başçısı (mən belə başa düşdüm) olan qovluqlu şəxsə yaxınlaşdı. Bir az onunla nə haqdasa danışandan sonra, guya o da ikinci sərnişin kimi gəlib arxa oturacaqda oturdu. Bir şey də diqqətimi çəkdi: arxadakı sol qapının birdəfəlik bağlı olduğunu gördüm. Yəqin bu da onların özlərinin planlarına uyğun idi. Bir sözlə, taksini işə salıb, şəhər istiqamətinə yollandılar. Lakin mən tam əmin idim ki, onu meşədə soyundurub buraxacaqlar. Ona yazığım gəldi. Yaxınlıqda olan aeroport polisinə yaxınlaşıb gördüklərimi ona danışdım. Lakin o, buna məhəl qoymadı. - Yaxşı, -  deyib məndən aralanıb aeroport binasına girdi. İndi bugünkü vəziyyətim ona bənzəyirdi.



Nəhayət, razılaşdıq ki, o, heç kimi yolda götürməyəcək. Onun əsəbləşdiyini hiss etdim. Bəlkə elə bu səbəbdən avtomobili çox sürətlə sürməyə başladı. Artıq Kirmanşah şəhəri arxada qalmışdı. Bütün bu həyəcan içində vaxt tapıb hələ yolun kənarında olan lövhələrdə yazılan yer adlarını belə oxuyurdum. Bəzən, maraqlı adlara da rast gəlirdim. Rahat vaxt olsaydı, mütləq onlar haqqında soruşardım. Amma heyif ki, mən indi başqa hayda idim. Məsələn, bir yerdə  "Qəsri-Şirin"ə gedən yolu göstərən ox işarəsi, başqa bir yerdə Bisütun dağına gedən yolu göstərən ox işarəsi var idi. Bu yer adları bizə Nizaminin əsərlərindən, daha doğrusu, dahi şairin "Xosrov və Şirin" poemasından tanış idi.

Avtomobilimiz dərə-təpələri sürətlə keçə-keçə irəliləyirdi. Ətraf kol-kos və hündür ağaclarla əhatə olunmuşdu. Əsl meşə idi. Firudin növbəti dərələrin birində avtomobili saxladı, saatına baxıb mənə nəsə dedi. Düzü,  nə dediyini başa düşmədim. Başa düşmədiyimi hiss edib, susdu. Heç nə danışmadan tez-tez saatına baxırdı. Mən onun mütləq kimisə gözlədiyini düşünürdüm. Fikirləşdim ki, o, yəqin kiminləsə birləşib məni öldürmək istəyir. Hər halda gördüyüm ssenaridən ancaq bu nəticəni çıxarmaq olardı. Bir də fikirləşirdim ki, axı niyə o, məni öldürməlidi, buna səbəb nə ola bilərdi ki? Bəlkə məndəki az məbləğdə olan pul üçün idi bu. Bütün bu fikirlər məni yormuşdu. Nə edəcəyimi bilmirdim. Firudin isə kiminsə gələcəyini gözləyirdi. Lakin o, gəlib çıxmırdı ki, çıxmırdı. Vaxt isə getmirdi, yerində dayanmışdı. Əsəbilərim daha yerində deyildi. Firudinə: "Niyə dayanmışıq, niyə getmirik?" - deməkdən yorulmuşdum. O isə tez-tez saatına baxırdi və nəsə dilinin altında mızıldanırdı. Sonra nə fikirləşdisə, qəflətən avtomobildən düşüb meşəyə girdi. Bu, məni daha da narahat etdi. İstədim Firudinin olmamasından istifadə edib, düşüb özümü vurum meşəyə, qaçım. Amma buna macal tapmamış Firudin qayıtdı. Avtomobilə minib yenə kiməsə zəng edib, əsəbi halda danışmağa başladı. Bir az da gözləyib, avtomobili işə saldı. Lakin hələ yerindən tərpənməyə tələsmirdi, gözü elə saatında idi.

Sonra arxayın-arxayın avtomobili yerindən tərpətdi və yavaş-yavaş yola davam etdi. Bir az getdikdən sonra o, yenə həmin sürətlə avtomobili əsəbi halda idarə etməyə başladı. Həm də mənə elə gəldi ki, o, dərin fikrə gedib. Bəlkə də, düşündüyü planın həyata keçmədiyini fikirləşirdi. Dolanbac yolları qət edib bir düzənliyə çıxdıq və bir azdan sonra balaca bir qəsəbəyə çatdıq. O, avtomobili yolun kənarına verib saxladı və dəftərçəyə oxşayan bir sənədi götürüb yol polisi məntəqəsinə girdi. Bir az sonra qayıdıb, avtomobili işə salıb yolumuza davam etdik. Təxminən yarım saat yol getdikdən sonra yenə dağ-dərəli meşəylə örtülü bir yerə çatdıq. Onu da deyim ki, Firudin yolboyu elə hey telefonla danışırdı. Bir-birini əvəz edən dərə-təpələri, döngələrli elə sürətlə sürürdü ki, avtomobil az qalırdı ki, çevrilsin. Avtomobili mənim dediklərimə məhəl qoymadan, tez-tez saatına baxa-baxa sürürdu. Yenə dərələrin birində avtomobili saxladı. Düşüb avtomobilin ora-burasına baxdı, sonra arxaya keçib baqajı açdı. Mən ondan daha da şübhələnməyə başladım. Onun nə edəcəyini izləmək məcburiyyətində idım. Çalışırdım ki, heç bir hərəkətini gözdən yayındırmayım. Avtomobilin arxasında bir az qurdalanandan sonra qayıdıb avtomobilə oturdu. Telefonunu götürüb yenə kiməsə zəng etdi və dönüb mənə nəsə izah etməyə çalışdı. Amma mən heç nə başa düşə bilmirdim. Bircə onu bilirdim ki, onun ağlında nəsə bir şey var, amma nədənsə alınmır hələ.

- Sür gedək, - dedim, nəyi gözləyirik?

Telefonu qulağına tutaraq:

- Bir az gözləmək lazımdır, -  dedi.

- Niyə?

O, mənim sualımı cavabsız qoyub hündürdən danışmağa başladı. Danışıq tərzindən başa düşdüm ki, o, bütün yolboyu danışdığı adamla danışır. Hər dəfə danışanda get-gedə əsəbləşirdi. Bütün bunlar məni tamam haldan salmışdı. Onun bu hərəkətlərini, nəhayət, nə istədiyini başa düşə bilmirdim. Hardasa, hər şeylə barışmışdım. Hətta, onunla artıq döyüşməyə də hazır idim. "Nə olarsa, Allahın iradəsiylə olacaq", - deyirdim. Özümdə demək olar ki, bir əminlik və güc tapmışdım. Əvvəlki qorxu hissləri demək olar ki, yavaş-yavaş çəkilib getmişdi. Görünür, onların qurduqları plana nəsə mane olan bir şey var idi, ya da o biri, gözlədiyi adam azmışdı, gəlib bizi tapa bilmirdi. Hər halda mən belə fikirləşirdim.

Gözləməkdən başqa bir çıxış yolum yox idi. Sakitcə oturub nəyinsə baş verəcəyini gözləyirdim. Çox nadir hallarda yanımızdan müxtəlif avtomobillər keçib gedirdi. Bir neçə dəfə istədim ki, düşüb onlara əl eləyib saxlayım. Lakin nədənsə, fikrimdən daşınırdım. Bəlkə də, bunu özümə sığışdırmırdım. Hər halda heç nə etmədən oturub gözləyirdim. Nə qədər vaxtın geçdiyini bilmirəm. Firudin saatına baxıb, taksini işə saldı və yenə əsəbi halda sürətlə sürməyə başladı. Yolboyu müşahidələrim, avtomobili belə əsəbi sürməsi hərdən məndə onun ağlında psixi problemi olduğu fikrini yaradırdı. Bir müddətdən sonra yenə bir düzənliyə çıxdıq. Bir az getdikdən sonra yolumuzun üstündə olan yol polis məntəqəsinin yanında Firudin avtomobili saxladı və yenə həmin dəftərini götürüb yol polisi məntəqəsinə girdi. Mən bu ara taksidən düşüb, çantamı götürdüm və onunla daha getməyəcəyimi qərara aldım. Fikirləşdim ki, burada polislərin köməyi ilə başqa bir taksi taparam. Firudin qayıtdı və əlimdə çanta ilə dayandığımı görüb təəccüblə soruşdu:

- Niyə çantanızı götürmüsünüz?  Getmək istəmirsiniz?

- Yox! - dedim. - Sizinlə daha getmək istəmirəm. Bura qədər gətirdiyinizin haqqı nədir, deyin verim.

- Qulaq asın,- dedi - siz ola bilsin səhərədək burada oturasınız və heç bir taksi tapa bilməyəsiniz. Bir də mənimlə niyə getmək istəmirsiniz ki?

Ona butun yolboyu etdiyi əsəbi hərəkətlərini, onun dərələrdə avtomobili saxlayıb, nə isə gözləməsini və nəhayət, mənim də əsəblərimdə gərginlik yaratdığını, güclə, anlaya biləcəyimiz dilləri bir- birinə qarışdıra-qarışdıra başa salmağa çalışdım. Görünür, o, məni başa düşdü:

- Yaxşı, - dedi,- söz verirəm ki, daha yolda avtomobili saxlamayacam. Elə qətiyyətlə dedi ki, nədənsə inandım ona, daha heç bir müzakirə etmədən qayıdıb yenidən taksiyə mindim və yolumuza davam etdik. Təxminəm bir saat idi ki, yol gedirdik, Firudin hələ ki, sözünün üstündə dururdu, avtomobili görünür, dediyi kimi saxlamaq fikri yox idi. Amma çox sürətlə sürürdü avtomobili, özü də həmişəki kimi əsəbi halla sürürdü. Nəhayət, balaca bir binada yerləşən növbəti yol polisi məntəqəsinə çatdıq. Firudin adəti üzrə dəftərini götürüb, həmin binaya girdi və bir azdan sonra oradan qışqıra-qışqıra çıxıb, əlindəki dəftəri göydə yelləyərək mənə yaxınlaşdı və dəftəri az qala gözümə soxaraq:

- Hamısına səbəb sənsən! - deyə polis tərəfindən edilən qeydi mənə göstərdi.

Doğrusu, mən bir şey başa düşə bilmirdim. Onu sakitləşdirməyə çalışdım:

- Firudin, dayan, bir sakit ol! Başa sal gorüm, nə olub?

O, qəflətən susdu, sonra dəftəri yenidən göstərib dedi:

- Məni cərimə etdilər! - Özü də elə dedi ki, elə bil, cərimə olunan məbləğ onun bütün həyatının mənası idi. Soruşdum ki, nə qədərdir? Nə qədərsə İran tümənu, səhv etmrəmsə, yüz tümən olduğunu dedi. Dedim, - dollarla nə qədərdi? Bir qədər hesablayandan sonra, on dollara yaxın bir şey - dedi. Mən, bu cərimənin elə də böyük məbləğdə olmadığını görüb: "Narahat olma, mən ödəyərəm", - dedim. - Amma başa sal görüm, buna niyə mən səbəb oluram ki?"  

(Ardı var)

 





13.01.2021    çap et  çap et