525.Az

Vətən haqqında sənədli film - Cahangir Məmmədli yazır


 

"AZADLIĞIN AD GÜNÜ" REAL TV-nin SƏNƏDLİ FİLM SERİALI FORMATINDA

Vətən haqqında sənədli film - <b style="color:red">Cahangir Məmmədli yazır </b>

Dilimizin işlək lüğət tərkibində mənim üçün ən duyğulu, ən kövrək və ən ağrılı sözlərdən biri də "qərib" anlayışıdır. Bəlkə də, hər kəsdə kövrək və duyğulu hisslər yaradan bu söz insanın həyatında gerçək fakta çevrilməsilə ağlar bir ağrıya, sızıltıya dönür.

Dünyanın ən murdar bir "dövlətinin" - Ermənistanın doğma yurdundan, yuvasından didərgin saldığı minlərlə soydaşımız Azərbaycanın başqa guşələrində nə qədər rahat yaşamış olsalar da, həmin o ağrılı qərib sözünün ağrılarını ürəklərindən çıxara bilmirdilər. Ürəkləri göynədən "qərib" sözünü ancaq "zəfər" sözü bizdən uzaqlaşdıra bilərdi. "Qərib" sözünü "zəfər" sözü ilə əvəz etmək üçün bütöv bir xalqın yumruq kimi birləşərək Vətən müharibəsi kimi müqəddəs bir döyüşə girməsi lazım imiş. Prezidentimizin - Ali Baş Komandanın bunun üçün bir əmri gərəkmiş. Belə bir müqəddəs əmri çoxdan hazırlamaqda olan Ali Baş Komandana düşmən özünün xəyanətkar təxribatları ilə şərait yaratdı. 44 günlük Vətən müharibəsi dilimizin işlək lüğət tərkibindən heç vaxt silinməyəcək "zəfər" sözünü gündəmə gətirdi. Bu söz Vətənimizin müxtəlif guşələrində qəriblik həyatı yaşayan qarabağlıların 30 illik epiteti kimi daşlaşmış "qaçqın", "köçkün" sözlərinin əvvəlinə "zəfər"in yazdığı "keçmiş" epiteti əvəz etdi. Bu müqəddəs qələbə elə-belə başa gəlmədi: yüzlərlə şəhidimizin, qazilərimizin, cəsur döyüşçülərimizin hesabına başa gəldi bu qələbə. Birləşmiş Azərbaycan xalqının "birinci əsgəri" - Ali Baş Komandan  İlham Əliyev öndə olmaqla sıravi vətəndaşımızadək hər kəs bu qələbəyə öz payını verdi. Bu sırada Azərbaycan jurnalistlərini, onların çalışdıqları media sistemini də qeyd etməliyik. Cəbhə xəttində döyüşçülərimizlə birgə olub, bizə canlı reportajlar hazırlamış jurnalistlərimizin cəsarətli fəaliyyətini  xalqımız yüksək qiymətləndirməkdədir. Telekanallarımız, qəzet və xəbər portallarımızın 44 günlük Vətən müharibəsindəki vətəndaşlıq-jurnalistlik fəaliyyətini tədqiqatçılarımız, tarixçilərimiz hələ çox araşdıracaqlar.

Vətən müharibəsi zəfərlə bitdi. İndi mediamız bu müharibənin qürurunu və qələbə yolunda şəhid olanların ağrılarını yaşamaqdadır. Etiraf edək ki, müharibənin bitməsindən sonra bəzi telekanallarda müharibə mövzusu ilə bağlı səngimələr də müşahidə olunur.  Mənim xüsusi izlədiyim "REAL TV" bu sahədə heç bir səngiməyə yol verməməkdədir. Bu kanalın rəhbəri Mir Şahin düşmənə qarşı müharibənin mübarizə dönəmini də yaxşı bilir: çünki onun bu sahədə, bəlkə hər kəsdən çox təcrübəsi var. O, Birinci Qarabağ müharibəsində böyük bir təcrübə toplamış döyüşçü-jurnalistdir. Mir Şahin vandal düşmənin Azərbaycandan torpaq iddiaları başlanan çağdan bu günə qədər Ermənistanın bizim üçün necə təhlükəli  bir düşmən olduğunu özünün telepublisistikasında ustadcasına daim ifadə etmişdir. Onun bütün məramı, iddia kimi görünən istəkləri Azərbaycan dövlətçiliyinə məhəbbət, yağı düşmənə qarşı mübarizə ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən açıq şəkildə başlayan müharibəsinə qarşı elə o vaxtdan cəbhə xəttində olan Mir Şahin silahını heç vaxt yerə qoymamışdır. Bu gün də özünün yaratdığı  "REAL TV"  kimi real bir silahla Mir Şahin yenə də ön cəbhədə - əsgərlərimizlə bir yerdədir. İndi Mir Şahinin qələbəmizin qürurunu və qələbəmizin əldə olunmasındakı milli cəsarəti ifadə edən yeni teleformatları meydandadır. Bu teleformatlar sırasında onun yaratdığı sənədli telefilmlər ayrıca yer tutur.

Bu telefilmlər "Azadlığın ad günü" kimi qürurverici bir adla başladı. Doğrusu, mən bu adla ilk filmə baxdım, qeydlərimi də mətbuatda göstərdim, amma elə zənn etdim ki, torpaqlarımızın azadlığı mövzusunda bu film elə bununla da bitdi. Sonra maraqlı bir faktla rastlaşdıq: Mir Şahin "Azadlığın ad günü"nü tamamilə yeni bir formata saldı: serial formatına. İşğaldan azad olunmuş rayonlarımızın azadlıq sevincini yaşadan "Azadlığın ad günü" bircə həftə sonra "Azadlığın ad günü: Şuşa" - ikinci filmlə yenidən efirə çıxdı. Və biz indi serialın "Azadlığın ad günü: Zəngəzur" adlı üçüncü hissəsini - seriyasını izləyirik.



Həyatın bütün sahələrində olduğu kimi, ədəbi yaradıcılıqda da hər şey ideyadan başlayır. Mir Şahin öz yaradıcılığında neçə-neçə orijinal ideya gerçəkləşdirmişdir. Həm də bu ustad jurnalist yaradıcılığının lap ilk çağlarından hər şey Vətən üçün, hər şey Azərbaycan üçün ideyasını özünə kredo seçmişdir. Şanlı Vətən müharibəsindən hələ çox-çox əvvəl Mir Şahin qələbəmizin parametrlərini hiss etmiş bir publisist oldu. Reallıqda torpaqlarımızın müharibə yolu ilə, həm də bu qədər sürətlə azad ediləcəyinə, bununla bağlı Prezidentin xalqa səmimi vədlərinə şübhə ilə yanaşan skeptiklər də mövcud idi. Xalqın Vətən sevgisinə, torpaqlarımızı işğaldan azad etmək əvəzinə heç olmasa, mənəvi dəstək əvəzinə daxildən və xaricdən müxtəlif mediaxətlərlə qələbəyə inamsızlıq yaratmağa çalışırdılar. Bir jurnalistdən əvvəl bir mübariz vətəndaş olan Mir Şahinin o cür qüvvələrlə dönməz savaşı və bəzən bu savaşdan aldığı bəyənməməzliklər hamımızın yaxşı yadındadır. Amma Mir Şahin heç bir antiazərbaycan "qüvvəsindən", heç bir təhqirdən çəkinmədi. Çünki dövlətçiliyimizin müdafiəsində haqq yolunda olduğunu bilirdi. Və ona da inanırdı ki, gün gələcək, Prezidentimiz gücləndirdiyi ordumuzla Vətən müharibəsinə başlayacaq  və onun qələbələri bütün siyasi partiyaları, bütün narazı siyasi qüvvələri birləşdirəcək. Mir Şahinin bu 30 ildə qürurla yanında dayandığı Prezidentin ətrafında indi bütöv xalq birliyi, siyasi birlik dayanmışdır.

Mir Şahin Vətən müharibəsi dövründə  hər an əsgərlərimizin yanında oldu, onlardan aldığı müsahibələri videotariximizə bağışladı. Və qələbədən sonra arxayınlaşmamağı da tövsiyə edən proqramlar hazırladı. Yeni formatda meydana qoyduğu "Azadlığın ad günü"  işğaldan azad olunmuş torpaqlarımızın yollarında vətəndaş qüruru ilə ordumuzun, Ali Baş Komandanın, birləşmiş xalqın qələbəsindən doğan bu qüruru tamaşaçıları ilə bölüşdü. Sonra bu ideyadan daha bir ideya doğdu: Vətənimizin işğaldan azad olunan  torpaqlarının hər şəhərinə, hər kəndinə ayrıca sənədli telefilm həsr etmək. Bu filmlərin də hamısı "Azadlığın ad günü" adını daşıyır, amma hər dəfə bu adın sonunda 30 il qəriblikdə qalmış bir şəhərin, bir kəndin adı əlavə olunur. Bu filmlərdə bizim torpaqlarımızın tarixi  var, saxta erməni tarixçilərinə həqiqətlə yoğrulmuş cavablar var, ordumuzun rəşadət yürüşünün qızıl nəticələri var, erməni xislətinin dünyaya car çəkilən vandallıq faktları var. Bunları biz azad olunmuş rayonlarımıza həsr olunmuş birinci filmdə, Şuşaya həsr olunmuş ikinci filmdə, haqqın, ədalətin meydana çıxdığı Zəngəzur mahalından ... Azərbaycana qaytarılmış Şurnux kəndinə həsr olunmuş üçüncü filmdə də yaxşı görürük.

Gələcəkdə mütləq sayı artacaq bu telefilmlərin bir neçə sənədli obrazı var: Vətən müharibəsi, zəfər yürüşü, Ali Baş Komandan, müzəffər ordumuz və onun əsgərləri. Və bir də ...azad torpaqlarımız! Filmlərin bütün məqamları - hansı nöqtədə olur-olsun - əsgər obrazlarına bağlıdır. Dünən də, bu gün də Mir Şahinin mikrofonu qarşısında məğrur əsgərlərimizi görürük. Bu əsgərlərə, zabitlərə diqqətlə qulaq asın, onların hər birinin nitqində Vətən sevgisi, qələbə qüruru ilk yerdə dayanır. Qəribədir, bugünkü əsgərlərimizin nitqi də, reallığa münasibəti də yenidir, mükəmməldir. Bizi bu mükəmməlliyin qələbəyə çatdırması qənaətinə gəlirsən.

Filmlərdə Vətən müharibəsi birbaşa müqəddəslik anlayışı daşıyır: görünən dağlarda, meşələrdə, geniş mənzərədə bu anlam hiss olunur. Zəfər yürüşü Mir Şahinin videokamerasının üz tutduğu hər nöqtədə, torpağın hər bucağında gözə görünür. Kameradakı dağların, qayaların, düzənliklərin, adi daş parçalarının hər biri haqqında beləcə filmlərin yaranacağına əmin oluruq.

Bütün bu qürur hissinin mərkəzində yumruğunu düşmənə tuşlayan Ali Baş Komandanın məğrur cüssəsi dayanır: region mövzusunda da, Şuşada da, Zəngəzurda da...

Filmlərin ən əzəmətli obrazı azad olmuş torpaqlarımızdır. Torpaqlarımızın ərazisi Zəngəzura qədər gedib çıxırsa, deməli, qarşıda sarsılmaz ideyalar dayanır.

Zəngəzurun vaxtilə Azərbaycana məxsus olmuş Şurnux kəndinə aparan yolun publisistik təsviri elə qələbəmizin yoludur. Müəllif bu kəndin tarixini, azərbaycanlıların çox sevdiyi bir məskən olduğunu onun elə bu andaca gəlib bura sahib çıxan sakinlərinin dili ilə təqdim edir və bu sakinlərin sevgi ilə xatırladıqları keçmiş bizdə də elə onlar kimi nostalji hisslər yaradır. Amma təsəlli ondadır ki, bizim sakinlər artıq "mənəviyyat ərazimiz" kimi qəbul etdiyimiz Şurnux kəndindədir.

Film uzun illər qürbətdə qalmış və bu gün bizimkiləşmiş bu kəndin tarixini xatırlamaqla bütövlükdə Zəngəzur mahalının əsl həqiqəti əks etdirən keçmişini ortaya qoyur. Müəllif bu kəndə gedən yolun hələlik havadan (helikopterlə) dağlardan keçdiyini deyir və qürurla bildirir ki, sabah Şurnuxun su (dəniz) yolu da olacaqdır. Yəni Azərbaycanın Xəzərdən dünyaya uzanan yolları lap yaxın gələcəkdə Şurnuxun da hünərlə dünyaya çıxacağı bir su yolu olacaq.

Ümumiyyətlə, "Azadlığın ad günü..." bütün seriyaları ilə qəlbimizə ümid və qürur dolu bir ovqat bəxş edir. Bu ovqat azadlığa çıxmış torpaqlarımızın ətrindən, bərpa olunmuş tarixi sərhədlərimizdə daha böyük cəsarətlə dayanmış ordumuzun əzmindən və bir də filmin təlqin etdiyi qürurdan doğur.

Filmin yaradıcı heyəti: yenə də əvvəlki kiçik qrup. Redaktoru Səbinə xanım Ağayeva, operatorlar Ramin Yaqubov, Arif Zeynalov, montaj edən Bəkir Osmanov və bir də bütövlükdə "REAL TV"...

Mən bu yazını bitirəndən sonra "REAL TV"nin təkrar efirə çıxardığı "Azadlığın ad günü: Zəngəzur" filminə bir də tamaşa edirəm. Mir Şahini bir daha qarlı dağların arasında görürəm və ürəyimdən bir narahatlıq keçir: Əsgərlərimizi Tanrı qorusun, onlar qara, çovğuna, soyuğa öyrəşiblər. Bəs Mir Şahin? Bu qarlı dağlarda ona soyuq olmaz ki?

Zəng edirəm Mir Şahinə:

- Canım Mir Şahin, sənə soyuq olmur ki,  o dağlarda, xəstəlik də keçirmisən, özünü qoru! - deyirəm.

Mir Şahin çox qürurla:

- Narahat olmayın, ustad, - deyir - mən o yerlərdə həmişə əsgərlərimizin indiki geyimlərində oluram. Maşallah olsun, əsgərlərimizin geyimi elə isti, elə rahatdır ki, heç bir qar, çovğun onun içindəki adama təsir edə bilməz!

Əslində, bu cavab Mir Şahinin ordumuz haqqında əlavə bir informasiyasıdır -ordumuzun təminatından arxayınçılıq informasiyası.

 





14.01.2021    çap et  çap et