525.Az

Ağdama gedirik... - Səfər qeydləri


 

Ağdama gedirik... - <b style="color:red">Səfər qeydləri </b>

Bir il, iki il əvvəl "Ağdama gedirik..." ifadəsini dilimizə gətirsəydik, yazsaydıq, yəqin ki, buna heç kim inanmayacaqdı. Amma indi deyilənlərə və yazılanlara heç kim şübhə etmir. Çünki artıq zaman dəyişilib.

Daha doğrusu, zaman özü çox şeyi dəyişib. İndi Ağdama, eləcə də, illərcə əvvəl erməni qəsbkarlarının işğalında olmuş başqa şəhər və kəndlərimizə getmək xəyal deyil, reallıqdır. Xəyalları isə reallığa şanlı Azərbaycan Ordusu ötən il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən əks-hücum əməliyyatı 28 ildən bəri erməni qəsbkarlarının tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsilə nəticələndi. Ona görə də indi "Ağdama gedirik..." sözünü dilimizə gətirəndə də, yazanda da heç kimə qəribə gəlmir.

Dörd yol adlanan yerdən həmişəki kimi, Quzanlı qəsəbəsinə deyil, üzü Təzəkəndə tərəf gedirik. Əvvəlki illərdə ön səngərlərimiz bu kəndin yuxarısında yerləşirdi. O vaxtlar dərin qazılmış səngərlərdən o tərəfə getmək mümkün deyildi. Çünki erməni qəsbkarları 1993-cü ilin isti yay günlərində o yerləri zəbt etmişdilər. Ezamiyyətə gələndə biz yalnız doğma ocaqlarımıza səngərlərdən boylana bilirdik. Hətta səngərdən boylanıb irəli göz qoymaq da təhlükəli idi. Düşmən snayperi hər an vura bilərdi. Amma indi o təhlükədən əsər-əlamət qalmayıb...

Yolboyu gördüyümüz quruculuq işlərindən ürəyimiz açılır. Yaxın zamanlarda ölkəmizin paytaxtı ilə Ağdamı birləşdirəcək dəmiryol xəttində indi ardıcıl quruculuq və bərpa işləri aparılır. Texnikalar dayanmadan hərəkət edir, üzü Ağdama gedən yollar genişləndirilir. Çox keçməz ki, bu yerlərdə həyat əvvəlki axarına düşər. Yenə də bu kəndlərdən, qəsəbələrdən üzü Ağdama tərəf qatarlar şütüyər.

"Neytral zona" adlandırılan sahəni keçib bir vaxtlar erməni qəsbkarlarının dayandıqları səngərlərə yaxınlaşırıq. Buraya çatanda sürücü əsgər Şamo Yusifovdan bir anlıq maşını saxlamağı xahiş edirik. Ayağımızı astaca Ağdam torpağına qoyub bir vaxtlar düşmənin dayanıb mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutduğu səngərlərinə, müşahidə məntəqələrinə baxırıq. Burada da eyni mənzərədir. Dərin qazılmış səngərlər, hündürdə quraşdırılmış müşahidə məntəqələri, daldalanmaq üçün xüsusi qazılmış lağımlar, bir-birinin içindən keçən dolaylanmış dar cığırlar, geniş yollar. Erməni işğalçılarının postlarındakı məişət şəraitinə, yataq yerlərinə baxanda, onların necə də miskin vəziyyətdə yaşadıqlarının şahidi oluruq. Ətrafda ürəkaçan heç nə yoxdur, gördüyümüz bu mənzərələr könlümüzü bulandırır. Düşmənin xeyli müddət əvvəl buraları tərk etməsinə baxmayaraq, hələ də bu yerlərdən qan və ölüm qoxusu gəlir. Amma ümid edirik ki, doğma ocaqlara qayıdış başlayan kimi, bu yerlərdə çiçəklər bitəcək, güllər açacaq. Ölüm və qan qoxusu havaya buxarlanacaq, birdəfəlik çəkilib gedəcək.

Burada çox ləngiməyib yolumuza davam edirik. Dəmir yolu xətti boyunca istehkamçıları da iş başında gördük. Onlar xüsusi geyimlərdə dəmir yolunun keçəcəyi əraziləri minalardan təmizləyirdilər. Ermənilər Ağdamı işğal edəndən sonra relsləri də, relslərin altına döşənmiş tirləri də söküb aparıblar. İstehkamçılar təmizləmə işlərini başa çatdırandan sonra yollara relslər döşənəcək, yeni dəmiryol xətti çəkiləcək.

İşğaldan azad olunmuş kəndlərə, ərazilərə baxdıqca ürəyimiz ağrıyır. Erməni qəsbkarları evləri uçurub dağıdıblar. Baxımsızlıq üzündən ağacların çoxu quruyub. Bəzi yerlərdə isə ağacların qol-budaqları vurulmadığından bir-birinin içinə girib, sıxlıq yaranıb. Ərazilərdən keçib getmək çətinləşıb. İnsan sığal-tumarı görməyən təbiət sanki vəhşiləşib.

Böyük boşluq ərazidən keçəndə yol yoldaşımız mayor Ramal Əzizov dedi ki, bura Uzundərədir. Erməni qəsbkarları əvvəlki illər bu yerlərdən poliqon kimi istifadə edərək təlim keçirdilər. Fikir verirsinizmi, bax oralarda texnikaların hərəkəti üçün xüsusi keçidlər də düzəldiblər. Qəsbkarlar illər uzunu torpaqlarımızdan istədikləri kimi istifadə edirdilər. İşğalçılar ərazilərimizi həm əkib becərir, həm ev-eşik tikir, həm də təlim keçirdilər. Şükürlər olsun ki, bütün bu ürək dağlayan əməllərə son qoyuldu. Artıq başqa ərazilərimiz kimi, Ağdam da əsl sahiblərinin əlindədir. İndən sonra torpaqlarımızı özümüz əkib-becərəcəyik.

Dayanmadan irəli gedirik. Yolboyu yaşıllığa bürünmüş zəmi sahələri diqqətimizi cəlb edir. Öyrənirik ki, Ağdam rayonu işğaldan azad olunan kimi Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bu sahələrə buğda səpilib. Artıq toxum torpaqdan baş qaldırıb, ətraf yaşıllığa bürünüb. Uzun illər erməni qəsbkarları bu yerləri istismar ediblər, əkib-biçiblər. Şükür ki, o ağrılı günlər tarixə qovuşub.

Ağrı-acılarla dolu mənzərələrə baxa-baxa Ağdam rayonunun Kəngərli kəndinə çatırıq. Ermənilər bu yerlərə sahiblənərək məskunlaşıb yaşayırmışlar. Yəqin ki, düşmən Kəngərlidən çıxarkən evləri yandırmağa vaxt tapa bilməyib. Ona gorə də bir çox evlər salamat qalıb.

Kəngərli kəndində işlərimizi yekunlaşdırıb üzü Ağdama tərəf gedirik. Yenə də eyni ürək dağlayan mənzələrdir. 1993-cü ildə mən bu yerlərdən, bu yollardan çox keçmişəm. Amma kənd-kəsəklər dağıdıldığından, yerlə-yeksan olunduğundan heç yeri, heç nəyi tanımaq olmur. Bir vaxtlar axarlı-baxarlı olan, 1993-cü ilin yaz günlərində erməni təcavüzü nəticəsində tərk etdiyimiz Ağdam şəhəri düşmən tərəfindən tamamən viranəliyə çevrilib.

Ürək odlayan mənzərələrə baxa-baxa zabit və əsgərlərimizin dayandıqları yerlərə gəlib çatırıq. Artıq Ağdamda Azərbaycan əsgərinin səsi eşidilir. Bu səsdən torpağın da, daşın da üzü gülür. Sanki birdən-birə 28 il əvvələ qayıtmışıq. Hərbçilərimizlə görüşüb söhbət edirik. Baş leytenant Cəlal Hüseynov Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə "Vətən uğrunda" medalına layiq görülüb. C.Hüseynov söhbət zamanı dedi ki, Ağdamın və digər ərazilərimizin bu cür yerlə-yeksan edildiyini gördükcə erməni qəsbkarlarına nifrətimiz daha da artır. Döyüşlərdə kifayət qədər təcrübə qazanmışıq. Düşmən yenidən təxribat törətməyə cəhd göstərsə, qarşısını qətiyyətlə alacağıq.

Hərbçilərimizin uçurulmuş divarlardan birinin üstündə üçrəngli bayrağımızı dalğalandırdıqlarını görürük. Çox qürurverici mənzərədir. Belə gözəl mənzərəni görəndə bir daha əmin oluruq ki, bundan sonra üçrəngli bayrağımız bu yerlərdə əbədi dalğalanacaq.

Bu gözəl mənzərədən fərəh duyuruq, pozulmuş ovqatımız bir az düzəlir. Aşağı əyilib çiçəklərlə, güllərlə salamlaşırıq, onların təravətli ləçəklərindən öpürük. Belə kövrək anlarımda dodaqlarımdan bu sözlər süzülür: "Ağdam, biz sənin isti qoynuna qayıtmışıq. Səni faşist ermənilərdən azad etdik. Bir daha sənin qoynunda savaş omayacaq, qan tökülməyəcək, torpaqlarında yalnız çiçəklər bitəcək, güllər açacaq. Bir də bu yerlərə düşmən ayağı dəyməyəcək".

 





15.04.2021    çap et  çap et