525.Az

Dildə nəyimiz var, nəyimiz yox - Niyazi Mehdi etüdləri davam etdirir


 

Dildə nəyimiz var, nəyimiz yox - <b style="color:red">Niyazi Mehdi etüdləri davam etdirir</b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Mənsubiyyət şəkilçisinin yaratdığı rahatlıq

Qısırlaşmaq bütün dillərin, hətta gəlişmiş dillərin də dərdidir. Bir halda üstünlüyü olan dilin, görürsən, başqa halda geriliyi olur. Rus dilinin uğurlarını heç kim danmaz. Ancaq di gəl bizdə uşaq qısaca "anam haradadır" soruşduğu yerdə rus gərək "qde moya mama " desin. Bax, bu "moya mama " tipli deyimlər bizim mənsubiyyət şəkilçili sözlərimizə baxanda xeyli naqolaylıq yaradır. 

Sırf türkcənin effektlərindən 

Götürək "gil" şəkilçisini. Bizdəki "Əhmədgil"i necə elənçi yığcamlıqla rusca, ya ingiliscə verəsən? Bu şəkilçi bizdə xeyli deyim asanlığı yaradır, kalamburlar üçün ayaq verir, reklamda da effekt yarada bilər.

Bu yaxınlarda Çəmbərəkənd tərəfdə bir kafe adını gördüm: "Pizza-mizza". Bir sözün təkrarında birinci səsi "m"lə əvəz etmək ("çay-may", "pul-mul", "ət-mət") "və s.", "və ilaxır" anlamını verir, ancaq onlar kimi dadsız, quru deyil. Bu formadan türklərin etgisi ilə ruscada geniş istifadə edilir. "Pizza-mizza" pizza və başqa yeməklər anlamını verir və çox gözəldir ki, çağdaş reklamda ondan istifadə ediblər. 30-40 il qabaq bizim reklam dilində belə deyimlər ola bilməzdi. Belə nəsnələrə görə deyirəm ki, dil imkanlarından geniş istifadə edib çağımızla bağlı lallıqdan çıxmalıyıq.

Ruslar hələ də türkün, tatarın sözünü dəyişdirib "baş na baş" deyirlər. Bizdə bu, "başa-baş"dır. Deyim heyvandarlıq kültüründən gəlir. Mal-qara, qoyun-quzu başlarla sayılır. Nədən? Çünki ayaqlardan fərqli olaraq baş bədəndə təkdir. O biri yandan, baş olmasa, heyvanda dirilik olmaz. Bir ayaqsız, bir qolsuz isə heyvan diri ola bilər.

Rusları "baş na baş"da nə etgiləndirmişdi ki, türk və ya tatarlardan onu götürüb saxlamışdılar? Görünür, iki canlını əvəz-əvəz edəndə, sayanda çoxlu ayaqlara yox, birbaşa orientasiya etmək rahatdır. Heyvanı əvəz edən başı olur. Sanki heyvan iri planda, baş timsalında göstərilir. Semiotikada buna metonimik bildirici (işarə) deyirlər. Metonimiyada iri kadr prinsipində verilmiş balaca detallar bütövün işarəsi olur. Tutalım, bir adam bütün ulusu bildirir - bu zaman o, metonimik bildirici kimi çıxış edir. Baş, bax, bu anlamda metonimik işarə ola bilir, ancaq qoldan və ayaqdan fərqli olaraq:

a) o, bir dənədir; 

b) o, diriliyin, canın ayrılmaz faktıdır, halbuki adam bir qolla, bir ayaqla da diri qala bilər. 

Milli psixolojidən xəbər verən söz 

Qabaqlar min dəfə işlətdiyim sözə, - "yığışdırmaq" sözünə bu yaxınlarda diqqətlə "baxdım" və onu azəri mentalitetindən soraq verən kəlmə kimi duydum. Nədən biz otaqları səliqəyə salmağa "yığışdırmaq" deyirik? "Yığışdırmaq" toplamaq anlamını verən "yığmaq"danıdır. Rusların "ubirat", yəni götürmək dediyinə biz niyə "yığmaq" ("yığışdırmaq") deyirik? Azərilər üçün hər hansı məkanda yığışıq aparmaq dağınıq olmuşları, dağıdılmışları, dağılmışları yığıb öz yerinə qoymaqdır. "Özünü yığışdırmaq" bizdə çox ciddi hədədir, tapşırıqdır. Deməli, əxlaqda da biz adamı çağırırıq ki, xasiyyət, davranış dağınıqlığından özünü yığışdır, yəni özündən dağılıb səpələnmişləri yerlərinə qaytar.

Dil kəsirlərimizdən 

Dilimizdə öyünməli nə qədər nəsnə varsa, o qədər də rahatsız edən çatışmazlıqlar var. Ancaq dilimizin imkan qıtlığından yekə-yekə şikayətlənməkdənsə, nələrdə problem olmasının siyahısını tutmaq yey olar. Siyahı olsun, sonra necə problemi çözməklə ilgili ideyalara çıxmaq olar.

Çatışmazlıqlardan biri nitq hissəsi olan sifətə aid sözlərin normal şəkilçisinin olmamasıdır. Düzdür, indi dadımıza Anadolu türklərinin işltdiyi "-sal,-səl" şəkilçisi çatır. "Evrənsəl", "kürrəsəl", "dinsəl", "duyğusal" sözlərində "evrən" (dünya), "kürrə" kimi isimlər "-sal, -səl" sayəsində cümlədə asanca təyinə çevrilirlər. Di gəl bu formadan çox az istifadə edirik, çünki üstündə "Anadolu təsiri" adında "ləkə" var. Halbuki çağdaş intellektuallığınızın ağıllı düşüncələr yapması üçün asanca sifətləşdirən, cümlədə təyinləşdirən şəkilçilərə gərək var.

Bəs problemi necə çözək? İngiliscədə "political", ruscadakı "politicheskiy" sözlərində ismı asanca təyinə çevirən şəkilçini haradan tapaq? Haradan "-sal", "-səl"dən yaxşısını əldə edək? Sual bu!

Sözdə gizlənənlərdən 

Söz kosmos kimi 

Mənim sözlər, deyimlər haqqında söhbətlərimi oxumuş adam soruşa bilər ki, nə yapışmısan onların quyruğundan?! Çoxlarımız sözə daşqa kimi baxır. Daşqa daşımaq sözündəndir, Qarabağda arabanın bir növünü bildirir. Çoxları sözə bir-iki, ən çoxu on-on beş məna daşıyan daşqa kimi baxdığı üçün də hansı sözəsə, məsələn "yaxşı" sözünə həsr olunmuş silsilə yazıya, kitaba inanmır. İnanmır ki, bir sözdən çoxlu ilginc nəsnələr çıxartmaq olar.

Ancaq hər söz kosmosa açılan dəlikdir, ya qapıdır. Oradan kosmosa yollanmaq olar. Latın Amerikasının çox ünlü yazıçısı Luis Xorxe Borxes bunu belə açmışdı: "Pələng" sözünün içindən dünyaya səyahət etmək olar. Məsələn, "pələng" sözü bizi aparır onun yediyi ceyrana, "ceyran" sözü bizi aparır ceyranın yediyi otlara, otlar bizi aparır onların bitdiyi torpağa, torpaq bizi aparır ona yağan yağışa, yağış göylərə və s. Beləcə, bütün dünyanı gəzirsən. Sözün kosmosa çıxarması budur. "Oğuznamə"də yaxşı deyiblər: - "Söz torpaq gibidir, eşdikcə örər".

Bizdə fəlsəfi nəsnələr yazmaq istəyənlər çoxdur. Ancaq onların bir xeylisi ona görə yazammır ki, sözə kosmosa açılmış qapı kimi, sözə kosmosdan qatı enerji almış dağarcıq kimi baxa bilmir. Sözə daşqa kimi bir nəsnə, yəni bu ağızdan filan qulağa bir-iki məna daşıyan minik və ya daşıyıcı arac kimi baxır.

Sözün qəbul gücü 

Yəhudilərdə Kabbala adında çox güclü, çox sirli mistik fəlsəfə var. Bu Kabbala əl-kimyanı, astrologiyanı, dini, fəlsəfəni, meditasyonu, bizim hürufilərsayağı hərf və say  ezoteriyasını, yəni batinçiliyini bir-birinə hörgüləyib möcüzəli düşüncə binasını tikir. Kabbala ibranicə (əski yəhudi dilində) "almaq" (kabbala/qəbul) sözündəndir. Kabbala düşüncə kosmosuna adi bir sözdən, bazarda, evdə min dənə axmaq şeyi söyləmək üçün işlədilən "almaq" ("qəbul etmək") sözündən çıxır, yəni almağın kosmik enerjisindən təpər alır. Məsələn, bütün dünyadakıları ölçəndə onların hər birinin almaq bacarığı və imkanlarını əsas götürür. Anladır ki, daşda almaq imkanı çox aşağıdır, insanda isə almaq istəyi yüksəkdir. Heyvanların dünyadan alacaqları insana baxanda çox azdır. İnsanlığın tarixi isə almaq (qəbul) çevrəsinin genişlənməsi tarixidir. Təkcə yeməklərə baxın, görün, çağdaş insanın yeyəcəklərinə, tutalım, Çin mətbəxinə görə  nə qədər dürlü yeməklər girib.

Allah-Təala öz yaxşılıqlarını aşıb-daşıraraq yerə ələyir, insansa onları almaq üçün ömür deyilən yolda səyahətə çıxır. Türkiyədə bekataşilərin bir deyimi biçimində suvenir heykəlciklər düzəldirlər, - fırfıra rəqsi edən dərvişin yuxarı qalxmış sağ əli şamdan tutur, sol əli isə barmaqlarını yerə uzadır. Deyim belədir: Haqdan xalqa. Yüzillər boyu peyğəmbərlər və müdriklər, beləcə, Haqdan alıb xalqa ötürmüşlər.  

Azərbaycan türkcəsinin sözlərindən də metafizik, yəni fəlsəfi səyahətə çıxmaq olar. 

Buna örnəklər 

"Divanü Lüğat-it-Türk"də "uslamaq" sözü var, "anlamaq" mənasını verir. Biz ərəbdən gəlmə "zəka", "təfəkkür" sözlərinin əlində qalmışıq, heç olmasa, "təfəkkür"dən "fikir" sezilir, "zəka"dansa heç nə bilinmir, gərək onu Çin ieroqlifi kimi əzbərləyəsən. Türklərin "us" sözündən isə "uş", "duş/düş" sezilir. "Düş-ünmək"dəki kök oradandır. "Huşumdan çıxdı" deyirik, bu "huş" da "us"dan və "düş"dəndir. Görün "us" nə qədər fonetik variantlarda özünü göstərib.

Ağılla bağlı bir əski sözümüz də var, "ök". Bilirsiniz o, hansı kəlmənin içində əriyib? "Öyüd" kəlməsinin. "Ök" anladır ki, öyüd vermək ağıl qoymaqdır.

Bir az qabaq "sezmək" sözünü işlətdim. Əski türkcə o, duymağı, üzə çıxarmağı bildirirdi. İndi nəyisə intuitiv bilməyin arxasında durur. Əskilərdə "sezik" rəy, mühakimə anlamını verirdi, di gəl biz bu sözü unudub, ərəbdən aldıqlarımıza üstünlük verdik. Ancaq yunanlardakı kimi əski dönəmlərdə bizim də sözlərə köklənmiş fəlsəfi düşüncəmiz olsaydı, rəyin, mühakimənin "sezmək"dən çıxarılması fəlsəfi ideyalar verərdi. Anadolu türkləri bizim qulağımıza kobud gələn "qanmaq/qandırmaq" sözündən rəy anlamında "kanı"nı çıxarıblar. Heyif "sezik" sözündən!

Biz "icəşmək" deyirik, bunun əski variantı "öcəşmək"dir, düşmənçilki etmək anlamını verir. Biz "öcəşmək" deyəndə söz güləşdirməyi başa düşürük, əski "öcəşmək" isə anladır ki, sözlə düşmənçilik etməkdir öcəşmək. Vətənin görməli yerlərini gəzmək ləzzətdir. Ancaq vətənin dilində turizm yapmağın ləzzəti bundan az deyil!

 





14.04.2021    çap et  çap et