525.Az

Qürbətdə ölməyi vətəndə yaşamaqdan üstün tutanlar - Xaqani Cəfərli yazır


 

Qürbətdə ölməyi vətəndə yaşamaqdan üstün tutanlar -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Avropa sərhədinə dayanmış, əksəriyyəti İraq və Suriya kürdləri olan minlərlə miqrant Belarusun Polşa və Litva ilə sərhədini keçərək, Avropa Birliyinin ərazisinə düşməyə cəhd göstərir. Polşa və Litva sərhədçiləri Belarus sərhədini keçmiş mqirantların qarşını kəsərək geri qaytarmağa çalışırlar. Miqrantlar isə açıq havada gecələmək bahasına olsa da, geri qayıtmaq istəmirlər. Bu adamların hər bir ən azı 4 min avro xərcləyərək Belarus-Polşa sərhədinə gəliblər. Belarusdan geri, vətənlərinə qayıtmaq təklifin isə birmənalı rədd edirlər.

Qanunsuz miqrant axınına Polşa və Litva sərhədi ilə yanaşı, Minsk və Qrodnonun küçələrində də rast gəlmək mümkündür. Gecələr Minsk və Qrodnunun yeraltı keçidlərində, binaların zirzəmilərində gecələyən miqrantlar səbirsizliklə Avropaya gedəcəkləri günü gözləyirlər. Hazırda Belarus ərazində 8 minə yaxın miqrant olduğu güman edilir. Rəsmi Minsk onların sayının 7 mindən çox olduğunu bildirir. Ancaq ekspertlər miqrantların daha çox olduğu qənaətindədirlər.

Onların gələcəkləri ilə bağlı danışıqlar isə hələlik heç bir nəticə verməyib. Kürdlər Polşa və Litvada qalmayacaqlarını, Almaniyaya gedəcəklərini bildirsələr də, onlara sərhədi keçməyə izn verilmir. Qeyd edək ki, Almaniyada çox böyük kürd icması mövcuddur. Bəzi məlumatlara görə, Almaniyadakı kürdlərin sayı bir milyondan artıqdır. Kürdlər Almaniyaya ötən əsrin 60-cı illərindən başlayaraq köçməyə başlayıblar. İlk zamanlar kürdlər Avropaya işləmək üçün gedirdilər. Lakin ötən əsrin sonlarına yaxın kürdlərin Avropaya köçü kütləvi hal almağa başladı. Öncə İraqdan, daha sonra Türkiyədən kürdlər Almaniyaya köçməyə başladılar. Bunun nəticəsində kürdlərin sayı bir milyonu keçib.

Almaniyada böyük kürd icması yeni miqrantların da Almaniyaya üz tutmasının əsas səbəbidir. Lakin Almaniya yeni miqrant qəbul etmək istəmir. Rəsmi Minsk miqrantların bir hissəsinin Almaniya və yaxud da Avropanın başqa bir ölkəsinə keçməsi üçün humanitar dəhliz yaradılması təklifini irəli sürüb. Almaniya kansleri Angela Merkel rəsmi Minskin bu təklifini rədd edib. Kansler Angela Merkelin belə mövqe tutmasının iki səbəbi var. Birincisi, Avropa Birliyinə miqrant qəbul edilməsi məsələsində Almaniya təkbaşına qərar verə bilməz. Bununla bağlı Avropa Birliyi ölkələrinin razılığı lazımdır. Avropa ölkələrinin böyük əksəriyyəti isə Yaxın Şərq ölkələrindən miqrantların qəbul edilməsinin qəti əleyhinədir. Hətta Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu ilə təmsil olunan Macarıstan da qəti surətdə müsəlman miqrantları Avropada görmək istəmir.

Belarus, Rusiya, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan kimi postsovet ölkələrindən olan  miqrantlar Avropaya keçid zamanı ciddi problemlə üzləşmirlər. Hətta Rusiya, Ukrayna və Belarusdan mütəxəssislərin cəlb olunması üçün Avropa ölkələri ayrı-ayrı proqramlar həyata keçirirlər. Polşa yalnız Belarusdan yarım milyon miqrant qəbul edib. Onlar demək olar hamısı ayrı-ayrı sahələr üzrə mütəxəssislərdir. Polşanın Belarusdan cəlb etdiyi miqrantların bir hissəsi hətta dünya səviyyəli mütəxəssislərdir. Bu adamlar Polşanın iqtisadiyyatının böyüməsinə ciddi töhfə verirlər. Eyni sözləri Rusiya və Ukraynadan olan miqrantlar haqqında da demək olar. Bu ölkələri tərk edərək Avropaya gedənlər əsasən iş adamları, yüksək təhsilli mütəxəssislərdir. Onlar getdikləri ölkəyə qısa zamanda uyğunlaşır və cəmiyyətdə öz yerlərini tuturlar. Yaxın Şərqdən olan müsəlman miqrantlar isə Avropa cəmiyyətinə uyğunlaşa bilmir və cəmiyyətdə əlavə problemə çevrilirlər. Çox maraqlıdır ki, Avropa cəmiyyətinə uyğunlaşa bilməyən miqrantların önəmli bir hissəsi vətənlərinə qayıtmaqdansa, Avropada ölməyi üstün tuturlar. Bunun səbəbini izah etmək çətindir.

"Qürbətdə ölməyi vətəndə yaşamaqdan dəyərli edən nədir?" sualının dəqiq cavabı bəlli olmasa da, bu insanların vətəndən qaçmalarının səbəbləri məlumdur.

Miqrantların öz vətənlərini tərk etməsinin əsas səbəblərinin sırasına yaşadıqları bölgədə münaqişələrin illərlə davam etməsi, Avropada iqtisadi vəziyyətin daha yaxşı və cazibədar olması, daha yaxşı səhiyyə və təhsil imkanları əldə etmək amili daxildir. Araşdırmalar göstərir ki, miqrantlar getdikləri ölkədə yerli əhali ilə müqayisədə pis yaşamalarına baxmayaraq, onlar bu həyatı əvvəlkindən üstün tuturlar.

Çox maraqlıdır ki, Rusiya və Türkiyədə də miqrantlara münasibət kəskin şəkildə dəyişib. Rusiyada keçirilən bir araşdırmaya görə, rusların önəmli bir hissəsi işsizliyin əsas səbəbi kimi miqrantları göstərib. Qeyd edək ki, bu iddianı elmi araşdırmalar da təsdiqləyir. Miqrantlar daha ucuz işçi qüvvəsi olduğu üçün iş adamları bir çox hallarda yerli vətəndaşı miqrantla əvəz edir. Bütün bunlar isə cəmiyyətdə miqrantlara qarşı narazılığı artırır.

Türkiyədə də eyni hal müşahidə olunur. Beynəlxalq təşkilatların araşdırmasına görə, hər 10 nəfər miqrant 6 nəfər Türkiyə vətəndaşının işsiz qalmasına səbəb olur. Buna görə də Türkiyədə işsizliyin səviyyəsi çox yüksəkdir. Bu isə miqrantlara qarşı mənfi münasibətin yaranmasına səbəb olub. Hazırda Türkiyənin ən ciddi problemi miqrantlar hesab olunur. Türkiyədəki miqrantların sayı 8-11 milyon arası göstərilir. Müxalifət hakimiyyətə gələcəyi halda miqrant problemini həll edəcəyini vəd etsə də, bir neçə milyon insanın geriyə, vətənlərinə dönməyə razı salmaq asan olmayacaq. Avropadakı miqrantlar kimi, Türkiyədəki qaçqınlar da qürbətdə ölməyi, vətənlərinə qayıtmaqdan üstün tuturlar. 
 

 





20.11.2021    çap et  çap et