525.Az

İki yazıya sonu nəsihətlə bitən bir cavab - Ədalət Tahirzadə yazır


 

İki yazıya sonu nəsihətlə bitən bir cavab -<b style="color:red"> Ədalət Tahirzadə yazır</b>

"Yeni Müsavat" qəzeti builki 17 noyabr tarixli sayında Milli Dirçəliş Günümüz münasibətilə "Ramiz Mehdiyevin və Anarın Dirçəlişi" adlı bir yazı dərc edib. Onu gec də olsa oxudum və üçqat təəssüfləndim. Niyə?

Birincisi, yazı Azərbaycan xalqının azadlıq mübarizəsinin ən şərəfli səhifələrindən biri olan 17 Noyabr Milli Dirçəliş Günümüzü aşağılamaq, onu xalqın gözündən salmaq, onun mahiyyətini kökündən təhrif etmək (məsələn, Ramiz Mehdiyevlə bağlamaq), bu bayramın iş günü olmamasına haqq qazandırmaq və b. və s. və i.a. məqsədləri güdür.

İkincisi, yazının müəllifi bir zamanlar hər yazısını maraqla oxuduğum, qələminə böyük sayğı bəslədiyim hörmətli Zamin Hacıdır.

Üçüncüsü, müəllif həm ümumxalq bayramımıza, həm də hörmətli yazıçımız Anara nifrətini məhz mənim "Meydan: 4 il 4 ay" kitabıma istinadla və məni tərifləyə-tərifləyə izhar edib. Ötənlərdə də o, məni tərifləyərək Dirçəliş Günümüzü fındığa bənzətmişdi. Onda düşünmüşdüm ki, gəncdir, onun da yanılmaq haqqı var, bu üzdən dinməmişdim. Ancaq indi ortaya elə fikirlər atıb ki, susmaq mümkün deyil.

Adı keçən məqaləsində Zamin Hacı yazır: "İndi, ey hörmətli, uca millət, sevgili xalq, bu "Meydan hərəkatı", 17 noyabr, DİRÇƏLİŞ-FİLAN deyəndə hərdən papağını qabağına qoy, fikirləş, GÖR SƏNƏ NECƏ PAPIŞ TİKİBLƏR" (seçdirmələr mənimdir).

Z.Hacı özünə lazım olan antidirçəliş təbliğatı üçün "Meydan: 4 il 4 ay" kitabının yalnız 16 noyabr 1988-ci ilə aid qeydlərindən yararlanıb, halbuki həmin kitabın 191 səhifəlik "On doqquz günün dastanı" adlı ikinci bölümündə 1988-ci ilin 17 noyabr-5 dekabr günlərində AZƏRBAYCAN XALQININ bütün dünyaya örnək olacaq əfsanəvi qəhrəmanlığı özünün sənədli əksini tapıb və o möhtəşəmliyi bir-iki qərəzli sitatla ört-basdır etmək əsla mümkün deyil!

Hörmətli Zamin bəy yenə "Meydan: 4 il 4 ay" kitabına söykənərək və məni tərifləyə-tərifləyə Anar müəllimi gözdən salmağa çalışıb. Bəli, mən kitabda yazmışam:"Keçən iclasda Vəzirov dedi ki, Anar yanıma gəldi, camaatın dərdlərini dedi, əlac etdim. Sonra öz şəxsi məsələsini də xahiş etdi, ona köməklik göstərdik. "Şəxsi məsələ" isə bundan ibarət olub ki, Vəzirov Anara Hökumət evinin arxasındakı yeni binada mənzil verdirib". Ancaq bu məqamda bir məsələyə aydınlıq gətirməyimə ehtiyac var. "Meydan" kitabımın meydanlarda yazılmış gündəliklərdən ibarət olduğunu əsəri diqqətlə oxuyanlar bilir. O gündəliklərdə mən xalqdan, inandığım şəxslərdən eşitdiklərimi anındaca qeyd edirdim. Kitabın ilk nəşrində neçə yerdə bildirmişəm ki, yazdığım bu fikrin doğru-yanlışlığını indi yoxlamaq imkanım yoxdur. Əsərin ikinci nəşrində isə xeyli yanlışlığı düzəltmişəm. Bircə örnək gətirim. 4 dekabr 1988-ci ilə dair qeydlərdə Alxas adlı bir Şəki sakininin həmin şəhərdə baş vermiş hadisələrlə bağlı dediklərini ilk nəşrdə olduğu kimi vermiş, ancaq söylədiklərinin gerçəkliyə nə dərəcədə uyğun gəldiyini müəyyənləşdirə bilməmişdim. Məsələyə aydınlıq gətirmək üçün 1988-də Şəki Şəhər Mədəniyyət Şöbəsinin və az sonra Şəki Şəhər Partiya Komitəsi təşkilat şöbəsinin müdiri olmuş Hikmət Əbdülhəlimova müraciət etdim, ondan ən dəqiq bilgiləri yazılı şəkildə aldım və ikinci nəşrə əlavə etdim.

Anar müəllim "525-ci qəzet"in 18 noyabr tarixli sayındakı "Bir daha o məsələ haqqında" yazısında Zamin Hacıya cavab verib. Orada "Vəzirovun demədiyi sözlər ciddi araşdırıcı kimi hörmət bəslədiyim Ədalət Tahirzadənin diqqətsizliyindən düşübsə onun mətninə, buna təəssüf edirəm" də yazıb və məsələyə aydınlıq gətirib: "Düz on il (1966-1976) Vaqif küçəsində yazıçılara məxsus 30 nömrəli evin yarızirzəmi mənzilində yaşamışıq. Yazıçılar İttifaqının yeni tikilən binasında "sənin evin var" bəhanəsiylə mənə mənzil verilmədi. Məcbur olub Ali Sovetin o vaxtkı sədri Qurban Xəlilovun qəbuluna getdim. Onun vasitəsiylə məsələ Heydər Əliyevə çatdırıldı və Ulu öndərin göstərişiylə 1976-cı ildə Üzeyir Hacıbəyov küçəsində, Hökumət evinin arxasında 33-35 nömrəli binada mənə üç otaqlı mənzil verildi. O vaxt Ə.Vəzirov ya Moskvada, ya da xarici ölkədə diplomatik işdə idi. Ə.Vəzirov Azərbaycan KP MK-nın Birinci katibi işləyəndə isə ona iki xahişlə müraciət etmişdim. Əbülfəz Elçibəyin, Nemət Pənahovun, Hatəminin həbsdən buraxılması haqqında, bir də on yazıçıya (mənə yox, başqalarına) mənzil verilməsi barədə. Xahişimə əsasən on yazıçı ailəsinə mənzil verdi".

Tam səmimiyyətlə bildirirəm ki, Anar müəllimin bu aydınlatması bir il öncə mənə bəlli olsaydı, onu hökmən kitabın ikinci nəşrinə əlavə edərdim. Kimlərdənsə eşidərək qələmə aldığım belə yanlış bilginin kitabda getməsinə indi təəssüflənirəm. Allah mənə ömür verər və əsərin üçüncü nəşrini ortaya qoymaq imkanı yaradarsa, həqiqəti hökmən bərpa edərəm. Bu, birincisi.

İkincisi də, Zamin Hacının Anar müəllimin Xalq Hərəkatındakı rolunu gözdən salmaq istəməsini açıq-aşkar haqsızlıq və qərəz sayıram. Mən o dönəmin canlı şahidi kimi qətiyyətlə deyirəm ki, döşü orden-medallı, arxası yüksək kreslolu bir çox yazıçı və şairlərdən fərqli olaraq o dönəmdə Anar müəllim də Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Aydın Məmmədov... kimi ən kəsərli söz sahibi aydınlarımızdan olub. İnanmayan oxucular "Meydan" kitabının ikinci nəşrinin sonundakı adlar göstəricisindan yararlanmaqla onun daim xalq içində olduğunu, ən önəmli məqamlarda xalq qarşısında etdiyi çıxışlarını izləyə bilər. Ancaq əsərdə bir çox aydınlarımız kimi, onu da bəzən tənqid etmişəm və bunda da özümü haqlı bilirəm.

Hörmətli Zamin Hacı Anar müəllimin açıqlamasından sonra "Yeni Müsavat"ın 19 noyabr tarixli sayında yenə "Meydan" kitabından həmin sitatın tam variantını ortaya qoyub və əlavə edib: "Hələ açıqlamasında Ədalət Tahirzadəni şantaj da edib: "Onu tanıyıram, belə şeylər yazıbsa, təəssüf edirəm". Bəlkə cavanlar anlamaz, ancaq homo-sovetikus mənşəli ədəbiyyat nazirlərinin dilində bu ifadə tərzinin arxasında "sənə elə pislik edərəm, evə çörək almağa iş yeri tapmazsan, cibinə nəşə atdıraram, uşağını məktəbdən qovduraram" və sairə durur".

Son cümləni oxuduqda bilmədim ki, qəhqəhə çəkib gülüm, yoxsa hönkürüb ağlayım. Doğrudan da, Anar müəllimin mənimlə bağlı belə düşünə biləcəyi yalnız gülüş doğura bilər, çünki 1969-cu ildəki ilk şəxsi tanışlığımızdan bugünədək aramızda yalnız qarşılıqlı hörmət və səmimiyyət olub. Doğrudur, heç vaxt sıx ünsiyyətimiz olmayıb, bəzən illərlə əlaqə saxlamamışıq, ancaq mən onun həm şəxsiyyətini, həm də yaradıcılığını daim yüksək qiymətləndirmişəm və ondan da eyni münasibəti görmüşəm. Bu üzdən Anar müəllimin məni şantaj etməyə çalışması olduqca gülməli səslənir.

Yazımın sonunda köhnə bir jurnalist kimi gənc dostum Zamin Hacıya ərklə nəsihət etmək istəyirəm: 1) heç vaxt kimlərinsə zövqünü oxşamaq üçün xalqın qələbələrini aşağılama, 2) elə yaz ki, 70-80 yaşa çatanda peşman olub özünü qınamayasan, vicdanın sızlamaya.

22.11.2021
 

 





24.11.2021    çap et  çap et