525.Az

Rusiyanın Qərblə diplomatik gərginliyi - ŞƏRH


 

Rusiyanın Qərblə diplomatik gərginliyi -<b style="color:red"> ŞƏRH</b>

Diplomatik münasibətlərdə çox nadir hallarda rast gəlinən nüanslar artıq adiləşməyə başlayıb. Rusiyanın diplomatları artıq dörd ildir ki, ABŞ-a viza almaqda problemlə üzləşirlər. Bu problemlə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları da qarşılaşırlar. Rusiyanın təmsilçisi Sergey Leonidçenko BMT-nin Baş katibi Antonio Quterreşə müraciət edərək rus diplomatlarının üzləşdikləri problemi həll etməsini istəyib. Qeyd edək ki, akkreditasiya ölkəsi səbəblərini izah etmədən xarici səfirlik və ya konsulluq əməkdaşına viza verməkdən imtina etmək hüququna malikdir. Beynəlxalq təşkilatın əməkdaşına viza verməkdən yalnız müstəsna hallarda imtina edə bilər. Vaşinqton buna görə beynəlxalq təşkilatlarda çalışan rusiyalı diplomatlara viza verməkdən imtina etmir, sadəcə vizaların verilməsini qeyri-müəyyən müddətə təxirə salır. Rusiyanı narahat edən də adətən Kuba, Şimali Koreya və pis imicə malik olan ölkələrin nümayəndəliklərinə göstərilən münasibətlə üzləşmələridir. Bütün bu problemləri həll etmək üçün Rusiya indi BMT Baş katibindən kömək istəyir. Ancaq Baş katib Antonio Quterreşin Rusiyaya ciddi köməyinin dəyəcəyi inandırıcı deyil. Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının diplomatik toxunulmazlıq adı altında təmsil olunduqları Qərb ölkələrində o qədər cinayətlərinin üstü açılıb ki, həqiqi diplomatlar da şübhə altına düşüblər. Digər tərəfdən, yaranmış vəziyyət Rusiya ilə Qərb arasındakı siyasi gərginliyin nəticəsidir. Həmin gərginlik aradan qalxmadan diplomatların üzləşdikləri problemlər həll olunmayacaq. Əksinə, diplomatik münasibətlərin daha da gərginləşməsi gözlənilir.  

Rusiya Xarici İşlər Nazirliyi Almaniya və Fransa ilə diplomatik yazışmaları dərc edib. Berlin və Parisdə Moskvanın bu addımı anlaşılmazlıq yaradıb. Çünki Rusiyanın bu addımı diplomatik qaydalara ziddir. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov alman və fransız həmkarı Heiko Maas və Jan-İv Le Drian ilə yazışmalarını dərc etmələrinin səbəbinə aydınlıq gətirib: "Həmkarlarım son iki həftə ərzində hər gün təkəbbürlü, çox da etik olmayan bəyanatlar verirdilər. Guya Putin göstəriş verib, lakin Lavrov bunu istəmir".

Sergey Lavrovun bu açıqlaması Qərblə Rusiya arasındakı diplomatik gərginliyin səviyyəsini göstərməklə yanaşı, bu prosesin davam edəcəyinə də işarə edib. Belə görünür ki, yaxın zamanlarda Rusiya ilə Qərb arasında beynəlxalq və regional problemlərlə bağlı diplomatik danışıqların uğuruna ümid bəsləmək mümkün olmayacaq. Bu, ən çox Ukraynanın Şərqində münaqişənin həll olunması ilə bağlı aparılan danışıqlarda öz əksini tapacaq. Hətta Moskvanın Almaniya, Fransa, Rusiya və Ukraynadan ibarət "Normand dördlüyü" formatında iştirakdan imtina edəcəyi də gözlənilir. Rusiya prezidenti Vladimir Putinin "Böyük 20"lərin Roma sammitinə və Qlazqoda iqlim dəyişikliyi ilə bağlı sammitə qatılmaması Qərblə Rusiya arasında münasibətlərin də, diplomatik əlaqələrin də qırılmaq üzrə olduğunu göstərir. 

 





21.11.2021    çap et  çap et