525.Az

Xəbərin yox - Leyla Mətindən iki şeir


 

Xəbərin yox - <b style="color:red">Leyla Mətindən iki şeir</b>

Dünya

Bir qucaq dərdim var, hansını deyim.
Şikayət eyləyim özünə, dünya.
Xəncəri azca çək, bir nəfəs alım,
Dərin bir ah çəkim üzünə, dünya.

Bir misra gün görüm göz işığına,
Məhəbbətlə baxım yaraşığına.
Nə olar, "kəs" söylə sən yağışına,
Yağmasın bu gündən üzümə, dünya.

Sevməsin kədərin, sevməsin qəmin.
Unutsun, biryolluq unutsun məni.
Vallah incimirəm, qoy tutsun məni
Atsın ocağının közünə dünya.

Qapıma gəlməsin sevinc dalınca,
Nə qəmlər çəkmişəm sevinc alınca!
Ölüm aramışam ömür boyunca,
İndi əcəl düşüb izimə, dünya.

Xəbərin yox

Oyan artıq, sabahdı, yar,
Gecə sübhə oyaqdı, yar,
Gözlər yenə bulaqdı, yar,
Sənin məndən xəbərin yox.

Vəfalıdır həsrət, hicran,
Heç buraxmır məni bir an.
Sənsiz-sənli ötür zaman,
Sənin məndən xəbərin yox.

Dəliliksə, dəliyəm mən
Eşq şah olub, köləyəm mən.
Nə zamandır, beləyəm mən,
Sənin məndən xəbərin yox.

Səbəb sənsən, günah mənəm,
Bir "eh" etsən, min "ah" mənəm,
Sənə bircə pənah mənəm,
Sənin məndən xəbərin yox.

 





14.01.2021    çap et  çap et