525.Az

Qaşqayların cəsur xanımı və istedadlı musiqiçisi - Pərvin xanımın əziz xatirəsinə


 

Qaşqayların cəsur xanımı və istedadlı musiqiçisi -<b style="color:red"> Pərvin xanımın əziz xatirəsinə</b>

Qaşqa musiqiçisi və cəsur bir insan olan Pərvin Bəhməninin dünyadan köçdüyü xəbərini saytlarda oxudum. Oğlu Damuna  zəng vurdum. Telefonu cavab vermədi. Xəstə olduğunu bilirdim,  nə vaxt və nədən dünyasını dəyişdiyini öyrənmək üçün İrandakı, Türkiyədəki dostlara məktub göndərdim. İlk cavab verən Ərzurumdakı Atatürk Universitetinin professoru Əli Kafkasiyalı oldu. O, yazırdı: “Sayın Ali Şamil bey, 1949 yılında dünyaya göz açan PervinHanım, 21.10.2021 Perşembe günü saat 18:30'da Tahran Devlet Hastanesinde hayata gözlerini yummuştur.

Kardeşi Uranus hanım'ın ve yeğeni Gazel hanım'ın verdiği bilgiye göre 25.10.2021 pazartesi günü "Behişt Zehra Sanatçılar Kabristanı'nda toprağa verilecektir”.

Əli Kafkasiyalıya bu dolğun və dəqiq məktubuna görə təşəkkürümü bildirdim. Yollar bağlı olmasaydı dəfninə gedər, ailə üzvlərinə və onu sevənlərə başsağlığı verərdim.

1990-cı ildən, İran İslam Respublikasına yollar açılandan sonra hər Təbrizə, Urmiyaya, Ərdəbilə, Zəngana, Tehrana gedəndə görüşdüyüm aydınlardan qaşqayları xəbər alar, dostlardan xahiş edirdim onlarla əlaqə qursunlar. 

2000-ci ildə Tehrana gedəndə Hüseyn Məmmədxanlı Güneyli qaşqay Pərvin Bəhməni ilə tanış olduğunu söylədi. Onun xəbəri elə bil mənə qol-qanad verdi. Həmin   günün səhərisi Hüseyn Məmmədxani-Güneyli və onun həmyerlisi,  Şəbüstərdən (Güney mahalı) olan, Tehran çevrəsindəki qəsəbələrdən birində yaşayaraq şirniyyat satmaqla ailəsini dolandıran Aşıq Əhədlə birlikdə Pərvin Bəhməninin iş yerinə getdik. Zirzəmidə xalça-palazın yanında qaşqayların çox istifadə etdikləri bir neçə musiqi alətləri vardı.

Bizim gözlənilməz gəlişimiz Pərvin xanımı çox sevindirdi. Bir neçə saat qaşqayların aşıqlarından, musiqiçilərindən söhbət etdik. Pərvin xanım deyəndə ki, hökumətin qorxusundan qaşqay aşıqları indi ya qəbiristanlıqda fatihə oxumaqla, ya da başqa bir peşədə çalışmaqla ailələrini dolandırır, elə bir içimdə nəsə qırılıb ayağımın altına düşdü. Bu xəbər məni üzdü. Vəziyyətdən çıxış yolları axtardıq. Çox ölçüb-biçdikdən sonra Güney Azərbaycandan olan aşıqların və aydınların Qaşqay elinə səfərlərini planlaşdırdıq.

Sonralar eşitdim ki, Aşıq Əhəd nəinki Şiraza gedərək qəbiristanlıqda fatihəxanlıq edən aşıqlarla görüşüb, bir kasıbın toyunda birgə çalıb-oxuyublar, sonda  sazını aşıqlardan birinə bağışlayaraq geri dönüb. 

Bir-iki ildən sonra Tehrana gedəndə gördüm ki, Pərvin xanım zirzəmidə qaşqay musiqiçilərindən ibarət “Hava” adlı ansambl yaradıb (Ansamblın adı qaşqayların gözəl yır-şeir deyən, mahnı oxuyan qadının adından alınıb). Pərvin xanımın oğlu Da-munŞeşbölüki (familyaŞeşəbəyi sözünün təhrif olunmuş formasıdır?! - Ə.Ş.), Arəş Əzizi, Dirəxşən Şölə, Momtahan Nazəni, Qurban Nəcəfi və başqaları bu kollektivə qoşulub.

Söhbət zamanı öyrəndim ki, Pərvin xanım Şeşbulokitayfasındandır. Bu tayfanın içərisində bir neçə boy, tirə və nəsil var. Pərvin xanımın atası Qulamrza xan və anası Sudabə xanım Bəhmənbəyiboyundandırlar. 1949-cu ildə dünyaya gələn Pərvin Bəhməni kiçik yaşlarında ailəsi ilə birlikdə çadırlarda yaylaq-qışlaq həyatı yaşayıb. 7 yaşında ikən onu Şirazdakı məktəbdə oxumağa qoyublar. Orada ilk və orta məktəbi, sonra da müəllimlər seminariyasını bitirib.  15 il yayı Zaqros dağlarında, qışı körfəz boyundakı qışlaqlarda yaşayan soydaşlarının uşaqlarına çadırda dərs keçib. Ailə qurub, dörd övlad böyüdüb, boya başa çatdırıb.  

Sözdə asan görünən bu işin arxasında əzab-əziyyətlər durub. Çadırda övlad böyütməklə yanaşı folklor toplayaraq fars dilinə çevirib nəşr etdirib. Məktəbə gələnədək farsca bir kəlmə bilməyən qaşqay uşaqları dərsi başa düşsünlər deyə ana dilində danışıb. Onun dərsləri başa salmaq üçün uşaqlarla türkcə danışması, folklor toplaması, topladığı yarları-şeirləri, ata sözlərini, tapmacaları dərsdə uşaqlara öyrətməsi məmurların xoşuna gəlməyib. Siyasi fəaliyyətdə suçlayayaraq onu həbs ediblər. 

Pərvin xanım zindana südəmər körpəsi Əşkanı da aparıb. Heç bir günahı olmayan Əşkan zindan həyatı yaşayıb, dünyanı zindanda dərk edib.
Milli fəaliyyətinə görə Pərvin Bəhmənini müəllimlikdan azad ediblər. O, xalça alveri ilə ailəsini dolandırmalı olub. Oğlanları Damun və Əşkanın, qızları Azit və Əfsunun təhsil alması üçün əlindən gələni əsirgəməyib. Əşkanı təhsil ardınca Milana göndərib. Özü də musiqi təhsili almaq üçün oğlunun ardınca gedib. Heyif ki, istəyinə nail ola bilməyib geri dönüb. 

Pərvin Bəhməni “Hava” musiqi qrupunu yaratdıqdan sonra Tehranda, Şirazda və ölkənin müxtəlif şəhərlərində keçirilən etnoqrafik  sərgilərdə fəal iştirak edib, qaşqay aşıqlarını və həvəskar musiqiçilərini Tehranda keçirilən toplantılara dəvət edib.  

Məhəmməd Xatəminin prezidentliyi dönəmində rejimdə nisbi yumşalma baş verdi. Ölkədə musiqiçilərə, şair və yazıçılara basqı bir az azalıb. Bundan bacarıqla istifadə edən Pərvin Bəhməni yaratdığı ansanbıl Tehranda tək səslə “Lalalar” (Laylalar) adlı mahnı oxuyub.

İrandada  inqilabdan sonra muqiqi qadağan edilmişdi. Sonralar bir az imkanlar açıldı. Kişilər çalıb-oxuyan konsert salonlarına qadınların və qızların getməsinə icazə verildi. Konsert salonlarında qızlar və qadınlar oxuyanda oraya kişilər, oğlanlar buraxılmadılar. Bunu da qadının səsini naməhrəmlər, yəni qadının qardaşından, ata-sından, oğlundan başqasının eşitməsi günah sayılmasına bağlayırlar. Bir neçə qadın birlikdə oxuyursa günah sayılmır, qadın tək oxuyursa günah sayılır.

Qaşqaylar isə bu qaydalara çox vaxt əməl etmirlər. Musiqi kollektivlərində qadınlar və kişilər bir yerdə çalıb oxuyurlar. Bir dəfə Pərvin xanım Tehrandakı toplantıların birində tək “Lalalar” (qaşqaylar bizim layla dediyimiz sözü lala kimi səsləndirirlər) mahnısını oxuyur.. İanın mühafizəkar rəhbər işçiləri, mətbuatı Pərvin xanımın əleyhinə kampaniya başlayır. Vəziyyətin gərginləşdiyini, Pərvin xanımın geri çəkilmədiyini, qaşqayların da toplum olaraq onu müdafiə etdiyini görən Ayətulla Seyid Əli Xamneyi deyir ki, analar uşaqlarına layla deyənə  qonşudan qadın çağırıb “gəl mənimlə layla oxuyaq” demir ki?! Layla tək oxunar!

Bundan sonra ara sakitləşib.

Pərvin Bəhməniyə həsr olunmuş simpoziumun afişası

 

Bir neçə il öncə yayda minlərlə insan, xüsusən gənclər Kəleybər şəhəri yaxınlığındakı Babək qalasına gedirdilər. Bu həm bir istirahət, gəzinti idisə, həm də rejimə etirazın bir forması idi. Kəleybər bələdiyyəsi bunu alqışlayır, bölgəyə turist axınını təqdir edirdi. Düşünürdü ki, buraya gələn insanların xərclədiyi pulları şəhərin abadlaşdırılmasına xərcləyə bilər. Hökumət məmurları isə gənclərin bir yerə toplanmasından, çalıb-oxumalarından, bir sözlə, onların nəzarətindən kənarda olmalarından və həm də İslam dininə düşmən saydıqları Babəkin adı ilə bağlı yerə getmələrindən narahatlıq keçirirdilər. Minlərlə hərbçi, polis nəinki yolları, hətta dağ cığırlarını da kəsərək adamların Babək qalasına getməsini əngəlləyirdi. Etiraz edənlər sərt cəzalandırılırdı.

Pərvin xanım Babək qalasına getməyi  qadağan edildiyini bilsə də, azərbaycanlılarla əlaqələrini sıxlaşdırmaq üçün bir qrup qaşqay musiqiçisi ilə birlikdə Kəleybərə yola düşür. Şəhərin yaxınlığında jardarma qüvvələri onların avtobusunun qarşısını kəsir. Kəleybərə getməyə qoymurlar. Pərvin xanım və onunla gedən qaşqaylar dirəniş göstərirlər. Jandarmalar təəccüb qalır ki, hamını rahatca geri qaytara bildikləri halda qaşqaylar niyə bu qədər dirənirlər? Qarşılarını ala bilməyəcəklərini gördükdə əlavə qüvvə çağırmağa məcbur olurlar. 

Jandarmalar qaşqayların Babək qalasına getməyini əngəlləsələr də, onları geri qaytara bilmirlər. Bir günlük mübahisədən, müzakirədən sonra Pərvin xanımın başçılıq etdiyi dəstə geri qayıdır. Onların bu sərt dirənişi azərbaycanlı gənclərə də güclü təsir göstərir. 

İş elə gətirdi ki, Pərvin xanım ağır xəstəliyə (döş xərçənginə) tutuldu. Ölüm-qalım savaşı verdi. Azərbaycan və İran Türkləri mövzusunda neçə-neçə dəyərli araşdırmanın yazarı, Prof. Dr. Ali Kafkasyalıya bu haqda bilgi verdim. O, Pərviz Bəhməniyə mənəvi dayaq olmaq, onda ruh yüksəkliyi yaratmaq üçün plan cızdı. 2016-cı ilin may ayının 2-4-də Giresun Universitetində "Beşinci Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni KaşkaiHalk Bilimi Simpoziumu"nu təşkil etdi. Pərvin xanım da rəhbərlik etdiyi “Hava” ansamblı ilə Giresuna gələndə onun şəkili olan afişaların şəhərin küçə və meydanlarını bəzədiyini görəndə görvələrək: Mən ölməyəcəm. Məni belə dəyərləndirənlər varsa hələ çox iş görəcəm” dedi. Qaşqaylar toplantı günlərində fəallıq göstərdilər. Salondakılarıheyrətləndirən mahnılar oxudular. Toplantı günlərində qaşqay musiqiçlərindənƏrsalan Mirzəyi, İbrahim xan Kohendlipur, Piran Dirəxşan, Qəzəl Xorşidi, Pərvin xanımın oğlu Damun Şeşbölükivə başqaları ilə tanış oldum.

Qaşqayların “Hava” musiqi qrupunun üzvləri ilə birlikdə Girəsun Universiteti "Beşinci Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni Kaşkai Halk Bilimi Simpoziumu"nda: soldan Piran Dirəxşan, Ərsalan Mirzəyi, Damun Şeşbölüki, Qəzəl Xorşidi, Əli Şamil, İbrahim xan Kohendlipur və Girəsun universitetinin əməkdaşı

 

Prof. Dr. Ali Kafkasyalının istəkləri baş tutdu. Pərvin xanım xəstəlikdən tam qurtula bilməsə də, əhval-ruhiyyəsi getdikcə yaxşılaşdı.

Bəhməninin rəhbərlik etdiyi “Hava” ansamblını Azərbaycana gətirdə bilməsəm də, Türkiyəyə getmələrinə yol açdım. Bəzi toplantılarda bir yerdə olurduq, bəzilərinə isə qatıla bilmədim. Amma hər dəfə hara getdikləri, necə qarşılandıqları, konsertlərinin necə keçdiyi, necə yola salındıqlarından xəbərim olurdu. Hər dəfə də “Hava” ansamblı-nın konsertləri alqışlarla qarşılandığını eşidəndə sevinirdim. 

İranda sonralar Pərvin Bəhməni haqqında xoş sözlər spylənməyə başlandı. İran İslam Respublikasının Mədəniyyət Naziri onun haqqında: “Pərvin Qaşqainin həyatı saflıq, səmimiyyətin simgəsidir. Onun ömrü sənət və musiqidə ərimişdir”-demişdir.   

Pərvin Bəhməni mükafat alarkən

 

Pərvin xanımın oğlu Damun bəylə əlaqələrimiz sıxlaşdı. O, Azərbaycan musiqisi ilə bağlı lentləri hazırlayaraq İran televiziyalarında, universitetlərdə göstərdi. Bakıya tez-tez gəlməyə başladı. Söhbətlərdən, görüşlərdən yeni layihələr doğdu. O tayın məşhur musiqiçilərindən Fərəməz Gərmrudinin musiqi kollektivinin bir neçə diskini hazırladı. Bu uğuru onu yeni layihələrə həvəsləndirdi. "Çahargah" muğamı əsasında sənədli film çəkdi. Fərəməz Gərmrudinin rəhbərlik etdiyi musiqi kollektivini Şəkidəki Xan sarayına, Şirvanşahlar sarayına və b. tarixi yerlərə götürdü. Onların ifasını lentə aldı. Beləcə, "Göyərçin qanadları" adlı sənədli film hazırlandı. Sənədli film İranın bir çox yer-lərində və Bakıdakı Muğam Mərkəzində Azərbaycanın tanınmış musiqiçiləri qarşısında nümayiş etdirildi. Filmdə musiqi də vardı, rəqs də, Azərbaycanın görməli yerləri də. Əslində, film həm də geniş bir reklam çarxı rolunu oynadı.

Əlaqələrimizin getdikcə sıxlaşdığından qaşqaylar məni tez-tez yaşadıqları bölgələrə dəvət edirdilər. Oraya getməyə çox can atsam da, hər dəfə bir işim çıxır, onların dəvət etdiyi vaxtla mənim vaxtım üst-üstə düşmürdü.

Şiraz Fars vilayətinin mərkəzi olsa da orada orta yüzillərdə yaşamış türklər arasında məşhur dövlət adamları,  sərkərdələr, din xadimləri, şairlər də olmuşdur. Bu ənənə yenə də davam edir. Şəhər əhalisinin təxminən yüzdə 20-si qaşqay türkləridir. İş elə gətirdi Fars vilayətində yaşayan qaşqay türklərinin dəvəti ilə mənim vaxtım və maddi imkanım üst-üstə düşdü. 

2018-ci ilin aprelində Bakıdan Tehrana uçduq. Tehranda olarkən Pərvin Bəhməni və oğlu Damun Şeşbölüki ilə görüşdük. Gəlmişdən-getmişdən, qaşqayların bugünkü durumundan xeyli söhbət etdik. Ölkədə musiqiyə, mədəniyyətə lazımi dəyər verilmədiyindəngileyləndilər. Mən isə ötən illərdə baş verənləri xatırladaraq vəziyyətin getdikcə yaxşılaşacağından danışdım.

Pərvin xanımla oğlu Damun Şirazdakı proqramımız haqqında bilgi verdilər. Bizi Giresunda tanış olduğum Ərsalan Mirzəyi və Pərvin xanımın tanışı, gənc millətsevər, Şeşbölüki tayfasının Doqquzlu tirəsindən olan Əmin Cahangirini qarşılayacaqdı.

Tehran-Şiraz reysində olan Avropadan gəlmiş turistlərin əksəriyyəti qocalardı. Onlar Persepolisi – Təxti-Cəmşidi, Hafiz Şirazinin, Sədi Şirazinin, Baba Kuhi Bakuvinin məzarlarını, Şirazdan İsfahana gedən yolda tikilmiş Quran qapısını, muzeyləri görməyə, mən isə Şirazda yaşayan qaşqaylarla görüşməyə can atırdım. Axşam Azərbaycandan gələn qonaqların şərəfinə Nəsir Əkbərinin bağında toplantı vardı. Ona görə mənim şərəfimə yazmıram ki, o toplantıda iştirak edənlərdən cəmi üç nəfərini – Ər-salan Mirzəyini, Mənuçehr Kəyanini və xanımı Turan Şəhbazini öncədən tanıyırdım. Azərbaycandan hansı ziyalımız getsə, onun şərəfinə bəlkə də daha gözəlini təşkil edəcəklər. Yəni təcrübələri artdıqca toplantılarının tərtibatı və formatı da zənginləşəcək.

Şəkildə soldan: Əli Şamil, Pərvin Bəhməni, Sami Sərdarimilli, Əzizə Şamil. Arxa sırada Pərvin xanımın gəlini Nazənin

 

30-dan çox şair, yazıçı, alim və musiqiçinin qatıldığı toplantını Ərsalan Mirzəyi aparırdı. Bu toplantı 1970-80-ci illərdə iştirak etdiyim toyları, qonaqlıqları, ad günlərini xatırladırdı. Yəni şeir də vardı, söz də, musiqi də. Ərsalan bəy də peşəkar tamada kimi məclisi idarə edirdi. Şiraz Universitetinin salonunda təşkil edilmiş konsertə də Qaşqay geyimində getdim. Musiqiçilərdən bəziləri ilə Giresunda tanış olmuşdum. Əlindən tutulub səhnəyə gətirilən ağsaqqal bir musiqiçini (deyəsən, gözləri görmürdü) tamaşaçılar ayağa durub sürəkli alqışladı. Aparıcı elan etdi ki, Furud (Qaşqaylar ona Furud desə də, sənədlərdə adı Forud, soyadları Gorginpoor kimi yazılır) və Fərhad Görginpur qardaşlarının Qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin yetişməsində rolu böyük olub. Bu gün Şiraz Universitetinin keçmiş müəllimi, Fars dili və Ədəbiyyatı sahəsində doktorası olan alim Fərhad Görginpur sizin üçün bir neçə mahnı çalacaqdır. Görginpur qardaşlarının övladları da musiqiçidir.
Salonu gurultulu alqışlar bürüdü. Alqışlardan və salondakıların hay-harayından Fərhad Görginpurun xalq arasında nə qədər böyük hörməti olduğunu açıq görmək olurdu.

Tehrana dönəndə Pərvin xanım və oğlu Damuna gözəl proqrama görə təşəkkürümü bildirdim. Bu tanışlıqdan bir neçə ay sonra SəttərxanSərdarimillinin nəvəsi Sami bəy və xanımımla birlikdə Şiraza getdik. Əmin Tufan oğlu Cahangirinianın bacısının toyunda iştirak etdik. Səfərlərim zamanı yazdığım məqalələri “525-ci qəzet” də nəşr etdirdim. Sonra xəbər tutdum ki, xəstə olmasına baxmayaraq Pərvin xanım qəzetin fokosurətini çıxarıb qaşqaylar arasında yayırmış. 

Pərvin xanım Bəhməninin bizim Şiraza səfərimizi təşkil etdikdən sonra qaşqaylardan da bir neçə aydın Bakıya gəldi. Mən səfərdə gördüklərim və topladıqların materiallar əsasında “Qaşqaylar və onların folkloru” kitabını yazdım, bir neçə radio və televiziya verilişində qaşqayları tanıtmağa çalışdım. Bütün bunların səbəbkarı istedadlı musiqiçi, cəsur insan Pərvin Bəhməni idi. 

 





22.11.2021    çap et  çap et