525.Az

Model Ləman Əlizadə: "Onlara ədəbsiz təkliflər edirlər" (FOTOLAR)


 

Model Ləman Əlizadə: "Onlara ədəbsiz təkliflər edirlər"<b style="color:red"> (FOTOLAR)</b>

Azərbaycanlı model Ləman Əlizadənin 525.az-a müsahibəsi

- İspaniyada modellik etdiyin halda niyə Azərbaycana qayıtdın?

- İspaniyada modelliyə başlayanda 16 yaşım vardı. Modellik kurslarına gedirdim, podiumlara çıxırdım. Əslində İspaniyada yaşasam da, Azərbaycana tez-tez gəlirdim. Bir dəfə burada “Miss Azerbaijan” gözəllik müsabiqəsinin keçirildiyini gördüm. Qərara aldım ki, mən də qatılım. Amma müsabiqənin şərtlərinə görə, tatuajlı qızların yarışda iştirakına icazə verilmirdi. Mənim isə tatuajım var idi. Əvvəlcə dedilər ki, eybi yox, anketə qeyd et ki, tatuajın yoxdur. Amma sonra bunun üstü açıldı və məhz bu səbəbdən yarışdan uzaqlaşdırıldım. Mən də onlarla dava etmişdim. Çünki seçdikləri qızların əksəriyyəti plastik əməliyyat etdirmiş, silikonlu idilər. Buradakı qazancın İspaniyaya nisbətən daha yaxşı olduğunu gördüm. Bu səbəbdən vətənimdə qalıb işləmək istədim.

- Və sonra “Azəri top model” müsabiqəsinə qatıldın...

-  Bu müsabiqədə özümə çox güvənirdim. Inanırdım ki, qalib olacağam və oldum da.

- Həmin yarışmada sənin birincilik üçün beş min manat verdiyin haqda xəbərlər yayılmışdı.

- Müsabiqə sms yolu ilə keçirilirdi. Buna görə də orada yalan, saxtakarlıq mümkün deyildi. Mən də kontur alıb özümə səs verirdim. Tanışlarım, qohumlarım, məni bəyənən insanlar da səs göndərirdi. Beləcə, mən də qalib seçildim. Hətta sonda səs faizlərini də mənə göstərdilər, hər şey çox şəffaf keçmişdi. Onu da etiraf edim ki, bu, qatıldığım sonuncu müsabiqə olacaq. Mənə birincilik lazım idi, onu da əldə etdim.
  


- Azərbaycanda model biznesinə çox da ciddi yanaşılmır. Yəqin sən də belə problemlərlə qarşılaşırsan...

- Doğrudur, bizdə modellərə olan münasibət heç də ürəkaçan deyil. Model biznesinə dırnaqarası baxırlar. Halbuki modellik çox gözəl və incə bir peşədir. Bu peşəni qeyri-ciddi edən elə modellərimizin özüdür. Modellərimizin qüsurları çoxdur. Plastik əməliyyat etdirib, silikon taxtıran birisindən model olmaz. Amma belələri podiumları bəzəyirlər. Bizdən əvvəlki modellərimizdə də günah var. Onlar gənc modellərə irəli getməyə dəstək olmaqdansa, ayağından çəkirlər. Qəbul etmək istəmirlər ki, onların dövrü çoxdan keçib. Mən də müəyyən yaşdan sonra bu sahədən gedəcəyəm. Bu, daimi bir iş deyil. Onda mən hansısa bir gənc qıza model olmaq üçün kömək edəcəyəm.

- Bəs, modellərin sponsorların hesabına özlərini reklam edib, gündəmdə qalması barədə nə fikirləşirsən?


- Bugünə kimi nə qazanmışamsa, hamısını öz gücümə etmişəm. Avtomobilim var, podiumlara dəvət alıram. Buna görə heç kimin köməyindən istifadə etmirəm. Mənim özümə də sponsorluq təklif edənlər olur. Amma mənim sponsor hesabına yüksəlmək niyyətim yoxdur. Bugünə kimi heç bir sponsordan ədəbsiz təklif almamışam. Çünki mənim tərbiyəm var. Amma bəzi modellər özlərini aparmağı bacarmırlar. Bax, həmin insanlara ədəbsiz təkliflər olur. Çünki onlar buna şərait yaradır. Model oturuşuna, duruşuna fikir verməlidir. Belələri model biznesinin adını batırırlar.

- Yerli modellərimizdən kimi bəyənirsən?

- Mən Azərbaycanda iki model tanıyıram: Səbinə Allahverdiyeva və İlqar Əliyev. Başqalarına isə sadəcə gülürəm. Çünki nə çəkilişə gedirlər, nə podiuma çıxırlar, evdə oturub özlərinə model deyirlər. Bəzən də görürsən ki, boyu 1.65-dir, deyir ki, mən manikenəm. Belələrinə fotomodel və model anlayışını izah etmək lazımdır. Çünki özlərini gülünc vəziyyətə qoyurlar.

- Bir ara model Maya ilə aranızda söz-söhbət yaranmışdı. Nə baş vermişdi?

- “Azəri top model” müsabiqəsində olanda biz çox əziyyət çəkirdik: çəkilişlərə gedirdik, bütün günü məşqlər edirdik, yemək yemir, pəhriz saxlayırdıq. Müsabiqənin ortasında Maya çəkiliş adı ilə Türkiyəyə getdi. Amma mən bilirdim ki, Maya ora nə məqsədlə getmişdi. Geri döndükdən sonra müsabiqəni qaldığı yerdən davam etdi. Belə bir haqsızlığa çox əsəbiləşmişdim. Hər yerdə məni model kimi görmədiyini deyirdi. Bu da məni qıcıqlandırdı və onun Türkiyəyə əslində nə üçün getdiyini açıb hər kəsə dedim.



- Modelliklə yanaşı həm də aktrisa kimi özünü sınadın. Səncə, hansı daha yaxşı alındı?
 

- “Qaranlıqlar çiçəyi” serialına kastinq yolu ilə seçildim. Orada çox modellər var idi, amma keçmədilər. Aktrisalıq üçün istedad lazımdır. Mən özümdə bu istedadı görürəm. Mənə aktrisalıq daha yaxındır. Modellik isə sadəcə bir hobbidir. Bu yaxınlarda gürcüstanlı rejissordan filmə çəkilmək təklifi almışam. Əgər razılaşsaq, işbirliyinə başlayacağıq. 
 
- Özünü peşəkar model hesab edirsən?

- Mən dünən yerimdən durub model olmamışam. Adını peşəkar qoyanlardan daha çox təcrübəm var.  Digər modellər kimi pul verib jurnallarda şəkillərimi yaymıram. Bir model üçün bundan böyük biabırçılıq ola bilməz. Mən pulla özümü reklam etmirəm, əksinə, mənə pul verirlər.
 
- Açıq-saçıq fotosessiya təklifi alsan razılaşarsan?

- Avropada olsa, razılaşardım, amma burada yox. İspaniyada çimərlik geyimində podiuma çıxmışam. Bir dəfə təklif etmişdilər, amma razılaşmadım.

- Bildiyimə görə, çalışdığın model agentliyi ilə aranızda narazıçılıq olub və sən ordan ayrılmısan...

- Agentliklərlə işləmək sərf etmir. Çox haqsızlıq edirlər. Əziyyəti model çəkir, qazancın çoxunu isə onlar götürür.  Faizi az götürsələr, daha yaxşı olar. Buna görə də sərbəst olaraq işləyirəm. Şükür ki, artıq məni tanıyırlar, çox təkliflər alıram.

- Bir az da gələcək planlarından danış...

- Məşhur model Tayra Benksə pərəstiş edirəm. Gələcəkdə onun kimi “Top Model” verilişi açıb, istedadlı qızlara dəstək olmaq istəyirəm. Bunu edəcəyimə inanıram. Mən Züleyxa Akçurinanın yerinə olsaydım, indi belə veriliş açıb model olmaq istəyənlərə dəstək olardım. 

Foto: Məhəd Musaoğlu

 





19.10.2012    çap et  çap et