525.Az

Doyumsuzluq və acgözlük... - Türkan Turan yazır


 

İNSAN NƏ İLƏ YAŞAYIR?

Doyumsuzluq və acgözlük... - <b style="color:red">Türkan Turan yazır</b>

Ətrafı hasarlanan dəniz, ən görkəmli yerlərdə hektarlarla torpağa sahib olan məmurlar, dayanmadan alınan villalar, binalar, obyektlər və bir də işdən azad edilən kimi ortaya saçılan milyonların mütəmadi gündəm olduğu ölkədə yaşayırıq.

Hər dəfə hansı vəzifəli şəxs kreslodan qaldırılırsa, altından dəstə-dəstə pullar, ucu-bucağı görünməyən sərvət çıxır. Nə gözləri doyur, nə qarınları. Belə halları o qədər qarşılaşırıq ki, artıq gözümüzə adi hal kimi görünür. Lakin bunun ömrü növbəti məmurun sərvətinin siyahısı ortaya çıxana qədər davam edir. Heyrətimiz, təəccübümüz bitmək bilmir. Lev Tolstoyun "İnsan nə ilə yaşayar?" kitabı məhz bu doyumsuzluqdan, acgözlükdən bəhs edir. Nifrət toxumlarının əkildiyi, çıxarlar üçün çalışılan, hərisliyin gözü kor etdiyi bu dönəmdə oxunması vacib olan ən gözəl kitabdır. Su kimi duru, axıcı, sadə dillə yazılan hekayələr insanı məvhərindən oynadır. Düşünürsən ki, hansı dinə mənsub olursan ol, milliyətin nə olursa olsun, insanı insan edən dəyərlər, həyatı mənalandıran elementlər eynidir.

Tolstoy bu kitabında "İnsan nə ilə yaşayır?", "İnsana nə qədər torpaq lazımdır?", "Zadəgan və kölə", "Üç sual" başlıqları altında yaxşılıq və pislik, acgözlü və gözütoxluq, yaşamaq və ölmək qavramları nağılvari bir dillə qələmə alıb. Kitabdakı ilk hekayədə cənnətdən qovulan bir mələyin nə üçün qovulduğunu, insanlıqla əlaqəli maraqlı sualların cavabını tapdığı və fanilərin onun gözündə qazandığı dəyərlərə yer verilib. Burada hekayənin əsas sütunu olan üç sual ortaya çıxır; İnsan ürəyinə nəyin hökm etdiyini öyrən? İnsan nə ilə yaşayır? İnsana nə verilməyib? Yaşamağın mənasını sorğulayan, insanlara yol göstərən çox anlamlı cavablar tapır göyüzündən qovulan Mixail.

Kitabda torpaqla bağlı bir hekayədə sadə fermer Pahomun özünə daha zəngin həyat arzulamağından bəhs edilir. Yaşadığı yerdən çox uzaqlarda səxavətli bir mülkədarın təmənnasız torpaq payladığını eşidən kimi daha çox torpaq əldə etmək üçün onun yanına gedir. Həqiqətən də hər kəsə istədiyi qədər torpaq verən mülkədar Pahoma deyir ki, səhər günəşin doğuşundan batışına qədər qət edə bildiyin bütün ərazi sənindi, amma günəş batmadan gəldiyin yerə qayıtmalısan. Yoxsa bütün haqqını itirərsən. Pahom günəş doğan kimi gəzməyə başlayır. Tarlalardan, bağlardan keçir. Oranı da istəyirəm, buranı da istəyirəm deyə-deyə, bir də baxır ki, günəşin batmasına az qalıb. Vaxt yetişmədən çatmaq üçün qaçmağa  başlayır, amma onsuz da yorğun bədəni tamam taqətdən düşür. Halsız addımlarla yeriməyə davam edəndə burnundan qan axmağa başlayır. Başladığı nöqtəyə çatmağına çox az qalmış yerə yıxılır və ölür. Bütün bunları mülkədar kənardan izləyir. Çünki dəfələrlə şahidi olduğu hadisə yenidən təkrarlanırdı. Adamlarına bir məzar qazdırır. Pahom bu məzara qoyulur. Mülkədar Pahomun məzarının başında belə deyir: "Bir insana bu qədər torpaq bəs edər!"

"Zadəgan və kölə" hekayəsində isə qarlı-şaxtalı havaya əhəmiyyət vermədən ən çətin şəraitdə mal mülkünü çoxaltmaq dərdində olan Vasili ilə eyni ağılda olan insanların ölümü göstərilir. Maldan, mülkdən ötrü öz canlarını heçə sayan insanların gözləri heç nə görmür. Tək dərdləri "daha artığını necə əldə bilərəm" olur.

Əslində, zəngin olaq və ya olmayaq, fərqi yoxdur, hər şeyin artığını istəyərkən əlimizdəkilərdən də oluruq. Bu isə insanı mənfəətçi edir. Qarşımızdakına dəyər biçməyə başlayırıq. "Mənim çıxarlarıma cavab verirsənsə, səni sevə bilərəm, önəmli deyil sənin məni sevməyin, statusun, boyun yaşın, gözəl və ya çirkin olmağın. Öncə buna cavab ver, "mənim çıxarlarıma uyğunsanmı". Statusun, geyimin, təhsilin, cibindəki pul, altındakı maşın lazımi şərtlərə cavab verirsə, sənə qucaq açırlar. Əgər əksidirsə, gözdən çıxarılırsan. Gözümçıxdıya salınırsan. Elə də əhəmiyyətli, vacib deyilsən. Yəni olsan da olar, olmasan da! İnsanlığın eroziyaya uğradığı bu günlərdə cəmiyətimizdə yox olmağa başlayan dəyərlərin xatırlanmasına qatqısı ola biləcək, insana insan olduğunu xatırladacaq bir kitabdır "İnsan nə ilə yaşayır?"

Məsələn, hekayələrdən birində zəngin, güclü bir adam çəkməçiyə gəlir. Almaniyadan gətirdiyi dərini Simon adlı çəkməçiyə verir və bir az da təhdidvari şəkildə deyir ki, "mənə bir il tab gətirəcək, sökülüb dağılmayacaq çəkmə tik. Əgər bunu edə bilməyəcəksənsə, dərini korlama, yoxsa nəticəsi ağır olacaq. Unutma, bir il geyinə biləcəyim ayaqqabı istəyirəm". Sifarişi verib gedir, bir neçə saat sonra həyat yoldaşı adamlarını göndərərək sifarişi ləğv elətdirir, çünki kişi atından enməyə macal tapmamış ölür. Halbuki bir qədər əvvəl illərin planını, hesabını aparırdı. Ona görə hər dəqiqənin bir hökmü var deyilir.

Bəzən dayanıb düşünürük, gələcəkdə hər şey istədiyimiz kimi olmasa nə olar. İçimizi bu qorxu zəbt edir. Darmadağın oluruq ağlımıza gələn bu düşüncədən, özü də bir dəqiqə sonra yaşayıb-yaşamayacağımızın qarantisi olmadığını bildiyimiz təqdirdə. Yeyirik özümüzü, qanadırıq eyni yerdən, açırıq yaralarımızı. Dərd, qəm, kədərə məhkum edərək onsuz da üç-beş günlük çətin olan həyatı özümüzə zindan edirik. Dəyərmi? Əlbəttə, dəyməz!

Tolstoyun da dediyi kimi, önəmli olan tək bir an var - o da indidir. Biz sadəcə indiki anda özümüzə hökm edə bilirik. Ən lazımlı insan bu an yanımızda olandır. Çünki heç kim bir başqası ilə bir daha görüşüb-görüşməyəcəyini bilmir. Ən gərəkli iş yanımızdakı insana edəcəyimiz yaxşılıqdır. Çünki insan dünyaya yaxşılıq üçün göndərilib. İnanıram ki, bunları etməyi bacardığımız zaman nə ilə və necə yaşadığımızın fərqinə varacağıq.

 





15.02.2021    çap et  çap et