525.Az

Şotlandsayağı çıxış - Xaqani Cəfərlinin şərhi


 

Şotlandsayağı çıxış - <b style="color:red">Xaqani Cəfərlinin şərhi</b>

Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqla bağlı 2016-cı il iyunun 23-də  keçirdiyi referendum zamanı Birləşmiş Krallığa daxil olan Şotlandiyada əhalinin böyük əksəriyyəti Londonun mövqeyinin əleyhinə səs vermişdi.

Şotlandiya üzrə 1 milyon seçici Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasını istədiyi halda, 1.6 milyon seçici Birliyin tərkibində qalmağı dəstəkləmişdi. Xüsusilə də Edinburqda 74.4 faiz, Qlazqoda 66.6 faiz Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasının əleyhinə səs vermişdi. Referendumdan dərhal sonra Şotlandiya hökumətinin başçısı, xanım Nikola Stercen səsvermənin nəticələrini şotlandların əksəriyyətinin öz gələcəyini Avropa Birliyində görmək istəkləri ilə izah etmişdi. Brekzitdən əvvəl Nikola Stercen bildirmişdi ki, Birləşmiş Krallıq Avropa Birliyindən çıxacağı halda Şotlandiya yenidən müstəqiliklə bağlı referendum keçirəcək.

Şotlandiyanın 2014-cü ildə müstəqilliklə bağlı keşirdiyi referendumda şotlandların 55 faizi Birləşmiş Krallığın tərkibində qalmağa səs vermişdi. Lakin Birləşmiş Krallığın Avropa Birliyindən çıxmaq qərarı vəziyyəti kəskin dəyişib. İndi Şotlandiyanın müstəqillik tərəfdarlarının sırası genişlənib. Avropa Birliyi tərəfdarları da artıq müstəqillik istəyənlərin sıralarına qoşulublar. Şotlandiya cəmiyyətində bu dəyişiklikləri aydın görən Nikola Stercen müstəqilliklə bağlı referendum keçirməkdə qərarlıdır. Ona görə də, Şotlandiyanın müstəqlliyilə bağlı referndum qanun layihəsi ötən ilin sentyabrında parlamentin gündəliyinə daxil edilib. Xanım Nikola Stercen hesab edir ki, referendum şotlandlara seçim imkanı verir: "Demokratiyada budur". 

Avropa Birliyinin üzvü olacaq müstəqil Şotlandiya ideyasını qızğın müdafiə edən xanım Nikola Stercenin mövqeləri güclənib. Son rəy sorğularına görə, şotlandların 74 faizi xanım Nikola Stercenini dəstəkləyir. Əgər hökumət başçısı öz tərəfdarlarını Şotlandiyanın müstəqilliyini dəstəkləməyə səfərbər edə bilsə, Birləşmiş Krallığın parçalanması qaçılmaz olacaq.

Şotlandları ən çox narahat edən əsas məsələ gömrük vergiləri ucbatından Şotlandiya məhsullarının Avropa Birliyinə ixracının azalacağıdır. Bunun tam əksini iddia edənlər də var. Belə proqnozlar mövcuddur ki, Şotlandiya Birləşmiş Krallığı tərk etsə, iqtisadi zərər daha böyük olacaq. Müstəqillik tərəfdarları isə hesab edirlər ki, böyük Avropa Birliyinin üzvü olacaq müstəqil Şotlandiya daha böyük bazarlara çıxış imkanı qazanacaq. Çünki Avropa Birliyinin nəhəng bazarı Birləşmiş Krallığın bazarından 7 dəfə böyükdür. Belə görünür ki, Şotlandiya İrlandiyanın yolu ilə getmək istəyir. İrlandiya Avropa Birliyinin üzvü olmaqla Böyük Britaniyadan asılılığını aradan qaldırıb. Avropa Birliyinin geniş imkanlarından məharətlə istifadə edən İrlandiya öz iqtisadiyyatını şaxələndirə bilib. Bunun nəticəsində hazırda İrlandiya adambaşına düşən ümumdaxili məhsulunun həcminə görə Böyük Britaniyanı üstələyib.

 

Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyadakı 2014-cü ildə keçirilən referendumun nəticələrini əsas götürərək yeni səsvermənin mümkünsüzlüyünü bildirib. Rəsmi Londonun razılıq vermədiyi referendumun hüquqi qüvvəsi olmayacaq. Ancaq xanım Nikola Stercenin bu əngəli aşacağına inanır. Belə ki, Şotlandiyanın birinci naziri bu referendumu qanunverici orqana tövsiyə sənədinə çevirməyə, əsas qərarın parlamentdə verilməsinə nail olmaq istəyir. Tövsiyə xarakterli referendum təşkil etməyə isə Şotlandiya hökumətinin hüququ var.

Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması Şimali İrlandiyanın da yenidən müstəqillik yoluna yönəlməsinə səbəb ola bilər. Hətta bu prosesin Uelsi əhatə etmək təhlükəsi mövcuddur. Bu təhlükəni görən rəsmi London Şotlandiyanın müstəqilliyinin qarşısını almağa çalışacaq. Amma Londonda bu zaman yalnız hüquqi vasitələrdən istifadənin yetərli olmayacağını yaxşı bilirlər. Ona görə də,  rəsmi London Birləşmiş Krallığın dünyadakı nüfuzunu artırmağa çalışır. Buna görə də, Avropa Birliyindən çıxdıqdan sonra ayrı-ayrı ölkələrlə azad ticarət müqaviləsi imzalamaqla Birləşmiş Krallığa üzvlüyün əlverişli format olduğunu qoruyub saxlamağa çalışır. İngiltərənin Baş naziri Boris Conson Birləşmiş Krallıqda istehsal olunan malların böyük bazarlara malik ölkələrə gömrük çətinlikləri olmadan çıxmasına nail olmaq istəyir. Əgər baş nazirin bu planları reallaşsa, o zaman vəziyyət dəyişə bilər. Əks halda isə heç bir hüquqi vasitələrlə birliyi qoruyub saxlamaq mümkün olmayacaq. Dünyanın ən uzun ömürlü imperiyalarından biri olan Birləşmiş Krallığın bu günə kimi bütövlüyünü qoruyub saxlaması Krallıqda təmsil olunan ölkələr üçün üzvlüyün iqtisadi cəhətdən effektli olmasıdır. Londonda yaxşı bilirlər ki, bütün imperiyaların və böyük dövlətlərin çöküşü dövlətin iqtisadi effektliyini itirməsi ilə başlayır və qarşısıalınmaz olur. Rəsmi London da məhz bu aqibətin qarşısını almağa çalışır.

 





17.02.2021    çap et  çap et