525.Az

Qatı millətçilər yenə dividend sorağında - Telman Orucov yazır


 

Qatı millətçilər yenə dividend sorağında - <b style="color:red">Telman Orucov yazır</b>

Ermənistanın yeni yaraları

(Əvvəli ötən sayımızda)

Oxucu sual verə bilər ki, söhbət daim erməni qatı millətçilərindən gedir, bəs xalq hara baxırdı? Erməni xalqını bir məsələdə xüsusən ittiham etmək olar ki, o, öz marginallarının təsiri altına asanlıqla düşür. Bütövlükdə isə ermənilərə münasibəti əclaflara qarşı olan hisslərlə qarışıq salmaq düzgün deyildir. Ermənistan ölkəsi ilə dövlətini də eyniləşdirmək ədalətsizlik olardı. Ölkənin gözəl təbiəti vardır. Ona vurulan əcnəbilər də az deyildir, Ermənistan dövlətinin siyasətini isə geosiyasi maraqlar kənara qoyulduqda, bəyənənlər, yəqin ki, çox azdır. Ona görə də tənqid hədəfini düzgün seçmək lazımdır, portretlər işlənəndə hamısını Maleviçin kvadratı kimi bir qara rənglə təsvir etmək düzgün olmazdı. Cinayətkarlar qrup şəklində olsalar da, bütün xalqın arxasında gizlənməyə çalışsalar da, onları fərqləndirməmək ciddi səhvə yol vermək olardı. Lakin bu o demək deyildir ki, erməniləri lap mələk hesab etmək olar. Əsla yox, çünki öz qatı millətçiləri onları aldadıb, səhv yola salır, çox asanlıqla azdırmağı bacarırlar. Bunu danmaq olmaz ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayış məntəqələrini xaraba qoymaqda ermənilər bir-birilə yarışır, öz şeytan əməllərindən həzz alırdılar. Bu mənzərəni isə yalnız kütləvi şizofreniya epidemiyası adlandırmaq olar.  

Ermənistanın son yarım əsri 

XX əsrin sonu, XXI əsrin əvvəlki iki onilliyi əksər xalqlar üçün inkişaf, evolyusiya dövrünə çevrilmiş, ayrı-ayrı ölkələr çiçəklənməkdə davam etmiş, bütün sahələrdə irəliləyişə nail olmuşdur. Ermənistan isə bu illərdə xərçəng kimi geriyə addımlamışdı. Qonşu ölkənin ərazilərini işğal etdikdən sonra militarizm yoluna keçmiş, digər iqtisadi və sosial vəzifələri bütünlüklə yaddan çıxarmışdı. Ölkədə elmin və mədəniyyətin tənəzzülü də baş vermişdir.

Ermənistan rəhbərliyi diqqətini xalqın ümdə vəzifələrindən yayındırmaqla, ağılsızcasına işğalın əbədi xarakter daşımasını guya təmin etmək xülyasına üstünlük vermişdi. Güman edirdi ki, Azərbaycana dəymiş zərbə, bir milyona qədər qaçqın və məcburi köçkün probleminin mövcudluğu onu bütünlüklə çaşdıracaq, sarsıdacaq, ölkə bu ağır yükə dözə bilməyəcəkdir və nəticədə süquta uğrayacaqdır. Onların bu ümidi Azərbaycan rəhbərliyinin sarsılmaz iradəsini təmsil edən qayaya çırpılıb, darmadağın oldu. Azərbaycan nəinki tənəzzül yoluna qədəm basdı, süqut etdi, əksinə, iqtisadiyyatını görünməmiş iti sürətlə inkişaf etdirdi. Ölkəyə güclü maliyyə axını daxil oldu, əhalinin rifahı xeyli yaxşılaşdı. Qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələr və abad şəhərciklər salındı, onlar vaqonlarda yaşamaqla vidalaşdılar, əksəriyyət komfort yaşayış şəraitinə malik oldu.

Ermənistan Azərbaycanın 1990-cı illərdə aldığı zərbədən özünü bərpa edə bilməyəcəyini, sürünəcəyini, işğalçı düşməndən mərhəmət diləyəcəyini güman etdiyi halda, hər şey tərsinə oldu. Azərbaycan yıxılmadı, diz çökmədi, əksinə, qamətini daha qətiyyətlə düzəldib, bütünlüklə qisas almağa hazır olduğunu göstərdi. Bu, erməni hərbçilərinin dəfələrlə bəyan etdikləri boş sözlər olmayıb, real məhvedici qüvvənin mövcudluğundan xəbər verirdi. Bu qüvvə hərəkətə gətirildikdə qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirdi. Azərbaycan sürünmədi, düşməni sürünməyə, qaçmağa məcbur etdi, Mikelancelonun təsvir etdiyi nümunəvi igid bədəninə malik olan David kimi zərbəsi ilə özünü Qoliaf hesab edən düşməni yerə sərib, başını kəsməyə qadir olduğunu göstərdi. Tənəzzülə heç də torpaqları işğal edilən Azərbaycan deyil, işğalı ilə fərəhlənən və lovğalıqdan özünü itirən Ermənistan məruz qaldı.

Azərbaycan təkcə hərbi qələbə deyil, həm də diplomatik qələbə qazandı. Ermənistanın dünənki dostları ondan uzaqlaşdıqları halda, Azərbaycan dünya dövlətləri arasında özünə çox sayda dost, müttəfiq qazandı.

Azərbaycanın qələbəsi həm də Ermənistanda siyasi vəziyyətin xeyli gərginləşməsinə səbəb oldu. Məğlub ölkə siyasi bataqlığa çökdü, dərin siyasi böhrana məruz qaldı. Məğlubiyyət hesabına baş nazir Nikol Paşinyan əhalinin müəyyən hissəsini gözündən düşdü, etiraz mitinqlərində onu "xain" adlandırıb, istefaya getməsini tələb etdilər. Buna bəzi generallar və yüksək rütbəli zabitlər də qoşuldu. Müharibədən əvvəl isə o, keçmiş prezidentlər Robert Koçaryanı və Serj Sarkisyanı korrupsiyada ittiham edərək, ifşa etmişdi, onlar isə fürsətdən istifadə edib, baş qaldırmış, Paşinyanla mübarizədə, hərbi çevriliş də daxil olmaqla bütün vasitələri məqbul sayırlar. Onlar hakimiyyətə Azərbaycana qarşı xəyanət dalğası üzərində gəlmişdilər; daim "məqsəd vasitələrə haqq qazandırır" prinsipinə üstünlük vermişdilər. İndi də onlar hakimiyyəti ələ keçirməyə can atır, hərbçiləri qiyama, dövlət çevrilişinə təhrik edirlər. Vəzifə Olimpinə çıxmaq üçün çox şeyi oda vermək, ölkəni anarxiyaya da sürükləmək olar.

Hakimiyyəti ələ keçirmək üçün demokratik prinsipləri kənara atmaq, güc tətbiq etmək vacibdir. Onlar xalqa yaşıl ot kimi baxırlar, bilirlər ki, külək hansı tərəfə əssə, ot da o tərəfə yıxılacaqdır. Xalqı da məhz güc idarə edir və bir ovuc narazı qalanları da əymək, sındırmaq çətin iş deyildir. Onlar üçün xalq təcrübə altında olan ada dovşanlarıdır, onun müqavimətini də asanlıqla qırmaq mümkündür. Nə qədər ki onlar keçmiş əməllərinə görə cavab verməyib, məsuliyyətə cəlb edilməmişdirlərsə, iddialarına son qoymayacaqlar. Belə çıxır ki, "qozbeli yalnız qəbir düzlədir".

Ölkədəki siyasi qarışıqlıq, xaos meyilləri, mitinqlərin fasiləsiz davam etməsi ölkənin ağır vəziyyətini bir qədər də ağırlaşdırmışdır. İqtisadiyyat aqoniya vəziyyətindədir. Çox sayda problemlər üzə çıxmış, militarizmin Pandora qutusunun açılması ilə xalqa böyük dərdlər bəxş edən mərəzlər toplusu meydana gəlmişdir. Siyasi böhranın davam etməsi iqtisadiyyatın koma vəziyyətinə düşəcəyindən xəbər verir, bu isə dövlətçiliyin özü üçün böyük təhlükədir.

Təəssüf ki, hər iki tərəfi ölkənin, xalqın vəziyyəti deyil, yalnız ali vəzifə kürsüsü və onun bəhrələri maraqlandırır. Müxalifət dövlət çevrilişinə əl atsa, bunu guya Azərbaycanın Ermənistanı işğal etmək təhlükəsi ilə izah etməyə çalışacaqdır. Onlar öz uğurları üçün hər cür böhtan və iftiralara hazırdırlar. Onsuz da ölkədə xalq iki hissəyə bölünmüşdür, dövlət  xeyli zəifləmişdir, belə bir dövlətin süqutu üçün hansısa bir xarici həmləyə də ehtiyac olmayacaqdır.  

Qatı millətçilər yenə dividend sorağında 

Hər iki tərəf - həm müxalifət, həm də hakimiyyət məğlubiyyətin səbəblərini araşdırıb, xalqa düzgün izahat vermək əvəzinə, yorğanı öz üstünə çəkmək qayğısına qalır, milli biabırçılığın bulanıq suyunda balıq tutmaq istəyir. Müxalifət hakimiyyəti günahlandırdığı kimi, hakimiyyət də uzun illər ərzində ordunun ağır vəziyyətə salmış öz sələflərini ittiham edir. Paradoks orasındadır ki, ordunun yüksək rütbəli zabitləri döyüş səhnəsində biabır olduqları halda, məğlubiyyətin baiskarı qismində baş naziri ittiham edirlər, qanunu pozaraq birbaşa siyasətə qarışırlar.

Dövlət çevrilişi baş versə, hərbi xunta rejimi keçmiş prezidentlər üçün daha əlverişli olacaqdır. Tərəflər arasında mübarizə daha da kəskinləşir. Üfüqdə isə üçüncü qüvvənin meydana gəlməsi əlamətləri görünmür. Cek Londonun "Həyat eşqi" hekayəsindəki aclıqdan hər ikisi taqətdən düşmüş və bir-birini boğmağa, öldürməyə çalışan adamla canavarın mübarizəsi yada düşür. Hər ikisi digərinin ölümündə özünün xilasını görür.

Qarşıda isə Ermənistanı çox ağır bir problem gözləyir. Vurduğu nəhəng məbləğdəki ziyanı təzminat şəklində Azərbaycana ödəməlidir. Viran qoyulmuş şəhərlər və kəndlər nəzərə alındıqda təzminat yüz milyardlarla dollar təşkil edəcəkdir. Bəziləri belə fikir yürüdür ki, Ermənistan bunu ödəyə bilməyəcəkdir və bu vaxt Versal müqaviləsinə görə, I Dünya müharibəsində məğlub olmuş Almaniyaya təzminat iddiası yada salınır. Onu da qeyd edirlər ki, bu, Almaniyada revanş dalğası yaratdı və Hitler hakimiyyətə gəldi. Həqiqətən də, almanlar nəhəng məbləği özləri üçün təhqir hesab edirdilər. Lakin Hitleri hakimiyyətə daha çox dünya böhranı gətirdi, bu olmasaydı, o, kiçik siyasi fiqurdan başqa bir şey olmazdı.  Digər tərəfdən əgər Ermənistan nəğd şəkildə təzminatı ödəyə bilmirsə, başqa əvəzedici vasitələr axtarıb tapmalıdır. Bu, torpaq güzəşdi, vaxtilə Azərbaycanın Ermənistana verdiyi Zəngəzur (Ermənilər onu Syunik adlandırırlar) ərazisinin öz həqiqi sahibinə qaytarılması ola bilər. Ona bu sahədə güzəştə getmək, ağır cinayətə yol vermiş adama bəraət elan etməyə bərabər olardı.

 Ermənistanda revanşistlər asanlıqla kiçik hitlerciklər qiyafəsində çıxış edə bilərlər, ona görə də bu səbəbi şişirtməyə ehtiyac yoxdur. Kim hakimiyyətə gəlsə, millətçilik mövqeyindən uzaqlaşa bilməyəcəkdir və müharibədəki məğlubiyyəti təftiş etmək yolunu seçməklə öz uğursuzluqlarına haqq qazandırmağa çalışacaqdır. Hətta bütün variantlar nəzərə alındıqda belə, Azərbaycan təzminat məsələsində güzəştə getməməlidir, millət bu tələbin reallaşması üçün öz qanını tökmüşdür. Təzminat, işğal və onun dövründəki vəhşilikləri cəzalandırmağa xidmət etdiyinə görə, Ermənistan rəhbərliyinin ağlamasına, mərhəmətə nail olmaq üçün uydurduqlarına fikir verilməməlidir. Xaraba qalmış yaşayış məntəqələrinin bərpası nəhəng pul məbləği tələb edəcəkdir. Onların xeyli hissəsini təqsirkar Ermənistan ödəməlidir. Bu, həm də onlar üçün tövbə rolunu oynamalıdır. Hər şeyə görə haqq vermək tələb olunursa, işğalın nəticələri böyük olduğu kimi onun kompensasiyası da çox iri rəqəmlərdə ifadə olunmalıdır.  

Alaq otu kökündən çıxarılmalıdır

Ermənistan qarşısında təzminatı ödəməklə yanaşı, ikinci mühüm problem özünün qatı millətçilərinin fəaliyyətinə, bəlkə də, varlığına birdəfəlik son qoymasıdır. Burada söhbət fiziki deyil, ideya varlığının məhv edilməsindən gedir. Alman xalqı özündə iradə tapıb, nasizmi məhkum etməklə, ondan uzaqlaşmaq yolunu tutdu. Bu sahədə Nürnberq tribunalının hökmləri və qərarları da mühüm rol oynadı.

Nasistlər öz məqsədlərinə çatmaq üçün ari irqinin çox yüksək olması ideyasını xalqın şüuruna yeridirdi, ona görə də yəhudilərin təqib edilməsində onların qonşuları və iş yoldaşları olan adamlar da fəal iştirak etmişdilər. Erməni millətçiləri də guya öz xalqına xidmət adı altında, onu şovinizm ideyaları ilə silahlandırır, bu yolla yeni bəlalara salırdı.

(Ardı var)

 





14.04.2021    çap et  çap et