525.Az

Moskvadan Berlinə ittiham - Xaqani Cəfərlinin şərhi


 

Moskvadan Berlinə ittiham - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Moskva rəsmi qaydada Almaniya hökumətini Rusiya müxalifətinin lideri Aleksey Navalnını himayə etməkdə və ona yardım göstərməkdə günahlandırıb. Moskvada hesab edirlər ki, müxalifət lideri "Putinin sarayı" filmini  məhz Almaniya hökumətinin köməyi ilə hazırlayıb. Rusiyanın hakim dairələrində belə hesab edirlər ki, prezident Putinin Almaniya Demokratik Respublikasının təhlükəsizlik xidməti "Ştazi"də xidməti ilə bağlı məlumat müxalifət liderinə məhz rəsmi Berlin tərəfindən verilib. Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniya hökumətinin və xüsusi xidmət orqanlarının razılığı olmadan Navalnı Sovet kəşfiyyatının Drezdendəki rezindenturasının yerləşdiyi binaya daxil ola, sənədləri araşdıra bilməzdi. Rusiya rəsmilərinin bu ittihamının nə qədər əsaslı olduğunu söyləmək çətindir. Diqqət çəkən məqam isə yanvar ayında Yutub video hostinqi üzərindən yayılmış filmlə bağlı rəsmi Moskvanın Almaniyaya məhz indi irad bildirməsi, rəsmi Berlini Rusiya müxalifətinin lideri ilə işbirliyində ittiham etməsidir. Xüsusilə də Almaniya ilə Rusiya arasında iqtisadi münasibətləri nəzərə alanda Moskvanın Berlini ittiham etməsi çox təəccüblüdür.

Məlum olduğu kimi, Almaniya Avropa qitəsində Rusiyanın əsas iqtisadi tərəfdaşı sayılır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 22.2 faiz azalsa da, 45 milyard avro təşkil edib. Ticarət dövriyyəsinin əsas hissəsini Rusiyanın Almaniyaya ixracı təşkil edib. Rəsmi statistikaya görə, ötən il Rusiya ilə Almaniya arasında qeydə alınmış ticarət dövriyyəsi son 15 ilin ən aşağı göstəricisidir. Ekspertlər hesab edirlər ki, Rusiyanın Avropadakı əsas tərəfdaşı ilə ticarət dövriyyəsinin 22.2 faiz azalması koronavirus pandemiyasının təsiri ilə yanaşı, həm də iqtisadi qadağaların yaratdığı məhdudiyyətlərin nəticəsidir. Almaniya Rusiya ilə ticarət münasibətlərinin inkişafında maraqlı olsa da, Moskva ilə Qərb paytaxtları arasındakı münasibətlərin pisləşməsi və ABŞ-ın sanksiyaları öz təsirini göstərir. Alman şirkətləri ABŞ hökumətinin qəzəbinə gəlməmək üçün Rusiyadakı fəaliyyətlərini dayandırmağa məcbur olurlar. Digər tərəfdən, Almaniya Şərqi Avropadakı ən böyük iqtisadi tərəfdaşı olan Polşanın da mövqeyini nəzərə almaq məcburiyyətindədir.

Rusiya ilə "soyuq müharibə" vəziyyətində olan Polşa Almaniyaya təzyiq edərək Rusiya ilə iqtisadi münasibətlərini yenidən dəyərləndirməyə yönləndirir. Almaniya isə 88 milyard avroluq ticarət dövriyyəsi olan Polşanın mövqelərini nəzərə almaq məcburiyyətindədir. Ümumiyyətlə, rəsmi Berlin ABŞ və Şərqi Avropa ölkələri ilə ticarət münasibətlərini Rusiya ilə iqtisadi əlaqələrə qurban verməyin qeyri-mümkünlüyünün fərqindədir. Almaniya hökuməti əsas tərəfdaşlarının təzyiqləri qarşısında Rusiya ilə iqtisadi münasibətlərini qorumaq üçün fəal diplomatiya apardığı bir zamanda Rusiyanın Berlini ittiham etməsi müşahidəçilərin haqlı təəccübünə səbəb olub. Çünki Moskva ilə Berlin arasında siyasi münasibətlərin gərginləşməsi ötən il 22.2 faiz azalmış ticarət dövriyyəsinin daha kəskin şəkildə azalmasına səbəb ola bilər.

 

Rəsmi Moskvanın Almaniya hökumətini Rusiya müxalifətinin lideri ilə işbirliyində ittiham etməsi Berlinin Vaşinqton və Londonla eyni mövqedən çıxış etməsinə də yol aça bilər. Əgər Berlinlə Moskva arasında münasibətlər pisləşməyə başlasa, Almaniya ABŞ və Böyük Britaniya ilə birlikdə Rusiyanın qarşısında yer alacaq. Almaniya ilə münasibətlərin pisləşməsi Rusiyanın Avropa Birliyi ilə münasibətlərini də ən aşağı səviyyəyə salacaq. Bu isə Rusiya üçün ağır nəticələr doğura bilər. Bütün bunlara baxmayaraq, rəsmi Moskva Berlini ittiham etməkdən çəkinmir.

Belə görünür ki, Rusiya rəsmilərinin Avropa ilə əlaqələri kəsə biləcəkləri haqqında açıqlamaları yalnız sözdən ibarət deyil. Məlum olduğu kimi, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ötən həftə verdiyi bir müsahibədə Avropa ilə əlaqələri kəsə biləcəklərini açıqlamışdı. O zaman bu açıqlama çox ciddi qəbul olunmamışdı. Çünki Avropa ilə əlaqələrin kəsilməsinin intihara bərabər olacağı hər kəsə aydındır. Ötən əsrin 70-ci illərindən başlayaraq Avropa ilə iqtisadi əlaqələr öncə Sovet İttifaqının, SSRİ-nin dağılmasından sonra isə Rusiyanın iqtisadiyyatında aparıcı rola malikdir. İndi həmin əlaqələrin kəsilməsinin doğura biləcəyi nəticələri proqnozlaşdırmaq o qədər də çətin deyil. Rusiyanın Avropa ilə əlaqələrinin kəsilməsi sadəcə ticarət dövriyyəsinin kəskin aşağı düşməsi, Moskvanın valyuta gəlirlərinin azalması ilə nəticələnməyəcək. Bu, həm də iş yerlərinin bağlanmasına və işsizlərin sayının kəskin artmasına səbəb olacaq. Əgər onu da nəzərə alsaq ki, Çin Rusiya ilə iqtisadi münasibətlərinin səviyyəsini aşağı salır,  Avropa ilə iqtisadi münasibətlərin aşağı salınması Moskva üçün həqiqətən intihara bərabər addım olacaq. Rəsmi məlumatlara görə, Çin ötən il Rusiyaya yatırdığı sərmayənin tən yarısını bu ölkədən çıxarıb. Pekin bu addımı ilə bağlı hər hansısa açıqlama veməsə də, Çinin Rusiya ilə iqtisadi münasibətləri aşağı saldığı tam aydın görünür. Belə bir vəziyyətdə Avropa ilə iqtisadi münasibətlərin Rusiya üçün doğuracağı nəticələr çox ağır olacaq. Ancaq belə görünür ki, bu ehtimal Rusiyanın hakim dairələrini narahat etmir və Moskva Avropa ilə sərt qarşıdurma yolunu seçib.

 





14.04.2021    çap et  çap et