525.Az

Qaçqın iti - Məhsəti Musadan yeni yazı


 

Qaçqın iti - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Torpaqlarımız işğaldan azad olunar-olunmaz yeni bir mövzu atıldı ortaya: qaçqınlar, məcburi köçkünlər dədə-baba torpaqlarına qayıdacaqlarmı?

Fikirlər haçalandı. Biri dedi əlbəttə, bu qədər həsrətdən sonra gedib çadırda yaşamaqsa da, qayıdacaqlar. Biri dedi yox, buradakı şəratini, işini qoyub kimsə qayıtmaz. Məcburi köçkünlər özləri qaldı kənarda, kənardakılar onların əvəzinə fikir bildirdilər, onları qınadılar, "asıb-kəsdilər". Məcburi köçkünlərin doğma torpaqlara könüllülük əsasında qaytarılacağı fikri də bəzilərini yaman narahat etdi. Bir məcburi köçkün dayınının hansısa televiziya kanalı vasitəsilə söylədiyi fikirlər isə onların əlinə əsas verdi ki, baxın, görün, bu adam hazırkı şəraitinin doğma yurdunda yaradılmayacağı təqdirdə qayıtmayacağını söyləyir. Yəni bir nəfərin fikrini bütün məcburi köçkünlərə aid etdilər. Əlbəttə, bir nəfər hamı demək deyil. O, qayıtmır, qayıtmasın. Kimsə tərəfindən də buna məcbur edilməyəcək. İşğaldan azad edilmiş torpaqlarda bütün şəraitin yaradılacağı dəfələrlə vurğulanıb və belə də olmalıdır. Amma məncə, qaçqın və məcburi köçkünlərin əksəriyyəti üçün əsas olan doğma yurdlarına qayıtmaqdır. Əminəm ki, bu dəqiqə təhlükəsizliyin qorunması üçün qoyulan qadağalar aradan götürülsə, insanlar o təhlükəni gözə almadan, hətta dizin-dizin sürünərək öz yerlərinə qayıdarlar.

Uşaqlıqdan bəri daim qaçqın ailələrlə təmasda olmuşam. Ağdamdan, Laçından və digər yerlərdən olan məcburi köçkünlər var idi qonşuluğumuzda, yaxınlıqda, təhsil aldığım məktəbin binasında... Onların  acılı-şirinli xatirələrinin, həsrət dolu söhbətlərinin dinləyicisi, gözlərindəki nisgilin şahidiydim.

Baxmayaraq ki, zamanla ailə kimi qaynayıb-qarışmışdıq, baxmayaraq ki, vətənin bu hissəsi də onların idi, baxmayaraq ki, çoxları burada ev-eşik tikmiş, iş qurmuşdular, bu insanların davranışlarında, baxışlarında bir çəkingənlik var idi. Sanki həmişə ayaqlarının birini getməyə hazır saxlayırdılar. Buralara aid olmadıqlarını qeyri-ixtiyari olaraq hiss etdirirdilər. Bu, onların gülüşündə, yerişində, hətta əşyalarında, mallarında belə hiss olunurdu.

Laçından körpə ikən çıxarılıb bu dünyadan da Laçın deyə-deyə gedən nakam şair Saqif Zeynalın eyni mövzuya həsr olunmuş bir şeiri həmişə məni kövrəldib. "Qaçqın iti"dir şeirin adı. Çox ağrılı bir səhnə var orada: 

Quyruğunu bulamaz,
Hərdən yorğun-yorğun
Başını yelləyər,
Hürməzdi...
Heç mırıldamazdı da
qapısını qoruyan itlərin yanında...

Elə bil, bizimlə gəlməməli,
Həyətimizi yiyəsiz qoymamalı,
Qalıb düşmənlərə hürməli idi... 

Bəzən hansısa vicdansızın dediyi "Torpaqlarınızı qorumaq əvəzinə qoyub qaçmısınız" sözləri ağrıdırdı, incidirdi, özlərinə qapandırırdı bu insanları. Bu düşünülməmiş, əsassız fikirlər loxma olub qaçqınların boğazlarında qalır, tikan olub qəlblərinə batır, vətən içində vətənsizliyin nə olduğunu iliklərinədək hiss edirdilər. Günahkar olmadıqları halda günahkar kimi çəkinərdilər hər yerdə. Və bu hiss gənc şairə elə tanış idi ki, hətta şüursuz hesab etdiyimiz varlığın da səssizliyini utanc hissi ilə əlaqələndirmiş, onun da həmin acıları yaşadığına inanmışdı...

Nəhayət, gözlədiyimiz an çatdı. Sülh danışıqlarının nəticəsiz qalması torpaqlarımızı müharibə yolu ilə azad etmək məcburiyyəti yaratdı. Cəbhəyanı ərazilərin düşmən tərəfindən atəşə tutulması  yenə də insanların öz ev-eşiyindən (müvəqqəti də olsa) çıxmasına, əşyalarını, mal-qaralarını, ən əsası, canlarını təhlükəsiz yerə daşımasına səbəb oldu. Çoxlarımızın evi kəndlərimizdən, qonşu rayonlardan gələn qohumlara sığınacaq oldu. Həmin günlərdə hər kəsin söhbətinin mövzusu müharibə nəticəsində yaşananlar idi. İş yoldaşlarımdan biri söhbət əsnasında qohumlarının başqa evdə qaldığını, amma 6 baş inəyi onların həyətinə gətirdiyini söylədi. İnəklərə elə ev sahibləri qulluq edirdi. Dilim dinc durmadı, "yəqin ki, səsləri dünyanı başına götürüb" dedim. Həmin yoldaş başını bulayaraq: "Yox, inanırsan, heç bu heyvanların səsləri də çıxmır, elə bil hər şeyi anlayırlar. O qədər sakitdirlər ki" - dedi. "Qaçqın iti" şeiri bir daha yadıma düşmüşdü onda...

Heç kim doğma ocağından imtina etmək istəməz. Və heç kim o ocağın qoxusunu, doğmalığını, istiliyini başqa yerdən ala bilməz. Ata evim mənim istəyim olmadan satılıb. Ta həmin gündən bəri elə bilirəm bütün uşaqlıq illərim, gənclik xatirələrim də satılıb. Hərdən o evin yanından keçəndə boğuluram, əzilirəm, göz yaşlarımı güclə gizləyirəm. Tez-tez yuxularımda o evə gedirəm. Adi, çox adi bir ev olsa da, elə bilirəm ki, o yerdə ayrıca bir dünya var imiş. Mən məhz o ev satıldıqdan sonra qaçqınlarımızın nələr yaşadıqlarını daha aydın hiss etməyə başladım. Bir evə sığışa bilən xatirələrdən uzaq düşməyə dözə bilmirdim, məcburi köçkünlərimiz isə öz yurdundan, el-obasından, doğma yuvalarından uzaq düşmüşdülər...  Ümidlə ümidsizliyin ortasında dayanıb sabah nə olacağını bilmədən gözləyirdilər. Və budur... Həmin gün gəldi, o sabah günəşli bir sabah oldu. Bu dəqiqə, bu an o uçuq-sökük, viran qalmış yerlərə getmək, o torpağın qoxusunu, o havanı ciyərlərinə çəkmək istəyən insanların ürək gubbultusunu "eşidirəm". Onların nə hiss etdiyini mən də duyuram. Aşağıdakı folklor nümunəsində deyilənləri hər gün ürəklərindən keçirdiklərini bilirəm:

Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi.
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.

 





13.01.2021    çap et  çap et