525.Az

Nisgilli gözlərdə bərq vuran işıq - Vəliyulla Novruz yazır


 

ELÇİN HÜSEYNBƏYLİNİN MƏŞHUR HEKAYƏSİ HAQQINDA QEYDLƏR

Nisgilli gözlərdə bərq vuran işıq - <b style="color:red">Vəliyulla Novruz yazır </b>

Elçin Hüseynbəyli keçən əsrin 90-cı illərində ədəbiyyata gələn və öz əsərlərində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan insanların real surətini yaradan, onların vətənpərvərliyini, zəngin daxili aləmini, yüksək mənəvi keyfiyyətlərini təbii boyalarla təsvir edən sənətkarlarımızdan biridir.

Onun yaradıcılığında vətəndaş yanğısı o qədər güclüdür ki, o, öz dövrünün, zamanının hadisə və proseslərinə vaxtında münasibət göstərə bilib. Yazıçı qələmə aldığı hər hansı bir obrazı real, inandırıcı situasiyalara salır, hər situasiya obrazın bir cəhətini açır və əsərin sonunda biz bu obrazı bütün mahiyyəti, varlığın bütün çalarları ilə görürük. Onun böyük məhəbbətlə qələmə aldığı qəhrəmanlar bizim həyatda yaxından tanıdığımız insanlardır. Bu baxımdan yazıçının "Gözünə gün düşür" hekayəsi Qarabağ mövzusunda yazılmış ən gözəl əsərlərdən biri kimi xüsusilə diqqət çəkir.

Hekayənin əsas personajı ağır xəstə olan 53 yaşlı onkoloq-həkimdir. O, hər gecə nisgilli yuxular görür. Həkimin həyatda yalnız bir arzusu var: işğal altında olan kəndlərinə gedib, orada bir "sülh ağacı" əksin və atasının məzarı yanında öz əllərilə qəbrini qazıb əbədiyyətə qovuşsun. Bu məqsədlə o, evdə bir məktub yazaraq stolun üstünə qoyur, kimsə görməsin deyə sübh tezdən evdən çıxıb yola düşür.

Ağır və əziyyətli yolçuluq onun ağrılarını daha da artırır. Buna dözə bilməyən həkim özü ilə götürdüyü iynələrdən birini buduna vurub yoluna davam edir: "O, iki kəndi ötmüşdü. Ancaq kəndlər yox idi. Onların kölgələri qalmışdı. Evlərin çardaqları, divarları sökülüb aparılmış, talan edilmişdi..." O, çayı tutub irəliləməkdə davam edir. Çünki bu çay onu yaşadıqları evin yanına aparıb çıxaracaqdı. Yazıçı öz qəhrəmanını tanış cığırlardan, döngələrdən keçirir. O, gah "Maralyan bağı"nı, "Dükker"i, "Çayağzı"nı, "Quzuqulağı dərəsi"ni keçib "Küdrü" deyilən yerin üstünə qalxır, gah da "Yaloba"ya çıxıb kol-kos basmış cığırla evlərinə inamla addımlamağa başlayır. "Mahmudlu" bağı meşəyə çevrilmiş, "Kələsərlik" yox olmuşdu. O, evlərinə gəlib çatır. Onun "ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixi xatırladırdı. Həyətlərinə girdi. Çovustanları yanıb külə dönmüşdü. Evlərinin bir divarı bütov qalmışdı. Sanki onu muzey üçün saxlamışdılar. Həyəti hasarlayan piltələr sökülüb aparılmışdı. Yurd yağmalanmışdı. Qəlbindəki həyəcanı, gözlərindəki yazıqlığı, əllərindəki, dizlərindəki qəzəbi soyutmaq üçün ağladı..."

Hekayədə təsvir olunan hadisələr, poetik fikrin istiqaməti bu obrazın bəşəri xarakter olmasına yol açır. Bir tərəfdən müharibənin vurduğu ağır yaralar, digər tərəfdən qəlbi Vətən eşqilə döyünən bir insanın yurd həsrəti, torpağa bağlılığı əsərdə bütün təfərrüatı ilə təcəssüm edir.

Həkim bir obraz kimi özünün kamilliyi, xarakterinin bütövlüyü ilə fərqlənir. O, işğal altında olan ata-baba yurduna gedəndə dərin daxili psixoloji sarsıntılar keçirir, ancaq öz məqsədindən geri dönmür. Çünki o, tutduğu yolun doğruluğuna inanır. Həyatın doğurduğu bütün çətinliklərə mərdliklə sinə gərən həkim özü ilə gətirdiyi "sülh ağacı"nı həyətdə əkməyi qərara alır. "Nəhayət,  darvazanın yanından dəmir parçası tapdı. Bu, mərmi qırığıydı. Həmin dəmirlə bağçanın ortasında köhnə evlərinin yerində çala qazmağa başladı. Çalayla bir xeyli əlləşdi... Çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki yekə bir evin özülünü qazmışdı. Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı ehmalca çantasından çıxardı, salafanını açıb köklü - köməcli və torpaqqarışıq çalaya qoydu. Bircə qalırdı çaydan su gətirmək..." Bu zaman iki əlisilahlı erməni əsgəri onu əsir alıb aparır. Ədib öz qəhrəmanını çətin sınaqlar qarşısında qoyur. "Əslində, burada anlaşılmaz bir şey yoxdur, əvvəlcədən də bunu təxmin eləmişdi... Zastavada onu cavan bir erməni zabiti qarşılayır. Həkim gəlişinin məqsədli olduğunu bildirir və tezliklə öləcəyini söyləyir: "Mənim vaxtım azdır, ölümümə bircə gün qalıb, - dedi və şalvarının balağını yuxarı qaldırıb, şişmiş dizini göstərdi..." O, bura təkcə "sülh ağacı" əkməyə yox, həm də "ölməyə gəldiyini" söyləyir. Erməni zabiti onun dediyinə deyəsən, inanır. Müəllif hər iki obrazın dialoqunu mahir psixoloq kimi o qədər canlı və inandırıcı vermişdir ki, oxucuda buna zərrə qədər olsa da, şübhə yeri qalmır. Çünki burada həyat həqiqətlərinin reallığı, psixoloji gərginlik, obrazın daxili aləminin ən qaranlıq guşələri bütün detallarına qədər canlandırılıb.

Elçin Hüseynbəylinin Qarabağ mövzusunda yeni kitabı

Yazıçı hər şeydən öncə, müharibəni insanları ölümə sürükləyən bəşəri bir fəlakət kimi dəyərləndirir. Çünki onun törətdiyi dağıntılar, dəhşətli faciələr gerçəkliyin məntiqi təzahürü kimi dərin fərdi sarsıntılara gətirib çıxarır. Bəşəri fəlakətlərin əks-sədası kimi özünü göstərən fərdi əzab bəzən fəlakətdən də qüvvətli olur, onu qabaqlayır və öz varlığını fərdi sarsıntının daşıyıcısı olan şəxsin ölümü ilə başa vurur.

Hekayənin əsas qəhrəmanı sadəcə yazıçı təxəyyülünün məhsulu deyil, o, həyatdan götürülmüş və bizim yaxından tanıdığımız, qəlbi Vətən həsrətilə döyünən yüz minlərlə insanların ümumiləşdirilmiş bədii obrazıdır. Çünki bu obrazın taleyi bir insanın taleyindən deyil, bütöv bir nəslin, cəmiyyətin, xalqın taleyindən keçir.

Müəllif qəhrəmanın xarakterini açmaqla onun hərəkət və düşüncə tərzinin doğurduğu əks-sədanı bütün təfərrüatı ilə göstərməyə çalışır. Obrazın düşdüyü dözülməz şərait, vəziyyətin ağırlığı, xəstəliyin törətdiyi acı fəsadlar onu çətin sınaqlar qarşısında qoyur. Ancaq o, bu sınaqlara mərdliklə dözərək, onları dəf etməyi bacarır. Yazıçı əsərdə xəstənin düşdüyü acınacaqlı vəziyyəti, keçirdiyi daxili sarsıntıları, onun əhval-ruhiyyəsini o qədər real bir şəkildə təsvir edib ki, oxucu bu obrazın qarşısında öz heyranlığını gizlədə bilmir. Biz bu əhval-ruhiyyədə insan qəlbini yandıran, onu sözsüz açıb göstərən kədər dolu bir hüzn görürük.

E.Hüseynbəyli əsərdə sözləri seçib yerli-yerində işlətdiyi üçün oxucunu yormur, onu obrazın arzu və düşüncələrilə baş-başa buraxır və ən çətin anlarda belə obrazla birlikdə hərəkət edir. O, qəhrəmanın uşaqlıq illərindən söhbət açmaqla əsəri yeni çalarlarla zənginləşdirir: "...Sürüşüb çalaya düşdü... Qəbir istiydi. Həkim ağrıları hiss eləmirdi. Onun bədəni sanki ölmüşdü, amma yaddaşı diriydi. O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı... Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutmağı yadına gəlirdi. Hər şey gözəl idi... İndi bu gözəlliyin və itkinin yerimi acı bir boşluq doldururdu... Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ diriydi. Ölərkən hiss elədi ki, gözlərinə gün düşür..."

Oxucu qəhrəmanın ölümünü dərin təəssüf hissilə qarşılayır, onun vaxtsız ölümünə ürəkdən acıyır, göz yaşlarına hakim ola bilmir... Yazıçı da bütün varlığıyla sevdiyi bu obrazın ölümünə inanmaq istəmir, sükut içində ağlayaraq "gözlərini ovuşdurur," onun ölümünə yas tutur. Obrazın düşdüyü bu çətin vəziyyəti, onun ağrı və əzablarını, daxili sarsıntılarını söz və ifadələrin psixoloji təsirilə önə çəkərək onun mənəvi dünyasını ülviləşdirir.

Hekayənin ümumi ahənginə, ruhuna uyğun olaraq kövrək təhkiyə üsulu seçməsi yazıçının ən böyük uğuru sayıla bilər. Çünki bu üsul hekayədə dərin psixoloji effekt yaradır. Əsərdə sözlərin yaratdığı ahəng emosionallıqdan uzaq olub, məntiqi ardıcıllığa söykənərək fikrin dərinliyinə, daşıdığı məna yükünə, onun bütövlüyünə və tamlığına zəmin hazırlayır. Bu hekayə eyni zamanda ağır kədər və fərdi sarsıntılarla yanaşı geniş oxucu kütləsinin ürək çarpıntılarını özündə birləşdirən bəşəri bir haraydan xəbər verir.

Bu əsərdə zaman və məkan anlayışları da müxtəlif qütblərdə kəsişərək gerçəkliyin bədii inikası kimi təzahür edir. Burada cərəyan edən hadisələr obrazın düşdüyü şəraitdən asılı olaraq, daim dinamik inkişafda və hərəkətdə təsvir olunmuşdur. Zaman həmişə öz axarındadır, məkan isə zamanın tələblərinə uyğun olaraq, həyatda baş verən hadisələrin coğrafi anlamda təsvir olunduğu yerdir. Bütün bunların hamısı yazıçı təxəyyülünün zənginliyi və dəqiqliyi, obrazın həyatiliyi, onun psixologiyasının dinamikliyilə bağlı olmasındadır.

Yazıçının uğur qazanmasının əsas səbəblərindən biri də onun seçdiyi mövzuya yaxından bələd olması, onu dərindən bilməsi, şahidi olduğu hadisələrin mahiyyətinə nüfuz etməyi bacarmasındadadır. Məncə, usta bir nasir olan Elçin Hüseynbəylinin yazıçı sənətkarlığının sirrini də məhz burada axtarmaq lazımdır.

 





15.01.2021    çap et  çap et