525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz:

[email protected]

***

Fəqan Vahid oğlu Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.

2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb. Nişanlı idi.

Milliyyətcə çaxur olan Fəqan kinoşünas idi, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Çavuş rütbəsi daşıyan Fəqan manqa komandiri idi. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, oktyabrın 6-da Ağdam döyüşləri zamanı döyüş tapşırığını yerinə yetərərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan özünü sipər edərək döyüş yoldaşlarını xilas edib. Atası da I Qarabağ savaşının iştirakçısı olan şəhidimiz Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.

O, 2021-ci ilin yanvarında xidmətini başa vurub təhsilini davam etdirməyi düşünürdü. Ən böyük arzusu isə Qarabağ müharibəsi ilə bağlı çoxseriyalı film çəkmək olan şəhidimizin öz qəhrəmanlıq hekayəsi film mövzusuna çevrildi.

Fəqan Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

***

Samir Möhlət oğlu Qəfərli 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 

2001-ci ildə Ucar rayon Bərgüşad kənd Şəhid Ağamusa Mustafayev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbi bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olub. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirib. 

Təhsilində bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini yenidən davam etdirib və 2019-cu ildə həmin universiteti bitirib. Təhsil aldığı müddətdə Samir Qəfərli Xəzər TV-də yayımlanan "Ata ocağı" serialına çəkilib.

2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlayıb və hər şeyin yaxşı olduğunu deyib, nigaran qalmamağı tapşırıb. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. O, 30 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 31 oktyabr 2020-ci ildə Ucar rayonunun Bərgüşad kəndində 18 yaşındaykən itirdiyi mərhum anasının yanında torpağa tapşırılıb.

Samir Qəfərli şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Süleyman Loğman oğlu Bağırov 1992-ci il fevralın 1-də Sabirabadın Sarxanbəyli kəndində doğulub. Həmin ildən valideyinləri ilə birlikdə Şirvan şəhərinə köçüb. Bağırovlar ailəsinin 3 oğul övladından ilki olan Süleyman, 1999-cu ildə Şirvan şəhərindəki şəhid Məftun Osmanov adına 20 nömrəli məktəbin 1-ci sinifinə daxil olub. S.Bağırov, eyni zamanda, şahmat məktəbində təhsil alıb.

2005-ci ildə 14 yaş oğlanlar arasında Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş 3-cü respublika şahmat turnirində 1-ci yeri tutub. Davamında, 2005-ci ildə 12 noyabr Konstitusiya gününə həsr olunmuş şahmat yarışında və Xocalı faciəsinə həsr olunmuş şahmat turnirində 1-ci yerə layiq görülüb. 2010-cu ildə 20 nömrəli məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. O, tələbəlik illərində universitetin Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı, həm də ictimai əsaslarla bir neçə televiziya kanalları ilə əməkdaşlıq edib. 2010-2014-cü illərdə Rəssamlıq fakültəsi, Sənətşünaslıq ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə təhsil alıb. 

2015-ci ildə universiteti bitirdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsində həqiqi xidmətə başlayıb. Burada da Azərbaycan Silahlı Qüvvələri arasında baş tutan şahmat turnirində 1-ci yerə layiq görülüb. O, xidməti dövründə hərbi təhsilə cəlb edilib, C.Naxçıvanski adına Hərbi Liseydə oxuyaraq leytenant rütbəsini qazanıb.

Süleyman ilk dəfə hərbi xidməti dövründə motoatıcı olaraq müxtəlif hərbi təlimlərdə iştirak edib. Sərrast atıcı hədəflərin düzgün nişan alınmasında və əməliyyatların yerinə yetirilməsində əsl hərbçi fəallığı göstərib.

2016-cı ildə Azərbaycan tarixinə 4 günlük müharibə kimi daxil olan Aprel döyüşlərində iştirak edib. Şəhid general-mayor Polad Həşimov Süleymanın komandiri olub. 

S.Bağırov ordu sıralarında təxris edildikdən sonra Şirvan şəhərindəki marketdə administrator vəzifəsində çalışıb. Eyni zamanda, aktiv gənc olduğu üçün Şirvan Gənclər Evində könüllü şəkildə aktiv fəaliyyət göstərib.

Leytenant Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə 29 sentyabr tarixində könüllü olaraq qoşulub. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 13-də Şirvan şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

2019-cu ilin 15 dekabr tarixində ailə quran şəhidimizin şəhadətindən sonra dünyaya gələn qız övladı vətənə əmanət qalıb.
Süleyman Bağırov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

Vüsal Əli oğlu İbişov 1999-cu ilin iyun ayının 19-da Ağsunun Gəgəli kəndində doğulub. Atası Əli Əlləzi oğlu İbişov Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin direktoru, anası Xatirə Şakir qızı İbişova isə evdar qadın olub. 

Vüsal 2006-2017-ci illərdə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində təhsil alıb. 

Məktəbi bitirdikdən sonra Beyləqan korpusu N saylı hərbi hissədə kəşfiyyatçı kimi hərbi xidmət keçib. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb. Sonra isə Bakıda inşaat şirkətlərinin birində işləməyə başlayıb.

 Pandemiya başladıqdan sonra kəndə qayıtsa da, 2020-ci ilin sentyabrın 21-də yenidən könüllü hərbi xidmətə yollanıb. Müharibədə Suqovuşan və Ağdərə istiqamətində döyüşlərdə kəşfiyyatçı kimi iştirak edən Vüsal oktyabrın 18-də Ağdərə istiqamətində yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, Ağsu rayonu Gəgəli kəndi Zeyvə nənə qəbiristanlığında dəfn olunub. Gəgəli kəndində onun xatirəsinə müxtəlif abidələr ucaldılıb.

Vüsal İbişov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

Afər Yafət oğlu Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Afər Orucov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Ramil Nuralı oğlu Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. 1987-ci ildə Elşad Qurbanov adına orta məktəbdə təhsilə başlayıb. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra 2001-ci ildə gizirlik kursunda oxuyub. Kursu bitirdikdən sonra kiçik gizir kimi xidmətə başlayıb. 

O, 21 il 3 ay vətənə xidmət edib. Nümunəvi xidmətinə görə müxtəlif zamanlarda “10 il qüsursuz xidmətə görə”, “15 il qüsursuz xidmətə görə”, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif olunub.  

Azərbaycan Ordusunun baş giziri olan Ramil Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Kürdəmir rayonunun Qarasu kəndində dəfn olunub.

Ailəli olan şəhidimizin vətənə əmanət 2 oğlu və 1 qızı qalıb. 

Ramil Quliyev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

Afiq Fərhad oğlu Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində doğulub. Orta təhsilini 2003-2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanıb. 

2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində iştirak edib.
Hərbi xidməti başa vurduqdan sonra müxtəlif işlərdə çalışıb, mülki fəaliyyət göstərib.

2020-ci ilin 14 iyulunda Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra başlanan  səfərbərliklə 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.

Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edərək Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik məqamına yüksəlib.

Afiq Qulamlı şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

Aqil Əli oğlu İsmayılov 1996-cı il iyulun 18-də Şərurun Çomaxtur kəndində anadan olub. 2002-ci ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olur. 2009-cu ildə 8-ci sinifi bitirərək Çəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 

2018-ci ildə "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayır. 1 il pilotluq kursları keçdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) daxil olmaq üçün "Təməl komando kurslarına" qatılır. Aqil üçün ən ağır kurs Gürcüstan Dağ komando kursu olur, lakin 500 nəfər iştirakçıdan müvəffəqiyyətlə xidmətini tamamlayan 40 zabitdən biri olaraq kursu bitirir. 

Leytenant Aqil İsmayılov Xüsusi kəşfiyyat taqımının xüsusi kəşfiyyat qrup komandiri, çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrup komandiri kimi xidmət edib, bir çox kursları fərqlənmə, sertifikat və döş nişanı ilə bitirib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Şərur rayonunda dəfn olunub.

Aqil İsmayılov şəhadətindən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. 

***

Alim Mirzə oğlu Yoldaşov 10 mart 1997-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini alıb.

Alim Yoldaşov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik məqamına ucalıb. O, 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd məzarlığında dəfn olunub.

Alim Yoldaşov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

***

Amil Bədrəddin oğlu Rüstəmov 1995-ci il dekabrın 10-da Tovuzun Bayramlı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Amil Rüstəmov şəhadətindən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Atəm Vaqif oğlu Əliyev 1982-ci il dekabrın 16-da Ağdaşın Abad kəndində doğulub. 

1989-1996-cı illərdə Abad kənd tam orta məktəbində, 1996-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

O, nümunəvi xidmətinə görə müxtəlif illərdə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif olunub. 

Polkovnik-leytenant Atəm Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 24-də Ağdaş rayonunun Abad kəndində dəfn olunub.

Ailəli olan şəhidimizin bir oğlu və bir qızı Vətənə əmanət qaldı.

Atəm Əliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

Aydın Bayramov Mətləb oğlu 2 avqust 1997-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Orta təhsilini Əmirvan kəndi Yadigar Vəliyev adına tam orta məktəbdə alıb.

2015-ci hərbi xidmətə gedib, Qusar rayon hərbi hissəsində kəşfiyyatçı kimi başa vurub.

2016-cı ildə Aprel döyüşlərində kəşfiyyatçı kimi iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Aydın Bayramov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsidə Murovdağ, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşub. O, oktyabrın 9-da Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik məqamına yüksəlib. Qəbələ rayonu Əmirvan kənd qəbirstanlığında dəfn olunub.

Aydın Bayramov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

***

Bağır Əsəd oğlu Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvanda doğulub. 2001-2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb.

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib.

2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov da hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib.

Gizir Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub. Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində rolu olub. O, oktyabrın 15-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Naxçıvanda dəfn olunub.

Bağır Ələkbərov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Babək Meyvəddin oğlu Ramaldanov 1982-ci il avqustun 9-da Bakıda anadan olub. Əslən Qusar rayonundandır. Milliyyətcə ləzgidir. 

1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Onun dayısı Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.
Babək Ramaldanov nümunəvi xidmətinə görə müxtəlif illərdə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, həmçinin, bir sıra fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Polkovnik-leytenant Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. II Şəhidlər xiyabanında dəfn olunub.
Ailəli olan şəhidimizin Ramaldan və Süleyman adında 2 oğlu yadigar qalıb.

Babək Ramaldanov şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Bayram İlqar oğlu Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 

2009-2012-ci illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.

Baş leytenant Bayram Babaşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib.

Ailəli olan şəhidimizin bir övladı Vətənə və xalqa əmanət qalıb.  

Bayram Babaşov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

Bəxtiyar Saleh oğlu İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub.

O, 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şirvan şəhərində dəfn olunub.

Bəxtiyar İslamov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. 

 





21.10.2021    çap et  çap et