525.Az

Türk birliyi, bəşəri prinsiplər, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq


 

Türk birliyi, bəşəri prinsiplər, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq <b style="color:red"></b>

Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin nə zamansa  müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi. Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi  proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib.

Türk dünyası arasında formalaşan mənəvi vəhdətin dərinləşməsini özündə ehtiva edən vacib faktor  bəşəri, genetik prinsiplər və əxlaqi dəyərlərə söykənən əməkdaşlıqdır. Yəni burada böyük qardaş axtarışı yoxdur. Gəl, mənim yanımda, mənim ətrafımda birləş anlayışı  mümkünsüzdür. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır.

Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.

Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir.

Çox müsbət haldır ki, bu resurslar, ümumilikdə türk birliyi hər hansı bir dövlətə, xristian topluma qarşı çevrilmir. Əksinə, çox modern əməkdaşlıq hamıya açıqdır. Mövcud təcrübədən, strateji layihələrdən digər qeyri-türkdilli ölkələrin də faydalanması labüddür.  

Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük. Bu  ölkələrlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlanması, media qurumları arasında iş birliyinin genişlənməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək.

Türkdilli ölkələr arasında belə əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Belə pozitiv əlaqələrin yüksəlməsindən bir çox ölkələrin, o cümlədən, Azərbaycanın faydalanacağı şübhəsizdir. 

Postmüharibə dövründə dünyada və ümumilikdə türk coğrafiyasında informasiya savaşında Azərbaycana dəstək olmaq üçün tükdilli xalqların media resurslarının həmrəylik nümayiş etdirməsi zəruridir. Media platformasi istiqamətində birgə əməkdaşlıq erməni saxtakarlığının ifşasında vacib addımdır. Artıq Türkiyə mediasında bu müsbət tendensiyalar mövcuddur.

Bu gün müharibə bitsə də, informasiya cəbhəsində döyüş daha kəskin və fərqli formada davam etməkdədir. Məhz belə məqamda türkdilli ölkələrin media resurslarından faydalanıb əsl həqiqəti çatdırmaq üçün yeni imkanlar yaranır. 

Bütün bu proseslərin davamı olaraq peşəkar səviyyədə informasiya müharibəsini əcnəbi tərəfdaşlarımızla davam etdirməliyik. Zamanın yeni çağırışlarına uyğun olaraq  kampaniyaçılıqdan, unutqanlıqdan qurtulmalıyıq. Bu baxımdan türkdilli jurnalistlərin intellektual potensialından faydalanmaq əhəmiyyətlidir.

Bir vacib məqamı da qeyd etmək istərdim. Vaxtilə bizim yatmış hesab etdiyimiz Mərkəzi Asiya Respublikalarında artıq oyanış hiss olunmaqdadır. Bu, bizi gerçəkdən sevindirir. Həmin dövlətlər dünyanın iqtisadi sisteminə inteqrasiyada Azərbaycan üzərindən keçən tranzit layihələrə önəm verərək türkdilli ölkələrin birliyinə daha da yaxınlaşırlar. Bu iqtisadi əlaqələr digər sferalarda əməkdaşlığı dərinləşdirir.

Nəhayət, Rusiya ərazisində yaşayan etnik türkləri, kifayət qədər əhatə dairəsi olan həmin türklərin yaşadıqları Muxtar Respublikaları yaddan çıxarmaq olmaz. Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir.  Ona görə, bu əməkdaşlığa bütün türkdilli xalqların cəlb olunması normaldır.

 





15.04.2021    çap et  çap et