525.Az

İtaliyalı bəstəkar Fikrət Qocanın şeirlərinə mahnı yazıb (FOTOLAR)


 

İtaliyalı bəstəkar Fikrət Qocanın şeirlərinə mahnı yazıb<b style="color:red"> (FOTOLAR)</b>

DAVİD QUALTİERİ FİKRƏT QOCANIN ŞEİRLƏRİ ƏSASINDA XOREOQRAFİK KOMPOZİSİYA 
HAZIRLAYIB

Bu gün Yazıçılar Birliyində İtaliyadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib.

525.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibində Cüzeppe Verdi adına Milan Konservatoriyasının dosenti, xor və improvizasiya fakültəsinin rəhbəri David Qualtieri, İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev və onun həyat yoldaşı, Milandakı Azərbaycan musiqi məktəbinin yaradıcısı Nəzakət Nuriyeva olub.

Əsir və İtkin düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən görüşdə AYB-nin sədri, xalq yazıçısı Anar çıxış edərək qonağı salamlayıb. Xocalı faciəsindən danışan xalq yazıçısı ermənilərin qondarma erməni soyqırımını dünyaya car çəkdiklərini, amma Azərbaycan xalqının bəzən haqq səsini dünya ictimaiyyətinə eşitdirə bilmədiyini deyib:

«Xocalıda əsl genosid olub, böyük bir şəhər məhv edilib. Ermənistanın başçıları özləri etiraf edirlər ki, biz azərbaycanlılara sübut eləmək istədik ki, hətta dinc əhalini də qıra bilərik. Bu dəhşətli faciə bizi çox sarsıdır. Çox minnətdarıq ki, italiyalı  bəstəkarı bu barədə əsər yazıb. Qonağın həm də şair kimi fəaliyyət göstərərək Azərbaycan ədəbiyyatından tərcümələr etdiyini, sözlərinə mahnılar bəstələdiyini eşitmişik. Fikrət Qocanın sözlərinə Azərbaycanda azı 300 mahnı yazılıb, indi də 301-ci mahnını italyan dilində eşitməyə şad olarıq. Vaxtilə italyan bəstəkarı Franko Manini mənim anamın da sözlərinə mahnı bəstələmişdi. İtaliya Azərbaycanın yaxından tanımaq istədiyi ölkələrdəndir».

Çıxış edən italiyalı qonaq, bəstəkar və şair D.Qualtieri Azərbaycan poeziyası ilə tanışlığından söz açıb. İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevin vasitəsi ilə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrinin əsərləri ilə tanış olduğunu, Səməd Vurğun, Məmməd Araz və Fikrət Qocanın poeziyası ilə yaxından maraqlandığını dilə gətirib. Xocalı faciəsindən danışan D.Qualtieri Azərbaycan xalqının başına gətirilən dəhşətlərə görə təəssüf hiss keçirdiyini bildirib. Xocalı ilə bağlı musiqi əsəri yaradan italiyalı bəstəkar Azərbaycanın Xalq şairi Fikrət Qocanın şeirlərinə mahnılar bəstələdiyini, xoreoqrafik kompozisiya hazırladığını qeyd edib.
Bakı haqqında təəssüratlarını bölüşən qonaq burada olmasından məmnunluğunu ifadə edən qonaq deyib: «Çalışırdım ki, sizin danışığınızın melodikliyini, yəni musiqi kimi səslənməsini anlayım. Bu məqsədlə internet vasitəsilə Azərbayan şairlərinin əsərləri ilə tanış olmağa başladım. Azərbaycan ədəbiyyatından şeirlərini tərcümə etdiyim üç şairin yaradıcılığı mənə böyük təsir göstərdi. Bu şeirləri oxuduqca öz həyatımı daha dərindən dərk etmişəm. Ona görə də onların şeirlərinə musiqi bəstələdim. Çalışdım ki, o musiqini bütün dünyada başa düşüləcək səviyyədə yaradım. Mənim üçün poeziya musiqidən, onun ahəngindən gəlir. Sizin şairlərinizin yaradıcılığında mən bunu yaxından gördüm».  

Milandakı Azərbaycan musiqi məktəbinin yaradıcısı Nəzakət Nuriyeva çıxışında Azərbaycana səfər etməkdən məmnunluğunu, yaratdığı məktəbdə Azərbaycan musiqisi ilə bağlı işlər görüldüyünü, tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev İtaliyada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində səylə çalışdıqlarını, gələcəkdə də bu işlərin davam etdiriləcəyini bildirib:

«Bizim assosiasiyanın məqsədi İtaliyada yaşayan, fəaliyyət göstərən istedadlı yaradıcı insanların birliyini yaratmaq və onları cəmiyyətə təqdim etməkdir. Xocalı faciəsi ilə bağlı tədbirlərin birində hörmətli David Qualtieri təklif etdi ki, gəlin, bu kompozisiyanı Milan konservatoriyasında 1700 nəfərin iştirakı ilə keçirək, bu faciəni insanlara çatdıraq».

Tədbirdə çıxış edən xalq şairi Fikrət Qoca şeirlərinə mahnı bəstələdiyi üçün italiyalı sənətçiyə minnətdarlığını bildirib.

Sevinc MÜRVƏTQIZI   

 





18.10.2012    çap et  çap et