525.Az

Qarabağ - məhək daşı - Əhməd Qəşəmoğlunun şeirləri


 

Qarabağ - məhək daşı - <b style="color:red">Əhməd Qəşəmoğlunun şeirləri </b>

Qarabağ - məhək daşı

Əgər düşünsək
            biz bir azca dərin,
yer üzündə Qarabağ
bir məhək daşıdır
             Xeyirlə, Şərin.

...zıbarıb durmuşdu Şərin balası,
deyirdi  mənimdir
bu cənnət Qarabağ, Şuşa qalası.

müzəffər ordumun ayaqlarında
necə məğmun oldu yağı düşmənlər,
belə bir aqibət çoxunu gözlər!

ona qahmar durur Şərin bicləri,
dünya gücləri...
özləri bilə-bilə ki,
haqqı deyən kimdi, nahaq olan kim!

hər vaxt ortadadır ap-aydın tarix,
daşı da dindirsən şahidlik edər,
Şərzadə nadana ha söylə bunu,
hiyləylə baxacaq, göz süzdürəcək,
       nə qədər danışsan,  olacaq hədər.

...Siz ey, qürur ilə güclüyəm deyən,
güc haqdan gəlmirsə - şər aldanışı!
                                        siz hələ naşı...
inanın uzaq yox, lap yaxındadı
Allah yağdırdığı ədalət daşı...

Ahəng yolu

Allahın yoludur ahəngin yolu,
ahəng - işarəsi uca Allahın...
qəlbində Allahın sevgisi varsa
ahənglə açılar günün, sabahın...

ahəng yolçusu ol, ahəngdən özgə
hansı yollar olsa - nəhsə bulaşıq.
ahəng yolçusuna yer, göy  arxadır
başqa hər bir yolun sonu dolaşıq.

zərrə ümmanına yad ola bilər?
yad olsa, başını bəlalar alar.
ya tamam məhv olar, ya da ahəngin
ulu qüdrətiylə qalxar, sağalar.

əgər bir işində qırıqlıq varsa,
gör, harda pozmusan ahəngi, necə?
dərin düşünəndə səbəb tapılır
ortada tellər var incədən incə...

tel, telə köklənsə, gülə köklənər
yayılar hər yana ilahi səda.
ilahi aləmdə  eşqə düşənlər
min bir əzab olsa, olarlar fəda.

sən ahəng yoluna düşəndə, ahəng
özü işıq kimi bürüyür səni...
ahəngdən sarpdınmı, dəli küləklər
tikənli çöllərdə sürüyür səni...

ahəngdən sarpdınmı, iblis qolundan
tutub, min tərəfə çəkəcək səni...
bəlkə də bəslədi nemət içində,
sonda yumruğuyla əzəcək səni.

Allahın yoludur ahəngin yolu
ahəng - işarəsi uca Allahın...
qəlbində Allahın sevgisi varsa
ahənglə açılar günün, sabahın...

Peşman şeirlərim

Niyə dolanırlar başıma axı,
Mən ki, çağırmadım bu şeirləri,
Özləri bilirlər hansı haldayam,
Mənə ağı deyir  dərd, kədərləri.

Onlar haqq dünyanın cilvəsindədi,
Mələk baxışında, həvəsindədi,
Görürlər yer üzü sevmir onları,
Hamısı bir məzlum, qara gündədi.

Elə dolanırlar mənim başıma,
Xəcalət çıxırlar lal tək qarşıma,
Hərəsi görünməz bir sətir yazır
Kədərlə ağlayan qəbir daşıma.

günəş məni dindirəndə...

mən hər zaman təyyarədə,
        buludlarla günəşin arasında qalanda,
günəşin,
göylərin gözəlliyinə valeh olanda,
günəş dindirir məni...

qəlbimin telləri qarışır
                       günəşin tellərinə,
qarışıram Allahın göylərinə...

ya bulud oluram, ya ulduz, ya kahkə
şan,
ya göm-göy  səma, ya uzaqdan
göylərin dərinliyindən
                             uğultusu gələn
anlaya bilmədiyim aləm...
ya da...
sevdiyim insanların yanında
gözə görünməz işıq...

İlahi! nə gözəldir
kainata qarışmaq...

yəqin ki, belə olur
ruh olandan sonra
aləmləri dolaşmaq...

Saleh bəy

fizika elmində tanımlı bir alim,
ağayana, mərdanə insan,
elin qayğılarıyla,
Qarabağın dərdiylə həm də
                       dönüb tarixçi olan,
xalqına bir aşiq idi Saleh bəy,
ziyalı, aydın adına
                 yaraşıq idi Saleh bəy...

çırpınan, döyünən
döyülən işıq idi Saleh bəy...

insanlar sevmədi Saleh bəyi,
Saleh bəy onları sevdiyi qədər...

sinəsində neçə arzu doluxsundu,
                                              sızladı...
gücü heç nəyə çatmazdı, amma
yurduna məhəbbətlə
                    kitablar yazdı...

hələ havada qalıb
Saleh bəyin ahı...

bir vaxt tanıyar onu, inşallah
Azərbaycanın sabahı...
yağışdan sonrakı havada...

qəlbimdə
adını deyə-deyə
səni soruşdum
bahar vədəsində,
yağışdan sonrakı havadan...

sənin təbəssümünlə dindi hava,
damcı-damcı toxundu üz-gözümə....

təzə boy verən otlar, çiçəklər
hələ qəlbimə gəlməmiş,
dilimdə dinməmiş
şeirlərimi oxudular...

sənin təbəssümünlə baxdı
bir yaşıl fidan...

hər sətri
səni soraqlayan  şeirlər
alıb apardı məni
                   dünyadan...

kömək elə, yaradan!

İlk məhəbbət...

Könül açdı bir qəlbi pərvanəyə,
Tilsimləndi, söz tapmadı deməyə,
Gördü gözlərində dinən aləmi
Başladılar birgə gülümsəməyə...

Yel əsdi, üzündə tərpəndi teli,
Titrədi əlinin üstündə əli,
Susub durmuşdular, kənardan baxan,
Deyərdi durublar necə gülməli.

Qız gördü önündə öz muradını,
Ürkək, titrək pıçıldadı adını,
Məlakələr pırıl-pırıl uçdular,
Bu, bir röya, ya xəyallar odumu?...

kimsə bilmir...

sənə könül açammadım,
illər illəri apardı,
öz ömrüm ayrıydı, həsrət
məni ömrümdən qopardı.

o surətin yoxdu daha,
yerində şəkili qalıb.
Ömrüm də solub, soluxub,
öləziyib, külü qalıb.

o sevdanın gözəlliyi
dalğa-dalğa işıqlanır,
qəlbimdə dinən arzular
gedib o işığa bağlanır.

illər keçdi, ömür keçdi,
elə baxma, kövrəlirəm.
nə sən, nə də kimsə bilmir
mən hansı dərddən ölürəm.

ögey ömür

illərin üstünə illər töküldü,
köhnəldi ayrılığımızın tarixi...
uzaqlarda qaldı o vaxtdan
ömrümdən, yer üzündən
                    küsməyimin tarixi...

bütün bu illər boyu,
qəlbim
başı kəsik
bir ağac günündədi...

o ağac ağı deyir
             
 tükürpədən...
pöhrələr boy verir
yan-yörədən...
bütün bu illər, adın
ən ilahi duadır dilimdə -
çox vaxt özüm də bilmədən
pıçıldayıram astadan...
xəyalın  önündə
ibadət edirəm hərdən.                 

bütün bu illər sənin
dünyada  olmağının
sehri içindəyəm...

sənə tapşırırdı dünya məni...

yağışın səsi
adını deyə-deyə oyatdı məni,
sübh üzündən səni soruşdum...

sənin əmrində, sənin sehrində,
sənin sevgindəydi bütün aləm...

ilahi bir eşq içindəydi
                            bütün aləm...
lay-lay nur qalxırdı
dünyanın hər yerindən...

dünya
səni vəsf edirdi yer üzünə...
dünya səni tapşırırdı yer üzünə...

dünya
sənə tapşırırdı məni...

matəm içindəki qatil

qarşında bir qatiləm....
əlləri qanlı, qəlbi tufanlı.

sübh üzü güllələdim
bir gözəl məlakəni...

o məlakə
mənim nakam eşqim idi...
sənin üçün heç kim idi...

inandım artıq, yer üzündə
onun yerinin olmadığına,
sənin səbrini
əlindən almağına...

ötən gecə
sübhə qədər oxşadım, əzizlədim,
sonra
qərar verdim, güllələdim.
və sındı qəddim...

indi qarşında adi
qatil biçimdəyəm...

yer üzündə deyiləm,
dərin bir meşədə, tək tənha
matəm içidəyəm..

Gəl, nur içində

Ömrümə xoş gəldin, gəl nur içində,
Bu bərbad ömrümə bir həyat gətir.
Tulla bir tərəfə daşı, kəsəyi
Öz qəlbinə oxşar bir busat gətir.

Bir qəsr ucaldaq dağlar başında,
Dörd yanı bağ-bağat, ən zərif güllər.
Ağaclar boy versin arzuların tək,
Bulaqları sənin qəlbinə bənzər.

Ağappaq  buludlar göm-göy səmada,
Baharın günəşi - nur yağışı tək.
Mən sənin qarşında - əmrinə tabe,
Sən mənim qarşımda ilahi mələk.

Bir şirin nəğmənin məqamı olaq,
Sözləri mən olum, nəvası sən ol.
Bir ömür yaşayaq hamıdan fərqli,
Cəfası mən olum, səfası sən ol.

 





16.02.2021    çap et  çap et