525.Az

Tarif Şurasının mərhəməti - Natəvan Abdullanın yazısı


 

ŞURA SOCAR-ın TƏBİİ QAZIN PƏRAKƏNDƏ SATIŞ QİYMƏTİNİN ARTIRILMASI İLƏ BAĞLI TƏKLİFİNİ QƏBUL ETMƏDİ

Tarif Şurasının mərhəməti - <b style="color:red">Natəvan Abdullanın yazısı </b>

Yeni ilin ilk günlərində Tarif Şurasının iclası keçirildi. Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edirdi.

Şura Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasına qərar versə də, ölkədə aparılan sosial islahatları nəzərə alaraq, təbii qazın qiymətinin ötən il olduğu kimi sabit saxlanılmasına qərar verdi.

Tarif Şurasının yaydığı məlumatda SOCAR-ın təbii qazın qiymətinin artırılması ilə bağlı təklifini iqtisadi baxımdan da əsaslandırdığı deyilirdi. Görəsən, o, necə əsaslandırma olub ki, dövlət başçısının yürütdüyü sosial siyasətlə üst-üstə düşməyib?

Əgər şəhər əhalisini, çoxuşaqlı ailələri, külfətli evləri nəzərə alsaq, bu qərarın qəbul edilməsi əhali arasında böyük narazılıqla qəbul olunacaqdı.

Onsuz da hazırkı hesablaşmaya görə, abonent il ərzində müəyyən olunmuş limitdən, yəni 2200 kubmetrdən artıq təbii qaz istifadə edərsə, qazın 1 kubmetri 20 qəpikdən hesablanır. Təbii qazın pərakəndə satışında bu hesablaşma norması hələ 2019-cu ildə dövlət başçısının tapşırığı ilə tətbiq olunmağa başlamış, təbii qazın əhali üzrə istehlakının limit tətbiq olunmayan həcmi 1700 kubmetrdən 2200 kubmetrə qədər artırılmışdı. Ümumilikdə isə dünyaya təbii qaz satan bir ölkənin əhalisinin hər ay limit hesablaması, limiti aşmamağa çalışması bir yana, yeni qiymət artımı həqiqətən də ədalətsiz qərar olardı.

Heç kimə sirr deyil ki, Azərbaycan bu gün dünyaya enerji ixrac edən dövlətlərdəndir. Azərbaycan qazı Türkiyəyə, Gürcüstan, İrana, Yunanıstana və digər ölkələrə ixrac edilir. Bu ildən etibarən isə Azərbaycan qazı Türkiyə vasitəsiylə Avropaya da ixrac olunacaq. Bəs görəsən, bu ölkələr öz əhalisinə təbii qazın 1 kubmetrini neçəyə satır?

Bildiyimiz kimi, Rusiya və İran da qaz istehsal edən ölkələrdir. Hətta Rusiya dünyada ən çox təbii qaz rezervinə sahib ölkə sayılır. Elə bu səbəbdən qonşularımızdan təbii qaz istehlakının ən ucuz olduğu ölkə də Rusiyadır. Hələ ötən il burda təbii qazın qiyməti cəmi 2 faiz artaraq 6,74 rubl (0.15 qəpik)  təşkil edib. Bu artımın səbəbi isə Rusiyada əlavə dəyər vergisinin qaldırılması ilə bağlıdır ki, bu da bütün qiyətlərdə artıma səbəb olub.

İranda isə hökumətin 2020-ci ildə qəbul etdiyi qərara əsasən, qış aylarında iqliminə (relyef) uyğun olaraq 1, 2 və 3-cü zonalarda 200 kubmetrdən az, 4-cü zonada 150 kubmetrdən az, 5-ci zonada 100 kubmetrdən az qaz istifadə edən vətəndaşlara qaz pulsuz verilir. İranda da qaz istehlakına limit tətbiq olunur. Bu limitin aşılması ilə əlaqədar cərimələr də nəzərdə tutulub. Bu limitin qoyulma səbəbi istehlakında israfa yol verilməsinin qarşısını almaqdır.

Gürcüstanda təbii qazın əhali üzrə istehlak qiyməti 0,86 tetridir (0,44 qəpik). Kommersiya məqsədi ilə istifadə olunan qazın qiyməti isə bu ildən etibarən 1 lari 10 tetri (57 qəpik) müəyyənləşdirilib. Tədarükçü şirkətlər bunun səbəbi kimi Gürcüstan milli valyutasının dollar qarşısında dəyər itirməsini göstərir.

Digər tərəfdən, Türkiyədə təbii qazın 1 kubmetrinin qiyməti regionlara görə dəyişir. Ümumiyyətlə, Türkiyə Rusiya, İran, Azərbaycan və Qətər başda olmaqla 10 fərqli ölkədən təbii qaz idxal edir. Onu da qeyd edək ki, bu ölkələr arasında Türkiyəyə ən ucuz təbii qaz satan ölkə Azərbaycan (min kubmetri üçün 320 dollar), ən bahası isə İrandır (min kubmetri üçün 490 dollar). Türkiyədə təbii qaz rezervləri tapılsa da, hələ ki qardaş ölkədə təbii qaz qiymətlərində ildən-ilə artım müşahidə olunur.

Avropa ölkələrində isə vəziyyət bir qədər fərqlidir. Avropa İttifaqının statistika komitəsi "Eurostat"ın məlumatına görə, hazırda Fransada qazın 1 kubu 77 sent (1.34 manat), Avstriyada 80 sent (1,39 manat), İsveçdə 1 dollar 32 sent (2.30 manat), Lüksemburqda isə 55 sent (95 qəpik) təşkil edir. Bu ölkələrdə qazın 1 kubunun ortalama dəyəri isə təxminən 85 sent və ya 1.48 manatdır. Əlbəttə, biz bu qiymətləri müqaisə edərkən həmin ölkələr üzrə orta aylıq əməkhaqqını da nəzərə almalıyıq.

Azərbaycanda təkcə 2020-ci ilin yanvar-iyun aylarının əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16 208 milyon kubmetr təşkil edib. Bu rəqəm də ölkədə kifayət qədər təbii qaz ehtiyatın olduğunu göstərir. Müvafiq dövr ərzində bu qazın cəmi 2212,7 milyon kubmetri əhali tərəfindən istehlak edilib. Təkcə bu kiçik müqayisə kifayət edir ki, ölkədə istehsal olunan təbii qazın çox az bir hissəsinin əhali tərəfindən istehlak edildiyi görünsün.

Digər tərəfdən, ölkəmizdə benzin və dizel yanacağının qiymətlərindəki dəyişikliklə bağlı baş verə biləcək qiymət artımlarını da nəzərə alsaq, bundan sonrakı dönəmdə də təbii qazın qiymətində ola biləcək hər hansı bir artım əhalinin sosial vəziyyətini çətinləşdirə bilər. Bu isə dövlət başçısının apardığı sosial islahatlarla bağlı siyasəti ilə ziddiyət təşkil edir.

Tarif Şurasının SOCAR-ın təbii qazın qiymət artımı təklifini məqsədəmüvafiq hesab etməməsi bu baxımdan doğru qərar olub. Açığı, bir gün Tarif Şurasına minnətdar olacağımız, yəqin ki, ağlımıza da gəlməzdi.

 





15.01.2021    çap et  çap et