525.Az

Ukrayna bleflə müharibə arasında - Xaqani Cəfərlinin şərhi


 

Ukrayna bleflə müharibə arasında -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Dünyanın nüfuzlu xəbər agentliklərindən hesab olunan “Bloomberg” agentliyi mənbələrinə istinad edərək Rusiyanın Ukraynaya ehtimal olunan hərbi müdaxiləsilə bağlı sensasiyalı məlumat yayıb. Məlumata görə, Rusiya üç istiqamətdən 100 minlik ordu ilə Ukraynaya hücum edəcək. “Bloomberg”in məlumatına əsasən, 100 minlik ordu hər birində min nəfər olmaqla 100 qrupla Krım, Belarus və Rusiya-Ukrayna sərhədindən Ukraynanın işğalını həyata keçirməyə çalışacaq.

“Bloomberg” agentliyindən öncə ABŞ-ın NATO üzrə müttəfiqlərinə Rusiyanın Ukraynaya hücuma hazırlaşması haqqında kəşfiyyat məlumatları təqdim etməsilə bağlı rəsmi məlumatlar yayılmışdı. ABŞ-dan sonra Böyük Britaniyanın kəşfiyyat xidməti də Rusiyanın Ukraynaya hücuma hazırlaşması haqqında məlumat yaydı. Son olaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın yanvarın sonu, fevralın əvvəlində hücuma başlayacağı haqqında açıqlama ilə çıxış etdi. Rusiya isə öz növbəsində bu məlumatları təkidlə təkzib edir. Ancaq belə görünür ki, Rusiyanın təkzibləri əks düşərgədə etimadla qarşılanmır. Əksinə, dərhal Rusiyanın təkzibi sputnikdən çəkilmiş şəkillərlə təkzib edilir. Sputnikdən çəkilən şəkillər də aydın göstərir ki, Rusiya Ukrayna sərhədinə çox böyük hərbi qüvvə cəmləyib. Digər tərəfdən, Rusiya Sovet İttifaqının dağılmasından sonra ehtiyatda olan hərbçilərin ən genişmiqyaslı səfərbərliyinə başlayıb. Qərb mətbuatında Rusiyanın Krımı nəhəng hərbi düşərgəyə çevirməsi haqqında da məlumatlar yayılıb. Hətta Moskvanın Krıma nüvə silahı yerləşdirməsi haqqında iddialar var. Bütün bunlar Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını ehtimal etməyə əsas verir. Bu ehtimal isə Paris, Berlin və Brüsseldə təşviş yaradıb.

Ancaq Rusiyanın Ukraynaya qarşı yeni müharibəyə başlamağa cəsarət etməyəcəyini söyləmək üçün də kifayət qədər əsaslar var. Qeyd edək ki, 2015-ci ilin yanvarında Rusiyanın hibrid hərbi qüvvəsi Donbasın ikinci böyük şəhəri olan Mariopolu ələ keçirməyə cəhd etsə də, Ukrayna ordusu buna imkan verməmişdi. O zaman hər kəsə aydın idi ki, Rusiya Mariopol üzərində nəzarəti ələ keçirsə, Kiyevin  kapitulyasiya müqaviləsin imzalamaqdan başqa yolu qalmayacaqdı. Ancaq Rusiya bu məqsədinə nail ola bilmədi, Ukrayna Donetsk və Luqanskın bir hissəsini itirsə də, böyük hissəsini qoruya bildi. İkincisi, Ukrayna ordusunun ən zəif olduğu bir zamanda Rusiya bütün gözləntilərin əksinə çoxsaylı itki vermişdi. İndi isə vəziyyət 2015-ci ildəkindən çox fərqlidir. Ukrayna ordusu NATO ölkələrinin dəstəyi ilə ciddi sürətdə güclənib. Xüsusilə ABŞ, Böyük Britaniya və Türkiyənin dəstəyi ilə Ukrayna ordusu müasir silahlara sahiblənə bilib. Eyni zamanda bu ölkələrin iştirakı ilə Ukraynanın hərbi-sənaye kompleksi də kifaəyət qədər yenilənib və müasir silahlar istehsal edir. Ukrayna ordusunun şəxsi heyəti də NATO-nun hərbi təlimatçılarının nəzarəti altında döyüş qabiliyyətini kifayət qədər yüksəldib.

Digər tərəfdən, 2015-ci ildən fərqli olaraq ABŞ, Böyük Britaniya, Şərqi Avropa ölkələri və Türkiyə Ukraynaya ciddi dəstək verir. ABŞ-ın hər il Ukraynaya 250-300 milyon dollar hərbi yardım göstərməsi, son bir ildə hətta hücum silahları verməsi də qənaətimcə, aysberqin ancaq görünən hissəsidir. Son zamanlar ABŞ-dan Ukraynaya hər gün hərbi yük təyyarələrin uçuşu qeydə alınır. Həmin yük təyyarələrində hansı silahların daşındığı haqqında ABŞ və Ukrayna tərəfindən heç bir bilgi verilmir. Böyük Britaniyanın Ukraynaya xüsusi təyinatlılardan ibarət dəstə göndərməsi isə Londonun Kiyevə ciddi dəstək verəcəyini ortaya qoyur. Türkiyə də Rusiyanın bütün etirazlarına baxmayaraq, Ukrayna ordusunu məşhur Bayraktar TB2 dronları ilə təmin edib. Digər tərəfdən, Ukraynanın modernləşdirdiyi gəmi əleyhinə JK-360MTS "Neptun" raket kompleksini Rusiya hərbçilərini ciddi narahat edir.

Bütün bunlar Ukraynanın 2015-ci ildəki Rusiya qarşısındakı aciz ölkə olmadığını deməyə əsas verir. Digər tərəfdən, Ukrayna 2015-ci ildən fərqli olaraq Rusiya qarşısında təkbaşına deyil. Qərbin əksər dövlətləri Rusiyanın müdaxiləsi qarşısında Ukraynanı dəstəkləyəcəklər.

Rusiya təcavüzə cəhd edəcəyi halda ABŞ-ın Moskvaya qarşı çox ağır sanksiyalar tətbiq edəcəyi də məlumdur. Belə məlumatlar var ki, Moskva Ukraynaya qarşı hərbi əməliyyatlara qərar versə, ABŞ Rusiyanın neft və qaz satışına sanksiya tətbiq edəcək və beynəlxalq maliyyə sistemindən kənarlaşdıracaq. Bu sanksiyaların İranı necə ağır vəziyyətə saldığı hər kəsə məlumdur. Buna görə, Moskvanın Tehranın yolu ilə gedəcəyi inandırıcı görünmür. Bütün bunlar Rusiyanın əzələ nümayişinin blef olduğu qənaətini yaradır.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasını gündəmdə saxlayan tək bir səbəb var. Bu səbəb də Rusiya hakimiyyətinin nüvə silahından istifadə etməyə hazır olduğu haqqında məlumatlardır. Belə fikirlər var ki, Rusiya hakimiyyətində əsas söz sahibi olan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi "qırğılar" qrupu nüvə silahından istifadə etməyi təkidlə gündəmdə saxlayır. Digər tərəfdən, legitimliyini ciddi sürətdə zədələmiş Putin hakimiyyəti ölkə daxilində uğur qazana bilməyəcəyi üçün hərbi əməliyyatları yeganə çıxış yolu kimi seçə bilər. Buna görə də, Ukraynanın hazırkı vəziyyətini bleflə müharibə arasındakı durum kimi qiymətləndirmək olar. 

 





24.11.2021    çap et  çap et