525.Az

Şikayətlənmək üçün əsas yoxdur - İsa Həbibbəyli yazır


 

Şikayətlənmək üçün əsas yoxdur -<b style="color:red"> İsa Həbibbəyli yazır</b>

(Əvvəli ötən şənbə sayımızda) - keçid

Azərbaycan-İraq əlaqələrində xüsusi mərhələ yaratmış mərhum Əbdüllətif Bəndəroğlu "hörmətli ustad" deyə üz tutduğu professor Abbas Zamanova "Bakıdakı bir türkmən təmsilçisi" kimi yüksək qiymət vermişdir. Fransadan Azərbaycana göndərdiyi məktublarında tanınmış şərqşünas İren xanım Melikova "çox möhtərəm" Abbas müəllimin xidmətlərindən faydalandığı üçün ona təşəkkürlərini çatdırmışdı. Professor Abbas Zamanovun yazışmalarında Cənubi Azərbaycan ədəbiyyatı, mühacirət ədəbi irsi, milli ədəbiyyatın təbliği, tanıdılması, ədəbi-mədəni əlaqələrlə bağlı aktual məsələlər müzakirə olunmuşdur. Abbas Zamanov Şərq-Qərb müstəvisində Azərbaycan elminin, ictimai fikrinin, ədəbiyyatı və mədəniyyətinin böyük elçisi vəzifəsini böyük məsuliyyətlə və şərəflə həyata keçirmişdir. Alman dostu Əhməd Şmideyə məktubundakı "Xalqımın ədəbiyyatını sevənlərə xidmət mənim üçün səadətdir" - sözləri Abbas Zamanovun həyat və fəaliyyət amalını müəyyən etmişdir.

Abbas müəllimin fəaliyyət dairəsi genişdir. Bunların arasında ədəbiyyatşünaslıq sahəsində geniş elmi fəaliyyəti xüsusi yer tutur. Abbas Zamanov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının ən görkəmli tədqiqatçılarından biridir. O, nəinki Azərbaycanda, demək olar ki, beynəlxalq aləmdə görkəmli sabirşünas alim kimi tanınmışdır. Azərbaycan ədəbiyyatşünaslığı sahəsində yeganə elm adamıdır ki, "Sabir və müasirləri" adlı əsərinə görə namizədlik dissertasiyası əsasında o, birbaşa elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Mirzə Ələkbər Sabir irsinin tədqiqi, nəşri və təbliği sahəsində onun çoxillik ardıcıl və səmərəli xidmətləri sayəsində Azərbaycanda sabirşünaslıq müstəqil elm sahəsi səviyyəsinə yüksəlmişdir. "Sabir gülür", "Sabir bu gün", "Sabir xatirələrdə", "Müasirləri Sabir haqqında" kitabları gərgin axtarışlardan və dərin elmi mühakimələrdən yoğrulmuşdur. Bakı, Peterburq və Tiflis arxivlərində yüzlərlə qovluğun titul səhifəsində Abbas Zamanovun familiyası və imzası həkk olunmuşdur. Həmin qovluqlardakı qiymətli ədəbi, tarixi sənədlər kimi, Abbas müəllimin arxivlərdə keçən günlərini, onun axtarışlarının əhatə dairəsini əks etdirən bu titul səhifələrinin özü də xüsusi bir tarixdir.

Təkcə M.Ə. Sabirə həsr olunmuş sanballı tədqiqatlar deyil, Cəlil Məmmədquluzadədən, S.S.Axundov, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, A.Divanbəyoğlu, Ö.F.Nemanzadə, Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Səməd Vurğun və onlarla başqaları kimi adlı-sanlı ədəbiyyat xadimlərindən bəhs edən qiymətli elmi məqalələri də ədəbiyyatşünaslığa dair qiymətli mülahizələrlə yanaşı, həm də təzə arxiv materiallarından yoğrulmuşdur. Abbas Zamanovun elmi əsərlərinin mənbəşünaslıq baxımından bazası çox zəngindir. Görkəmli alimin min bir zəhmətlə toplayıb çap etdirdiyi "Müasirləri Sabir haqqında" məqalələr və xatirələr kitabı, kitabdakı böyük axtarışlar nəticəsində yazılmış "İzahlar" geniş mənada Azərbaycan sabirşünaslıq elminin əsas istinadgahıdır.

Mətnşünaslıq professor Abbas Zamanovun elmi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Mirzə Cəlil, M.Ə.Sabir, Hüseyn Cavid haqqındakı xatirələrin bir qismini o, əsrin əvvəllərinin dövri mətbuatından tapıb üzə çıxartmış, bu görkəmli şəxsiyyətlərin müasirlərinin dilindən eşidib yazıya köçürmüşdür. Ə.Qəmküsar, E.Sultanov və S.M.Qənizadənin əsərlərinin tərtibi və ilk nəşrləri Abbas müəllimin adı ilə bağlıdır. O, M.Ə.Sabirin "Hophopnamə"sinin də əsas naşirlərindən biridir. Onun  Kamran Əliyevlə birlikdə Bakıda nəşr etdirdiyi "Mollanəsrəddinçi şairlər" kitabı mətnşünaslığın mühüm nailiyyətlərindəndir. Turxan Gəncəyi İngiltərədən Abbas Zamanova göndərdiyi məktubda "Mollanəsrəddinçi şairlər" kitabının əhəmiyyətindən bəhs edərək yazmışdı: "Bu həftə "Mollanəsrəddinçi şairlər" kitabını aldım. Həqiqətən, bu, böyük bir işdir. Bu şairlərin unudulmuş təxəllüslərindən kimlər olduqlarını təsbit etmək ədəbiyyat tariximiz üçün son dərəcə faydalı və lazımlı, vacib bir işdir. Zaman keçdikcə bunları təsbit etmək çətinləşə bilərdi".

Böyük demokrat Cəlil Məmmədquluzadənin haqqında yazılmış məqalələrin və xatirələrin toplanılıb 1967-ci ildə kitab halında nəşr edilməsi professor Abbas Zamanovun təşəbbüsü ilə həyata keçirilmişdir. O, Mirzə Ələkbər Sabirin görkəmli tədqiqatçısı, Cəlil Məmmədquluzadənin isə böyük təəssübkeşi idi. Ədibin Bakıdakı, Şərur rayonunun keçmiş Baş Noraşen kəndində, Cəlilkənddəki muzeylərində onun təqdim etdiyi çoxsaylı qiymətli sənədlər saxlanılır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Abbas müəllimin göndərdiyi sənədlər və materiallardan ibarət xüsusi fond yaradılmışdır. Əməkdar elm xadimi Abbas Zamanov bu fikirdə idi ki, Cəlil Məmmədquluzadənin əsərləri və "Molla Nəsrəddin" jurnalı olmasaydı, XX əsrin əvvəllərinin ictimai-siyasi və ədəbi-mədəni mühiti xeyli dərəcədə boş görünərdi.
M.Ə.Sabirin Abbas müəllimin tərtibində ərəb əlifbası ilə Azərbaycan dilində nəşr olunmuş "Hophopnamə"si Şərq ölkələrində böyük maraq doğurmuşdur. Məktublarından görünür ki, Türk-müsəlman aləminin ayrı-ayrı ölkələrindən Abbas müəllimə bu kitabla bağlı çoxsaylı sifarişlər və rəylər gəlmişdir. Vaxtilə bu qəbildən olan sifarişlərdən birinə - "Hophopnamə"nin göstərilən nəşrindən bir nüsxəsini min tümənə almaq istəyən Təbrizin tanınmış ədəbiyyatşünası Hacı Məhəmməd Naxçıvaninin oğlu Əli Təbriziyə yazdığı cavab alimin milli ədəbiyyata bəslədiyi yüksək vətəndaş münasibətini açıq-aydın ifadə edir. Məktubda deyilirdi: "Sabiri sevənlərə biz "Hophopnamə"ni təmənnasız göndəririk. O ki qaldı, min tümən məsələsinə, deməliyəm ki, mənim aləmimdə dünyanın bütün daş-qaşı bir yerə toplansa, yenə də "Hophopnamə"nin qiymətini ödəməz".
Böyük vətəndaş alim Abbas Zamanov milli ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi idi. O, böyük iradəsi və yüksək vətəndaşlıq mövqeyi ilə zəmanəsinə qalib gəlmişdi. Dünyanın nəhəng dövlətlərindən biri olan Sovetlər İttifaqı zamanında Abbas müəllim qədər açıq və qəti vətəndaşlıq mövqeyini ifadə etməyi bacarmaq hər ziyalının işi deyildi. Professor Abbas Zamanov üçün Azərbaycan amalı şəxsi həyatından da ucada dayanmışdır. O, XX əsrdə Sovet dövlətində yaşayıb-yaratmış ən görkəmli azərbaycanşünas alimlərindən biri olmuşdur. Keçən yüzilliyin ikinci yarısında Kremldə yer almış erməni qruplaşmasının təsiri ilə Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi məsələsi ictimai rəyi formalaşdırmaq üçün mühitə sızdırılanda Abbas Zamanovun etiraz səsi bütün ölkəyə yayılmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin indiki İstiqlal küçəsindəki binasında 29 mart 1960-cı il tarixdə akademik Məmməd Arif Dadaşzadənin sədrliyi ilə Xalq şairi Səməd Vurğunun vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsində Abbas Zamanov söz alıb çıxış edərək, mövzuya heç dəxli olmadığı halda fürsətdən istifadə edib qəti şəkildə demişdir: "Naxçıvan qədim Azərbaycan torpağıdır. Qara niyyətlərinizdən əl çəkin, daşnaklar! Naxçıvan heç zaman ermənilərin olmayacaq!"

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə bu məsələ Bakı Dövlət Universitetinin partiya bürosunun iclasında müzakirə olunarkən etdiyi çıxışdan peşman olduğunu bəyan etdiyi təqdirdə yüngül cəza veriləcəyi xəbəri ona çatdırılsa da, Abbas Zamanov mövqeyini dəyişmədiyini bildirmiş və buna görə də Kommunist Partiyası sıralarından çıxarılmağı və universitetin müəllimliyi vəzifəsindən azad olunmağı mərdliklə qəbul etmişdi.

Bundan başqa, professor Abbas Zamanovun 1968-1971-ci illərdə Bakıda Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinin direktoru vəzifəsində çalışarkən "mürtəce pantürkist" damğası vurularaq xalq düşməni elan olunmuş böyük ədib və ideoloq Əli bəy Hüseynzadənin Fransanın paytaxtı Paris şəhərində yaşayan oğlu, tanınmış rəssam Səlim Turanın rəsm əsərlərinin orijinalını Bakıya gətirdib, muzeyin açıq sərgisində nümayiş etdirməsi də zamanına görə böyük cəsarətin ifadəsi idi.

Ölkəmizdəki ən zəngin elmi məxəz və ədəbi-tarixi xəzinələrdən biri də Abbas Zamanovun şəxsi arxividir. Nadir əlyazmalarından tutmuş, yalnız xoşbəxt təsadüf nəticəsində yeganə nüsxəsi mühafizə edilib qalan kitablara qədər, müxtəlif qitələrdən alınmış minlərlə məktub, qəzet, jurnal, şəkil və teleqramlaradək bu qeyri-adi arxivdə saxlanılan sənədlər təkcə bir nəfər vətəndaş alimin deyil, bütövlükdə Abbas Zamanov dövrünün tarixi oçerklərini yaratmaqda əvəzedilməz mənbələrdir. Ədəbiyyat və mədəniyyətimizin, ayrı-ayrı ədəbi-tarixi şəxsiyyətlərin həyat və yaradıcılığının bir çox naməlum səhifələri dövlət arxivlərində deyil, məhz Abbas Zamanovun şəxsi arxivində saxlanılmaqdadır. Və bu arxivə "dopusk", xüsusi icazə almaq dövlət arxivlərindən heç də asan deyildi. Bunun üçün Abbas müəllimin və onun təkcə vəfalı ömür-gün yoldaşı yox, həm də ləyaqətli "əməl dostu" olan Asya xanımın etibarını qazanmaq kimi məsuliyyətli bir vəzifənin öhdəsindən gəlməyi bacarmaq lazım idi.

Ümumiyyətlə, Abbas Zamanov görkəmli bir ədəbiyyatşünas kimi tədqiq etdiyi yazıçılara qiymət verərkən onların əsərlərinin ideya-bədii dəyəri ilə əməllərinin vəhdətinə xüsusi diqqət yetirmişdir. Bu mənada 1979-cu ildə Bakıda nəşr edilmiş "Əməl dostları" kitabı həm də Abbas Zamanovun ədəbiyyata yanaşma metodunun düsturu kimi başa düşülə bilər. Abbas Zamanov özü də adlı-sanlı alim kimi dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də əməl dostluğu ilə yaddaşlara hopmuşdur. Abbas Zamanov XX əsrdə yaşayıb-yaratmış böyük əməlpərvər alim-vətəndaş kimi tanınmışdır. Yaş etibarilə sonrakı nəsli təmsil etməsinə baxmayaraq, o, özündən bir qədər əvvəl yaşayıb-yaratmış görkəmli yazıçıların həyatına, mühitinə, yaradıcılıq dünyasına o qədər can yanğısı ilə, qədirşünaslıqla daxil olmuşdur ki, bir çox kiçik, incə, lakin maraqlı və əhəmiyyətli detalları üzə çıxarıb elə şəkildə təqdim etməyi bacarmışdı ki, oxucu əsərlərini oxuyarkən onun da sanki həmin dövrdə Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirlə birlikdə yaşayıb-işlədiyini, düşünüb-çalışdığını güman edir. Beləliklə, "Sabir və müasirləri" kitabının müəllifi Abbas Zamanov həm də böyük satirik sənətkarımız Mirzə Ələkbər Sabirin müasiri kimi görünür, Cəlil Məmmədquluzadənin əməl dostlarından birinə çevrilir.

Böyük vətəndaş alim Abbas Zamanov üçün dostluq anlayışı məslək dostluğu səviyyəsində qəbul edilmişdir. Abbas Zamanovun müasirləri içərisində professor Əziz Şərif, Xalq şairi Rəsul Rza, məşhur teatrşünas Cəfər Cəfərov, akademik Məmməd Cəfər Cəfərov, professor Həmid Məmmədzadə ilə münasibətləri məslək dostluğundan, əqidə bütövlüyü nümunəsindən yoğrulmuşdur. Əziz Şərif - Abbas Zamanov, Rəsul Rza - Abbas Zamanov dostluğu mənəvi münasibətlərin sədlərini aşaraq, ədəbiyyat tarixi hadisəsinə çevrilmişdir. Bu görkəmli sənətkarların məslək dostluğunu Azərbaycan ədəbiyyatı tarixində Cəlil Məmmədquluzadə ilə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavid və Abdulla Şaiqin əqidə qardaşlıqları ilə müqayisə etmək olar. Abbas Zamanovla Əziz Şərifin dostluğu Azərbaycan ədəbiyyatı, elmi və mədəniyyətinin Moskvada və ümumən Rusiyada geniş miqyasda tanıdılmasına ayrıca bir institut qədər xidmət göstərən səmərəli bir fəaliyyətə həsr olunmuşdur. Bu məslək dostluğu insanlararası münasibətlərdə əqidə bütövlüyünə, insan etibarına, kişilik ölçüsündə böyük dostluğa örnəkdir. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Molla Pənah Vaqifin və başqalarının əsərlərinin Moskvada rus dilində müfəssəl nəşrləri Əziz Şərif - Abbas Zamanov dostluğunun bəhrələridir. Eyni zamanda, Əziz Şərifin Bakıda çap edilmiş "Keçmiş günlərdən", "Molla Nəsrəddin" necə yarandı", "Atam və mən", "Tapıntılar" və sair əsərlərinin korrekturasından tutmuş redaktəsinə, çapına və yayılmasına qədərki bütün məsələlər Abbas Zamanovun bilavasitə iştirakı, rəhbərliyi və nəzarəti ilə, böyük məsuliyyətlə həyata keçirilmişdir. Abbas Zamanov və Əziz Şərif dostluğundan ədəbiyyatımız və mədəniyyətimiz çox şey qazanmışdır.
Xalq şairi Rəsul Rza ilə professor Abbas Zamanovun dostluğu Azərbaycanda Sovet dövrünün çətinlikləri şəraitində Azərbaycançı milli elmin və düşüncənin inkişafına, daha da genişlənməsinə şərəflə xidmət etmişdir. Rəsul Rza - Abbas Zamanov - Cəfər Cəfərov elmi-ədəbi cəbhəsi, onların qarşılıqlı və səmərəli əməkdaşlığı, üçlü Başkanlıq prinsipi üstündə qurulmuş dostluğu XX əsrin ikinci yarısı Azərbaycan elmi-mədəni mühitində fəal vətəndaşlıq mövqeyinin və ümummilli mənafelərin müdafiə olunmasına şərait yaratmışdır. Abbas Zamanov hər iki ideya-məslək dostunun Azərbaycan ədəbiyyatında və elmindəki mövqelərini həmişə müdafiə etmişdir. Xalq şairi Rəsul Rzanın "Rənglər" şeirlər silsiləsi kimi böyük sənət şedevrlərinin mübahisə və müzakirə obyektinə çevrildiyi zamanlarda Abbas Zamanov Bakıdan Londonda yaşayan dostu, professor Turxan Gəncəyiyə yazmışdı ki, necə olur ki, "başqaları "Rənglər"i öz dillərinə tərcümə edib başa düşürlər, amma biz onları başa düşmürük?!" Professor Turxan Gəncəyinin Abbas Zamanova yazdığı məktublarda Xalq şairi Rəsul Rzanın yaradıcılığına, xüsusən "Rənglər" silsiləsinə dair çox əhəmiyyətli, cəlbedici məqamlara rast gəlirik. Turxan Gəncəyinin məktublarında oxuyuruq: "Rənglər"i Britaniya muzeyi kitabxanasından tapdım. İndi əlimdə bir foto surəti var. ...Mən bu əsəri son günlərdə dəfələrcə oxudum. Çox sevdim. Modern Azərbaycan ədəbiyyatında bu qədər qüvvətli, mühüm və dərin bir şeir yoxdur - deyə bilərəm.

...Anar sağ olsun, mənə Bakıda atasının üç cildlik şeirlərini bağışlamışdı. Bu cildlərdə bu şeirlər (yəni "Rənglər" - İ.H.) yoxdur. Nazim Hikmət "Rənglər" silsiləsi haqqında deyirdi ki, "bu poemada (silsilə şeirlər nəzərdə tutulur - İ.H.) Rəsul Rza özünü ötüb keçib".

  Beləliklə, Abbas Zamanov - Rəsul Rza dostluğu Azərbaycan ədəbiyyatının qüdrətli bir nümayəndəsinin nəinki xarici ölkələrdə təbliğinə, hətta müdafiə olunmasına, onun haqqında geniş miqyasda yüksək ictimai rəyin formalaşdırılmasına müsbət təsir göstərmişdir.

Abbas Zamanov da Kommunist partiyası sıralarından və işdən çıxarıldıqda onunla ünsiyyətini kəsməyən, ona axıradək dayaq duranlardan biri də Rəsul Rza olmuşdur. Xalq yazıçısı Anara görə, müharibə cəbhələri səngərlərinin sınaqlarında möhkəm bünövrəsi qoyulan və həyatın çətin dolaylarında bərkiyib möhkəmlənən, həmişə ədəbi-ictimai fikrin inkişafına xidmət edən Abbas Zamanov - Rəsul Rza - Cəfər Cəfərov münasibətləri məsuliyyətli, etibarlı və uzunömürlü əqidə dostluğuna örnəkdir. Bu görkəmli şəxsiyyətlərin məslək dostluğu Anarın baxışlarında yaxış mənada ənənəyə çevrilən və ədəbi prosesə işıq salan elm və sənət dostluğunun ibrətamiz nümunəsi kimi təqdim olunur: "Cəfər Cəfərovla əvvəlcədən dost və həmkar olsa da, İkinci Dünya müharibəsinin ağır günləri, Krım cəbhəsində qəzetdə birgə çalışmaları onları daha da yaxınlaşdırmışdı. Və fəxr edirəm ki, Abbas müəllimin belə çətin cəbhə sınaqlarından çıxmış dostlarından biri də atam Rəsul Rza idi. Bu dostluq da ömürləri boyu davam etdi və atam dünyasını dəyişəndə Abbas müəllimin bu itkiyə necə acıdığını, onun hıçqırıqlarını, göz yaşlarını heç vaxt unutmaram. Rəsul Rzanın xatirəsinə həsr etdiyi "Kişi şair" yazısında Abbas müəllim bu dostluğun müxtəlif mərhələləri haqqında son dərəcə qiymətli və səmimi etiraflar etmişdir.

Bu dostluğun istisini mən də daima hiss edirdim: Abbas müəllim "Adamın adamı" pyesimin Şəki tamaşası haqqında mətbuatda ürək sözünü deyəndə də, böyük Mirzə Cəlilə həsr olunmuş "Qəm pəncərəsi" filmim haqqında fikir söyləyəndə də. Bu, yalnız görkəmli mütəxəssisin rəyi deyildi, həm də ailəmizlə olan ənənəvi mehribanlığının, doğmalığının ifadəsi idi. Onu da heç vaxt unutmaram ki, yazıçılarımızın IX Qurultayında bəzi dost saydığım adamlar dönük çıxıb mənə arxadan bıçaq vuranda Abbas müəllim mərd-mərdanə məni müdafiə etdi".     

Ustad Mirzə Cəlil Məmmədquluzadənin uca sənətilə bütöv məsləkini həyat üçün də, ədəbiyyat üçün də örnək hesab edən, böyük satirik Mirzə Ələkbər Sabirin "Molla Nəsrəddin" meydanlarındakı mərd-mərdanə ədəbiyyat döyüşlərini bütün qüdrətilə elmdə ifadə edən, Xalq şairi Rəsul Rzanı "Kişi şair" kimi səciyyələndirən Abbas Zamanov özü də elmdə və cəmiyyətdə tutduğu işıqlı və dəyişməz mövqeyi ilə Kişi alim olmağın nümunəsini göstərmişdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik xəttinə və parlaq şəxsiyyətinə xüsusi ehtiram bəsləyən vətəndaş alim Abbas Zamanov görkəmli dövlət xadimi Moskvadan Azərbaycana qayıtdıqdan sonra Ulu öndərlə görüşmək üçün 1990-cı ilin noyabr ayında professor Yusif Seyidovla birlikdə Naxçıvana gəlmiş, çox səmimi və dərin məzmunlu söhbətlər etmişdir. Həmin görüşdən aldığı təəssüratlar əsasında Abbas müəllimin dediyi aşağıdakı sözlər Azərbaycan xalqının böyük xilaskarının taleyini və xidmətlərini çox dolğun şəkildə ifadə edir:

- Böyük dövlət xadimi Heydər Əliyev Naxçıvanın dağları kimi məğrur və əyilməzdir. O, hər zaman Azərbaycan xalqı üçün gərəkli və əhəmiyyətli şəxsiyyətdir.

Tarixi görüş zamanı vaxtilə Abbas Zamanovun kommunist partiyaları sırasından çıxarılarkən onun şəxsi taleyi ilə əlaqədar məsələlərin necə həll edilməsi barədə açıq söhbətlər olmuşdu. Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri ilə birlikdə vətəndaş alim Abbas Zamanovu da Sovet ideologiyasının caynağından görkəmli dövlət xadimi Heydər Əliyev xilas etmişdir. 

Bütün bunlarla bərabər, burasını da xüsusi qeyd etməyə ehtiyac var ki, hazırda müxtəlif ölkələrdə yaşayıb-yaradan görkəmli alimlərin şəxsi arxivlərində, respublikamızdakı, demək olar ki, əksər muzeyləri və kitabxanaların fondlarında, əksər ziyalılarımızın qovluqlarında Abbas müəllimin göndərdiyi yüzlərlə məktublar və teleqramı vardır. Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Əziz Şərif və başqaları kimi nadir ziyalılarımızın ənənəsinə sadiq qalaraq o, ünvanına gələn bütün məktublara cavab yazmış, aldığı və yola saldığı məktubların səliqəli kataloqunu tərtib etmiş, böyük əksəriyyətinin surətini çıxarıb saxlamışdır. Bu sətirlərin müəllifinin arxivində də Abbas müəllimin göndərdiyi bir neçə məktublar vardır. Abbas Zamanovun bənzərsiz dünyasını bütün incəliklərinə qədər səciyyələndirən həmin məktublardan bəzi məqamları oxuculara çatdırmağı faydalı hesab edirəm.

"Göndərdiyin "Kitablar aləmində" (eyniadlı jurnal nəzərdə tutulur - İ.H.) məni həm sevindirdi, həm də kədərləndirdi. Çünki unudulmaz dostumuz, qardaşımız Firidun Hüseynovun son yazısı "İntibah carçısı" məqaləsi burada dərc olunmuşdur. "Molla Nəsrəddin" haqqında mollanəsrəddinanə məqaləsi... Bu məqaləni oxuyarkən Firidun təmkinliyi, Firidun konkretliyi, Firidun söz demək ustalığı ilə bir daha üz-üzə gəldim.

Firidun nadir insan, nadir dost, nadir alim, nadir şəxs idi, daha doğrusu, nadir şəxsiyyət idi. İndi onun yeri hər gün görünür. ...Sevdiyi, sədaqətlə xidmət etdiyi Vətən torpağı halaldı ona... Daha yaza bilmirəm...

Bakı, mart, A.Z".

Görkəmli şair Hüseyn Cavidin, professor Əziz Şərifin cənazələrinin Naxçıvana gətirilməsində dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə yanaşı, Abbas Zamanovun da özünəməxsus xidməti vardır. O, hər iki tarixi dəfn mərasimində yaxından iştirak etmiş, vida sözü söyləmişdir. Sonrakı məktublarında isə dönə-dönə Cavidin və Əziz Şərifin məzarının götürülməsi, abadlaşdırılması məsələləri ilə ciddi surətdə maraqlanmışdır. Arxivimdə həmin münasibətlə mənə, filologiya elmləri doktoru, professor Yavuz Axundluya müraciətlə yazılmış məktublar vardır. Yaşının ixtiyar çağında bəzən bir ayda eyni mövzuda üç-dörd məktub yazıb yola salmışdır. Çox vaxt iki-üç cümlədən ibarət olan məktublar elm və mədəniyyətimizə qayğıya, dostluq borcuna sədaqətə nümunədir. 

Böyük müəllimimiz, vətəndaş alim, görkəmli tədqiqatçı, professor Abbas Zamanov haqqında 2003-cü ildə Bakıdakı "Çinar-çap" nəşriyyatında çap etdirdiyim "Müasirləri Abbas Zamanov haqqında"kı məqalələr və xatirələr  kitabında Azərbaycan tanınmış elm adamlarının Abbas Zamanovun şəxsiyyəti, fəaliyyəti və xidmətlərinə dair qiymətli məqalələr toplanmışdır. 

Bir dəfə Abbas müəllim professor Əziz Şəriflə Naxçıvana gəlmişdi. Görüşdüyümüz vaxt hal-əhvaldan sonra professor Yavuz Axundlu məxsusi olaraq Abbas müəllimin kefini soruşdu. Yenə də ənənəvi cavab səsləndi: "Şikayətlənmək üçün əsas yoxdur". Əziz Şərif acıqlandı: - Yox bir, hələ əsas da olacaq! 

Həqiqətən belədir. Keçilən məsuliyyətli və şərəfli ömür yolu bunu qəti şəkildə təsdiq edib. 

Böyük vətəndaş alim, professor Abbas Zamanovun 1 aprel 1993-cü ildə dünyasını dəyişməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya göndərdiyi başsağlığı teleqramındakı aşağıdakı dəyərli fikirlər bu vətənpərvər və fədakar elm xadiminin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir: "Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır. Ədəbiyyatımızın bir çox ölkələrdə tanınması və təbliğ olunması onun adı ilə bağlıdır. Şübhə yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən milli mədəniyyətimiz gələcəkdə də istifadə edəcəkdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əlyievin "Abbas Zamanovun 100 illik yubileyi haqqında"kı 5 oktyabr 2011-ci il tarixli sərəncamında "milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmiş,.. xalqımızın bədii-ictimai fikir tarixinin tədqiqi, eləcə də mədəni irsimizin və mənəvi sərvətlərimizin təbliği işinə mühüm töhfələr vermiş" böyük vətəndaş alim barəsində dövlət səviyyəsində səslənən fikirlər, habelə alimin elmi irsinin nəşri və xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlər ölkəmizdə milli ziyalılığa, elmə və alimə bəslənilən yüksək ehtiramın və qayğıkeş münasibətin əməli göstəricisidir. Bakıda və Naxçıvanda keçirilən genişmiqyaslı simpoziumlarla, Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı əsasında Naxçıvan şəhərində yeni salınmış məhəllələrdən birində adına verilmiş abad küçə ilə müşayiət olunan və davam etməkdə olan tədbirlər, haqqında çap edilən kitablar və elmi məqalələr professor Abbas Zamanovun simasında müstəqil Azərbaycan dövlətinin elm siyasətinin konkret nəticələridir.

Görkəmli elm xadimi, vətəndaş alim Abbas Zamanovun anadan olmasının 110 illiyini də Azərbaycanın elmi ictimaiyyəti geniş qeyd etmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu münasibətlə keçirilmiş geniş elmi sessiyada ölkəmizin tanınmış elm adamları, onu yaxından tanıyanlar Abbas müəllim haqqında qiymətli elmi fikirlər və xoş xatirələr söyləmiş, məqalələr çap etdirmişlər. 

Əməkdar elm xadimi, görkəmli vətəndaş-alim və böyük Azərbaycan ziyalısı Abbas Zamanovun elmimizin və ictimai fikrimizin inkişafı sahəsində səmərəli fəaliyyətini, Vətənə xidmət nümunəsi olan şərəfli ömür yolunu göz önünə gətirərkən və bu unudulmaz, parlaq şəxsiyyətin xatirəsinin müstəqil dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyinin şahidləri olaraq düşünürsən: 

Doğrudan da, şikayətlənmək üçün heç bir əsas yoxdur, əksinə, böyük müəllimimiz, vətəndaş-alim Abbas Zamanovun xidmətləri haqqında düşünərkən daxilən qürur duymağa, iftixar hissi keçirməyə dəyər!

2011-2021
 

 





20.10.2021    çap et  çap et