525.Az

Bir daha o məsələ haqqında - Xalq yazıçısı Anar yazır


 

Bir daha o məsələ haqqında -<b style="color:red"> Xalq yazıçısı Anar yazır</b>

"Yeni Müsavat" qəzetində mənimlə bağlı növbəti qalmaqala elə həmin qəzetin əməkdaşıyla telefon söhbətində aydınlıq gətirmişdim. Amma görünür, bu məsələni bir daha aydınlaşdırmağa ehtiyac var. "Yeni Müsavat" qəzetinin 17 noyabr və 18 noyabr nömrələrində belə bir abzas yer alıb: "Sentyabr. 1989. Ali Sovetin iclası. Vəzirov deyir: Anar yanıma gəldi, şəxsi məsələsini xahiş etdi. Hökumət evinin arxasındakı yeni binada özünə mənzil istəyirdi, verdim".

Ali Sovetin həmin iclasında mən şəxsən iştirak edirdim. Vəzirov belə söz deməmişdi. Demişdi ki, Anar məndən xahiş edib (bu düzdü), amma nə xahiş etdiyimi deməmişdi. Guya ki, hökumət evinin arxasında yeni binada ev istədiyimi deyə bilməzdi, ona görə ki, mən artıq on üç ildi həmin binada yaşayırdım.

Ali Sovetin həmin iclasının lenti, ya videosu yəqin ki durur, baxsınlar, görəcəklər ki, Ə.Vəzirov bu sözləri deməyib. Əgər bu sözlər köşə yazarının öz əlavəsidirsə, mən bunu təbii qəbul edirəm. Amma əgər Vəzirovun demədiyi sözlər ciddi araşdırıcı kimi hörmət bəslədiyim Ədalət Tahirzadənin diqqətsizliyindən düşübsə onun mətninə, buna təəssüf edirəm.

İndi məsələnin mahiyyəti barədə bir neçə kəlmə.

Düz on il (1966-1976) Vaqif küçəsində yazıçılara məxsus 30 nömrəli evin yarızirzəmi mənzilində yaşamışıq. Yazıçılar İttifaqının yeni tikilən binasında "sənin evin var" bəhanəsiylə mənə mənzil verilmədi. Məcbur olub Ali Sovetin o vaxtkı sədri Qurban Xəlilovun qəbuluna getdim. Onun vasitəsiylə məsələ Heydər Əliyevə çatdırıldı və Ulu öndərin göstərişiylə 1976-cı ildə Üzeyir Hacıbəyov küçəsində, hökumət evinin arxasında 33-35 nömrəli binada mənə üç otaqlı mənzil verildi. O vaxt Ə.Vəzirov ya Moskvada, ya da xarici ölkədə diplomatik işdə idi. Ə.Vəzirov Azərbaycan KP MK-nın Birinci katibi işləyəndə isə ona iki xahişlə müraciət etmişdim. Əbülfəz Elçibəyin, Nemət Pənahovun, Hatəminin həbsdən buraxılması haqqında, bir də on yazıçıya (mənə yox, başqalarına) mənzil verilməsi barədə. Xahişimə əsasən on yazıçı ailəsinə mənzil verdi.

Görəsən, dünyada öz ziyalılarını ləkələməyə belə həvəs göstərən başqa millət də varmı?

18 noyabr, 2021 

 





20.11.2021    çap et  çap et