525.Az

Qəlblərdə yurd salıb əbədiyyət qazanmaq... - Anım


 

UNUDULMAZ MÜƏLLİMİM, TANINMIŞ İCTİMAİ XADİM VƏ ALİM ZİYAD TƏHMƏZOVUN XATİRƏSİNƏ EHTİRAMLA

Qəlblərdə yurd salıb əbədiyyət qazanmaq... - <b style="color:red">Anım</b>

Müəllimlərimi heç zaman unutmamışam və unudan deyiləm. Əllərini indi də çiynimdə hiss etdiyim müəllimlərimi son nəfəsiməcən mənəvi himayədarım kimi yad edəcəyəm. Ziyad müəllim də onların sırasındadır.

Ziyad Təhməzov 1925-ci il may ayının 15-də Zəngilan rayonunun Sarıl kəndində anadan olub. Oxumaq, təhsil almaq istəyi ilə fərqlənib. 1939-cu ildə 7-ci sinfi bitirdikdən sonra Qaryagindəki (indiki Füzuli) pedaqoji məktəbə gəlib. Pedaqoji məktəbi bitirdikdən sonra 1942-ci ilin fevralında Zəngilan rayonunun Hacallı kənd məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 1944-cü ildə Ağalı kənd orta məktəbinə dərs hissə müdiri, az sonra direktor təyin edilib. 1945-ci ildə indiki pedaqoji universitetin tarix fakültəsinə (qiyabi) daxil olub. Həmin il partiya sıralarına qəbul edilib. Pirçivan (indiki Zəngilan şəhər 1 saylı) orta məktəbinin müəllimi, 1946-cı ildə isə həm də "Stalinçi" qəzetinin məsul katibi olub. Hətta bir müddət redaktorun da səlahiyyətlərini icra edib. Az sonra yenidən Ağalı kənd orta məktəbində, 1948-ci ildə isə Məmmədbəyli kənd orta məktəbində direktor işləyib.

1949-cu ildə Pirçivan orta məktəbində müəllim işləməklə yanaşı, Azərbaycan KP Zəngilan Rayon Komitəsinin partiya kabinetinin müdiri təyin edilir. Maraqlı bir məqam: Mərkəzi Komitədə bu təyinat olanda büro iclasını Mir Cəfər Bağırov aparıb. O tarix bizə yaxşı məlumdur, yəni Mir Cəfər Bağırovun şəxsi müşahidələrinin təhlükəlilik amilini nəzərə alsaq, görərik ki, həmin təyinat necə məsuliyyət doğurmuşdu. Bu təyinat Ziyad Təhməzova partiya orqanlarında yaranacaq etimadların başlanğıcı oldu. O, fəal bir gənc, savadlı, xarakteri partiyanın tələbləriylə uzlaşan bir kadr kimi tanınırdı. Bir ildən sonra onu Zəngilan Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri təyin etdilər. 1953-cü ildə Azərbaycan KP MK-nın nəzdindəki ikiillik Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra rayon partiya komitəsinin katibi, 1955-ci ildə isə ikinci katibi seçildi. Böyük etimad idi. Həm də bu etimad qısa müddətdə qazanılmışdı.

Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevin təşəbbüsü və təqdimatıyla 1958-ci ildə Moskvaya, Ali Partiya Məktəbinə göndərilib. Moskvada təhsil alanda otaq yoldaşı Nikolay Molotov onu "canlı ensiklopediya" adlandırıb. Moskvada, müxtəlif millətlərin nümayəndələrinin təhsil aldığı Ali Partiya Məktəbində dinləyicini ancaq onun yüksək erudisiyası belə tanıda bilərdi. Erudisiyası öz yerində, Ziyad Təhməzov həm də böyük vətənpərvər insan kimi seçilib. Deyilənə görə, bir vaxtlar rus əsilli dinləyici Karpov dilini dinc saxlamayıb. Ölkəmiz barədə söz düşəndə deyib ki, "Azərbaycan ölkəyə neft və pambıqdan savayı nə verib?" O zaman Ziyad Təhməzov qərəzli sualı cavabsız qoymayıb. Doğma Azərbaycanın, qədirbilən və çox sivil düşüncəli azərbaycanlıların şanlı adına, zəngin tarixinə kölgə salmaq üçün deyilən o sözlərə biganə qala bilməzdi. Ona görə də çox təmkinlə deyib ki, "bəs sizin hansı tarixi şəxsiyyətləriniz olub?" Qərəzkar Karpov Çernışevskinin, bir də Leninin adını çəkib. Onda Ziyad Murad oğlu qürurla deyib ki, Çernışevskinin müəllimi azərbaycanlı olub. Çernışevskini Çernışevski eləyən Mirzə Kazım bəy olub. Kim qüdrətlidir: öyrədən, yoxsa öyrənən? Üstəlik, Çernışevskinin fikirlərinə də istinad edilib: "Kaş Sankt-Peterburq İmperator Universiteti professorlarının hamısı mənim əziz müəllimim kimi dərin bilikli, hərtərəfli, mütərəqqi insan olan Mirzə Kazım bəy kimi olaydı".

Ziyadın tutarlı cavabı, xüsusilə Çernışevskinin müəllimi haqqında dedikləri rəğbət, ehtiram, sevgi dolu real tarixi faktlar Karpovun düşüncələrini tarıma çəkib. Həqiqi fakt qarşısında papağını çıxartmalı olan Karpov o dəqiqə Ziyaddan üzr istəyib. Ziyad isə qürurlu bir görkəm alaraq üzünü uca Allahımıza tutaraq belə deyib: "Verdiyin qabiliyyətə min şükür, xalqımın fərəh doğuran tarixi keçmişinə, zəngin mədəniyyətinə, şərəfli adına zərrə qədər də olsa xidmət edə bildim..."

Moskvada ali siyasi təhsilini uğurla başa vuran Ziyad Təhməzov 1960-cı ildə Zəngilan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkildi. Sönməz sevgi hissləri ilə qurub-yaratmağa başladı, real imkanları əməli işə çevirməyi bacardı. O illərdə Zəngilan bütün istiqamətlərdə dinamik əsaslarla inkişaf etdirildi. Ziyad müəllimin Zəngilana sevgisi əsl sevgi idi...

Mənfur erməniliyin tarixi onların Qafqazda məskunlaşmağa başladığı tarixlə yalnız saxta bir tonla səsləşir. Erməni həmişə murdar erməniliyindən əl çəkməyib. 70-ci illərdə də min bir hiylə yolu ilə qımıldaşırdılar. Sözü ermənidən salmağımın səbəbi var. Dövrün ideoloji tələblərinə həmişə məsuliyyətlə yanaşan Ziyad Təhməzov 60-cı illərdə Zəngilan rayon 1 saylı orta məktəbin direktoru idi. O illərdə qardaşlaşmış şəhərlər yaradılırdı, dostluq əlaqələri saxlayan məktəblər də vardı. Zəngilan şəhər 1 saylı orta məktəbi, təbii ki, yuxarı orqanların planlı məsləhəti ilə Ermənistanın Qafan şəhərinin 2 saylı orta məktəbi ilə dostluq əlaqələri saxlayırdı. Bir görüş 1972-ci ilin aprel ayının 28-də Zəngilanda keçirilmişdi. Bu tarix təsadüfən seçilməmişdi. Söz yox ki, həmin tədbirləri Sovet tarixinin bir ironiyası kimi mənalandıra bilərik. Cavab görüşü noyabrın 29-da Qafanda təşkil edilmişdi. Görüşdə İrəvan Pedaqoji İnstitutunun müəllimlərindən biri çox yersiz bir halda deyib ki, əsrlərlə Zaqafqaziya xalqlarının xilaskarı ermənilər olub. Ziyad Təhməzov malik olduğu yüksək zirvəli milli mədəniyyətimizə uyğun olaraq bu təkəbbürlü və saxta əsaslı mühakiməyə emosiya ilə münasibət bildirmir. Özünəməxsus rəvan səs tembri ilə əsl tarixi gerçəkliyi məntiqi surətdə açıqlayıb: "Azərbaycan heç zaman başqasının qılıncına sığınmayıb. Heç gürcülər də belə olmayıblar. Romalıların hücumunun qarşısını albanlar kəsib, onları buraya buraxmayıb. Sunik knyazı isə qızını Babəkə ərə verib ki, onun knyazlığını qorusun. Belə olan halda bugünkü (70-ci illər nəzərdə tutulur - B.M.) həyatına görə ermənilər azərbaycanlılara minnətdar olmalı deyilmi?"

Bu sərrast cavabdan sonra daşnak xislətli institut müəllimi sözünün davamını gətirməyə çox utanıb və düz-əməlli arqument tapa bilmədiyinə görə səsini çıxatmayıb.

Dərin təfəkkürü onun həyat axarını elmi tədqiqatlara da yönəltmişdi. Nəzəri bilikləri həyati faktlarla üzvi şəkildə əlaqələndirən istedadlı pedaqoqumuz 1972-ci ildə elmi işini müdafiə edərək "tarix elmləri namizədi" alimlik dərəcəsi almışdı.

1974-cü ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun baş müəllimi (indiki Naxçıvan Dövlət Universitetinin), sonra isə tarix kafedrasının müdiri, institutun elmi şurasının üzvü seçilib. 13 illik institut fəaliyyətində tələbələri onun ustad müəllim kimi oxuduğu mühazirələrinin elmi və nəzəri səviyyəsinə görə seçildiyindən maraqlı olduğunu ehtiramla xatırlayırlar. Dərin və iti zəkasi, yüksək elmi səviyyəsi, xoş xasiyyəti, təmkinli davranışı, pedaqoji ustalığı və ziyalılıq mədəniyyəti dosent Ziyad Təhməzova institutda olduğu kimi, bütün Naxçıvan ictimaiyyəti və ziyalıları arasında da böyük hörmət və rəğbət qazandırmışdır.

Neçə-neçə qiymətli kitabın müəllifidir. Həvəskar şair kimi çox sevilirdi. "Ən böyük əsərim balalarımdır" - deyən Ziyad Təhməzovun bədii, publisistik fikirləri yüksək qiymətləndirilirdi. Onu oxumaqdan doymursan. Hər misrası könül oxşayır. "Zəngilan", "Turac", "Ana" kimi şeirləri ən uğurlu poetik kəlamlar kimi bu gün də zəngilanlılar tərəfindən tez-tez misal gətirilir.

İstər partiya-sovet orqanlarında rəhbər vəzifələrdə çalışdığı, istərsə də orta və ali məktəblərdə müəllim kimi işlədiyi müddətdə həmişə şagirdlərinə, tələbələrinə, o cümlədən, bütün insanlara düzgün məsləhət verir, onları yaxşı işə istiqamətləndirir, xeyirxah olmağı, xalq üçün, cəmiyyət üçün yararlı şəxsiyyət olmağı tövsiyə edirdi. Bu gün yüzlərcə ixtisaslı və peşəkar yetirməsi yüksək vətəndaşlıq müvqeyi və məsuliyyəti ilə sevimli və unudulmaz müəllimlərinin işıqlı arzularını və əməllərini onun adına layiq şəkildə yerinə yetirirlər.

Altı övlad atasıydı Ziyad müəllim. 1985-ci ilə kimi də, 1985-ci ildən sonra da minlərlə gəncin mənəvi atası kimi xatırlanır...

İrili-xırdalı uğurlarıma görə çoxlarından təbriklər eşitmişəm, hər biri mənə könül xoşluğu verib. Yeniyetmə cağlarımda uğurlarıma görə Ziyad müəllimin ruhunun səsini də eşitmişəm: "Ananın südü halalın olsun!" Polkovnik-leytenant rütbəsində hərbi xidmətdən tərxis ediləndə Ziyad müəllimin mənə çox doğma olan səsində bir qədər təəccüb hissləri də duydum: "Nə tez, a Bayram? Hələ nə yaşın var ki?!" Bu təəccübün müəllim sevgisindən boy göstərdiyinə zərrəcə şübhəm olmadı. Çünki şagirdləri Ziyad müəllimin yaddaşında elə şagird yaşında da qalırdı...

O, qəfil dünyasını dəyişdi, amma unudulmadı. Çünki qəlblərdə yurd salmaq əbədiyyət qazanmaq deməkdir. Ziyad müəllimi şagirdlərinin şagirdləri də ehtiramla yad edirlər. Yüzlərlə, minlərlə tələbəsi Zəngilanın işğaldan azad edilməsi münasibətilə Ziyad müəllimin ruhuna gözaydınlığı verir. Zəngilana böyük sevgisinə görə, Zəngilanda heç vaxt unudulmaz və yaddan çıxmaz ictimai-siyasi fəaliyyətinə görə, Zəngilanda maarif cəfakeşi olduğuna görə, zəngilanlı gənclərin vətənsevərlik ruhunda tərbiyəsinin təcrübi metodologiyasının qeyri-rəsmi müəllifi olduğuna görə, Ziyad müəllim heç vaxt unudulmayacaq.

 





14.01.2021    çap et  çap et