525.Az

Yeni şər üçbucağı - Xaqani Cəfərlinin siyasi şərhi


 

Yeni şər üçbucağı -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Prezident Corc Buşun Konqresə ənənəvi illik müraciətində İraq, İran və Şimali Koreyanı "Şər üçbucağı" (Axis of evil) kimi təsvir etməsindən 19 il keçsə də, Tehranın davranışında ciddi dəyişiklik baş verməyib. Əksinə, Tehran yeni "Şər üçbucağı"nın tərəflərindən biri olmaq niyyətindən əl çəkmir. Tehranın teokratik rejimi indi də İran-Hindistan-Ermənistan üçbucağının yaradılmasına çalışır.

İran İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyətdən narazıdır. Çünki ilk dəfədir ki, İranın Cənubi Qafqazda təsir imkanları ən aşağı səviyyəyə düşüb. Bu gerçəkliklərlə barışmaq istəməyən İran Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişməyə cəhd göstərir. Tehranın teokratik rejimi bu məsələdə Ermənistanı özünün strateji müttəfiqi hesab edir. İran "Hörmüz körfəzi-Qara dəniz" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə salmaqla Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişməyə çalışır. Tehranın teokratik rejiminin "Zəngəzur dəhlizi"nə qarşı əsəbi reaksiyası da Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişmək niyyəti ilə bağlıdır. İranda anlayırlar ki, "Zəngəzur dəhlizi" fəaliyyətə başladıqdan sonra Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişmək mümkün olmayacaq. Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirməklə Bakıya təsir göstərməyə çalışan İran eyni zamanda, Ermənistanla münasibətlərini daha da dərinləşdirməyə çalışır.

Azərbaycanın Türkiyə və Pakistanla hərbi əməkdaşlığının bölgədə qüvvələr nisbətini İranın əleyhinə tamamilə dəyişəcəyindən qorxan Tehran Bakı-Ankara-İslamabad əməkdaşlığına qarşı İran-Hindistan-Ermənistan üçbucağının yaradılmasına çalışır. Tehranla yanaşı, rəsmi Dehli də bu ittifaqda maraqlıdır. Hindistanın xarici işlər nazirinin tarixdə ilk dəfə olaraq məhz indi İrəvana səfər etməsi də İran-Hindistan-Ermənistan üçbucağının yaradılmasını sürətləndirməyə xidmət edir. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar İrəvanda Ermənistana İranın Çabahar limanından beynəlxalq nəqliyyat dəhlizinin qovşağı kimi istifadə etmək təklifini irəli sürüb. Çabahar limanında isə infrastruktur əlverişli deyil və buna görə rəsmi İrəvan bu təklifə ehtiyatla yanaşır. Məlum olduğu kimi, Çabahar limanı ilə İranın dəmir yolları arasında bağlılıq yoxdur. İran və Hindistan Ermənistanın bu narahatlığını aradan qaldırmaq üçün Çabahar limanında infrastrukturu ciddi şəkildə yeniləmək niyyətindədirlər. Çabahar limanı ilə İranın dəmir yollarına bağlanacaq dəmir yolu xəttinin çəkilişini Hindistan hökuməti maliyyələşdirməyə hazır idi. Lakin rəsmi Dehli ABŞ-ın qəzəbinə gələcəyindən ehtiyatlanaraq bu layihəyə sərmayə ayırmaqdan çəkindi. Məlum olduğu kimi, ABŞ Tehrana qarşı sanksiya tətbiq edib və Hindistanın İrana sərmayə qoyuluşu Vaşinqtonda ciddi narazılıq doğura bilər. Bununla belə, İran və Hindistan "Zəngəzur dəhlizi"nə alternativ olaraq gördükləri "Hörmüz körfəzi-Qara dəniz" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə salmaqda da qərarlıdırlar. Buna görə də İran çox ciddi iqtisadi böhran keçirməsinə, ölkənin sosial partlayış ərəfəsində olmasına baxmayaraq, Çabahar limanından Zahedana qədər dəmir yolunun çəkilməsini öz vəsaiti hesabına həyata keçirmək niyyətindədir.

Hindistan isə 10 illik icarəyə götürdüyü Çabahar limanına Avropa ilə Asiya arasında yük daşınmasının önəmli həlqəsi kimi baxır. Buna görə də İrəvana ilk dəfə səfər etməsinə baxmayaraq, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Ermənistanı Çabahar limanından istifadə etməyə çağırdı.

İran-Hindistan-Ermənistan üçbucağı iqtisadi əlaqələrlə kifayətlənmir. Cammu və Kəşmir beynəlxalq səviyyədə tanınan mübahisəli ərazi olsa da, rəsmi İrəvan bu məsələdə Hindistana açıq dəstəyini ifadə edib. Ermənistanlı şərhçilər rəsmi İrəvanın bu addımını ermənilərin Pakistanı düşmən hesab etməsi, bu ölkənin Azərbaycanı daim dəstəkləməsi və Türkiyə ilə sıx əlaqələri olması ilə izah edirlər. Rəsmi İrəvanın bu mövqeyinə cavab olaraq Hindistanın xarici işlər naziri uydurma erməni soyqırımı "qurbanları"nın abidəsini ziyarət edib. Bundan əvvəl isə Hindistanın İrəvandakı səfiri 1915-ci il hadisələrini soyqırım adlandırmışdı. 

Hindistanlı nazir Subramanyam Cayşankar İrəvana iki günlük rəsmi səfəri zamanı erməni həmkarı Ararat Mirzəyanla yanaşı, Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla da görüşüb.

Yaxın zamanlarda İran və Hindistan rəsmiləri arasında da yüksək səviyyəli görüşlər keçiriləcək. Bu görüşlərdə İran-Hindistan-Ermənistan üçbucağının rəsmiləşdirilməsi ilə bağlı addımlar atıla bilər.

Rusiyadan arzuladığı dəstəyi hələlik ala bilməyən Ermənistan İranın və Hindistanın fəallaşmasına az qala qurtuluş yolu kimi baxır. Bu məsələdə Ermənistanda iqtidarla müxalifətin mövqeləri üst-üstə düşür. İranın Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlim keçirməsi Ermənistanda böyük çoşqu yaratmışdı. Məhz bu təlimdən sonra ermənilər İranın adını müttəfiqləri sırasında Rusiyadan öndə çəkməyə başladılar. Ermənistan yaranmış fürsətdən istifadə edərək İran və Hindistandan yararlanmağa çalışır. İrəvan bu ölkələrdən silah yardımı alacağına da ümid bəsləyir. Nikol Paşinyan hökuməti isə Hindistanla yüksək texnologiyalar sahəsində əməkdaşlığa böyük önəm verir. Belə məlumatlar var ki, Nikol Paşinyan hindistanlı nazir Subramanyam Cayşankarla görüşdə bir neçə min erməni gəncinin informasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlanması üçün Hindistandan yardım istəyib. Ermənistan hökuməti bir neçə aydır ki, bu niyyətə düşüb. Hindistanın informasiya texnologiyaları sahəsində dünyanın öncül dövlətlərindən biri olması erməniləri bu işə həvəsləndirib.

Göründüyü kimi, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığına qarşı qurulması nəzərdə tutulan "şər üçbucağı"nın yaranmasında bütün tərəflər maraqlı görünürlər. Reallaşacağı təqdirdə bu "şər üçbucağı" bəşər tarixində üç fərqli sivilzasiyanı təmsil edən üç dövlətin yaratdığı ittifaq kimi tarixə düşəcək. 
 

 





20.10.2021    çap et  çap et