525.Az

Acı taleli qız - Telman Orucovun yazısı


 

Acı taleli qız - <b style="color:red">Telman Orucovun yazısı</b>

(Əvvəli ötən şənbə sayımızda)

Mən demirəm ki, dəyişiklik bir andaca baş verəcəkdir, lakin sən ümid bəslədiyin xoş məqsədə hökmən çatacaqsan. Ona çatdıqda isə hamı sənə başqa gözlə baxacaqdır, keçmişin bütünlüklə unudulacaq, yaddan çıxacaqdır, dənizə atılan daşa bənzəyəcəkdir, heç kəs bir də onu çıxarmağa cəhd etməyəcəkdir. Heç kəs abad, gözəl binanın hansısa çuxur, ya xarabalıq üzərində tikildiyini yada salmır. İnsan əli ilə yaranan gözəl mənzərə əvvəlki səhra görünüşünü də unutdura bilir. Yeni mühit səni xoşbəxtlik qanadlarına qaldıracaq, sənə heç vaxt rastlaşmadığın bir münasibət bəslənəcəkdir. Sənə hamı qulaqlarının öyrənmədiyi "Ruhiyyə xanım" deyə müraciət edəcəkdir.

Başlanğıcdakı qara, ağır zəhmət tələb edən işdən iyrənmə, ona giriş, yalnız gələcəyini nəzərə al, onun naminə cəhənnəm əzabına da dözməlisən. Həmin qərarının köməyi ilə gələcəkdə sən tam başqa bir adama çevriləcəksən, keçmişindən yanmış vərəqə kimi əsər-əlamət qalmayacaqdır. Tale gəmin gözləmədiyin, sənə tanış olmayan yeni, daha geniş limanda lövbər salacaqdır, təsəvvvür et ki, uduş nə qədər böyük olacaqdır. Bu günün gəlməsi, baş tutması naminə çox şeyi qurban vermək olar, ac da qalmaq, ağır fiziki işin əzablarına da dözmək olar. Sən gələcəyin bəhrəli zəmisinə sahib olmaq üçün, onun cücərtilərini alın tərinlə suvarmalısan.

Mən bilirəm ki, qazanc mənbəyini itirdiyinə görə ilk günlərdə daha böyük ehtiyac ağrısını hiss edəcəksən. Bəlkə də, ac qalacaqsan, hələ ananı və kiçik bacını demirəm. Ona görə də götür bu 100 manatı. Sənə azacıq da olsa köməyi dəyə bilər. Bu, yara sağaldan məbləğ olmasa da, dərdi bir qədər azalda bilər.

Yəqin ki, Viktor Hüqonun "Səfillər" romanından sənin az-çox xəbərin vardır. Mən özümü və səni onun təsvir etdiyi müqəddəs insanlara bənzətmirəm, lakin kiçik də olsa, bir paralel görürəm. Bacısı uşaqlarının ac qalması ucbatından dükandan çörək oğurladığına görə uzun müddət ağır katorqa cəzasına məhkum edilən və onu çəkən Jan Valjan xilas olduqdan sonra bir kiçik şəhərdə gecələməyə yer axtarırdı. Heç kəs bu katorqaçını qəbul etmək istəmirdi. Axırda ona yepiskop Benvenyunun evini nişan verdilər və o, keşişin qapısını döydü. Meriel Benvenyu onu otağa dəvət etdi, özünə qulluq edən bacısına dedi ki, süfrə aç, gümüş çəngəl-bıçaqları düz, biz qonağımızla birgə şam edəcəyik. Bacısı deyilənlərə əməl etdi, bu vaxt yepiskop dedi ki, gümüş şamdanları da gətir yandır. Jan Valjan ömründə belə ehtiram, insanlıq təzahürü görməmişdi, iştahla xörəyi yedi və sonra təmiz yorğan-döşəkli çarpayıda yatdı.

Səhər tezdən yepiskop bağında işləyirdi, bu vaxt iki ajan qolundan tutduqları Jan Valjanı onun yanına gətirdilər və göstərdilər ki, o, evinizdən çəngəl-bıçağı oğurlayıb, siz oyanandan qabaq qaçmışdır. Benvenyu onlara heç nə demədi, üzünü Jan Valjana tutub dedi:

- Mən şamdanları da sənə bağışlamışdım, niyə onları götürməmisən?

Sonra bacısını çağırıb dedi ki, şamdanları gətirsin və onları da köhnə katorqaçıya verdi. Ajanlar bu səhnəni gördükdən sonra Jan Valjanı buraxıb getdilər.

Bu bədbəxt insan çaş-baş qalmışdı, heç nə başa düşmürdü. Keşiş Meriel ona dedi:

- Mən bunlarla sənin ruhunu satın aldım və ümid edirəm ki, ömründə heç vaxt bir daha oğurluq etməyəcəksən.

Jan Valjan şəhəri tərk etdi, sonra o, başqa bir şəhərdə qara şüşə zavodu açdı, həmin şəhərin meri seçildi. Ömrü boyu özünü təhlükələrə ataraq, yepiskopun nümunəsi əsasında adamlara, bədbəxtlərə, hətta özünə düşmən olanlara kömək əlini uzatdı, bəzilərini ölümdən xilas etdi.

Mən Benvenyu deyiləm, gümüş çəngəl-bıçağım, şamdanlarım da yoxdur ki, onları sənə verim. Bu kiçik məbləğdəki əskinasla mən də sənin ruhunu satın alıram ki, heç vaxt bir daha fahişəlik etməyəsən. Sən də Jan Valjan nümunəsindən istifadə et, heç olmasa, öz həyatını dəyişməyə çalış. Keçmiş keçib getmişdir, onun haqqında çox düşünmək lazım deyil, gələcəyə baxmaq lazımdır. Keçmişdə gecələmək kifayətdir, dan şəfəqi o qaranlığı dağıtmalıdır. Ömür boyu keçmişdə qalmaq olmaz. Deyəsən, mənim moizəm uzun çəkdi, axı mən güclü inandırmaq qabiliyyətinə də malik deyiləm, ona görə də sözlər bolluğu yarandı.

Yusif müəllimin nəsihətlərini, acı sözlərini dinlədikcə Ruhiyyə qorxu hissləri keçirirdi, güman edirdi ki, fərəhsiz həyatının üzərinə bu alicənab insanın mənəvi tiraniyası da əlavə olunacaqdır. Tiraniyadan isə heç kəs xeyir gözləmir.

Ruhiyyə Yusif müəllimin uzun nitqini başını döyəcləyən leysan yağış kimi qiymətləndirirdi. Sözlərinin çoxu qılınc zərbəsini andırırdı. İndiyədək heç kəs onunla belə söhbət aparmamışdı. Bu alicənab kişi fəsadı müalicə etmək naminə hansısa daxili orqanın bir hissəsini kəsib atan qəddar, ancaq xeyirxah cərraha bənzəyirdi. O, bu qızın təkcə keçmişini dərin budamaya məruz qoymurdu, onun cərrah bıçağının heç toxunmadığı orqanlarda da - beynində də, ürəyində də xeyli dəyişikliyin meydana gəlməsinə səbəb olmuşdu. Trepanasiya aparmadan əxlaqını idarə edən vəzini xərçəng şişi kimi qaşıyıb atmaqla, onu ağır bəladan xilas etmişdi. İndi bu qız təkcə həyat ukladını deyil, bütün xarakterini, adəti davranışını, keçmiş düşüncə tərzini tam dəyişməli idi. Bircə onunla razılaşmırdı ki, deyəsən, Yusif müəllim hər şeydə onu günahkar bilir, sosial mühitin günahkar olduğunu bütünlüklə yaddan çıxarır. Anladı ki, axı söhbət ümumi problemdən deyil, onun şəxsi taleyindən gedir. Ancaq bu alicənab insanın məntiqinə qarşı çıxmaq da mümkün deyildi. Doğma atası da sağ olsaydı və ona buna bənzər sözləri desəydi, yəqin ki, bu qız bir o qədər təsirlənməzdi. Bu qeyri-adi insanın şəxsiyyətində olduğu kimi, hər sözündə də maqnitə xas olan bir cazibə qüvvəsi var idi.

Ruhiyyə özlüyündə belə bir qənaətə gəldi ki, heç kəsi belə dinləməzdi, başqasının bu qədər acı sözlərini qəbul etməzdi. Lakin Yusif müəllimi eşitdikcə o, təşviş hissləri keçirirdi, sözlər onu öz sərt təsiri altına alırdı. Bu ziyalı insanın danışdıqlarına qulaq asdıqca, onun ürəyi, hiddətlənmiş, qəzəblənmiş adamda olduğundan daha bərk döyünürdü, az qala döş qəfəsindən çıxmaq istəyirdi. Ruhiyyə heç kəsə bənzəməyən qaydada ondan xəcalət çəkirdi, ona görə də onun yanından nə qədər mümkünsə tez qaçıb qurtarmağa çalışırdı. Ona vəd vermək isə daha çətin idi. Onun məzəmmətlərindən sonra ancaq belə bir əzici fikrə düşürdü ki, indiyədək həyat sürdüyü kimi yaşamağa dəyərmi?! Onun sözləri bu fağır qızı ilan kimi sancırdı, bu sancmanı o, daha çox ürəyi və ya könlü ilə hiss edirdi və qərara gəlirdi ki, hökmən onun göstərişlərinə əməl etmək, məsləhətinə uyğun qaydada hərəkət etmək lazımdır. O, belə bir uçan qayanın altında qalmağa dözə biləcəkdimi? Bənzər sualların sayı-hesabı yox idi. Yusif müəllim öz acı sözləri ilə həyatın dibinə düşmüş bu qızı ağlamağa məcbur edirdi, lakin elə bil ki, bu adamın başlıca vəzifəsi bütün insanların göz yaşlarını qurutmaq idi. Ruhiyyə düşünürdü ki, ağır sözlər, ittihamlar işlətməklə onun göz yaşı axıtmasına müvəffəq olursa, çalışır ki, bu bədbəxt qız bir daha ağlamasın, elə xoşbəxtliyə qovuşsun ki, bu vaxt onun gözündən heç vaxt kədər yaşı gəlməsin, sifətinə isə bir səhra quraqlığı hakim kəsilsin.

Qız bu adamın insanpərvərliyinə məəttəl və heyran qalmışdı. Həm sərt qaydada cəzalandıra, həm də mərhəmətini işə salmaqla bağışlaya, bəraət verə bilirdi. Bu bəşər övladı adamı ittiham etdiyi kimi, onun müdafiəsinə də qalxmağı bacarırdı. Böyük adamın böyüklüyü kiçik adama münasibətdə daha çox üzə çıxır. Hərtərəfli götür-qoy etdikdən sonra, Yusif müəllimin verdiyi məsləhətlərə əməl etməyi özünün borcu saymağa başladı. Axı bu adam ilk ciddi görüşdə onu, könlünün bütün hüceyrələrinə qədər başa düşmüşdü, onun tapşırıqlarını heç də qulaq ardına vurmaq olmazdı. Ruhiyyəyə elə gəlirdi ki, bu alicənab insanın nitqi vasitəsilə Allahın göndərdiyi mələklərin səsini eşidir, yalnız özünü xilas etmək üçün bu fağır qız yeni Janna d'Arka çevrilmişdir, bu məsləhətlər ona məhz göylərdən gəlir.

O, Ruhiyyəyə öz taleyini necə qurmağı, onda hansı düzəlişlər aparmağı bildirmişdi. Çox götür-qoy etdikdən sonra qızda ümid yarandı ki, əgər ağır həyata dözməyi bacarsa, çox şeyə nail ola bilər. Yusif müəllimin təsvir etdiyi perspektiv həm də qızı canlandırmış, ona heç vaxt malik olmadığı sehrli bir ilham vermişdi. İlk növbədə tanışlarının ikrah saçan münasibəti ilə vidalaşmaq kimi uğura sahib olacaqdı. Küçəyə çıxanda adamların onun heysiyyətini əzən istehzalı baxışlarına son qoyulacaqdı və onun adının üstündən qara ləkələr yoxa çıxacaqdı. Təkcə bunların naminə hər cür cəhənnəm əzabına dözmək olardı.

Yusif müəllim onun kəskin sözlərindən Ruhiyyənin fikrə daldığını görüb, onu ruhlandırmaq üçün bir daha dedi:

- Mənim məsləhətimə əməl etsən, sənin taleyindəki əsaslı dəyişikliyi hökmən görəcəksən, özü də uzun illərdən fərqli olaraq, həyatın necə gözəl olduğuna öz təəccübünlə yanaşı, sən bir yəqinlik, qətiyyət tapacaqsan. Özün də dəyişəcək, yeniləşəcəksən. Baş verən metamorfoza sənin özünə də keçmişini unutduracaqdır. Ona görə də səni öz taleyinin hakimi olmağa çağırıram. Bu, heç də mənim deyil, dahi Konfutsinin sözüdür.

Yusif müəllim gülümsünərək əlavə etdi:

- Elə güman etmə ki, bizim bəxtimiz həmişə gətirir, biz xoşbəxtlik adlanan kruiz gəmisində səyahət edirik, nəzəri fizika çətin elmdir. Tətbiqi fizikanın nailiyyətləri olmasa, nəzəri fizika da nəticəsizliyə qapılmalı olur. Bu yaxınlarda mən Yaponiyada elmi konfransda məruzə ilə etdiyim çıxış pis qarşılanmadı. Lakin bir yapon alimi öz iradını bildirdi ki, siz tətbiqi fizikada, onda ixtiralar etməkdə çox geridə qalırsınız. Əgər elmin hər iki qolu birgə inkişaf etmirsə, ikincinin, yəni nəzəri fizikanın yaxşı səviyyədə olduğuna da şübhə yaranır. İndi rusların Siolkovski dövrü deyildir. Kosmosun fəth edilməsində, texnologiyada, rəqəm iqtisadiyyatında fiziklərin kəşfləri mühüm rol oynayır. Artıq elm münəccimlikdən imtina etməyə başlamışdır. ABŞ-ın, Çinin, Cənubi Koreyanın, Yaponiyanın özünün kibernetika sahəsindəki ixtiraları bəşəriyyətin həqiqi inkişafına əsl şərait yaratmışdır. Postsovet məkanında isə elmin inkişafı axsayır, heç kasıb texnologiya da ciddi bir irəliləyişə nail olmur. İngilis professoru da öz kolleqasının iradına qoşuldu. Bizim geriliyimizin tənqidi, mənə sifətimə vurulan sillə təsiri bağışladı. Sən isə elə bilirsən ki, biz idilliya şəraitində ömür sürürük. Həqiqəti gizlətmək mümkün deyildir. Yalan deyil, həqiqət daim qalib gəlir.

Ruhiyyə düşünürdü ki, onun dilindən çıxan ağır ifadələrə baxmayaraq, sonralar bu ağacın şirin meyvələrini daddıqca, bu bağın bağbanına qarşı minnətdarlıq hissləri daha da artacaqdır. Qızın ona münasibəti qeyri-adilik dərəcəsinə gəlmişdi. Ruhiyyə ona, piqmey nəhəngə baxan kimi baxırdı, qızın gözündə o, həqiqətən də, fikir və alicənablıq nəhəngi idi.

Qız evə qayıdanda özünü ağır yük altında olan kimi hiss edirdi. Onun məsləhətinə necə əməl edəcəkdir, əməl etməsə, yəqin ki, Allahın qəzəbinə tuş gələ bilərdi. Bəlkə o, Allahın iradəsi ilə Ruhiyyəni xilas etmək missiyasını öz üzərinə götürmüşdür, yoxsa ilk dəfə tanış olduğu qıza niyə belə məsləhətlər verməli idi. Ruhiyyə daim özünü mühakimə etməkdən qaçmışdı, bu kişi isə ona qurulan məhkəmədə həm ittihamçı, həm də vəkil rolunda çıxış edir, ona bəraət verməyə də çalışırdı. O eşitmişdi ki, bəzi adamlar təbiətin səhvidir, onlar mənfur xidmətdən, pis əməldən başqa heç nəyə qadir deyillər. Yusif müəllim isə onların antipodu idi, o, yalnız yaxşılıq etmək üçün dünyaya gəlmişdir və bu yaxşılığa görə onun kimilər heç bir təmənna da ummurlar.

(Ardı var)

 





22.02.2021    çap et  çap et