525.Az

Naxçıvan Kəngərlilərinə bağlı mötəbər nəsil


 

Naxçıvan Kəngərlilərinə bağlı mötəbər nəsil<b style="color:red"></b>

Hərb tariximizi araşdıran tədqiqatçılar, o cümlədən, rus diplomatı və şairi V.N.Qriqoryev yazır ki, əvvəllər Naxçıvan xanlığında daimi qoşunlar yox idi, ancaq lazım olanda tüfəngçiləri bir yerə yığırdılar. Bunlar da mühafizə polisi rolunu oynayırdılar. Süvari dəstələr isə ancaq kəngərlilərdən ibarət idi. Baş rəisdən başqa, qalanları xanın qohumlarından seçilən 2 sultan, 4 naib, tələb edilən sayda yüzbaşılar hərbi süvari dəstəsini təşkil edirdi.

Hər bir süvariyə ayda 40 manat gümüş pul və 2,5 batman çörək verirdilər. Bütün kəngərlilər şəxsi vergilərdən azad idilər. 300 nəfər süvarinin içərisindən seçilmiş 30 nəfər həmişə xanın yanında olurdu. Onlar hamısı xüsusi rəisə - Qullarağasıya tabe idilər. Yaxşı xidmətləri üçün xan onlara yaşadığı kəndlərdə əkin sahələri verirdi. Qeyd edək ki, Qullarağası hələ Səfəvilərin hakimiyyəti zamanında yaradılmış bir hərbi vəzifə idi. Şəxsən şah sarayına məxsus bu qoşun hissələri Qafqazın Gürcüstan və sair məntəqələrindən tutulub qul kimi İrana aparılmış gənclərdən və eləcə də İranda doğulmuş qeyri-müsəlman millətlərdən təşkil olunurdu.

Araşdırmalar göstərir ki, hələ Səfəvi hakimiyyəti dövründə belə qoşun növünə kəngərlilərdən hərbi rəis təyin edirdilər. Məsələn, farsdilli sənədlərdən məlum olur ki, 1684-cü ildə Süleyman şah Eynəlxan Sultan Kəngərlini saray qulamlarına başçı təyin edir (Eynəlxan Sultan Kəngərli yazıçı-publisist və ictimai xadim Eynəli bəyin ulu babasıdır. Bu haqda bir az sonra). Naxçıvan xanlığının fəaliyyət göstərdiyi dövrdə belə qoşunlar olmayıb. Amma xanın və sarayının mühafizəsi üçün Kəngərli süvarilərindən 30 nəfər həmişə saray qvardiyasını təşkil edib. Qullarağasılardan olan varislərdən saray mühafizəçilərinə başçı təyin edilirdi. Daha dəqiq desək, saray mühafizə dəstəsinin çoxu Qullarağasılardan seçilirdi. Bunlar da kəngərlilər idilər.

1800-cü ildən başlayaraq Qullarağasılar Qullarağasıyev familiyasını daşıyırdılar. Hərbçi Qullarağasıyevlər haqqında ətraflı  tədqiqat aparılmadığından və məqalələr yazılmadığından demək olar ki, bu nəsil tamamilə unudulub. Amma hərb tariximizdə bunların şərəfli xidmətləri vardır. Ona görə də bu haqda ətraflı söhbət açmağımız yerinə düşərdi. 

1859-cu ildə bəy komissiyası Qullarağasılar haqqında yazır ki, bu nəslin rəisi Pirmurad Sultandır və 9 ailədir. Şəcərə tarixinə görə, bunlar əsasən 3 qardaşın varisləridirlər. Eynəlxan Sultan Kəngərlinin üç oğlunun adı çəkilir: Nadirxan Sultan, Allahverdi bəy və Nəbi bəy. Və elə o sənəddə qeyd olunub ki, Eynəlxan Sultanın oğlu Allahverdi Sultan, onun isə oğlu Dünyamalı bəydir. Komissiya yekdilliklə onların bu titulunu təsdiqləyir. Qeyd edək ki, Allahverdi Sultanın varisləri Allahverdiyevlər, Nəbi bəyin varisləri Nəbiyevlər və Dünyamalı bəyin varisləri Dünyamalıyev familiyalarını daşıyırlar. Bunlar hamısı Qullarağasıyevlərdir. Kameral siyahılarda Qullarağası ailələri ayrıca qeyd olunublar.

Maraq üçün deyək ki, Naxçıvan Elçiyevləri (Sovet dövründə bəzən Yolçuyev yazılıb) Qullarağasıların mənsub olduğu Salahlı və Qızıllı qolundan deyillər. Onlar Kəngərli tayfasının Kəclər qolundandırlar. Onların ulu babaları kapitan Eynəli Sultan haqqında əvvəllər qəzetimizdə yazmışıq.
Naxçıvan ölkəsində Bilici kəngərlilər çoxluq təşkil etdiklərindən hamısına ümumilikdə tayfa rəisliyini I və II Kərim Sultanlar etmişlər. Bilici və Kəclər qolu bir yerdə yaşadıqlarından kəngərli arxiv sənədlərində II Məhəmməd Kərim Sultanın Kəclər qoluna da rəislik etməsi haqqında əmrlər vardır və s. Araşdırmalar göstərir ki, Kəngərli elinin vəkili Məhəmmədkərim Sultandan başlayaraq onun varisləri seçilmişlər.Bəzi tədqiqatçılar Kəcləri "Köçlü" kimi yazırlar. Belə yazma tamamilə yanlışdır. Ruslar tərcümədə "Kac" kimi yazdıqlarından, kəngərli tarixinə nabələd olan yazarlar isə bunu "Köçlü" formasına (?) salmışlar. Amma onlarla sənədlər var ki, apaydın "kəc" yazılıb. Hətta kəngərlilərin möhürlərində mənsub olduqları nəsillərin adı şəxsin adından əvvəl yazılıb: Məsələn: Kəc Kapitan Eynəli Sultan. Nəzərdə tutmuşuq ki, bir yazımızı bu qola həsr edək. Çünki Kəclər indi də var və bir az təhrif olunmuş formada yazılır: "Qəclər və ya Qəcovlular, yəni Qəc oğulları".

Mətləbimizdən uzaqlaşmayaq. 1843-cü ildə Naxçıvan şəhərində yaşayan Nadirxan Sultan və qardaşı Rəhim ağa haqqında kameral siyahıda məlumat yazılıb: Nadir xan Sultan Eynəlxan Sultan oğlu 50 yaşında, arvadı Xırda xanım 35 yaşında; qardaşı Rəhim ağa 30 yaşında, həyat yoldaşları: Anaxanım 25 yaşında, İmmi xanım 20 yaşında. Rəhim ağanın Sofiya Bəyim adlı qızı (1 yaşında) olduğu da qeyd olunub. 

Hər iki qardaşın kəngərlilərin Qızıllı qolundan olduğu yazılıb. Amma əvvəlki siyahıyaalınmada (1832-ci ildə) Nadir xan Sultanın kəngərli tayfasının Salahı qolundan olması yazılıb. Onun 40 yaşının olması və iki həyat yoldaşının olması haqda məlumat var: 1) Xırda xanım 25 yaş; 2) Səlbinaz 30 yaş.

Gördüyümüz kimi, Nadirxan Sultanın və qardaşı Rəhim ağanın ilkin siyahıyaalmada Salahı, sonra isə Qızıllı qolundan olması yazılıb. 1832-ci il siyahıyaalmadan başqa, qalan illərdə onların Qızıllı qolundan olmaları qeyd edilib. Kameral siyahılarda maraqlı bir qeyd  də var: Şahmirzə Nadirxan Sultan oğlu 50 yaşında, arvadı Qızyetər 40 yaşında.

Bu qardaşların və onların varislərinin kəndləri aşağıdakılar olub: Keçili, Külüs, Mahmudoba, Göynük, Sürəməlik və Nəhəcir. Arxiv araşdırmalarından məlum oldu ki, Qızıllılar əsasən Naxçıvanda və Keçilidə yaşayıblar. Amma Qullarağasıyevlərə məxsus o kəndlərin də kameral siyahılarına baxdıq. Burada yaşayanlar Salahı Kəngərlilər kimi qeyd olunub. İşi çətinləşdirən məqamlardan biri XIX əsrin sonlarında Çölü bəyin və qardaşı Bala bəyin həm Nadir xan Sultanın, həm də Rəhim ağanın varisləri kimi göstərilməsidir. 

1860-cı ildə Naxçıvan şəhərində tərtib edilmiş kameral siyahıda belə yazılıb: Nadir xan Sultan Eynəlxan Sultan oğlu 70 yaşında; qardaşı Rəhim ağa 35 yaşında (1853-cü ildə vəfat edib); qardaşı oğlanları 1) Çölü bəy ağa 7 yaşında; 2) qardaşı Rəhim ağa 5 yaşında. Yəqin ki, oğul Rəhim ağa atası Rəhim ağanın vəfatından sonra doğulub ki, adını Rəhim qoyublar. Sonra mülkədar kəndlərin siyahısında bəzən Çölübəyi və qardaşı Bala bəyi Nadir xan Sultanın, bəzən isə Rəhim ağanın varisləri kimi yazmışlar. Belə görünür ki, bunun əsaslı rəyini ciddi axtarışlardan sonra demək olar. Ola bilər ki, Rəhim ağanın ölümündən sonra onun övladları Nadir xan Sultanın adına yazılıb. 

1873-cü ilin kameral siyahıyaalınma sənədində belə qeyd var: Qullarağasılar: Çölü bəy Rəhim ağa oğlu 25 yaşında, Onun oğlanları: 1) Eynəlxan Sultan 6 yaşında. 2) Nadir xan Sultan (Böyük ağa deyiblər həmişə - müəllif) 4 yaşında; 3) Bədəlxan bəy 1 yaşında. Bu sənəddə ailədəki qadınların adı yazılmayıb, sayı göstərilib. Yəqin ki, Çölü bəyin həyat yoldaşı Nazlı xanım və qızı Maraldır.

Qeyd edək ki, axtarışlar apararkən yazıçı Eynəli bəy Sultanovun 1915-ci ilə aid bir arxiv işinə rast gəldik. Sənəd "Naxçıvan şəhərinin sakini Eynəli bəy Sultanovun oğluna doğum şəhadətnaməsinin verilməsi ilə bağlı idi".

Burada Eynəli bəyin öz dəsti-xətti ilə Zaqafqaziya Şiə İdarəsinə yazdığı ərizə də vardır. Ərizə 3 avqust 1915-ci ildə yazılıb. Ünvan Tiflis şəhəri Sumbatov küçəsi, ev 11 kimi göstərilib. Yazıçının oğlu Çölü bəy 9 iyul 1899-cu ildə doğulub (Hicri tarixdə göstərilib: 12 rəbiüləvvəl 1316-cı il).
Sonra Çölü bəyin qardaşı Bala bəy haqqında yazılıb: Əsl adı Rəhim ağadır, atasının da adı Rəhim ağa olub, 23 yaşında.

Bu sənəddə adı çəkilən Eynəlxan Sultan yazıçı Eynəli bəy Sultanovdur. Həmin siyahıda adı çəkilən Nadir xan Sultan (Böyük ağa) yazıçının qardaşıdır. Sənədlərdən və varislərinin dediklərindən aydın olur ki, çox varlı mülkədar olub. Araşdırmalar apararkən Keçili, Külüs, Göynük, Nəhəcir kəndlərinə gedirdim. Yerli əhali çox böyük ehtiramla Böyük ağanı xatırlayırdılar. Göynük kəndində onun mülkünün yerində ev tikən Tarverdi Bəylər oğlu  atasından eşitdiklərindən söhbət açdı. Onların çox halal adam olduqlarından ürəkdolusu danışdı və dedi ki, hələ də bizim ərazidə "Böyük ağanın badamlığı" adlanan bağın bir hissəsi qalmaqdadır. Böyük ağanın oğlu Rəhim ağa Naxçıvan MSSR-in ilk traktor mexaniki olub. 

1920-ci ildən sonra tez-tez ata-oğulu istintaqlara çağırsalar da, həbs etməmişdilər. Amma kollektivləşmə illərində Keçili və Milax qaçaqlarının Sovet hakimiyyətinə qarşı çıxmaqlarını orqanlar Böyük ağa və oğlu Rəhim ağa ilə əlaqələndirirlər. Onlar hər ikisi əvvəlcə İrana mühacirət edirlər ki, bolşeviklər onları həbs etməsin. Rəhim ağa həyat yoldaşına deyir ki, tez geri dönüb sizi də aparacağam. Amma sərhədi Sovet hökuməti möhkəmləndirdiyindən Rəhim ağa gəlib ailəsini İrana apara bilmir. 1937-ci ilin avqustunda Böyük ağanın həyat yoldaşı 64 yaşlı Fizzə xanım (1873) Sadıx qızı Kəngərlini (Sultanovanı), Rəhim ağanın həyat yoldaşı Humay xanım Paşa qızını (1896, Humay xanımın adı yazıçı-jurnalist E.Axundovanın yazdığı "Heydər Əliyev. Şəxsiyyət və Zaman" (I hissə) kitabında da çəkilib: "...Dərsdən kənar vaxtlarda Zəviyyə məhəlləsinin uşaqları Humay xanımın evi kimi məşhur olan ikimərtəbəli imarətin zirzəmisinə yığışırdılar. Maraq üçün deyək ki, bu məşhur imarətin sahibi yazıçı Eynəli bəyin ortancıl qardaşı Böyük ağa (Nadirxan sultan) idi. Humay xanım onun oğlu Rəhim ağanın həyat yoldaşı idi). Rəhim ağanın qızları Şöləni (1922), Həvvanı (1924) və Maralı (1924) Qazaxıstana sürgün edirlər. 

Böyük ağa (Nadir xan Sultan) Sultanov Kəngərlinin ailəsi sürgün illərində çox məşəqqətlər çəkmişdir. Uzaq Karaqandada Böyük ağanın nəvəsi, Rəhim ağanın qızı Şölə xanım Məmmədəmin Rəsulzadənin sürgündə olan oğlu Azər ilə ailə qurub. 

Onların oğlu Rais indi Bakıda yaşayır. Rəhim ağanın digər iki qızı 1956-cı ildən sonra Naxçıvana qayıtmışlar. Varisləri indi Naxçıvanda yaşayırlar. Varislərin dediyinə görə, Rəhim ağa Türkiyənin Van şəhərindən onlara məktub yazırmış. Həyat yoldaşı Humay xanım Paşa bəy qızından halallıq istəyirmiş. Yazırmış ki, çox təəssüflənirəm, qayıdıb Arazı keçə bilmədim ki, sizi də yanıma gətirim. Məktubu onun qızı Maral xanım yadigar saxlayırmış. Onun vəfatından sonra məktub yoxa çıxıb. 

Gördüyümüz kimi, kəngərlilərin bir qolu olan Qullarağasıyevlər-Sultanovların da Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvanın müdafiəsində və inkişafında mühüm xidmətləri olmuşdur. Bu gün də varislər eyni amalla doğma Azərbaycanımızın tərəqqisində fəaliyyət göstərirlər. Bütün bunlar hamısı ulu kökə, soya bağlılıqdan irəli gəlir. 


 

 





21.10.2021    çap et  çap et