525.Az

Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi - Əli Kərim-90


 

Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi - <b style="color:red">Əli Kərim-90</b>

Əli Kərimin poetik irsi həmişə dərin siqlətli ideya və fikirlə yüksək bədii formanın vəhdəti ilə diqqəti cəlb etmişdir. Sağlığında da, ölümündən əlli ildən artıq bir vaxt keçdikdən sonra da vəziyyət dəyişməyib: şairin təkraredilməz şeir dünyası bu gün də oxucuların estetik zövqünü oxşamaqda, onları mənən zənginləşdirməkdədir.

Fərdi intellektual üslub, ən adi həyat hadisələrindən, detallardan çıxış edərək bədii-fəlsəfi ümumiləşdirmələr aparmaq, yaratdığı obrazlar, təşbihlər vasitəsi ilə həyatda, təbiətdə baş verənlərin mahiyyətinə, ilk baxışda gözə görünməyən daxili aləmə varmaq bacarığı onun şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Professor Yaşar Qarayev Əli Kərimin həyat həqiqətlərini, gizlinlərini, dərin mənaları poetik əsərin materialı etmək üsulu, elmi-intellektual, fəlsəfi yanaşımı barədə yazır: "Biz burada sübhün və şəfəqin, səhərin və təbəssümün, büllur və "mavi" bir nəğmənin əyaniləşən, detala çevrilən surəti ilə rastlaşa bilirik. İşıq şüası boşluqda yalnız müəyyən bir predmetə, cismə dəyib sınanda, parçalananda əks oluna, görünə bildiyi kimi, Əlinin sənətkarlığı, təsvir və ifadə gücü də məhz belə detallarda, simvollarda və predmetlərdə əks olunur. Ümumiyyətlə, hər şeyi canlandırmaq, əyaniləşdirmək, bədii detala, rəmzə çevirib təsvir etmək bu şeirlərin əsas üslubi xüsusiyyətini təşkil edir".

Qeyd etmək istəyirik ki, ədəbiyyatımızın görkəmli nümayəndələri dövrünün biliklərinə mükəmməl sahib olan, yüksək intellektual səviyyəli sənətkarlar olmuşlar (Burada poeziyanın yüksək intellektual səviyyəyə ucalmasında böyük xidmətləri olan Xaqani, Nizami, Nəsimi, Füzuli kimi şairləri xatırlamaq yerinə düşür).

XX əsrdə, xüsusilə də Əli Kərimin novator sənətkar kimi yaşayıb yaratdığı 50-60-cı illərdə həyat həqiqətlərinə əsrin elmi səviyyəsindən baxmaq istəyi xüsusi əhəmiyyət daşımış və bu proses intensivliyi ilə seçilmişdir. Ümumiyyətlə, XX əsrin, xüsusilə 50-60-cı illər və sonrakı dövrlər Azərbaycan poeziyasının böyük əhəmiyyətə malik xüsusi missiyasını nəzərə çatdırmaq istərdik: Şeir bir tərəfdən dərin mənaları, əsrin tərəqqi və təzadlarını, elmi-fəlsəfi qənaətləri ifadə edirdi, digər tərəfdən, əsərlərin dili milliləşir, ərəb-fars söz və ifadələrindən təmizlənirdi. Bu proses ilk baxışda təzadlı görünür, lakin bununla bərabər, şairlərimizin xidmətini daha da qabarıq nəzərə çatdırır. Məsələ orasındadır ki, ənənəvi olaraq dini, ictimai, elmi, fəlsəfi və s. anlayış və terminlər ədəbi dilimizdə əsasən ərəb-fars sözləri ilə ifadə olunurdu. Ərəb-fars sözlərini maksimum azaldaraq, dili milliləşdirərək yeni dövrün elmi səviyyəsinə yüksələ bilməsi XX əsr Azərbaycan poeziyasının danılmaz böyük xidmətidir. Əli Kərim yaradıcılığında bu proses xüxusilə intensiv getmiş, əsrin böyük kəşfləri - Albert Eynşteynin nisbilik nəzəriyyəsi, nüvə silahının icad edilməsi, kosmosun fəthi onun poetik təfəkküründə, yaratdığı obrazlarda əksini tapmışdır.

İntellektuallığı bədii dildə novatorluğun bir cəhəti hesab edən, Ə.Kərimin əsərlərinin dilində XX yüzilliyin elmi-texniki tərəqqisi ilə bağlı obraz və sözləri, terminləri xüsusi olaraq nəzərdən keçirən akademik Tofiq Hacıyev "Elmi-zehni səviyyə və bədii dildə novatorluğun faktı" adlı məqaləsində şairin yaratdığı obrazları, şeirlərinin dili barədə yazır: "Bu, XX əsrin elm Məcnunlarının dilidir, Eynşteynin, kosmosu fəth edənlərin maddi zehnidir... Əli Kərim rəngsiz mövcudluqları, gözlə görünməyən təsvirləri cismləşdirir, abstrakt yüksəkliyi konkret obraza çevirir, bir-birindən uzaq anlayışları əl tutuşdurur, həmdəm edir və səni məcbur edir ki, bir şeirin oxunuşunda bütün biliyini səfərbərliyə alasan, yaddaşını yoxlayasan, həyat lövhələrini laqeyd müşahidədən çıxıb onunla əqli-poetik ünsiyyətə girəsən". Tədqiqatçının burada qeyd etdiyi gözlə görünməyən təsvirləri cismləşdirmək, abstrak anlayışları konkret obraza çevirmək, bir-birindən uzaq anlayışların yaxın, ortaq cəhətlərini tapmaq kimi cəhətlər XX əsrin (eləcə də XXI yüzilliyin) elmi təfəkkürünün, həyata elmi yanaşmanın ayrılmaz tərkib hissələridir. Oxucunun bədii mətnin incəliklərini tam anlaması, ondan estetik zövq ala bilməsi üçün bütün biliyini səfərbərliyə almağa, yaddaşını yoxlamağa məcbur edilməsi, müəlliflə poetik ünsiyyətə cəlb edilməsi şairin fərdi yaradıcılıq üslubunun diqqətəlayiq cəhətləridir. Bu, əslində, çağdaş poeziyanın müasir oxucuya təklif etdiyi yeni ünsiyyət formasıdır. Ə.Kərim şeirlərindən birində XX əsrin elmi-texniki möhtəşəmliyi, sənətkarın yeni çağı dərindən dərk etməsi, sürət əsrinin iri addımları ilə səsləşən əsərlər yazması zərurəti barədə yazır:

XX əsr!
Dağ,
Dağ boyda bir kəlmədir...
Onun yamacında mən
dirsəklənib oturdum...
Köhnə şeirlərimin
Darısqal hücrəsindən.
Başıma ulduz yağan
qalaktikaya döndüm.
Gördüm ki, azalıbdır
məsafələr minə bir.
Gördüm ki, şeirin vəzni
daha meridian deyil,
Nə də axıcılığı
təyyarə sürətidir...

XX əsrin elmi-texniki tərəqqisi, sürəti, məsafələri min dəfələrlə qısaltması çağdaş insanın təfəkküründə elə böyük dəyişikliklər etmişdir ki, bir zaman hamıya hüdudsuz görünən Yer kürəsi kosmosdan qayıdan gəncə çox balaca görünür:

Oğlan ehdi orbiti,
Oğlan boylandı yerə:
Torpaq uclu-bucaqlı
Balaca göy dairə.

Bu şeirin sonunda kainat miqyasında dünyamızın kiçikliyini, zəifliyini, köməyə, qayğıya ehtiyacı olduğunu dərk edən gənc onu xəyalən bağrına basır:

Qucaqladı xəyalən
Evi boyda dünyanı
Dünya boyda evini
O bərk-bərk
Fəzalardan asılmış
Mavi rəngli nənni tək.

Şairin "Səfərdən sonra" adlı şeirində Yer kürəsinə, evinə qayıdan kosmonavt üçün  artıq əvvəlki ölçülər, vaxt, zaman anlayışları mövcud deyil. O, özünü tamamilə yeni bir vəziyyətdə, alışdığımız zaman və məkan anlayışlarından fərqli bir situasiyada hiss və dərk edir:

Yatdı.
Evdə?
Eyvanda?
             Xeyr!
Yoxdu vaxt,
məkan.
Neçə ömürdən
                Uzaq bir səfər
Edən adam üçün yoxdu bunlar.
Məsafəsizlik,
Çəkisizlik
üzərindəcə
Yatmışdı oğlan.

"Nida" adlı şeir-monoloqunda şair sürət əsrinin sürəti ilə də qane olmadığını bildirir. Onun istədiyi elə bir sürətdir ki, xəyalla idrakı bir yerə qatsın (xəyal kimi sürətli olsun, bu rejimdə xəyal idrakı, idrak xəyalı ardınca aparsın! - P.Ə.), bir anda ən yüksəkliyə, ən dərinə çatmaq mümkün olsun, könlün hər arzusu bircə anda reallığa çevrilsin və nəhayət, əvvəlin axırını, sonun əvvəlini birləşdirsin. Bu, əslində, XX əsrdən daha çox XXI əsrə ünvanlanmış kosmik arzudur.



Şeirlərindən, müsahibələrindən, şəxsi kitabxanasındakı kitablardan, qeydlərindən görünür ki, Əli Kərim XX əsrin dahi fiziki A.Eynşteynin məkan, zaman, kainat haqqında təsəvvürlərimizi xeyli dəyişdirmiş nisbilik nəzəriyyəsi ilə ciddi surətdə maraqlanmışdır. Məkan və zaman haqqında fiziki nəzəriyyə olan Eynşteynin kəşfi xüsusi nisbilik nəzəriyyəsi (1905) və ümumi nisbilik nəzəriyyəsindən (1916) ibarətdir. Bu nəzəriyyədən çıxan ümumi fəlsəfi nəticə məkanın da, zamanın da mütləq olmaması, nisbiliyidir (dəyişməz olan işıq sürətidir: 300 000 km/san). Zaman bəzən sürətlənə, bəzən yavaşıya bilər. İri obyektlərin yanında saat daha asta işləyir. İ.Nyutonun əsərlərində zaman və məkan mütləq və dəyişməz olduğu halda, Eynşteyn sübut etmişdir ki, işıq sürətinə yaxın sürətlə uçan kosmik raketin şəxsi heyəti üçün zaman yerdə sükunətdə olan adamla müqayisədə daha yavaş keçir. Nyutonun qravitasiya nəzəriyyəsi bir məsələni izah edə bilmirdi: cazibə qüvvəsi tamamilə boş bir məkandan hansı vasitə ilə keçir. Eynşteynin izahı sadə idi: cazibənin maddi daşıyıcısı zamanın özüdür, daha doğrusu, məkanla zamanın qarşılıqlı münasibətidir. Nisbilik nəzəriyyəsinin əsas və ən məşhur düsturu E=mc2-dır. Burada e-enerji, m-kütlə, c-isə sürətdir. Enerji cismin kütləsi və onun  hərəkət sürətindən asılıdır. c2-sürət çox böyük rəqəmi təşkil edir. Buradan belə çıxır ki, çox kiçik kütlə külli miqdarda, bəşəriyyətə yardım edəcək və ya böyük məkanları, şəhər və kəndləri məhv edəcək qədər dağıdıcı enerjinin meydana çıxmasına səbəb ola bilər. Göründüyü kimi, nüvə silahının yaranması da nisbilik nəzəriyyəsi ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, A.Eynşteyn İkinci Dünya müharibəsi illərində alman faşistlərini qabaqlayıb nüvə silahı yaratmaq sahəsində axtarışlara başlamaq barədə ABŞ prezidentinə müraciət etmiş, Xirosima və Naqasaki faciəsindən sonra nüvə silahı istehsalının dondurulması, nəzarətdə saxlanması təşəbbüsü ilə çıxış etmişdi.
 
Ədəbiyyatımızda daha öncə Eynşteynin kəşfinə münasibətini bildirən ustad Şəhriyar olmuşdur. O, farsca yazdığı "Eynşteynə peyğam" şeirində nisbilik nəzəriyyəsinin fəlsəfi müddəalarını şərh edir (Sənin tapıntınla, sənin dühanla/ Doldurdu boşluğu nurun sürəti/Zamansa qovuşdu əbədiyyətə/Məkan məkansızdır/Zaman zamansız), bu nəzəriyyənin Şərqin irfan fəlsəfəsi ilə bağlı olduğunu, onun dinlə elmi barışdırdığını iddia edir. Şəhriyara görə, enerjinin maddənin kütləsi ilə bağlılığı, ruhun maddə ilə bağlı olduğunu sübut edir ki, bu müddəa da irfan fəlsəfəsində mövcuddur (Sən elmi din ilə barışdırmısan/ İrfan fəlsəfəsi tükü də seçir/ Bu ulu məktəbin şagirdiyəm mən/Cism dünyasını ruh dünyasının/Dalğası sayıram, ancaq dalğası). Şeirinin sonunda nisbilik nəzəriyyəsindən nüvə silahı yaradılması məqsədi ilə istifadə edilməsini bəşəriyyət üçün böyük bir faciə hesab edən şair dahi alimdən insanların dini, irfani, milli fərq bilmədən birləşməsində, dostluq və sevgi dünyasının yaranmasında əlindən gələni əsirgəməməyi xahiş edir.
 
Əli Kərim əsərlərində Eynşteynin nəzəriyyəsini şərh etməsə də, onun şeirlərində (və deməli, poetik təfəkküründə) bu kəşfin əsas fəlsəfi nəticələrinin ciddi sürətdə əksini tapdığını görürük. Faktiki olaraq yaradıcılığının yetkin dövründə yazdığı əsərlərində şair Eynşteynin kəşfindən sonrakı dövrün sənətkarı olduğunu, dünyaya, təbiətə yeni əsrin adamı kimi baxdığını sübut edir. Qeyd edək ki, Ə.Kərim tarixi keçmişimizə, klassik sənətkarlarımıza həsr etdiyi şeirlərində də XX yüzilliyin dahiyanə elmi kəşflərdən sonrakı epoxanın mütəfəkkir şairi kimi çıxış edir.
 
XX əsrin görkəmli fiziki L.İnfeld belə bir xatirə söyləmişdir: "1919-cu ildə Eynşteynin doqquz yaşlı oğlu Eduard atasına belə bir sual vermişdi: "Ata, sən nəyə görə bu qədər məşhursan?" Eynşteyn gülümsədi, sonra ciddi şəkildə izah etdi: "Bilirsənmi, kor bir böcək şarın üzəri ilə sürünərkən anlamır ki, onun keçdiyi yol əyridir. Mənə isə bunu anlamaq nəsib olmuşdur". Fikrimizcə, Əli Kərim kiçik bir parçada böyük varlıqları, dənizləri, çayları, dağları görə bilən uşaq təfəkküründə Eynşteyn dühasının əlamətlərini gördüyünü bəyanı etdiyi şeirini yazarkən məhz bu xatirəni əsas götürmüşdür:

Uşaq deyir ki, mənə,
Bir ovuc dəniz verin.
Bir stəkan Kür verin,
Araz verin,
tez verin
Bircə qurtum su verin,
Bir çıxımlıq dağ verin.
Uşaq üçün dünya ev,
Göy də mavi bir tavan.
Uşaq üçün hissi tək
Bütövdür, safdır cahan.
Məncə, bu sadədillik
Dühayla eyni şeydir,
Bu hiss dahi elədi
Bəlkə də Eynşteyni.

"Fraqmentlər" şeirində öz həyat yolunu nəzərdən keçirən şair olduğu məkanlara, yaşadığı günlərə, dəqiqələrə və anlara, keçirdiyi hiss və həyəcanlara eyni baxış bucağından baxır. Bu əsərdə məkan, zaman və bu məkan və zaman hüdudları daxilində yaşanan hisslər eyni müstəvidə yerləşdirilmişdir:

Gah qum üstdə,
Gah dənizdə.
Sevgi alatoranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında
Xəstə olarkən
Həkimin mənə etdiyi çarəsində
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında...

Şeir əvvəlindən sonuna qədər məkan, zaman və müxtəlif məkan və zamanlarda yaşanan hiss və həyəcanlardan ibarət bədii-fəlsəfi tərcümeyi-haldır, insan həyatının müxtəlif ölçülərdən nəzərdən keçirilməsi, müxtəlif baxış bucaqlarından dəyərləndirilməsidir. Diqqətlə nəzərdən keçirdikdə görürük ki, bu şeir məkan və zamanın ayrı deyil, bir anlayış kimi nəzərdən keçirilməsi zərurətini sübut etmiş Eynşteynin nisbilik nəzəriyyəsinin lirik bir əsərdə "sınaqdan keçirilməsi"dir. Orasını xüsusi olaraq qeyd etmək istərdik ki, şair nəzəriyyəni quru bir sxem kimi şeirinə daxil etməmiş, məkan və zaman birliyi ideyasından uğurlu bir vasitə kimi yararlanmış, bu anlayışlarla birgə insan duyğularına, həyəcanlarına da eyni müstəvidən, baxış bucağından baxmış, bütün bunları "poetiklik materialı kimi mənimsəyib poeziyanın nəfəsi ilə şeir kürəsində bişirib" (T.Hacıyev), fərdi üslubuna uyğunlaşdıraraq təqdim etmişdir.

"Daş" şeirində yarıçılpaq, yarıvəhşi adamın ilk və çox dəhşətli nəticələri olan cinayətindən danışılır. Bu təbiət və dəqiq elmlərdə "kəpənək effekti" deyilən hadisəni xatırladır. Göstərilir ki, nə zamansa baş vermiş kiçik, ilk baxışda diqqəti cəlb etməyən bir hərəkət (məsələn, hansısa kəpənəyin qanadını tərpətməsi) sonradan qarşısıalınmaz böyük fəlakətlərə səbəb ola bilər. Milyon illər bundan öncə hansısa bir böcək növünə zərər dəyməsi ola bilər ki, Yer kürəsinin, bəşəriyyətin sonrakı inkişafına ciddi təsir göstərmişdir. Şeirdə deyilir ki, qədim insanın düşməninə atdığı daş onun ölümünə səbəb olduqdan sonra yerə düşüb hərəkətsiz qalmamış, elmi-texniki tərəqqinin gücü ilə oxa, qılınca, gülləyə, mərmiyə, ən sonunda isə nüvə silahına çevrilmişdir. Şairin bütün bəşər tarixinə fəlsəfi bir nəzərdən ibarət olan bu qısa şeiri həyəcan dolu bir sualla bitir: yer üzərində həyata son qoya bilən bu dəhşətli çevrilmələr zəncirini qırmaq olarmı? Şeir bu günə ünvalansa da burada şairin bədii məntiqində bu günün, gələcəyin uzaq keçmişdən ayrılmazlığını görürük. Açıq-aydın "kəpənək effektindən" söhbət gedir, bu günümüzü, sabahımızı xilas etmək üçün keçmişi dəyişdirməkdən, qədim insanın atdığı daşın, ilk cinayətin qarşısının alınmasından danışılır. Şeirdə zamanın axarı öz məntiqi ardıcıllığını itirmişdir: bu günü, gələcəyi xilas etmək üçün keçmişi "düzəltməyin" zərurəti ortaya çıxmış olur.

Əli Kərimin əsərlərində məkanın və zamanın nisbiliyi: ayrı-ayrı insanların taleyində əksini tapmışdır. "Aut" şeirində tələbələr dərsdən sonra voleybol oynayırlar. Voleybol oynayan bir gözəl qıza görə gənc oğlanlar həmişə oyuna həvəslə qoşulurlar, onunla bir komandada oynamaq, ona daha yaxın olmaq istəyirlər. Bir gün hamı görür ki, bu gözəl qız fikirlidir, pis oynayır, topu kənara, auta atır. Məlum olur ki, aşağı kursdan qızın sevdiyi oğlan ondan eşqinə cavab ala bilmədiyinə görə hirslənib institutu tərk edib, uzaqlara getmişdir. Müəllif sevgilisini itirmiş kədərli qızın topu kənara atmasını poetik məntiqi ilə belə izah edir: Əslində, o, topu auta atmır, bu meydançadan xeyli uzaqlarda olan həmin oğlana ünvanlayır. İstəyir ki, oğlan topu tutub ona qaytarsın. Şairin təxəyyülünün gücü ilə voleybol meydançası xeyli böyüyərək hədsiz-hüdudsuz bir məkana çevrilir. Maraqlı orasıdır ki, tələbəlik illərinin xatirəsindən, çoxdan baş vermiş hadisədən bəhs edən şairin bu şeirində hadisə bitmir, qız hələ də topu auta atmaqdadır (Əli Kərim şeirlərinin bitməyən sonluqla sonuclanması ayrıca tədqiqatın mövzusudur):

Top gəlir,
O vurur uzaq yollara
Atır haradasa gedən qatara,
Hardasa yol gedən bir təyyarəyə
Vurur xam torpağa,
Kəndə, şəhərə
Oğlan topu alıb qaytarsın deyə...
Heç kim də xətrinə dəyməyir onun,
O bundan utanıb fikirli durur.
O, bir vaxt oynardı nə qədər gözəl,
O, indi topları auta vurur.

Əli Kərim şeirlərində dəfələrlə gənc olan, lakin yaşadığı həyəcanlara görə yaşlaşmış, ixtiyar hesab oluna bilənlərdən danışır. Belə gənclər üçün zaman kosmosda işıq sürəyinə yaxın bir sürətlə uçan kosmonavtla müqayisədə fərqli keçir. Əgər kosmonavt üçün vaxt yavaşıyırsa, bir gözələ aşiq olmuş gənc üçün xeyli sürətlə keçir:

Ürəyim sən deyən çox cavan deyil,
Nə qədər dərdini daşıyıbdır o
O qədər sürətlə vurub ki sənsiz
Bəlkə də lap yüz il yaşayıbdır o!

"Bir santimetr haqqında ballada" poeması şairin xüsusi şəraitdə  məkanın və zamanın nisbiliyindən bəhs edən ən diqqətəlayiq əsərlərindəndir. Əsərin baş qəhrəmanı Əjdər hündürlüyə tullanma üzrə dünya rekordu vurmağa çalışan idmançıdır, işlədiyi Neft daşlarının fəxridir (Qeyd edək ki, yaxınlarının xatirələrinə, şəxsi kitabxanasındakı kitablara əsasən Ə.Kərimin idmana böyük maraq göstərdiyini öyrənirik.
Şair həmişə idmanı insanın bütün müsbət və mənfi cəhətlərini üzə çıxara bilən, onu fiziki cəhətdən və mənən kamilləşdirən bir fəaliyyət növü hesab etmişdir). Birinci cəhdinin uğursuz olması onu sarsıdır, lakin ruhdan salmır, məşqçi də, iş yoldaşları da ona ürək-dirək verirlər. Poemada idmançının öz fərdi rekordunu 1 santimetr aşaraq dünya rekordu vurması üçün  əsərin yazıldığı 1967-ci ildə bu rekord 228 santimetr idi - P.Ə.) nələrin lazım olduğu barədə müəllifin düşüncələri əksini tapmışdır. Bir santimetr adlı fiziki və mənəvi hüdudu aşa bilmək üçün həyatda çox şeyi dəyişdirmək, kilometrlərlə məsafələr qət etmək gərəkdir:

Bir santimetrdə
Üst-üstə qalanmış
Metrlər,
Verstlər
Preslənir
(insanların
biri dözür,
biri bezir,
biri hirslənir).

Bir santimetr elə bir zirvədir ki, onu fəth etmək üçün tükənməz arzu, istəyə, fiziki və mənəvi gücə malik olmaq lazımdır:

Əzizim, antisantimetr,
Elə bir zirvədir ki,
Ora qalxmaq üçün 
Olsun gərək böyük, şəffaf arzun,
Bahadır gücün.

Şairin poetik məntiqinə görə, bir santimetr əslində, hüdudsuzdur, nəhəng bir məmləkətdir (müəllifin bədii məntqində məkanın nisbiliyi ideyası təsdiqini tapır):

Bir santimetr, əzizim,
Böyükdür,
Sonsuzdur
Bir məmləkət kimi
Bir diyar kimi.

Poemada insanlar üçün vaxtın müxtəlif cür keçməsi, bəzən cavan bir adamın həyatının məzmununa, sərf etdiyi fiziki və mənəvi enerjiyə görə yüz ilə bərabər ömür sürməsi barədə də fikir söylənilir (poetik məntiqlə zamanın nisbiliyinin sübutu):

Az deyil
Həm gənclikdə,
Həm də dolduqca yaşa, yananlar,
Nəbz hesabı
70 il,
100 il və daha çox yaşayanlar.

Əli Kərim 1969-cu ilin 15 aprelində "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi, o zaman poeziyada ilk addımlarını atan mərhum şairimiz Camal Yusifzadənin şeirlərinə həsr etdiyi "İntellekt və poeziya" adlı məqaləsində Eynşteynin nisbilik nəzəriyyəsini kəşf edərkən bədii ədəbiyyatdan, xüsusilə də F.M.Dostoyevski yaradıcılığından ilhamlandığı barədə yazır: "Eynşteynin bir sözü məni həmişə heyrətləndirir və ruhlandırır. Sual verəndə ki, bu elmi zirvəyə çatmaq üçün sənə kim daha çox kömək etmişdir, o deyir: Dostoyevski. Qəribədir, alim yox, yazıçı. Mən çox götür-qoydan sonra bu qərara gəldim ki, bu böyük alimin sözlərində əsl səmimiyyət və elmi əsas vardır. Bu, təkcə ədəbiyyatdan estetik zövq almaq məsələsi deyil. Nisbilik nəzəriyyəsinin kəşfi zamanı alimə təsir eləyən böyük Dostoyevski psixologizmindəki ruhi "zəncir reaksiyası", kompozisiya paralelləri  və poliforniya olub".

Bu deyilənlərə onu əlavə etmək olar ki, XIX əsr Avropa, eləcə də rus ədəbiyyatı böyük bir ideya hərəkatı oldu, ən dəyərli nümunələrində dünyanın mənzərəsinin dərkində dəyişiklik etdi, gözəllik və həqiqət axtarışlarını birləşdirdi. Bu, daha çox Dostoyevski, Tolstoy kimi yazıçıların fəlsəfi-əxlaqi fikirlərində deyil, hər şeydən öncə bədii yaradıcılığın poetikasında əksini tapdı, böyük fəlsəfi mənaya malik oldu və dünyanın dərkində əsl təkamüllə nəticələndi. Bu ədəbiyyatın XX yüzilliyə ünvanladığı sual mücərrəd-məntiqi və ya təsviri-statistik şəkildə səslənmədi, çünki burada fərdi talelərin inkarına qarşı etiraz vardı. Dostoyevskinin "Karamazov qardaşları" romanında İvan Karamov bir uşağın əzab çəkdiyi dünyanın harmoniyasını, məntiqiliyini qəbul etmir. Dünyanın, kainatın dərkində fərdin taleyinin nəzərə alınması ən mühüm əhəmiyyət kəsb etməyə başladı. Eynşteynin nisbilik nəzəriyyəsində, yeni dövrün fizika elmi mikroskopik (fərdi kimi qəbul edək - P.Ə.) və makroskopik aspektlərin, proseslərin ayrılmazlığını nəzərdə tutur, lokal prosesləri inkar edir. İstənilən fərdi akt zəncirvari reaksiyaya səbəb ola və makroskopik hadisələrin gedişini dəyişdirə bilər. İnteqral qanunlar mikroskopik qanunlardan müstəqil olmurlar. Beləliklə, elmi idrakın üslubunda baş verən dəyişikliyin XIX əsr dünya ədəbiyyatındakı haqqında danışdığımız istiqaməti xatırlatması açıq-aydın nəzərə çarpır. Rus alimi Boris Kuznetsov "Eynşteyn. Həyat. Ölüm. Əbədiyyət" adlı kitabında yazır: "Beləliklə, Eynşteynin elmi yaradıcılığı, bütövlükdə qeyri-klassik elm insanlığın mənəvi və maddi emanasiyası (əbədiliyi - P.Ə.) ilə bağlıdır. Yaradıcılıq hünərinin əbədiliyi bundadır. Dünyanın dərki naminə bütün şəxsi və gündəlik məsələlərdən imtina nümayiş etdirən Eynşteynin sürəti də əbədi olacaq".

Böyük istedadı ilə bərabər, mütaliə dairəsinin genişliyi, yüksək intellekti ilə seçilən Əli Kərim XX əsrin böyük elmi kəşfləri, Eynşteynin nisbilik nəzəriyyəsi ilə ciddi sürətdə maraqlanmış, əsərlərində onun bu məsələlərə dair fikirləri əksini tapmışdır. Xüsusi olaraq qeyd etmək istərdik ki, şair heç bir şeirində nisbilik nəzəriyyəsinin şərhinə, izahına çalışmamışdır. XX əsrin elminin yeni üfüqlər açan nailiyyətlərini, nisbilik nəzəriyyəsinin əsas fəlsəfi aspektlərini dünyagörüşünə hopduran, dünyada baş verən hadisələrə bu zirvələrdən baxmağı bacaran Əli Kərimin bir sıra əsərlərində bunlardan qaynaqlanan insana, dünyaya, kainata münasibət əksini tapmışdır. Təkrar edirik ki, şair əsərlərində elmi müddəaları izah etməyib, onlardan bəzi vaciblərini poetik istedadının gücü ilə mənimsəyərək şeirinin materialına çevirmişdir. Onun əsərlərini oxuyan, dərk edən oxucu fərqli bir aləmə düşür, dünyabaxışı əsrin elminin inkişafı istiqamətində dəyişir. Orasını da qeyd edək ki, şeirlərini alışmamış oxucu üçün qeyri-adi görünə bilən obrazlar, gözlənilməz təşbihlər, təzadlar, digər bədii ifadə vasitələri, özünəməxsus ritm, poetik sintaksis üzərində quran Əli Kərimin poetik düşüncə tərzi ilə dünyanın təzadlı mənzərəsini yeni şəkildə dərk etməyə çağıran elmi təfəkkür arasında oxşar cəhətlər vardır.

Bu geniş mövzunu maksimum dərəcədə qısaldaraq bir məqalə şəklində təqdim etdik.

 





15.01.2021    çap et  çap et