525.Az

Heyif, istəkləri yarıda qaldı... - Əli Şamil yazır


 

BAŞQIRD FOLKLOR ARAŞDIRICISI GÖLNAR YULDIBAYEVANI VAXTSIZ-VƏDƏSİZ İTİRDİK

Heyif, istəkləri yarıda qaldı... -<b style="color:red"> Əli Şamil yazır</b>

Koronavirus qurbanları siyahısına gənc və gözəl başqırd folklorçusu Gölnar (Azərbaycanda bu ad Gülnar kimi deyilir və yazılır - Ə.Ş.) Vildan qızı Yuldıbayeva da düşdü. İllər öncə başqırd professorları Firdous Xisamitdinova və Əxmət Söleymanov bizi qiyabi tanış etmişdi. Ona yardımçı olmağı, yol göstərməyi mənə tapşırmışdılar. 

Tanıdığım başqırd professorlarının istedadsız birisinin xahişini etmədiklərini bilirdim. Ona görə də elmi araşdırmalarda, simpoziumlara qatılmada, məqalələrinin nəşrində Gölnara bacardığım qədər kömək edirdim. Yaşam mübarizəsində isə heç bir yardımım olmadı. Heç xəstəliyindən xəbər tutub halını soruşa bilmədim. Qəflətən quş kimi uçub getdi.

...Özbəkistanın Termez səhərində keçirilən toplantıda gənc və yaraşıqlı qadının mənə sarılması diqqətdən yayınmadı. Fikrət Türkmən: "Bilməm hanımlar Əli Şamilin nəyinə vurulub?! Məşədi İbaddan 20 yaş böyük olsa da, yenə onu öpürlər" - deyəndə yaxınlıqdakılar gülüşdülər. Onlar da zarafata başlayanda Fikrət Türkmənin atmacasını cavabsız qoymadım: "Hocam, bu öpücüklərin arxasında ağır mənəvi yük durur. Siz isə yük çəkməyə deyil, kef çəkməyə alışıqsınız" - dedim. Fikrət Türkmən də, onu yaxından tanıyanlar da güldülər. Belə zarafatlardan o, qətiyyən incimir, əksinə, daha da qürurlanır.

Türkiyəli professor, Türk dünyasında yaxşı tanınan Fikrət Türkmənə dost-tanışlarının Fıkra Türkmən deməsindən də heç vaxt inciməz. Türkiyəlilər lətifəyə adətən fıkra deyirlər. Fikrət Türkmən çoxlu fıkra bilməklə yanaşı, özü də lətifə qurmaqda mahirdir. Şahidi olduğumuz kiçik bir hadisəyə azacıq əlavə ilə lətifəyə çevirib hamını güldürə bilir. Onun simpoziumlarda düzüb-qoşduğu lətifələrdən də çox az adam inciyir.

Üzü gülən, gözlərinin dərinliyində nəsə bir qüssə olan Gölnar xanım ətrafımızdakıların gülüşünü təbəssümü ilə cavablandıraraq: "Hocam, onlara diqqət yetirməyin, qısqanırlar!" - dedi və qoluma girərək: "Bir sakit guşəyə çəkilib söhbət edək" - deyərək məni kənara çəkdi. Hollun sakit bir guşəsində əyləşdik.

- Hocam iyi oldu ki, görüşdük. Yazışma canlı ünsiyyətin ləzzətini vermir. Bizim professorların, ixtiyar araşdırıcıların bir çoxu gəncləri haqsız-muzdsuz çalışdırmağı sevir. Mən də sizi çalışdırmaqla əvəzini çıxmaq istəyirəm, - deyə sözə başladı.

Soldan: Başqırd professor Gölnar Yıldıbayeva, Əli Şamil, Özbəkistan Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun arxiv müdiri, filologiya üzrə fəlsəfə doktoru Latifa Xudoyqulova, Özbəkistan Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun Folklor şöbəsinin müdiri Mamatkul Jurayev.

 

Bizə qulaq asan çaş-baş qalardı. Türkiyə türkcəsinin, Azərbaycan, başqırd, tatar dillərinin qarışığında danışırdıq. Bəzən Sovetlər Birliyindən olan tanışlar belə söhbətləri eşidəndə özlərini saxlaya bilməyib: "Özünüzü niyə əziyyətə salırsınız. Rusca danışın, qurtarsın getsin" - deyirlər. Nədənsə belə "ağıllı" məsləhətləri sevmirəm və ona əməl etmirəm. Nəticəsini isə görürəm. 15-20 il öncə görüşəndə Rus dilində danışan Sovet araşdıcılarının bir çoxu indi qarışıq türk ləhcələrində danışır, ana dillərini öyrənirlər.

Gölnarə xanım: "Hocam, Əxmət Söleymanov haqqında yazınızı qızı Nərkes mənə verdi. Xahiş etdi ki, yazılanları tərcümə edim. Məqaləni oxudub çevirdikcə o da ağladı, mən də. O, atası haqqında yazılanlardan təsirlənib ağlayırdı. Mən isə Əxmət hocanın xeyirxahlığını, qayğıkeşliyini yada salıb ağlayırdım. Məqaləni sizin yazdığınız kimi çevirə bilməyəcəkdim. Bunu Nərkesə deyə bilmədim. Yazıya baxa-baxa özüm tanıdığım Əxməd bəy haqqında danışırdım. Nərkec elə bilirdi mən Azərbaycan türkcəsini gözəl bilirəm. Ona görə kağıza baxıb duruxmadan çevirirəm", - dedi.

Mən gülərək ona təşəkkürümü bildirdim. Əxmət bəyi və onun əsərlərini Türk dünyasında gərəyincə tanıda bilmədiyimizə heyifsiləndim.

Əlindəki yazılı kağızları ortaya qoyaraq: "Hocam, mən də sizin haqqınızda yazmaq istəyirəm. Azərbaycan türkcəsində yazılan bəzi sözləri başa düşmürəm", - deyəndə mən Gölnarın sözünü kəsərək zarafata saldım. 

- Mən başqırd professoru Əxmət Söleymanov haqqında yazmasaydım, siz də mənim haqqımda yazmayacaqdınız. Əvəz-əvəz etmək istəyirsiniz, eləmi? Mən Əxmət Söleymanov haqqında ölümündən sonra yazmışdım. Siz də gözləyin, mən öləndən sonra yazarsınız. İndi başqa azərbaycanlı alimlər haqqında yazmaqda sizə yardımçı olaram" - deyəndə Gölnarə doluxsundu. Onun könlünü almaq üçün, başını sığallayıb: "Rahatsız olma, hələ ölən deyiləm. Əlimdə o qədər yarımçıq işlərim var, gəl görəsən. Onları bitirmədən o dünyaya getsəm, İnkim-Minkir məndən soruşacaq: Sizə Allah ağıl və yazmaq bacarığı vermişdi. Niyə ondan səmərəli istifadə etmədiniz? İşləri yarımçıq qoyub gəldiniz? Onda mən nə cavab verərəm?!" - dedim.

Başqırdıstan Elmlər Akademiyası Tarix, Dil, Ədəbiyyat İnstitutunun folklor şöbəsinin əməkdaşları. Soldan birinci Gölnara Yuldıbayeva.

 

Gölnarın yalnız sifəti deyil, gözləri də güldü: "Baba, gözəl dediniz!" - deyəndə mən onun sözünü yenə yarıda kəsdim. Onun başqırdlar sayaq ata əvəzinə türkiyəlilər kimi baba deməsini bilsəm də, özümü bilməməzliyə vurub: "Mən nədən ixtiyarlaşdırdınız? Atanızdan bəlkə də bir az böyük olaram. Amma siz mənə atanızın atası kimi müraciət edirsiniz" - deyəndə o, gülərək: "Hocam, şaka yapmayın. Türk dillərindəki farklılık beni yaman çaşdırır. Biz də ata deyirik. İndi çaşıb türklər kimi baba söylədim", - dedi.

Zarafatla başlayan söhbət getdikcə elmi müzakirəyə çevrildi. Gölnar Yuldıbayeva ortaya qoyduğu vərəqləri çevirərək hazırladığı layihədən danışırdı. O, Türk dastanlarında miflərdən istifadə mövzusunda araşdırma aparılmasını istəyirdi. Araşdırıclarını bu işə cəlb etməkdə məni vasitəçi-körpü olmağa həvəsləndirirdi. 

Layihə gözəl və ürəyimdən idi. Geniş müzakirə etdik. Yardımçı olacağıma söz verdim. Heyif ki, onun arzuları kimi, layihəsi də yarımçıq qaldı. Özbəkistanın Termez şəhərində 2019-cu il aprelin 5-dən 10-dək keçirilən Birinci Xalqlararası Baxşı (Ozan, aşıq) Festivalındakı görüşümüz son görüş oldu. Gölnarın 2020-ci il noyabrın 20-də dünyasını dəyişdiyi xəbərini feysbukda oxudum.

Gölnar ilə heç bir qohumluq bağımız yoxdur. Onu mənimlə Başqırdıstandakı Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmlər doktoru, professor Firdous Qilmitdinovna Xisamitdinova və Əxmət Söleymanov tanış edib. 

Firdous xanım 2000-ci il aprelin 10-da Bakıda olarkən söhbət zamanı dedi: "İnstitutumuzda bir laborant var. Çox istedadlı gəncdir. Bu il Başqırdıstan Dövlət Universitetini bitirəcək. Onu aspiranturaya qəbul edəcəyik. Sizin əlaqələriniz genişdir. Xarici ölkələrdə keçirilən simpoziumlara qatılmaqda, elmi məqalələrinin xaricdə nəşrində yardımçı olsanız, istedadlı bir gənci Türk dünyasına qazandırarsınız".

Mənim ilk sualım bu oldu: "Firdous xanım, dediyiniz gənc başqırd dilini yaxşı bilirmi?"

O, mənim başqırd alimlərinin çoxunun ana dilini yaxşı bilmədiyinə işarə etdiyimi başa düşdü: "Gölnar Qafurin rayonundakı Saitbaba kəndindəndir. Saitbabalıların hamısı ana dilini yaxşı bilməklə yanaşı, bir çoxu tatar, qazax, qırğızca da danışır və yazır" - dedi. Onun bu təqdimatı məni qane etdiyindən əlavə sual vermədim.

Bir neçə gün sonra e-mailimə Gölnar Yuldıbayevadan bir məktub gəldi. O, Firdous xanımın dediyi gənc olduğunu yazırdı. Özü haqqında qısa bilgi də göndərmişdi. Mən ona həvəsləndirici kiçik bir məktub göndərdim. Türkiyədə keçiriləcək toplantılara qatılması və Türk xalqlarının folklorunu araşdırması üçün Türk dilini öyrənməsini məsləhət gördüm.

Sonralar da o, mənə təkəmseyrək məktublar yazır, necə deyərlər, gördüyü işlər barədə hesabat verirdi. Mən də ona milli və dini bayram günlərində təbrik açıqcaları, türk dünyasında keçirilən simpoziumların dəvətnamələrini göndərirdim.

AMEA Folklor İnstitutunda 2004-cü il martın 18-21-də keçirdiyimiz "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" sempozyumuna Başqırdıstanda folklorçu, professor Axmet Suleymanovu (O, türksoylu araşdırıcılardan ad və soyadının Əxmət Möhəmmədvəli ulu Söleymanov kimi yazılmasını istəyirdi) və qızı, filologiya elmləri namizədi Leysan İtkulovanı da dəvət etmişdik. Əxmət Söleymanov mənə 100 qramlıq şüşə qabda bal verərək: "Bunu Gölnar göndərib. Bal az olsa da, onu göndərən qızın özü bal kimi qızdır" - dedi və əlavə etdi: "Qızım Nerkezin yaxın rəfiqəsidir. Onun məqalələrinin çapına və simpoziumlara qatılmasına kömək et. Gözləmə ki, o, sizdən nə vaxt kömək istəyəcək, Özün bir müəllim, ata kimi onun üzərindən diqqətini çəkmə".

Poçtla kitab göndərmək baha olduğundan Əxmət Söleymanovun gəlişindən istifadə edib Gölnara institutumuzda və Türkiyədə çap olunmuş bir neçə kitab göndərdim.

Gölnar xanım 2003-cü ildə kiçik elmi işçi, 2007-ci ildə elmi işçi olduğunu, 2008-ci ildə baş elmi işçi seçildiyini yazırdı. 2006-cı ildə "Ural Batır dastanının mövzu və üslubu" mövzusunda yazdığı dissertasiyanı Tatarıstanda müdafiə edərək folklorşünaslıq ixtisası üzrə filologiya elmləri namizədi elmi adı aldı. Bir il sonra da bu adda kitabı nəşr edildi.

Onunla elmi toplantılarda təkəmseyrək görüşürdük. Mən ən çox Türkiyədə, Quzey Kıbrıs Türk Cümhuriyyətində, hərdən də Fransada, Avstriyada, İsveçrədə, İsveçdə, Çexiyada, İranda, Güney Koreyada, Türkistanda və başqa ölkələrdə keçirilən toplantılara qatılırdım. Göndərdiyim simpozium dəvətnamələrindən istifadə edən Gölnar isə Tatarıstana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Türkmənistana, Sibir bölgəsinə gedirdi. Onu Türkiyəyə, Avropa və Amerikaya, Güney Koreyaya, Yaponiyaya və başqa ölkələrə də getməyə həvəsləndirirdim. Rus dilindən başqa dillərdə yazmağı bacarmadığından və yeni qaydalara alışa bilmədiyindən təkliflərimi həvəssiz qarşılayırdı. Gedə bilmədiyini də praktik işlər başını çox qatdığı ilə əsaslandırırdı. İldə bir neçə dəfə folklor ekspedisiyalarına qatılırdı. Onların ekspedisiyası yalnız Başqırdıstan Respublikasına deyil, Rusiya Federasiyasını başqırdlar yaşayan qonşu vilayətlərinə də olurdu. Son illərin ekspedisiyalarına Gölnar Yuldıbayeva rəhbərlik edirdi.
Gölnar Yuldıbayeva folklorçu həmkarları ilə birlikdə yalnız Başqırdıstanın kəndlərini deyil, Orenburq, Perm, Samara, Saratov, Sverdlovski, Çelyabinsk, Kurqan vilayətlərindəki türksoylu xalqlar yaşayan kəndləri qarış-qarış gəzmiş, folklor nümunələri toplamışdı. Onun və peşə yoldaşlarının topladıqları materialların böyük əksəriyyəti nəşr edilib. Bu nəşrlərin hamısında tərtibçilər sırasında Gölnar Yuldıbayevanın adı var. Tərtibçisi olduğu 16 kitabın bir çoxunun elektron variantını mənə göndərmişdi. İstəyirdi Başqırd araşdırıcılarının əsərlərində Azərbaycan folklorçuları da yararlansınlar.

1954-cü ildən başlayaraq Başqırd folklor topluları "Başkort xalk ijadı" adı altında nəşr edilirdi. 1985-ci ildə nəşr edilən 18-ci cildindən sonra kitabın adını "Başkirskoe narodnoe tvorçestvo" etdilər və 12 cildi işıq üzü gördü. "Kitab" nəşriyyatı 1995-ci ildən başqırd dilində janırlar üzrə 36 cildlik folklor toplusu çap etməyə başladı. Bu proyektə də fəal olan Gölnar xanım 1910-cu ildə M.Buranqulovun Q.Arqınbayeva və X.Almuxammedovadan topladığı "Ural Batır" dastanını 2014-cü ildə nəşr etdirir. Onun böyük xidmətlərindən biri də məşhur qırğız dastanı "Manası" Z.Sirazetdinov, N.Xubittinova, Q.Xusainova və A.Xakimyanova ilə birlikdə başqırd dilinə çevirib, şərhlər yazaraq çap etdirməsi oldu.

Son illər nəşrə hazırlanan kitablarda onu adı daha çox görünürdü. Sovet dövründə yasaq olunmuş mövzuların araşdırılmasına girişməsini mən də alqışlayırdım. "Çağdaş başqırt folklorunda islam motivləri" (2013), "Başqırd xalq dastanı "Akbuzat" (2013), "Başqırd dastanlarında oğul obrazı" (2013) və başqa 6 məqaləsi 2013-cü ildə Başqırdıstanda və Başqırdıstandan kənarda nəşr olunan jurnallarda çıxması təsadüfi deyildi. Necə deyərlər, illərlə çəkdiyi zəhmətin bəhrəsi olan yazıları müxtəlif səbəblərdən gəlib eyni ilə düşmüşdü.

Həyatsevər, türkiyəlilər demiş, süslənməyindən qalmayan Gölnar bəzənib-düzənməsini belə qiymətləndirirdi: "Elm ilə məşğul olan qadınların çoxu adətən geyimlərinə, bəzək-düzəklərinə o qədər də fikir vermirlər. Necə deyərlər, özlərini kişi kimi aparırlar. Mən isə qadın olduğumu heç vaxt unutmuram. Kəndlərə folklor toplamağa gedəndə qadınlar məni süslənmiş görüb istehza ilə baxır, əlindən ev, təsərrüfat işləri gəlməyən şəhərli qız olduğumu düşünürlər. Paltarımı dəyişib inək sağdığımı, həyət baca, əkib-becərmə işlərini onlar kimi gördüyümü, axşam da harada olsa bir qabda su qaynadıb yuyunduqdan sonra süfrədə oturduğuma heyrət edirlər". 

Termezdə olarkən ona "Koroğlu" dastanına az diqqət yetirdiyini irad tutmuşdum. O, başqırdlardan topladığı nümunələr arasında "Koroğlu" dastanı ilə bağlı materiala rast gəlmədiyini söylədi. Mən ondan Başqırdıstanda Jılkıçıkanqol (İlxı çıxan göl) gölü ilə bağlı əfsanənin "Koroğlu" dastanındakı Qırat və Duratla bağlılığına dair fikirlərimi bölüşdüm.

O, geri döndükdən az sonra votsapla zəng vuraraq: "Hocam, mənə yeni bir yön göstərdiniz. Yer adlarımızla bağlı əfsanələri yenidən gözdən keçirirəm. 19-cu yüzilin sonları, 20-ci yüzilin başlarında tatar-başqırd dilində yazıya alınmış folklor nümunələri arasında "Koroğlu" ilə bağlı xeyli material gördüm. Bakıda bir simpozium düzənləyin. Gəlib orada bu mövzuda bir məruzə oxuyum". 

Gölnarın ürəkdən bağlandığı iş başqırd folklorunu toplayıb nəşr etdirmək idi. İdarəçilikdəki əngəllər onu işindən bezdirməsə də, adamlardan bezdirirdi. Bir neçə dəfə Türkiyənin universitetlərindən birində 3-5 illiyə də olsa işləməyə getmək istəyirdi. Onun bəxtindən istəyini reallaşdıra bilmədik. Tanışlarım olan universitetlərdə ştatlar tutulmuş idi.

İstanbuldakı Uluslararası Şamanizmin Elmi Araşdırma Mərkəzinə üzv qəbul edilməsinə bərk sevinir, bunu Türk dünyasında zəhmətinin dəyərləndirilməsi kimi qiymətləndirirdi. 2012-ci ildə çap olunmuş "Başqırd folklorunun çağdaş durumu" kitabı Umumittifaq müsabiqəsinin qalibi elan edilmişdi. 2019-cu ildə nəşr etdirdiyi "Başqırd baytları (ərəbcədəki beyt sözündəndir. Bizim ədəbiyyatşünaslıqda da beyt kimi işlədilir - Ə.Ş) "Sak-Suk" (Mətin və incələmə kitabı da) Başqırdıstandakı elmi araşdırma mərkəzləri və ali təhsil ocaqları müəllimlərinin "Humanitar elmlər" seriyasından müsabiqənin qalibi olmuşdu. Bir neçə nüfuzlu elmi jurnalın Hakimlər (redaksiya) heyətinin və Ümumrusiya "Rusiya Folklor İttifaqı" ictimai təşkilatının üzvü idi.

2012-ci ildə Altayda, 2017-ci ildə Xakasiyada folklor ekspedisiyalarında olmuşdu. Oradakı araşdırıcıları məni tanımasından necə də qürurlanırdı. Altayda olarkən Bakıda təhsil almış Ejer Altaylının (Çolakovun), elmlər akademiyasının əməkdaşı Nadya Tıdıkovanın ona göstərdiyi yardımdan fərəhlə söz açırdı.

Mənim gənclərin zamanında ailə qurmasına, övlad böyütməsinə, millətinə bu yolla da xidmət etməsinə önəm verdiyimi bilirdi. Evlənəndə yazmışdı. Sonra eyhamla yazılmış bir məktub da göndərmişdi. Ürək xəstəsi olduğunu, ürəyində şuntlama aparıldığını bildirirdi. Bu, onu övlad sahibi olmaqdan məhrum edirdi. Bu acı xəbərdən üzülsəm də, təskinlik verdim.

Bütün gücünü və enerjisini türk xalqlarının folklorunun toplanmasına, nəşrinə və araşdırılmasına həsr edən Gölnar hərdən də giley dolu məktub göndərirdi. Yazırdı ki, yaşıdlarımın əksəriyyəti professordur. Amma bizdə yaşlı nəsil "sən cavansan, biz sən yaşda olanda yeni müdafiə etmişdik, sənin qədər kitabımız və məqaləmiz çıxmamışdı" deməklə irəliləyişimizi əngəlləyir.

2013-cü ildə Türksoy ona xidmətlərinə görə təşəkkür məktubu göndərmişdi. Bununla qürur duyurdu. Amma Başqırdıstanda əməyinin lazımınca dəyərləndirilmədiyini deyirdi. 2019-cu ildə nə zülmlə aparıcı elmi işçi keçmişdi. Gileylənirdi ki, keçmiş Sovetlər Birliyində yaşayan alimlərin bir qisminin ömrü yaradıcılıqdan çox bürokratik əngəllərlə mübarizədə keçir.

Gölnar Vildan qızı Yuldubayevanı 2020-ci il noyabrın 26-da koronavirus alıb apardı. Onun həyata keçirə bilmədiyi istəkləri, yarımçıq əsərləri qaldı.

28.11.2020-28.08.2021
 

 





22.11.2021    çap et  çap et